Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1587/2022 20.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanunsuz hesab edilməsi tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********156549 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh onunla qərəzli münasibətdədir, vəzifəsindən sui-istifadə edərək ona qarşı qanunsuz tələb irəli sürdüyündən, həmin tələbi yerinə yetirməkdən imtina etdiyindən uzun müddətdir ki, onunla məhkəmə çəkişmələrindədir. Belə ki, cavabdeh 8 saylı ərazi vergilər idarəsinin vəzifəli şəxsi—rəisi cənab Zaur Adilov 27 fevral 2020-ci il tarixli, **********288500 saylı "Kameral vergi yoxlanması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub"la dəqiqləşdirilmiş bəyannamə verilməsni tələb etmişdir. Hesab etmişdir ki, vəzifəli şəxs olaraq cavabdeh 8 saylı ərazi vergilər idarəsinin vəzifəli şəxsi—rəisi (sənədlərdə baş direktor kimi qeyd edilmişdir) cənab Zaur Adilov 27 fevral 2020-ci il tarixli, **********288500 saylı "Kameral vergi yoxlanması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub"u əsassızdır, qanuniliyi Azərbaycan Respublikası Vergi Məcəlləsinin normalarına istinad edilməklə əsaslandırılmayıb. Məktubun yalnız son abzasında zəruri sənədlərin təqdim edilmədiyi təqdirdə Vergilər Məcəlləsinin 37, 67 və 83 cü maddələrinə əsasən vergi orqanının vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı özrə öhdəliklərimizin yenidən hesablanması hüququ xatırladılmışdır. "Öhdəlilərin yenidən hesablanması" anlayışı mənə məlum olmamışdır, cavabdeh inzibati orqanın vəzifəli şəxlərinin qəbulunda olarkən bu ifadəyə aydınlıq gətirilməmişdir. Digər tərəfdən 27 fevral 2020-ci il tarixli, **********288500 saylı "Kameral vergi yoxlanması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub"un "Səbəblər" bölməsində göstərilən rəqəmlərlə bağlı ondan izahat tələb edilməmişdir. Ondan yazılı izahat tələb edilmədən icrası məcburi olan 27 fevral 2020-ci il tarixli, **********288500 saylı "Kameral vergi yoxlanması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub"iin göndərilməsi, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 37, 67 və 83 cü maddələrinə əsasən yenidən qanunsuz hesablama aparılmasına zəmin yaratmaqla mülkiyyət hüquqlarını pozur. Bununla bağlı iddiası Şirvan İnzibati Məhkəməsinin icraatında olmuş, məhkəmə iddiasını təmin etmişdir. İddia ilə məhkəməyə müraciətindən sonra cavabdeh "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********560109№li qərar" qəbul edərək qərarın " əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği" bəndində göstərilən 81816,51 manat vəsaitinin həmin qərarın "Bank ödənişi təfsilatı" bölməsi ilə tutulmasına sərəncam vermişdir. Həmin qərar qanunsuz və əsassızdır, cavabdehin qanunsuz tələblərini yerinə yetirməkdən imtina etdiyinə görə ondan qisas almaq cəhdidir, mülkiyyət hüquqlarını pozur, məhkəmə qaydasında qanunsuz hesab edilməlidir. Hazırda cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********560109№li qərar"nın qanunsuz hesab edilməsinə dair iddiası Şirvan İnzibati Məhkəməsinin icraatındadır. Cavabdeh 8 saylı ərazi vergilər idarəsinin vəzifəli şəxsi—rəisi cənab Zaur Adilov 14 aprel 2022 -ci il tarixli, **********156549 saylı, "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarla növbədənkənar vergi yoxlamasının keçirilməsinə dair qərar qəbul edərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23, 36 və 38.3.5-ci maddələrinə istinad etmişdir. Qərarın 1-ci bəndində "yoxlama ilə əhatə olunan vergi dövrü mart 2019-fevral 2022" göstərilmişdir. Bildirirəm ki, qərarda göstərilən dövrün əsas müddəti üçün məhkəmə mübahisəsi olmuş, audit yoxlaması, məhkəmə qərardadları əsasına məhkəmə ekspertizası və təkrar məhkəmə ekspertizası keçirilmiş, tərəfimdən vergi qanunvericiliyinin tələblərini pozduğu müəyyən edilməmişdir. Bu barədə məlumatlar cavabdeh tərəfdə də vardır, lakin həmin orqanın vəzifəli şəxsinin qanunsuz tələblərinin həyata keçirilməsinə maneə olduğundan vəzifəsindən şəxsi məqsədləri üçün istifadə edərək barəsində şikayət verdiyi qanunsuz və əsassız qəran qəbul etmiş, mülkiyyət hüququnu pozmuşdur. Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən daxil olmuş etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən vergi orqanına təqdim etdiyi bəyannamələrdə xx.xx.2019 - xx.xx.2022-ci il tarix aralığı üzrə ƏDV ilə birlikdə dövriyyəsinin 8803,73 min manat və orta işçi sayının 1 nəfər olduğu müəyyən edilmişdir. Aparılmış ilkin araşdırmalar zamanı həmin vergi ödəyicisinin fəaliyyət sahəsi, işçi sayı və vergi potensialı ilə təqdim edilmiş vergi bəyannamələrində göstərilən məlumatlar arasındakı uyğunsuzluqların mövcudluğu vergidən yayınma risklərinin olması ehtimalını yaradır. Bununla yanaşı, yoxlama ilə əhatə olunan xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə İddiaçı neft məhsullarının (əsasən dizel yanacağı və A-92 markalı benzin olmaqla) Ağcabədi rayonu, Ağcabədi şəhəri S.Vurğun küçəsində yerləşən yanacaqdoldurma məntəqəsi vasitəsi ilə topdan və pərakəndə satışını aparmışdır. Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xx.xx.2015-ci il tarixli 2 №-li Qərarının 2.4- cü maddəsinə əsasən neft məhsullarının satışını Azərbaycan Respublikası Neft Şirkəti topdansatış tariflərinə qanunvericiliyə uyğun olaraq yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirir. Həmin qərarın 2.5-ci maddəsinə əsasən topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər, 2.6-cı maddəsinə əsasən pərakəndə satış tariflərinə aksiz, ƏDV, təchizat tarifləri, eləcə də qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsulları üzrə yol vergisi daxil edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə İddiaçı tərəfindən neft məhsullarının topdansatışı zamanı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli 2 №-li Qərarnın tələbləri pozulması-topdansatış tarifləri ilə aldığı neft məhsullarının daşınmasını özü tərəfindən həyata keçirməklə-müəyyən edilmişdir ki, bu hal da gəlir vergisinin və ƏDV-nin azaldılması üzrə risklərin yaranmasına səbəb olmuşdur. Beləliklə, Vergi Məcəlləsinin 23-cü, 36-cı və 38-ci maddələrinə əsasən fərdi sahibkar İddiaçı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli Qərar qəbul olunmuşdur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarın qanunsuz hesab edilməsinə dair iddia tələbi əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini uyğun izahat verərək, iddianın mümkün sayılaraq, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 etiraz ərizəsinə uyğun izahat verərək, iddianın əsassız olduğunu, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan sənədlər: -“Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156549 saylı qərarın surətindən görünür ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələblərinə əsasən İddiaçı mart 2019-cu il tarixdən fevral 2022-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növdənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın müddəti 30 iş günü müəyyən edilməsi qərara alınmışdır. -xx.xx.2022-ci il tarixli **********765300 saylı yoxlanılması nəzərdə tutulan vergi ödəyicisi barədə məlumata əsasən, Həsənov X2 rayonu, S.Vurğun küçəsi, ev 143 ünvanında qeydiyyatdadır. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, İddiaçı mart 2019-cu il tarixdən fevral 2022-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növdənkənar səyyar vergi yoxlaması təklif olunmuşdur. - xx.xx.2022-ci il tarixli dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında **********160448 saylı qərara əsasən, İddiaçı üzrə keçirilən xx.xx.2022-ci il tarixli **********159397 nömrəli Səyyar vergi yoxlamasının dayandırılması haqqında qərarla dayandırılmış səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən bərpa edilməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında **********160468 saylı qərara əsasən, İddiaçı üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək oaln müddətdə müvəqqəti dayandırılmışdır. İşin hallarından görünür ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanunsuz hesab edilməsini tələb edilmişdir, mahiyyət etibarilə iddiaçının hazırki mübahisələndirdiyi məsələ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********156549 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğvi ilə bağlıdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. vergi ödəyicisində aparılan sonuncu vergi yoxlaması vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması və ya qəbul edilmiş qaydalara uyğun olaraq aparılmaması, qanuni ödənilməli olan vergilərin 25 və daha çox faizinin vergidən yayındırılması hallarını aşkar etdikdə; 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, bu Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin vergi hüquqpozmalarına yol verməsi barədə mənbəyi məlum olan məlumatlar olduqda; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmin Məcəllənin 49.1.3-cü maddəsinə əsasən, səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edir. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, səyyar vergi yoxlamasının keçirilməsi və yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi vergi orqanının hüququdur. Səyyar vergi yoxlaması dedikdə, vergi orqanının vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət və vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vəzifəsinə xidmət edən, vergi orqanı tərəfindən vergi ödəyicilərinin uçot sənədləri, vergi bəyannamələri, vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədlər, vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan və digər bəlli mənbələrdən alınan məlumatlar, habelə vergi ödəyicisinin elektron daşıyıcılarındakı məlumatları əsasında həyata keçirilən yoxlama növüdür. Səyyar vergi yoxlamasının sonunda hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması ilə bağlı vergi orqanı əlavə vergi yoxlanılmasının keçirilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətindədir. Hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilən qərarı Qanuna əsasən akt hesab olunur. Həmin aktın, inzibati akt olub-olmamasının aydınlaşdırılması üçün, sözügedən akt özündə inzibati akta məxsus xüsuslarının məcmusunu təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: İnzibati orqan tərəfindən qəbul edilməli; Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. İş üzrə mübahisələndirilən və cavabdeh orqan tərəfindən qəbul olunan “qərar” yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Sözügedən inzibati orqan tərəfindən tərtib olunan qərar, yəni səyyar vergi yoxlamasının keçirilməsi haqqında akt qərar iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Əksinə, həmin qərar məzmunu etibarilə vergi və ya digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması ilə bağlıdır. Başqa sözlə, mübahisələndirilən qərar deyil vergi ödəyicisi üçün hüquqi nəticələr məhz ―vergi məsuliyyətinə cəlb etmə, yaxud ―vergi məsuliyyətinə cəlb etməkdən imtina barədə qərarın qəbulu ilə yaradılır. Təsadüfi deyil ki, səlahiyyətli vergi orqanı adı çəkilən qərarlarından birini qəbul edərkən sübut kimi həmin qərarın nəticəsinə, yəni gələcəkdə qəbul olunan səyyar vergi yoxlaması aktına və digər sənədlərə istinad edir və nə qədər ki, həmin qərar qəbul edilməmişdir, vergi ödəyicisi üçün müəyyən (konkret) hüquqi nəticə yaranmır. Doğrudur, səyyar vergi yoxlaması barədə qərar rəsmi müəyyən formalı hüquqi sənəd kimi vergi ödəyicisində vergi məsuliyyətinə cəlb ediləcəyi gözləntisi yaradır, lakin bu cür gözlənti müəyyən (konkret) hüquqi nəticə hesab edilə bilməz. Məhkəmənin belə qənaətə gəlmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində birbaşa ifadə olunmasa da, həmin Qanunun məzmunundan, eləcə də “İnzibati aktların icra edilməsi” adlanan Vİİİ fəslindəki normalarından inzibati aktın digər bir əlaməti- “İcra edilməli olması” əlaməti müəyyən edilir. Belə ki, inzibati aktlar ümumi (publik) məqsədlər naminə icra edilmələri üçün qəbul edilirlər və onların icrası hakimiyyət səlahiyyətləri ilə təmin edilir. Birbaşa icra üçün nəzərdə tutulmayan, yaxud icrası mümkün olmayan, aktlar həmin Qanunun məqsədləri baxımından inzibati akt hesab edilə bilməz. Vergi orqanı tərəfindən tərtib olunan əlavə vergi yoxlamasının keçirilməsi haqqında qərar isə icra edilən akt deyil, səyyar vergi yoxlamasının keçirilməsinə yönələn və vergi ödəyicisi üçün hüquqi nəticələr yaradan qərarın qəbul edilməsinə əsas olan qərar olduğuna görə həmin akt inzibati akt sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirmə haqqında iddianın predmetini, yalnız (ən azı qizsmən) əlverişsiz inzibati akt təşkil edir. İnzibati İcraat haqqında Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Göründüyü kimi, iddiaçının hazırki mübahisələndirdiyi səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmir və həmin qərar mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. İddiaçı 13 mart 2020-ci il tarixli, **********560100 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi ilə bağlı məhkəmə mübahisələri davam etdiyi üçün və səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarda yoxlama ilə əhatə olunan vergi dövrünün əsas müddəti üçün məhkəmə mübahisəsinin olduğunu, audit yoxlaması, məhkəmə ekspertizalarının keçirildiyini, iddiaçı tərəfindən vergi qaunverciliyinin tələblərini pozmasının müəyyən olunmadığını, cavabdeh orqanın vəzifəli şəxsinin qanunsuz tələblərinin həyata keçirilməsinə maneə olduğundan vəzifəsindən şəxsi məqsədləri üçün istifadə edərək səyyar vergi yoxlaması keçirilməsi barədə qanunsuz qərar qəbul etdiyini əsaslandırmışdır. Məhkəmə tərəfindən diqqətə çatdırılır ki, iddiaçının qanunsuz hesab edilməsini (ləğvini) tələb etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********156549 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın 4-cü bəndində şikayət vermə müddəti və qaydasının göstərilməsi inzibati məhkəmə icraat zamanı mübahisələndirilən qərarın əlverişsiz inzibati akt olub-olmamasının yoxlanılmasına təsir edə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.2-ci və 5.1-ci bəndlərində göstərilmişdir ki, Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslığının yoxlanılması qaydasında aparılmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, mübahisələndirdiyi səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib edilən səyyar vergi yoxlamasının yekun aktı əsasında vergi orqanının rəhbəri (onun müavini) tərəfindən onu qane etməyən məsuliyyətlə bağlı qərar qəbul edildiyi halda, həmin qərarın qanuniliyini məhkəmədə mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inziabti məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********156549 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanunsuz hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1587/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1587/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver