Məhkəmə qərarları › İş №2-1(120)-1586/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1586/2022

16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1586/2022 16.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsinin Mil-Muğan Regional filialına qarşı “təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1967-ci il tarixdə ünvan 1i kəndində doğulmuş, ünvan 1i kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə X3 şəxsin 4 saylı Regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh məktubla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh Dövlət Sosial Müdafiə X3 şəxsin 4 saylı Regional ərazi filialı tərəfindən xx.xx.2018-ci il tarixli qərarı ilə 22 il 2 ay 14 gün sığorta stajı, 12545,18 manat pensiya kapitalı hesablanmaqla xx.xx.2018-ci il tarixdən İİ (ikinci) dərəcəli əlilliyə görə ona əmək pensiyası təyin edilmişdir. Əlilliklə bağlı əmək pensiyasının təyin olunmasına baxmayaraq əmək fəaliyyətini davam etdirmiş və əlavə olaraq 2420,24 manat pensiya kapitalı yığılmışdır. Bütün bunlara baxmayaraq cavabdeh Dövlət Sosial Müdafiə X3 şəxsin 4 saylı Regional ərazi filialı xx.xx.2021-ci il tarixdə **********9 saylı məktub göndərərək xx.xx.2018-ci il tarixli qərarla ona təyin edilmiş əlilliyə görə əmək pensiyası kapitalının çatmadığı səbəbindən xx.xx.2021-ci il tarixdən etibarən pensiya ödənişini dayandırıldığı bildirilmişdir. Cavabdeh inzibati orqana, yəni Dövlət Sosial Müdafiə X3 Şəxsinin Mil-Muğan Regional filialına xx.xx.2022-ci il tarixdə rəsmi poçt vasitəsilə ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsini cavabdeh orqana ünvanlamağına baxmayaraq cavablandırılmamışdır. Həmçinin cavabdeh öz məktubunda 1995-1998-ci illərdə “H.Aslanov” adına kolxozda əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında kolxozçunun ictimai işlərdə iştirakı qeyd edilməməsini və həmin illər sığorta stajı kimi hesablanmadıqda tələb olunan pensiya kapitalı çatmadığı üçün əlilliyə görə əmək pensiya hüququnun yaranmadığı bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, sözügedən şəxsə Tibbi- Sosial Eskpert komissiyasının xx.xx.2018-ci il tarixli, № xxxxxxx0004 saylı qərarına əsasən həmin tarixdən ikinci dərəcə əlillik təyin edilmişdir. Vətəndaşın xx.xx.2018-ci il tarixli müraciəti əsasında ona xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Audit yoxlaması nəticəsində xx.xx.1995-ci il tarixindən xx.xx.1998ci il tarixinədək fəaliyyət dövrü öz təsdiqini tapmadığı üçün həmin dövr (2il 5 ay 4 gün) sosial sığorta stajı olaraq nəzərə alınmamışdır. Eyni zamanda onun sığorta stajı xx.xx.1983-cü il tarixindən xx.xx.1988-ci il tarixinədək əmək fəaliyyət dövrü, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək təhsil aldığı dövr və xx.xx.1990-cı il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrlər daxil edilməklə 11 il 7 ay 25 gün təşkil edir. Vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 11 il 7 ay sığorta stajına uyğun olaraq 8173,52 manat, 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 3912,28 manat olmaqla, ümumilikdə 12085,80 manat təşkil edir ki, bu məbləğ qanunvericilikdə tələb olunan 12208,35 manat pensiya kapitalından (50 yaşa uyğun olaraq) azdır. Tələb olunan pensiya kapitalı çatmadığından əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Beləliklə iddia tələbinin təmin olunmaması məhkəmədən xahiş olunur. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İDDİANİN MÜMKÜNLÜYÜ : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İDDİANİN ƏSASLİLİĞİ : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. İddiaçının iş illəri nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin olunması üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı yaranmışdır. İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququna malikdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1967-ci il tarixdə ünvan 1i kəndində doğulmuş, ünvan 1i kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir. İş materiallarında olan Sabirabad RİHB-nın Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 922 nömrəli arayışına əsasən İddiaçı hal-hazırda ünvan 1i kəndində yaşadığı müəyyən edilmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1991-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək “H.Aslanov” adına kolxozunda, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Qaz İstismar İdarəsində nəzarətçi, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “H.Aslanov” adına kolxozunda, xx.xx.2008-ci il tarixdən hal-hazıradək Sabirabad MRX terapiya şöbəsində xadimə vəzifəsində işləyir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışın surətindən görünür ki, İddiaçı ikinci dərəcəli əlil hesab edilmişdir. İşdə olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 285 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1983-1988, 1995-1997-ci illərdə “H.Aslanov” adına kolxozda işləmişdir. İşdə olan Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə xx.xx.2018-ci il tarixli, 2123 nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci ildən pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixədək 9 il 9 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 3836,17 manat pensiya kapitalı vardır. İş materiallarında olan Dövlət Sosial Müdafiə X3 şəxsin 4 saylı Regional Ərazi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən şəxsə Tibbi-Sosial Eskpert komissiyasının xx.xx.2018-ci il tarixli, № xxxxxxx0004 saylı qərarına əsasən həmin tarixdən ikinci dərəcə əlillik təyin edilmişdir. Vətəndaşın xx.xx.2018-ci il tarixli müraciəti əsasında ona xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Audit yoxlaması nəticəsində xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək fəaliyyət dövrü öz təsdiqini tapmadığı üçün həmin dövr (2il 5 ay 4 gün) sosial sığorta stajı olaraq nəzərə alınmamışdır. Eyni zamanda onun sığorta stajı xx.xx.1983-cü il tarixindən xx.xx.1988-ci il tarixinədək əmək fəaliyyət dövrü, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək təhsil aldığı dövr və xx.xx.1990-cı il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrlər daxil edilməklə 11 il 7 ay 25 gün təşkil edir. Vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 11 il 7 ay sığorta stajına uyğun olaraq 8173,52 manat, 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 3912,28 manat olmaqla, ümumilikdə 12085,80 manat təşkil edir ki, bu məbləğ qanunvericilikdə tələb olunan 12208,35 manat pensiya kapitalından (50 yaşa uyğun olaraq) azdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər, yəni xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə icraatı zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən ikinci dərəcəli əlilliyə görə pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, iddiaçıya təyin edilmiş pensiya dayandırılmış və buna səbəb kimi aparılan araşdırma zamanı iddiaçının pensiya hüququnun olmadığının müəyyən edilməsi göstərilmişdir. Qeyd olunan məktubun məzmununa görə təyin edilmiş pensiyanın dayandırılma əsası kimi cavabdeh inzibati orqan audit tərəfindən aparılan yoxlamalara istinad etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixdən təyin edilmiş pensiyanın xx.xx.2021-ci il tarixdə dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən ikinci dərəcəli əlilliyə görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, xx.xx.2021-ci il tarixdə pensiyanı dayandırılmaqla kifayətlənərək kifayətlənərək iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Göründüyü kimi şəxsə verilmiş əmək pensiyasının heç bir inzibati akt olmadan xx.xx.2021-ci il tarixdən dayandırıldığı aşkardır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı onun pensiyasının dayandırıldığı müddətdən ona ikinci dərəcəli əlilliyə görə təyin edilmiş pensiyanın bərpa edilməsini tələb etməkdə haqlı olduğu üçün onun pensiyası xx.xx.2021-ci il tarixdən (cavabdeh tərəfindən dayandırıldığı tarixdən) bərpa edilməlidir. Digər tərəfdən məhkəmə İddiaçı irəli sürdüyü iddianın təkcə prosessual deyil, həmçinin mahiyyəti üzrə əsaslı olmasını da hesab edir. Məhkəmə hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılmasına keçməzdən əvvəl, ümumiyyətlə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün hansı zəruri şərtlərin ödənilməli olmasına qiymət verir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 11.1-ci maddəsinin redaksiyasına görə, Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni əmək kitabçasının və arxiv arayışının müvafiq qaydada təsdiq olunmuş surətini təqdim etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə X3 şəxsin 4 saylı Regional Ərazi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubunda göstərmişdir ki, hüququnun yarandığı, yəni xx.xx.2018-ci il tarixdən ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunması üçün 11 il 8 ay sığorta stajı, 12208,35 manat pensiya kapitalı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən ümumilikdə 22 il 2 ay 14 gün sığorta stajını 12546,18 və manat kapitalını hesablanmışdır ki, bu da ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmasına kifayət etmişdir. Lakin, Audit yoxlamaları nəticəsində iddiaçıya bildirilmişdir ki, 1995-1998-ci illərdə “H.Aslanov” adına kolxozda əmək fəaliyyətilə bağlı əmək kitabçasında kolxozçunun ictimai işlərdə iştirakı qeyd edilmədiyindən həmin illər sığorta stajı kimi hesablanmadıqda tələb olunan pensiya kapitalı çatmadığı üçün əlilliyə görə əmək pensiya hüququnuz yaranmır. 1995-1998-ci illəri (1 il 5 ay) nəzərə almadıqda 20 il 9 ay 14 gün sığorta stajı və 11552,42 manat pensiya kapitalı toplanır. Belə olan halda ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sosial sığorta stajı çatsa da, tələb olunan pensiya kapitalı çatmır. Ona görə də tələb olunan pensiya kapitalı çatmadığından əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Göründüyü kimi cavabdeh İddiaçı 1995-1998-ci illərdə “H.Aslanov” adına kolxozda işlədiyi müddəti mübahisələndirir. Məhkəmə xx.xx.1991-ci il tarixli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir və həmin əmək kitabçasına və arxiv arayışına əsasən iddiaçının 1995-1998-ci illərdə “H.Aslanov” adına kolxozda işlədiyi müddət sosial sığorta stajına hesablanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının 1995-1998-ci illərdə “H.Aslanov” adına kolxozda əmək fəaliyyətilə bağlı əmək kitabçasında kolxozçunun ictimai işlərdə iştirakı qeyd edilmədiyi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Odur ki, iddiaçıya təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsinin Mil-Muğan Regional filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsinin Mil-Muğan Regional filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar