Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1603/2021 24.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və Lənkəran rayonu 1 saylı notariat ofisinə (üçüncü şəxs X5) qarşı “alqı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 24 sentyabr 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və Lənkəran rayonu 1 saylı notariat ofisinə (üçüncü şəxs X5) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lənkəran rayonu 1 saylı notariat ofisində bağlanmış AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, 09.07.2020-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X3 adına **********34 reyestr nömrəsi ilə verilmiş çıxarışın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 1972-ci ildə Lənkəran şəhərində anadan olmuşdur, ailəlidir, orta ixtisas təhsilli olmaqla kitabxanaçı işləyir. Bir qardaşı X2 Qarabağ döyüşlərində şəhid olmuş, anası onunla yaşamaqla qardaşının şəhidlik müavinətini alır. 1998-ci ildə Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı ilə ona Lənkəran rayonu, Şilavar kəndində 0,04 hektar torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsində özlərinə ev tikmək qərarına gəlmişdir. Odur ki, Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət etmiş və 19 noyabr 1993-cü il tarixində 139 nömrəli Sərancama əsasən ona həmin torpaqda fərdi yaşayış evinin tikilməsi üçün icazə verilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsi də sözügedən evin tikilməsi üçün çertyojunu ona vermişdir. Maddi imkanlarının azlığından həmin torpaq sahəsini müvəqqəti olaraq yalnız əkib-becərirlər. Hazırda mülkiyyətində olan torpaq sahəsini ondan xəbərsiz X5 qeyri-qanuni, dolayısı yollarla özünə DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsindən çıxarış almışdır. Hesab edir ki, onun mülkiyyət hüququ pozulmuşdur. Bu barədə dəfələrlə DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etsə də, hüquqlarının bərpa olunmasına köməklik olunmamışdır. Odur ki, o, bu iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, hazırki tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına baxılır. Göründüyü kimi, iddiaçının tələbi aşağıdakılardan ibarətdir: - Lənkəran rayonu 1 saylı notariat ofisində bağlanmış AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi. - 09.07.2020-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X3 adına **********34 reyestr nömrəsi ilə verilmiş çıxarışın ləğv edilməsi. İddianın birinci (Lənkəran rayonu 1 saylı notariat ofisində bağlanmış AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi) hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan olsa da, mübahisə onun inzibati fəaliyyəti ilə əlaqədar yaranmamışdır. İnzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Yuxarıda qeyd olunan alqı-satqı müqaviləsi cavabdeh inzibati orqan tərəfindən təsdiq edilsə də, özündə inzibati aktın əlamətlərini əks etdirmir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10.04.2015-ci il tarixli 4 nömrəli qərarının 8-ci bəndinə əsasən, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Göründüyü kimi, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə inzibati məhkəmə icraatı qaydasında deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh inzibati orqana qarşı yönəlsə də tələb mülki xarakterli olduğundan mümkün sayılmamalıdır. İddianın ikinci (09.07.2020-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X3 adına **********34 reyestr nömrəsi ilə verilmiş çıxarışın ləğv edilməsi) hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş hüquqların dövlət qeydiyyatına əsas olmuş sənədlərdən müəyyən edilmişdir ki, X6 mülkiyyətində olan 0,06 ha torpaq sahəsini Lənkəran rayonu 1 saylı notariat ofisində rəsmiləşdirilmiş 18.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 və alıcının hüquqları dövlət qeydiyyatına alınaraq adına hazırda mübahisə predmeti olan ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti olan hüquqların dövlət qeydiyyatından çıxarış alqı-satqı müqaviləsinin nəticəsi olduğundan hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Daşınmaz əmlakın alqı-satqısı və Dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə eyni zamanda qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də mülki xarakterlidir və mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, X3 adına 09.07.2020-ci il tarixdə aparılmış qeydiyyat və ********** qeydiyyat nömrəli çıxarış Lənkəran rayonu 1 saylı notariat ofisində rəsmiləşdirilmiş 18.06.2020-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi əsasında verilmiş və mülki aktın, yəni müqavilənin nəticəsidir. Bu səbəbdən iddia bu hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 16.3-cü, 23-cü, 35-ci və 45.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və Lənkəran rayonu 1 saylı notariat ofisinə (üçüncü şəxs X5) qarşı “alqı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1603/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1603/2021
24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver