Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1603/2022 04.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 04 oktyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon qeydiyyat şöbəsinin doğum aktlarının qeydiyyatı kitabında düzəliş edilərək, cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 87 saylı imtinanın əsassız hesab edilərək, xx.xx.1959-cu il təvəllüdlü anası X2 ilə xx.xx.1963-cü il təvəllüdlü atası X1 arasında Cəbrayıl rayon qeydiyyat şöbəsində bağlanmış xx.xx.1986-cı il tarixli, 14 saylı birgə nikahlarından xx.xx.1998-ci il tarixdə o, doğulduqdan sonra Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən onun adına qeydə alınmış xx.xx.1998-ci il tarixli, 108 saylı doğum haqqında akt qeydləri kitabında AZ-İ N2 075623 nömrəli Doğum haqqında Şəhadətnamədə qeyd edilmiş qaydada adının qrafasında adının Abbas kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyinin cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1998-ci il tarixdə doğulmuşdur. Bu barədə ona qeydiyyatda olduğu Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfındən doğum haqqında şəhadətnamə verilmişdir. Hal hazırda o, valideynləri ilə anası xx.xx.1959-cu il təvəllüdlü X2 və atası xx.xx.1963-cü il təvəllüdlü X3 ilə birlidkə Cəbrayıl rayonundan məcburi köçkün kimi Sumqayıt şəhəri, X6 3-cü məhəllə adlanan ərazidə məskunlaşmışlar və həmin ünvanda yaşayırlar. Hər bir məcburi köçkün kimi ona da Dövlət tərəfındən 60 manat yemək xərci ödənilir. Hal hazırda hərbi xidmətə yararsızdır. O, özünə məcburi köçkün vəsiqəsi almaq istədiyi üçün lazımi sənədləri hazırlayarkən onun doğum akt qeydində adının yanlışlıqla Turan olması müəyyən edilmişdir. Onun bütün sənədlərində isə adı Abbas yazılmışdır. Ona görə də Cəbrayıl rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək doğum akt qeydimdə düzəliş edilməklə Turan adının Abbas kimi yazılmaqla doğum akt qeydinə düzəliş edilməsini xahiş etmişdir. Lakin Cəbrayıl rayon qeydiyyat şöbəsi doğum akt qeydinə Turan adının dəyişdirilərək Abbas kimi yazılmaqla düzəliş etməkdən xx.xx.2022-ci il tarixdə 87 saylı məktubla imtina edilmişdir. Cəbrayıl rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 87 saylı imtinasını əsassız hesab edir. Belə ki, onun bütün sənədlərində şəxsiyyət vəsiqəsində, hərbi biletində və sair sənədlərinin hamısında adı İddiaçı kimi yazılmışdır. Doğum akt qeydində adının Turan yazılması digər sənədlərində isə adının Abbas yazılması hal hazırda məcburi köçkün vəsiqəsi almağına mane olmuşdur. Cəbrayıl rayon qeydiyyat şöbəsi isə həmin düzəlişi aparmaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı doğumu haqqında akt qeydində adının “Turan”dan “Abbas”a dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 87 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Cəbrayıl rayon qeydiyyat şöbəsində xx.xx.1998-ci ildə tərtib edilmiş 108 saylı doğum akt qeydində soyadınız Quliyev, adınız Turan, ata adınız Mehti kimi qeyd edilmişdir. Doğum akt qeydinə düzəlişlə bağlı Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarına əsasən qeyd edilən düzəlişin edilməsi Cəbrayıl rayon qeydiyyat şöbəsinin imkanı xaricindədir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Məhkəmənin qənaətinə görə iddiaçının tələbi onun adının düzgün olmaması ilə bağlı olduğuna görə, ilk növbədə onun adının vətəndaşlıq vəziyyəti aktları qeydində necə yazılması müəyyən olunmalıdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı xx.xx.1998-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur və həmin vaxt onun adı doğum akt qeydində “X4” kimi göstərilmişdir. Sonradan iddiaçı doğum akt qeydində adı “Turan” olsa da özünün dediyinə görə yeni doğum haqqında şəhadətnamə almış və şəhadətnamədə adı “İddiaçı” kimi göstərilmişdir. Həmin yeni doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı doğum akt qeydindəki adının düzgün göstərilməməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinin imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14-cü, 23.1-ci, 32-ci, 33-cü, 52-ci, 58.7-ci, 62-ci, 68-69-cu, 73-cü, 75-ci, 78-ci, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1603/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1603/2022
04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver