Məhkəmə qərarları › İş №2-1(120)-1599/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1599/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1599/2022 29.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 29 noyabr 2022-ci il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailəsinə ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar şəhərində yaşayır. Evlidir, himayəsində arvadı və 3 nəfər azyaşlı uşağı vardır. Heç yerdə işləmir, maddi vəziyyəti həddən artıq ağırdır, ünvanlı sosial yardım almaq üçün müraciət etmişdir. Hazırda DSMF Biləsuvar rayon şöbəsindən ona imtina gəlmişdir ki, guya ailəsinin istifadəsində nəqliyyat vasitəsi vardır. Halbuki, ailəsinin istifadəsində heç bir nəqliyyat vasitəsi yoxdur. Bunu yoxlamaq üçün Polis şöbəsinin portalına müraciət də edilə bilər. Hesab edir ki, cavabdeh təşkilat qanunsuz olaraq onun hüquqlarını pozmuşdır. Onun istifadəsində, mülkiyyətində, sahibliyində avtomobil olmaya-olmaya istifadəsində guya avtomobil olduğuna dair yalan məlumat yazmaqla onu ünvanlı sosial yardımdan məhrum etmişlər. Cavabdeh təşkilata 07 mart 2022-ci ildə yazdığı müraciəti 22 mart 2022-ci il tarixdə poçt vasitəsi ilə göndərsə də, bu günə kimi cavab almamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixli, **********61802 nömrəli ərizə ilə VEMTAS vasitəsilə müraciət edərək, ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir. Lakin, Fondun keçmiş 9 saylı Regional Ərazi Filialının (hazırki 2 saylı X1) tərəfindən xx.xx.2021-ci il tarixdə maddi-məişət şəraitinin müayinəsi zamanı ailənin istifadəsində **-BD-*** dövlət qeydiyyat nişanlı, “Mersedes” markalı nəqliyyat vasitəsinin olduğu aşkar edildiyindən, məsələnin müsbət həlli mümkün olmamışdır. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli, 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları” müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X10 və X16 (VEMTAS) yaradılmışdır. VEMTAS ərizə-bəyannamədə göstərilən məlumatları bir sıra dövlət orqanının elektron bazasında yerləşdirilən məlumatlarla uyğunluğunu yoxlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla qəbul edilir. Həmin Qaydaların 3.7-ci hissəsində sosial yardımın təyin olunmasından imtina edilməsi hallarından biri kimi ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) qeyd olunmuşdur. İşin hallarından göründüyü kimi, ünvanlı sosial yardımın təyin edilməsinin mümkün olmaması səbəbi ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmasıdır. Belə olan halda, İddiaçı “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü yarımbəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixdə Biləsuvar RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə ünvan 4 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.1999-cu il tarixdə Biləsuvar rayonu, Dəvrişli kəndində anadan olmuş və Biləsuvar rayonu, Dəvrişli kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin təsdiq olunmuş surətlərindən görünür ki, X4 və X6 xx.xx.2020-ci il tarixdə doğulmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 7350 nömrəli arayışlarından görünür ki, İddiaçı ailə üzvləri, həyat yoldaşı X3, övladları X8, X4 və X6 ilə birlikdə həqiqətən də, Biləsuvar şəhəri, Təbriz küçəsi, ev 8 ünvanında yaşayırlar və İddiaçı hal-hazırda işləmir. İş materilallarında olan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciətə imtina edilməsi“nə dair bildirişdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli, **********61802 nömrəli müraciətinə görə sosial yardımın təyin edilməsindən “ailənin istifadəsində nəqliyyat vasitəsinin olması” səbəbindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********9 nömrəli xidməti məktubda qeyd olunur ki, 9 saylı Regional Ərazi Filialı (hazırda 2 saylı X1) tərəfindən xx.xx.2021-ci tarixdə İddiaçı ailəsinin maddi-məişət şəraitinin müayinəsi zamanı ailənin istifadəsində **- BD-*** dövlət qeydiyyat nişanlı, “Mersedes” markalı nəqliyyat vasitəsi aşkar edilmiş, buna görə də Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü yarımbəndinə əsasən VEMTAS tərəfindən ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı dörd nəfər ailə üzvü ilə birlikdə ünvan 5 ünvanlı dövlət sosial yardımının təyin olunması üçün cavabdeh təşkilata müraciət etmiş, maddi-məişət şəraitinin müayinəsi zamanı ailənin istifadəsində **-BD-*** dövlət qeydiyyat nişanlı, “Mersedes” markalı nəqliyyat vasitəsi aşkar edilmiş, buna sübut olaraq nəqliyyat vasitəsinin fotoşəkli çəkilmiş, bu səbəbdən ona ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İnzibati icraat haqqında Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Məhkəmə, cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən heç bir qanuni əsas olmadan iddiaçının hüquqlarına müdaxilə edilmişdir. Belə ki, iş materiallarından, o cümlədən cavabdeh təşkilatın iddiaya qarşı etirazından görünür ki, iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina edilməsinin yeganə səbəbi kimi ailənin istifadəsində **-BD-*** dövlət qeydiyyat nişanlı, “Mersedes” markalı nəqliyyat vasitəsinin olması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 3/14-76651222 nömrəli məktubunda qeyd olunur ki, BDYPİ-nin informasiya sisteminin məlumatına əsasən Biləsuvar şəhəri, Təbriz küçəsi, ev 8 ünvanında yaşayan İddiaçı mülkiyyətində olmuş Nissan Tiana markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialina ünvanladığı xx.xx.2022-ci il tarixli 114615-122 nömrəli məktubunda qeyd olunur ki, DİN Baş X18 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən İddiaçı adinda və ya etibarnamə ilə istifadəsində nəliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina edilməsinin yeganə səbəbi kimi ailənin istifadəsində **-BD-*** dövlət qeydiyyat nişanlı, “Mersedes” markalı nəqliyyat vasitəsinin olduğu iddia edilən həmin nəqliyyat vasitəsinin sahibi X5r. Göründüyü kimi, iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina edilməsinin yeganə səbəbi kimi ailənin istifadəsində **-BD-*** dövlət qeydiyyat nişanlı, “Mersedes” markalı nəqliyyat vasitəsinin olması faktı təsdiq olunmur. Cavabdeh təşkilat həmin nəqliyyat vasitəsinin iddiaçıya məxsus olması barədə dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. İddiaçının yaşadığı ünvanda çəkilmiş fotoşəklinin isə həmin nəqliyyat vasitasinin iddiaçıya məxsus olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilməsini məhkəmə mümkün hesab etmir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, İddiaçı ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina edilməsinin hüquqi əsası yoxdur və iddiaçı aztəminatlı ailə kimi ünvanlı dövlət sosial yardımının təyin olunmasını tələb etməkdə haqlıdır. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 4-cü maddəsinin 4.1-ci bəndinə əsasən “Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir”. Azərbaycan Respublikasının İPM-nin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Yenə həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar