Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1608/2025 06.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi X15, İddiaçı və onun nümayəndəsi X7, üçüncü şəxslər X5 və X11, İddiaçı Cavabdehnə qarşı X12, X16 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla sərəncamın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Cavabdehnə və X8 qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının xx.xx.2001-ci il tarixli 5 saylı Sərəncamının, X5 adına verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın, X12 ilə X16 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin, X11 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi və obyektin sökülməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Cavabdeh, üçüncü şəxslər qismində X12, X16, X17 göstərilməklə Cavabdeh Başçısının xx.xx.2001-ci il tarixli 5 saylı sərəncamının ləğv olunmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ona Cavabdeh Başçısının xx.xx.1999-cu il tarixli 103 saylı sərəncamı ilə kommersiya xidməti məqsədilə 0,12 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi elə həmin tarixdə müvafiq aktla özünə təhkim edilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin bir hissəsi, yəni 64 kv.m hissəsi Cavabdeh xx.xx.2001-ci il tarixli 5 saylı sərəncamı ilə Cəlilabad şəhər sakini X9 verilmişdir.O bununla bağlı aidiyyəti dövlət orqanlarına mütəmadi olaraq şikayət etsə də, bu günə kimi istifadəsinə verilmiş torpaq sahəsi üzrə pozulmuş hüquqlarını bərpa edə bilməmişdir. Onun bütün bunlardan xx.xx.2020-ci il tarixdə məlumatı olmuşdur. İPM 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq xx.xx.2024-cü il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilməklə, onlara iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmiş, eyni zamanda X16 və X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxslərin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Üçüncü şəxlər məhkəmə iclasında ayrı-ayrılıqda verdiyi izahatlarında iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və üçüncü şəxslərin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin halları: Cavabdeh Başçısının “Cəlilabad şəhərində İddiaçı İxtyar oğluna kommersiya xidməti məqsədilə torpaq sahəsi verilməsi haqqında” 103 №-li, xx.xx.1999-cu il tarixli sərəncamı ilə Cəlilabad şəhər sakini İddiaçı torpaq sahəsi verilməsi barədə onun ərizəsi, rayon torpaq şöbəsinin 01 noyabr 1999-cu il tarixli 368 №-li vəsatəti, akt və xəritə nəzərə alınaraq İddiaçı Cəlilabad şəhərində bələdiyyə fondunun kənd tənd təsərrüfatına şərti yararsız hissəsində şimaldan Cəlilabad-Uzuntəpə şosse yolu ilə, cənubdan bələdiyyə torpağı ilə, şərqdən Universam mağazası ilə, qərbdən Bakı-Astara şosse yolunun yaşıllıq zolağı ilə sərhədlənən 0,12 ha torpaq sahəsi kommersiya məqsədilə verilməsi qərara alınmışdır. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: Cəlilabad rayon Dövlət Arxivinin 3-48-12-RA/2-468/2024 saylı, xx.xx.2024-cü il tarixli və Cavabdeh Başçısının 5-41/2-253/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubları ilə təqdim olunmuş Cavabdeh Başçısının “Cəlilabad şəhər sakini X6 istifadəsinə Cəlilabad şəhərinin dövlət mülkiyyətindəki torpağından kommersiya məqsədilə torpaq sahəsinin verilməsi haqqında” 5 №-li, xx.xx.2001-ci il tarixli sərəncamı ilə, torpaq sahəsinin verilməsi barədə X6 məktubu, rayonun baş memarının xx.xx.2001-ci il tarixli 5 №-li vəsatəti, akt və xəritə nəzərə alınaraq Cəlilabad şəhərinin dövlət mülkiyyətindəki torpağının kənd təsərrüfatına şərti yararsız hissəsindən, şimaldan asudə yer ilə, cənubdan univermağa keçid yolu ilə, şərqdən universam binası ilə, qərbdən Bakı-Astara magistral yolu ilə sərhədlənən 64,0 kv.m (8x8) torpaq sahəsi kommersiya xidməti məqsədi ilə X6 istifadəsinə verilməsi qərara alınmışdır. Cəlilabad Rayon 1 saylı Notoriat Ofisinin 1378 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 59,0 kv.m qeyri-yaşayış binası xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reeystr kitabının 8 nömrəli vərəqində X6 adına qeydə alınmışdır. Daşınmaz əmlakın alqı-satqısına dair AN-İ saylı, ******* №-li müqavilənin surətindən müəyyən olunur ki, X3 şəhəri, Qurtuluş küçəsi, 52 ünvanında yerləşən ümumi sahəsi 59 kv.m olan qeyri-yaşayış sahəsini X1 almışdır. Tətbiq edilən hüquq, iddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi: İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə aldıqda məlum olur ki, iddiaçının hazırki tələbi mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Hazırkı mübahisə üzrə mübahisələndirilən sərəncama münasibətdə nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən müəyyən olunmuş hallara əsasən iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi qərar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1- ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd). Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış **********77 №-li, xx.xx.2020-ci il tarixli və **********08 №-li, xx.xx.2020-ci il tarixli eyni məzmunlu cavab məktubunda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsinə Cavabdeh başçısının 15 yanvar 2001-ci il tarixli 05 nömrəli sərəncamı, yer seçim aktı, baş plandan çıxarış, 24 iyun 2004-cü il tarixli layihə və 17 mart 2005-ci il tarixli istismara qəbul aktı əsasənda vətəndaş X10 məxsus 59 kv.m qeyri-yaşayış binasına 21 dekabr 2016-cı il tarixində Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilmişdir. Həmin qeyri-yaşayış binası Cəlilabad rayon 1 saylı notariat kontorunun 18 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə X2 və 13 yanvar 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-143/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadın surətindən müəyyən olunur ki, İddiaçı cavabdehlər X10, X13, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, Cəlilabad rayon 1 saylı notariat ofisinə və Cavabdehnə qarşı Cavabdeh Başçısının 15 yanvar 2002-ci il tarixli, 05 saylı sərəncamının, X6 adına verilmiş 21 dekabr 2016-cı il tarixli çıxarışın, X20 oğlu ilə X16 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli müqavilənin və X11 adına verilmiş 13 yanvar 2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi iilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2(073)-143/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilməsi qərara alınmışdır. Cavabdeh Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli Q-93-149 saylı və xx.xx.2024-cü il tarixli 5-41/1-Q-92- 039/2024 saylı eyni məzmunlu cavab məktublarında qeyd olunmuşdur ki, Cavabdeh Başçısının xx.xx.1999-cu il tarixli 103 nömrəli sərəncamı ilə verilmiş 0,12 ha torpaq sahəsinin bir hissəsində X12 tərəfindən qeyri-yaşayış obyektinin tikintisi məqsədilə torpaq sahəsinin verilməsi barədə rayon icra hakimiyyəti başsçının xx.xx.2001-ci il tarixli sərəncamının ləğv edilməsi barədə müraciətinə Cavabdehndə baxılmışdır. Müraciəti ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncam barəsində 2020-ci il tarixdən məlumatlı olmuşdur (DƏDRX-nin cavab məktubları). Eyni zamanda Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 143/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki,Cavabdeh Başçısının 15 yanvar 2002-ci il tarixli, 05 saylı sərəncam əsasında verilmiş çıxarışın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan hesablandığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunmaqla həmin sərəncamı mübahisələndirmək imkanını itirmişdir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli məktubla və məhkəmə iclasında şifahi qaydada hüquqi yardım göstərilərək, mübahisələndirilən inzibati akt üzrə iddia müddətinə riayət olunmadığı izaha olunsa da, iddiaçı tərəfindən inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim olunmamışdır. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı X12, X16 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-1608/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1608/2025
06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver