Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1585/2023 28.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “cırılmış 100 manatlıq əskinasın dəyişdirilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “cırılmış 100 manatlıq əskinasın dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cırılmış 100 manatlıq əskinasın dəyişdirilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2021-ci il tarixli məktubla müraciətindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə məhkəmədə iddia qaldırmaq üçün şəxsiyyət vəsiqəsinin, çırılmış 100 manatlıq əskinas, yaşayış yeri barədə arayış, müraciət ərizəsi və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmçinin iş materiallarına məhkəmənin sorğusu əsasında göndərilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiacının İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı cırılmış 100 manatlıq əskinasın dəyişdirilməsini xahiş edir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. İşdə olan Saatlı rayon İcra Hakimiyyətinin Saatlı rayon Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, 10 nömrəli arayışından görünür ki, Ağayev X2 şəhəri, H.Əliyev prospekti 280, ev 17 ünvanında yaşayır. İşdə olan Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli, xx.xx- 22021-1251 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Mərkəzi Banka ünvanladığınız məktubunuza müvafiq qaydada tərəfimizdən baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən Mərkəzi Bank tərəfindən yalnız həqiqiliyi şübhə doğurmayan (saxta olmayan) və bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini, eləcə də eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100%-ni saxlamış milli pul nişanının nominal dəyəri ödənilir. Qeyd etmək istərdik ki, Mərkəzi Bankın nağd pul ofisinə təqdim etdiyiniz pul nişanının iki eyni hissədən ibarət olduğu və müəyyən hissəsi itirildiyindən pulun tamlığının pozulduğu (eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100%-ni saxlamalıdır) müəyyən olunmuşdur. Eyni zamanda, “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydalarına uyğun olaraq müvafiq pul nişanının hissələrinin səthini xüsusi cədvəllər vasitəsilə müəyyən edən zaman hissələrinin ayrı-ayrılıqda 60%-dən az olduğu da müəyyən edildiyindən müvafiq qanunvericiliyə əsasən pulun nominal dəyəri sizə ödənilməmişdir. Xahiş edirik, nəzərə alasınız. İşdə olan Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəməyə göndərdiyi xx.xx.2023-ci il tarixli, 6-1-03/2-1902/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin 14 mart 2022-ci il tarixli, 2-1 (120)-1585/2023 saylı məktubunuza Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Qeyd edək ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə əsasən saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsinin və ya eyni pul nişanına məxsus hissələrdən ibarət səthinin 100%-ni saxlamış kağız pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. Pul nişanının hissələrinin eyni əskinasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Müraciətinizə cavab olaraq bildiririk ki, milli pul nişanlarının ekspertizası Mərkəzi Bank tərəfindən təsdiq olunmuş və hüquqi aktların dövlət reyestrinə daxil edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları” əsasında aparılır. Zədələnmiş kağız pul nişanlarının saxlanılmış bütöv səthinin 60%-ı Qaydaların aşağıda qeyd olunmuş müvafiq bəndlərinə əsasən hesbalanır: 4.7-ci bənd: Səthi bütöv olmayan kağız pul nişanının nominal dəyərinin ödənilməsinin müəyyən edilməsi məqsədilə hər bir nominalın ölçüsünə uyğun olaraq bu Qaydalara Əlavə 3də göstərilmiş bərabər ölçülü 200 damalı cədvəldən istifadə olunur. 4.8-ci bənd: Cədvəl vasitəsilə kağız pul nişanının saxlanılan hissəsinin sahəsi aşağıdakı kimi müəyyən edilir: 4.8.1-ci yarımbənd: pul nişanının saxlanılan böyük hissəsi damalı cədvəlin üzərinə qoyulur, perimetr boyu uyğunlaşdırılır və qələmlə pulun itihlmiş kənarı boyunca xətt çəkilir; 4.8.2-ci yarımbənd: çəkilmiş xəttin daxilində qalan tam damalar sayılır, xətlə kəsilmiş damaların hər biri yarım dama hesab olunur və tam damaların sayı ilə toplanılır; 4.8.3-cü yarımbənd: alınan damaların sayı 120-yə bərabər olduqda pul nişanı 60%-i saxlamış hesab olunur. Əlavə olaraq bildiririk ki, zədələnmiş pul nişanının dəyişdirilməsi Mərkəzi Bankın kassalarında əməliyyatların bir növü olaraq inzibati orqan kimi deyil emitent bank kimi həyata keçirilir. Zədələnmiş pul nişanının nominal dəyərinin ödənilməsi mümkün olmadıqda həmin pul təqdim edən şəxsə geri qaytarılır. Pul nişanı yalnız vətəndaşın razılığı ilə Mərkəzi Bankın ekspertizasına daxil olur və ekspertizanın nəticəsi müvafiq aktla rəsmiləşdirilərək bir nüsxəsi vətəndaşa təqdim olunur. Saatlı şəhər sakini vətəndaş İddiaçı Mərkəzi Bankın kassasına təqdim etdiyi pul nişanının qanunvericiliyin tələbinə əsasən nominal dəyərinin ödənilməsi mümkün olmadığından pul nişanı vətəndaşın istəyi ilə geri qaytarılmışdır. Bununla belə, vətəndaş 20 dekabr 2021-ci il tarixdə Mərkəzi Banka rəsmi müraciət ünvanlamış və 29 dekabr 2021-ci il tarixdə müraciətə Mərkəzi Bank tərəfindən rəsmi cavab məktubu göndərilmişdir (vətəndaşın müraciəti və müraciətə cavabın surətləri əlavə olunur). Xahiş edirik, nəzərə alasınız. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2023-cü il tarixli, 5/1061 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş C seriyalı 54985915 nömrəli 100 nominal Azərbaycan manatı pul əskinasının hissələri poliqrafik çap üsulu ilə hazırlanmışdır, fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmuşdur və Mərkəzi Bankın tədəvülə buraxdığı eyni nominal pul əskinası ilə eynilik təşkil edir. Ekspert qarşısında qoyulmuş “İddiaçı Bəybal oğlu tərəfindən təqdim edilmiş və iş materiallarında olan 100 manatlıq əskinasın hissələrinin ayrı-ayrılıqda 60%-dan az və yaxud çox hissəsini saxlanılmışdır?” sual “Pul nişanlarının və qiymətli kağızların tədqiqi” ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığı üçün həmin sual üzrə tədqiqat aparılmadı. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən 100 manatlıq pul əsginasın 60%-dan az hissəsinin məhv olması sübuta yetirilmir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə əsasən: 40.1. Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir. 40.2. Bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. 40.3. Eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. 40.4. Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. 40.5. Təqdim olunan pul nişanının saxta olması müəyyən edildikdə həmin pul nişanı dəyişdirilmir və onun nominal dəyəri ödənilmir. Saxta pul nişanı geri qaytarılmır və qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndərilir. 40.6. Xarici valyutada olan pul nişanları Mərkəzi Bank tərəfindən dəyişdirilmir. Xarici valyutada saxta pul nişanlarına bu Qanunun 40.5-ci maddəsi şamil edilir. “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 18 may 2020-ci il tarixli, 23/1 nömrəli qərarının 4-cü bəndində milli pul nişanlarının dəyişdirilməsi və ekspertizası bəndində aşağıdakılar qeyd edilmişdir: 4.1. Milli pul nişanları dəyişdirilməsi üçün banklara və ya Mərkəzi Banka təqdim edilə bilər. Pulların dəyişdirilməsi onların həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir. 4.2. Milli pul nişanlarının həqiqiliyi müxtəlif avadanlıq, sistem və vasitələrdən (böyüdücü şüşə, ultrabənövşəyi işıqlandırma cihazı, infraqırmızı işıqlandırma cihazı və ya digər xüsusi avadanlıqlar) istifadə etməklə onların mühafizə elementləri əsasında yoxlanılır. 4.3. Kağız milli pul nişanlarının nominal dəyərinin ödənilməsi bu Qaydalara Əlavə 3-də göstərilmiş cədvəllər vasitəsilə onların səthinin ölçülməsi yolu ilə müəyyən edilir. 4.4. Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsinin və ya eyni pul nişanına məxsus hissələrdən ibarət səthinin 100%-ni saxlamış kağız pul nişanlarının, habelə saxta olmayan, səthini 100% saxlamış, ön, arxa və kənar haşiyəsinin təsvir və yazıları silinmə və ya deformasiyaya uğramamış metal pul nişanlarının nominal dəyəri ödənilir. 4.5. Milli pul nişanlarının saxta olması və ya səthinin 100%-ni saxlamış pul nişanının hissələrinin eyni pul nişanına məxsus olması barədə ekspert rəyi Mərkəzi Bank tərəfindən verilir. 4.6. Mərkəzi Bankda milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır və nominal dəyəri ödənilən pul nişanları məhdudiyyətsiz dəyişdirilir. Banklar pul nişanının dəyişdirilməsi zamanı öz tarif siyasətinə uyğun olaraq bu əməliyyatları ödənişli və ya ödənişsiz əsasda həyata keçirə bilərlər. 4.7. Səthi bütöv olmayan kağız pul nişanının nominal dəyərinin ödənilməsinin müəyyən edilməsi məqsədilə hər bir nominalın ölçüsünə uyğun olaraq bu Qaydalara Əlavə 3-də göstərilmiş bərabər ölçülü 200 damalı cədvəldən istifadə olunur. 4.8. Cədvəl vasitəsilə kağız pul nişanının saxlanılan hissəsinin sahəsi aşağıdakı kimi müəyyən edilir: 4.8.1. pul nişanının saxlanılan böyük hissəsi damalı cədvəlin üzərinə qoyulur, perimetr boyu uyğunlaşdırılır və qələmlə pulun itirilmiş kənarı boyunca xətt çəkilir; 4.8.2. çəkilmiş xəttin daxilində qalan tam damalar sayılır, xətlə kəsilmiş damaların hər biri yarım dama hesab olunur və tam damaların sayı ilə toplanılır; 4.8.3. alınan damaların sayı 120-yə bərabər olduqda pul nişanı 60%-i saxlamış hesab olunur. 4.9. Milli pul nişanlarının dəyişdirilməsi əməliyyatları bankların və Mərkəzi Bankın daxili reqlamenti ilə müəyyən edilmiş iş saatlarında həyata keçirilir. Həmin vaxt ərzində dəyişdirilməyən pul nişanları təqdim edən şəxsə qaytarılır. 4.10. Dəyişdirilmək üçün banka təqdim olunan milli pul nişanının səthini müəyyən etmək mümkün olmadıqda və ya səthinin 100%-ni saxlamış pul nişanının hissələrinin eyni pul nişanına məxsus olmasını müəyyən etmək üçün təqdim edən şəxsin razılığı ilə pul nişanı bank tərəfindən ekspertiza üçün Mərkəzi Banka təqdim olunur. 4.11. Şübhəli pul nişanı aşkar olunduqda onu müştəriyə qaytarmaq, tədavülə buraxmaq, üzərinə ştamp vurmaq, hər hansı bir fiziki dəyişiklik etmək (yazılı işarə qoymaq, kəsmək, cırmaq, deşmək və s.) qadağandır. Belə pul nişanları bütün hallarda ekspertiza üçün Mərkəzi Banka təqdim edilməlidir. 4.12. Bu Qaydaların 4.10-cu və 4.11-ci bəndlərində nəzərdə tutulmuş hallarda pul nişanları 3 (üç) iş günü müddətində ekspertiza üçün Mərkəzi Banka təqdim edilir. Bu zaman bank tərəfindən üç nüsxədə ərizə (Əlavə 4) tərtib olunur. Ərizənin bir nüsxəsi bank tərəfindən aparılan müvafiq qeydlə pulu təqdim edən şəxsə verilir, ikinci nüsxəsi bankda saxlanılır, üçüncü nüsxəsi isə pul nişanı ilə birlikdə Mərkəzi Banka təqdim olunur. 4.13. Həqiqiliyi şübhə doğuran və ya səthi müəyyənləşdirilə bilinməyən milli pul nişanları ekspertiza üçün bilavasitə Mərkəzi Banka təqdim edildikdə Mərkəzi Bank tərəfindən SPMS-də üç nüsxədə elektron ərizə (Əlavə 5) tərtib olunur. Ərizənin bir nüsxəsi müvafiq qeydlə pulu təqdim edən şəxsə təqdim edilir, ikinci nüsxəsi Mərkəzi Bank tərəfindən pulu qəbul edən bölmədə saxlanılır, üçüncü nüsxəsi isə pul nişanı ilə birlikdə ekspertə təqdim olunur. 4.14. Həqiqiliyi şübhə doğuran milli pul nişanları hüquq mühafizə orqanları, məhkəmə və digər dövlət qurumları tərəfindən Mərkəzi Banka təqdim edildikdə həmin pul nişanı SPMS-də qeydə alınır və ekspertizaya yönəldilir. 4.15. Pul nişanlarının ekspertizası Mərkəzi Banka daxil olduqdan sonra 10 (on) iş günü müddətində aparılır. Pul nişanının həqiqiliyinin bu müddət ərzində müəyyən edilməsi mümkün olmadıqda ekspertiza 30 (otuz) iş gününədək uzadıla bilər. Bu barədə pulu təqdim edən şəxsə yazılı məlumat verilir. 4.16. Mərkəzi Bankda ekspertiza nəticəsində pulun həqiqi olması və nominal dəyərinin ödənilməsi müəyyən edildikdə ekspert tərəfindən pulun üzərinə “DƏYƏRİ ÖDƏNİLİB” sözləri yazılan adlı ştamp vurulur və bu Qaydaların 4.18-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə işləri aparılır. 4.17. Mərkəzi Bankda ekspertiza nəticəsində pulun həqiqi olması, lakin nominal dəyərinin ödənilməməsi müəyyən edildikdə ekspert tərəfindən pulun üzərinə “DƏYƏRİ ÖDƏNİLMİR” sözləri yazılan adlı ştamp vurulur və bu Qaydaların 4.18-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir. 4.18. Mərkəzi Bankda ekspertizanın nəticələri barədə SPMS-də elektron akt (Əlavə 6) tərtib olunur, ekspert və ekspertizanı həyata keçirən struktur vahidin rəhbəri tərəfindən təsdiq edilir. Ekspertiza aktı banklara SPMS vasitəsilə elektron qaydada, SPMS-ə qoşulmayan banklara və digər şəxslərə isə kağız daşıyıcıda təqdim olunur. 4.19. Ekspertiza nəticəsində milli pul nişanının həqiqi və nominal dəyərinin ödənilməsi müəyyən edildikdə pulun dəyəri Mərkəzi Bank tərəfindən təqdim edən şəxsə ödənilir. 4.20. Ekspertiza nəticəsində müəyyən edilmiş saxta, habelə nominal dəyəri ödənilməyən milli pul nişanları geri qaytarılmır və pulun nominal dəyəri ödənilmir. Bu barədə pulu ekspertizaya təqdim edən şəxsə əvvəlcədən müvafiq olaraq banklar və Mərkəzi Bank tərəfindən məlumat verilir. 4.21. Ekspertiza prosesləri yekunlaşdıqdan sonra saxta pul nişanının ekspertiza aktı və saxta pulu təqdim edən hüquqi və fiziki şəxs barədə məlumatlar qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün 5 (beş) iş günü müddətində hüquq mühafizə orqanlarına göndərilir. 4.22. Cinayət işi başa çatdıqdan sonra saxta pul nişanları Mərkəzi Banka təhvil verilir. 4.23. Dəyişdirilmə və ya ekspertiza üçün təqdim edilmiş pul nişanının hüquqazidd hərəkət nəticəsində qəsdən tədavülə yararsız hala salınmasına şübhə yarandıqda pul nişanı qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilir. Məhkəmə mövcud qanunvericiliyin qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının cırılmış 100 manatlıq əskinasın dəyişdirilməsindən imtinası qanuna zidd sayıla bilməz. Məhkəmə, cavabdehin hərəkətinin qanuna əsaslanmasını və inzibati aktı hansı norma əsasında qəbul etməsini yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “cırılmış 100 manatlıq əskinasın dəyişdirilməsi” barədə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 70 (yetmiş) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər İddiaçı tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “cırılmış 100 manatlıq əskinasın dəyişdirilməsi” barədə iddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş sənədlərin məhkəmə texniki ekspertizasının keçirilməsinə görə 70 (yetmiş) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1585/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1585/2023
28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver