Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-159/2025 05.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, İddiaçının vəkili Vəkil, Üçüncü şəxs Yardımlı bələdiyyəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X4 adına rəsmiləşdirilmiş torpaq sahəsinin (texniki pasport) plan və ölçüsündə dəyişiliklərin elektron baza məlumatlarına əsasən aparılması və əvvəlki çıxarışın ləğv edilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X4 adına rəsmiləşdirilmiş çıxarışın ləğv edilməsi və fərdi yaşayış evinə gedən gediş-gəliş yolunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “X4 adına rəsmiləşdirilmiş torpaq sahəsinin (texniki pasport) plan və ölçüsündə dəyişiliklərin elektron baza məlumatlarına əsasən aparılması və əvvəlki çıxarışın ləğv edilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 və Yardımlı bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdurlar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yardımlı rayon İcraiyyə Komitəsinin 25 fevral 1988-ci il tarixli 37 nömrəli qərarı ilə ona Yardımlı şəhəri ərazisində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi, həmçinin həmin yaşayış evinə gedib-gəlmək üçün yol ayrılmışdır. Həmin vaxtdan evin inşası üçün lazım olan inşaat matreallarını həmin yoldan istifadə etməklə aparmış və 2022-ci ilin 8 yanvarına kimi yoldan istifadə etmişdir. Lakin 2022-ci ilin yanvar ayımı 8-də evə gedərkən avtomobil yoluna qonşu və qardaşı oğlu dəmir darvaza qoymuşdur. Yolun girişinə darvaza qoyulduğuna görə fərdi yaşayış evinə gedə bilmirdi. Qardaşı oğluna həmin yoldan istifadə etdiyini və bu yolun yaşayış evinə getmək üçün nəzərdə tutlduğunu bildirdikdə, həmin ərazinin ona verildiyini və bu barədə çıxarış aldığını bildirmişdir. Aralarında olan mübahisə ilə əlaqədar əraziyə polis əməkdaşları gəlmiş və qardaşı oğlu Xəqani Abbasov həmin sahəyə onun mülkiyyət hququnun olduğunu bildirmiş və bu barədə ona Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən çıxarış verildiyini bildirmiş və çıxarışı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona məhkəməyə müraciət etməyi bildirmişdilər. Həmin yolun açılması ilə əlaqədar Yardımlı rayon Məhkəməsində iddia ərizəsi ilə müraciət edərək yolun açılmasını iddia etsə də cavabdeh Xəqani Abbasovun həmin əraziyə çıxarış aldığı üçün iddia tələbim rədd edilmişdir. Mübahisəli yoldan 1988-ci ildən 2022-ci ilin yanvar ayına kimi istifadə etmiş, onun evinə getməyə digər alternativ yolun yoxdur. Qonşu və qardaşı oğlu X8 həmin sahəyə Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən çıxarışı hansı qaydada və hansı əsaslarla almağı ona məlum deyildir. Həmin əraziyə mütəxxəsislər baxarkən məlumatları olmamış və faktiki yol kimi görünən və onun həyətinə getməsi açıqaşkar görükən yol hansı səbəbdənsə X4 mülkiyyətinə verilmişdir. Həmin çıxarışı qanunsuz əldə etmiş və o çıxarışın əsası ola bilməz. 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş çıxarış qanunsuz əldə edildiyi üçün məhkəmə qaydasında ləğv edilməli və onun həyətinə gedən yol bərpa edilməlidir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, ləğv edilmiş DTXK-nin Yardımlı rayon şöbəsi tərəfindən tərtib edilmiş torpağın mülkiyyət hüququna dair JN-669A saylı şəhadətnamə və fərdi evin Yardımli RİHB-nın Yardımlı İnzibati Ərazi Nümayənəsinin verdiyi təsərrüfat başına kitabdan çıxarışı əsasında Yardımlı şəhəri M.Ə.Sabir küçəsində 0.10 ha həyətyanı torpaq sahəsində yerləşən 29 saylı fərdi yaşayış evinə X1 adına 18 avqust 2011-ci il tarixdə **********64-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Sonra həmin fərdi yaşayış evi Notariat Ofisinin 10 fevral 2021-ci il tarixli 4Ə-2 nömrəli bağışlama müqaviləsi əsasında X4 adına Ərazi İdarəsi tərəfindən 02 mart 2021-ci il tarixdə **********64-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil iddia tələblərini müdafiə etdiklərini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Üçüncü şəxs X9 vəkili və nümayəndəsi X11 iddianın mümükünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan xx.xx.1989-cu il tarixli, AZ 001231 nömrəli ad və ya familyanın dəyişdirilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 familiyasını “Abbasov”a dəyişdirilmiş və bu barədə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatları kitabında müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-666A (kod ********) nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Yardımlı rayon Yardımlı ş.t.q sakini Mirzəcanov (Abbasov) Valeh Qorxmaz oğluna və ailə üzvlərinə Yardımlı rayon Aqrar İslahat Komissiyasının 21 aprel 1999-cu il tarixli, 3/5 saylı qərarı ilə 0,10 hektar həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında fərdi yaşayış evi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 131 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(038)- 82/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X6 və Yardımlı bələdiyyəsinə qarşı gedişgəliş yolunun açılması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Yardımlı bələdiyyəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 39 nömrəli məktubundan görünür ki, Yardımlı şəhər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evinə avtomobil yolunun açılması mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2- 1721/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində saxlanılan Yardımlı şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısında İddiaçı adı, eləcə də Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 3/5 saylı Qərarı aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 21-3-44/2-3944/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/785/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci-dördüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024- cü il tarixli, 3-21-3-44/2-7711/2024 saylı mütəxəssis rəyinə əsasən, Yardımlı rayonu AlK-nın 21 aprel 1999-cu il tarixli, 3/5 saylı qərarında ayrılması nəzərdə tutulan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmədiyindən torpaq sahəsinin konkret harda yerləşməsini, aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilib-edilməməsini və torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024- cü il tarixli, 3-21-3-44/2-7711/2024 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan və naturada göstərdiyi 0,45 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcuddur. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7711/2024 saylı mütəxəssis rəyinə əsasən, X6 təqdim edilən **********54-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən 0,10 ha torpaq sahəsi və üzərində inşa edilan 303,9 kv.m fərdi yaşayış evinin döngə nöqtə koordinatları müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir). Həmin torpaq sahəsi Torpaqlann elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti, **********64-10301 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində 0,10 ha torpaq sahəsi olduğu halda naturada 0,23 ha torpaq sahəsindən istifadə etdiyi üçün natura ila sənəd arasında uyğunsuzluq mövcuddur. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7711/2024 saylı mütəxəssis rəyinə əsasən, hazırki mübahisə Abbasov (Mirzəcanov) Valeh Qorxmaz oğluna məxsus JN-666A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin planında yol nəzərdə tutulmayıb. Qərardadın səkkizinci və doqquzuncu sualları üzrə: İddiaçı və ailə üzvlərinə ayrılan 0,10 ha torpaq sahəsindən (həmçinin yoldan) iddiaçıların səmərəli istifadəsinə və gediş-gəlişinə hər hansı maneə olub- olmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid olmadığından bu suallar üzrə tədqiqat aparılmır. Qərardadın onuncu və on birinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7711/2024 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemində İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan və naturada göstərdiyi 0,45 ha torpaq sahəsinə giriş-çıxış yolu nəzərdə tutulmamışdır. Qərardadın on ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7711/2024 saylı mütəxəssis rəyinə əsasən,iddiaçının iddia etdiyi yol **********64-10301 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində 0,10 ha torpaq sahəsinin 134 kv.metr, faktiki istifadəsində olan torpaq sahəsinin 220 kv.metr hissəsini təşkil edir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı üçüncü şəxs X4 adına rəsmiləşdirilmiş torpaq sahəsinin (texniki pasport) plan və ölçüsündə dəyişiliklərin elektron baza məlumatlarına əsasən aparılması və əvvəlki çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edirlər. İddiaçı iddia etdiyi iddia etdiyi torpaq sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 131 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/785/2025 nömrəli ekspert rəyininə nəzər yetirən zaman İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan və naturada göstərdiyi 0,45 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcuddur. Torpaqların elektron kadastr uçotu informasiya sistemində İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan və naturada göstərdiyi 0,45 ha torpaq sahəsinə giriş-çıxış yolu nəzərdə tutulmamışdır. X6 təqdim edilən **********54-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən 0,10 ha torpaq sahəsi və üzərində inşa edilan 303,9 kv.m fərdi yaşayış evinin döngə nöqtə koordinatları göstərilərək X4 mülkiyyətində 0,10 ha torpaq sahəsi olduğu halda naturada 0,23 ha torpaq sahəsindən istifadə etdiyi üçün natura ila sənəd arasında uyğunsuzluğun mövcud olduğu, iddiaçının iddia etdiyi yolun X4 istifadəsinə olduğu və zəbt olan qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti olduğu müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının hüquqi marağı onun mülkiyyətində olan daşınmaz əmlaka gedən yolun zəbtdən azad olunmasıdır. Lakin iş materiallarına nəzər yetirilən zaman həmin yolun hal-hazırda bələdiyyə mülkiyyəti olduğu və digər şəxslərin mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir inzibati aktın (alqı-satqı, icarə müqaviləsi, protokol, qərar və digər) olmadığı müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hal-hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Bir daha iddiaçıya izah olunur ki, mülkiyyətində olan torpaq sahəsinə gedən yol zəbt olunduğunu və həmin torpaq sahəsinin mülkiyyətçisinin bələdiyyə olduğunu nəzərə alaraq qeyd edilən bələdiyyəyə torpaq sahəsinin zəbtdən azad olunması və yolun açılması kimi iddiaların qaldırması barədə məlumat və şikayət xarakterli ərizə ilə müraciət edə bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 157-ci maddəsində mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulu nəzərdə tutulub: 1. Mülkiyyət hüququnun tanınması; 2. Özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; 3. Mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi, yəni bələdiyyə orqanı şəxslərin ərizələri üzrə araşdırma aparmalı və tələbin düzgün hesab edəcəyi təqdirdə bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Hal-hazırki iş üzrə iddiaçının hüquqi marağının “Vindikasiya” iddiası olduğu müəyyən edilir. Belə ki, mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Göründüyü kimi qeyd edilən istiqamətdə olan iddialar üzrə tələblər mülki xarakterlidir və bu səbəbdən də inzibati məhkəməyə aidiyyəti olmayacaqdır. Torpaq sahəsinin mülkiyyətçisinin (bələdiyyənin) qanunvericilikdə qeyd edilən əsaslar olduğu təqdirdə ümumi (rayon/şəhər) məhkəməsində yuxarıda qeyd edilən iddiaları qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X4 adına rəsmiləşdirilmiş torpaq sahəsinin (texniki pasport) plan və ölçüsündə dəyişiliklərin elektron baza məlumatlarına əsasən aparılması və əvvəlki çıxarışın ləğv edilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “X4 adına rəsmiləşdirilmiş torpaq sahəsinin (texniki pasport) plan və ölçüsündə dəyişiliklərin elektron baza məlumatlarına əsasən aparılması və əvvəlki çıxarışın ləğv edilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-159/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-159/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver