Məhkəmə qərarları › İş №2-1(120)-160/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-160/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-160/2021 09.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi X2 (Sabirabad rayonu, Narlıq kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli 1/S-12460 saylı məktubunda Mərkəzi Arxivin arayışında N nömrəli hərbi hissə komandirinin əmrlərində iddiaçının ezamiyyətinin məqsədinin bilinmədiyini və adının, ata adının tam göstərilmədiyini əsas gətirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, ona veteran adının və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildə Sabirabad rayonu, Narlıq kəndində anadan olmuşdur. Daimi yaşayış yeri Sabirabad rayonunun Narlıq kəndidir. xx.xx.1992-ci ildə keçmiş Sabirabad RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xx xxx 1992-ci ildə N №-li hərbi hissədə hərbi and içmişdir. Bütün xidməti boyu N saylı hərbi hissənin tərkibinə daxil olan 2-ci batalyonun tərkibində Ağdam və Tərtər istiqamətində olan döyüşlərdə iştirak etmiş, rabitə əlaqəsi təşkil etmişdir. Bu barədə ona aid, xx.xx.1992-ci ildə tərtib edilmiş HZ seriyalı, ******* №-li hərbi biletin 7-ci səhifəsində müvafiq qeydlər vardır. Həmin qeydlər hərbi hissənin möhürü və hərbi hissənin qərargah rəisi Cavanşir Hüseynovun imzası ilə təsdiq olunmuşdur. Onu da qeyd edir ki, kontuziya almış, onu Salyan kazarması hospitalı deyilən yerdə müalicə etmişlər. Hazırda bu səbəbdən 2-ci qrup əlildir. Onun xidməti bu günə kimi qeyd edilməmişdir. 20 ilə yaxındır ki, aidiyyəti orqanlara müraciət edir. Onlar öz cavabları ilə müharibə iştirakçısı olmağını təsdiq edirlər, lakin əsassız səbəblərə görə ona müharibə veteranı statusu verməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu göstərirlər. MN-nin aparatı nəzdində veteran adlarının və müvafiq komissiyanın katibi mayor Elbrus Mehdixanov tərəfindən ona ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1/S-6607 №-li və xx.xx.2019-cu il tarixli, 1/S-12460 №-li məktublarda qeyd olunur ki, Azərbaycan Respublikası MN nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»ya daxil olmuş ərizənizə xx.xx.2019-cu il tarixli iclasda baxılaraq, barənizdə müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin arayışlarında ezamiyyətinzin məqsədi bilinmədiyindən və adınız, ata adınız tam göstərilmədiyindən sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Onu da qeyd edir ki, ezamiyyə barədə əmrlərdə onun hərbi döyüşlər gedən rayonlara ezamiyyə olunmağı göstərilir. Əmrlərdə adının, ata adının tam yazılmaması onun yox, N №-li hərbi hissənin komandiri və qərargah rəisinin təqsiridir. İddiaçının nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 11/4408 saylı iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndindən görünür ki, müharibə veteranı adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı verilə bilməz. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışında N nömrəli hərbi hissə komandirinin əmrlərində İddiaçı ezam olunması məqsədi bilinmədiyindən ona müharibə veteranı adı və vəsiqəsi verilə bilməz. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materialında olan xx.xx.2014-cü il tarixdə Sabirabad RPŞ tərəfindən verilmiş Seriya AZE 14393780 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Sabirabad rayonu, Narlıq kəndində doğulmuş, Sabirabad rayonu, Narlıq kəndində qeydiyyatdadır. İş materialında olan Sabirabad Rayon İHB-nin xx.xx.2020-ci il tarixli 170 nömrəli arayışı ilə müəyyən olunur ki, İddiaçı hal-hazırda Sabirabad rayonu Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Narlıq kəndində yaşayır. İş materialında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad Rayon ASAN Xidmət Mərkəzi tərəfindən verilmiş Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair Elektron arayışın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə doğulmuş İddiaçı xx.xx.1992-xx.xx.1996-cı il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. İş materialında olan Sabirabad rayon hərbi komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə İddiaçı verilmiş НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətinin 7-ci səhifəsindən görünür ki, İddiaçı 20.07.92-ci il tarixdən 30.12.93-cü il tarixədək olan müddətdə rabitənin təşkili üçün döyüş bölgəsində iştirak edib. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2020ci il tarixli 9/2-10531 nömrəli məktubundan görünür ki, Sabirabad RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 19 №-li əmrilə (əsas: səh 48, § 1, sıra 4) “sıravi” hərbi rütbəsi verilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 46 №-li əmrilə (əsas: səh 33, § 3, sıra 8, əmrdə adı Etibar yazılmışdır) mühafizə bölüyündən gəlmiş X4 rabitə bölüyünün tərkibinə daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 58 №-li əmrilə (əsas: səh 81, § 5, sıra 4, əmrdə adı Etibar yazılmışdır) X4 mühafizə bölüyünün qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 79 №-li əmrində (əsas: səh 13, § 2, əmrdə adı və atasının adı tam yazılmamışdır) İddiaçı Üçtəpə qəsəbəsinə göndərildiyi üçün qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 83 №-li əmrində (əsas: səh 20, § 1, sıra 3, əmrdə adı və atasının adı tam yazılmamışdır) İddiaçı gəlmiş hesab edilərək qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 85 №-li əmrilə (əsas: səh 26, § 5, sıra 10, ezamiyyətdən qayıtdığı yer yazılmamışdır) sıravi X4 ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 139 №-li əmrində (əsas: səh 53, § 1, sıra 6, əmrdə adı və atasının adı tam yazılmamışdır) İddiaçı Kürdəmir rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 193 №-li əmrilə (əsas: səh 15, § 3, sıra 1, əmrdə adı Etibar yazılmışdır) X4 3-cü batalyonun tərkibindən 2-ci batalyonun tərkibinə keçirilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 15 №-li əmrində (əsas: səh 27, § 8, əmrdə adı və atasının adı tam yazılmamışdır) 2-ci batalyonun mühafizə bölüyünün sıravisi İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 22 №-li əmrində (əsas: səh 38, § 23, əmrdə adı və atasının adı tam yazılmamışdır) 2-ci batalyonun sıravisi İddiaçı Ağdam rayonundan gəlmiş hesab edilərək, qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 48 №-li əmrində (əsas: səh 82, § 8, sıra 26, əmrdə adı və atasının adı tam yazılmamışdır) 2-ci batalyonun sıravisi İddiaçı Pereküşkül qəsəbəsinə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 125 №-li əmrində (əsas: səh 42, § 11, sıra 4, əmrdə adı və atasının adı tam yazılmamışdır) 2-ci batalyonun hərbi qulluqçusu İddiaçı Ağcabədi rayonuna ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 134 №-li əmrində (əsas: səh 62, § 9, sıra 13, əmrdə adı tam, atasının adı yazılmamışdır) Ağcabədi rayonunda ezamiyyətdə olan 2-ci batalyonun sıravisi İddiaçı ezamiyyət müddətinin 15 gün müddətinə uzadılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 249 №-li əmrində (əsas: səh 6, § 9, sıra 8, əmrdə adı tam atasının adı yazılmamışdır) döyüş əməliyyatları bölgəsində ezamiyyətdə olan 2-ci batalyonun sıravisi İddiaçı ezamiyyət müddətinin 15 gün müddətinə uzadılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 6 №-li əmrində (əsas: səh 7, § 5, sıra 1, əmrdə adı tam, atasının adı yazılmamışdır) çavuş İddiaçı Bərdə rayonuna göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 14 №-li əmrində (əsas: səh 18, § 4, sıra 11, əmrdə adı və atasının adı tam yazılmamışdır) Bərdə rayonunda ezamiyyətdə olan İddiaçı ezamiyyət müddəti xx.xx.1994-cü il tarixdən 16 gün müddətinə uzadılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 112 №-li əmrində (əsas: səh 158, § 4, sıra 1, əmrdə adı və atasının adı tam yazılmamışdır) Bərdə rayonunda ezamiyyətdə olan İddiaçı ezamiyyət müddəti xx.xx.1994-cü il tarixdən 15 gün müddətinə uzadılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 127 №-li əmrində (əsas: səh 32, § 13, sıra 1, əmrdə adı və atasının adı tam yazılmamışdır) Bərdə rayonunda ezamiyyətdə olan İddiaçı ezamiyyət müddəti xx.xx.1994-cü il tarixdən 15 gün müddətinə uzadılması barədə məlumat vardır. RNRQ 3-cü bölməsinin ştatdan kənar sıravi əsgəri X1 nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından həqiqi hərbi xidmətdən ehtiyata tərxis edildiyi üçün N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 216 №-li əmrilə (əsas: səh 99, § 5, əmrdə adı Etibar yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Sabirabad RHK-na göndərilmişdir. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 1/S-12460 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin arayışında N nömrəli hərbi hissə komandirinin əmrlərində ezamiyyətinizin məqsədi bilinmədiyindən və adınız, ata adınız tam göstərilmədiyindən Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Sabirabad rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 1992-1996-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Sabirabad rayon hərbi komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş НЗ ******* nömrəli hərbi biletdə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan müddətdə rabitənin təşkili üçün döyüş bölgəsində iştirak etdiyi qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli 9/2-10531 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 22 №-li əmrində 2-ci batalyonun sıravisi İddiaçı Ağdam rayonundan gəlmiş hesab edilərək, qazan təminatına daxil edilməsi və N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 249 №-li əmrində döyüş əməliyyatları bölgəsində ezamiyyətdə olan 2-ci batalyonun sıravisi İddiaçı ezamiyyət müddətinin 15 gün müddətinə uzadılması barədə məlumat vardır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi iddiaçıya məxsus hərbi biletdə onun xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan müddətdə rabitənin təşkili üçün döyüş bölgəsində iştirak etməsinə dair, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində onun N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 249 №-li əmrində döyüş əməliyyatları bölgəsində ezamiyyətdə olmasına dair qeydlər vardır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə qeyd edir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar