Məhkəmə qərarları › İş №2-1(120)-161/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-161/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-161/2021 13.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 200 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 200 saylı sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1446/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixli 200 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Мəhkəmə iclasında İddiaçı Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 200 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında iddiaçının vəkili X1 rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 200 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə və üçüncü şəxs X6 hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin və üçüncü şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 200 saylı sərəncamının ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 120 saylı sərəncamının, xx.xx.2014-cü il tarixli, 22 nömrəli icarə müqaviləsinin, xx.xx.2014-cü il tarixli aktının və torpaq sahəsinin plan çizgisinin təsdiq olunmuş surətindən görünür ki, İmişli rayonu Muradxanlı kənd sakini İddiaçı müraciəti nəzərə alınmış və 15 il müddətinə ona qoyunçuluğun inkişaf etdirilməsi üçün 82 saylı dövlət qış otlaq fondundan 92,0 ha, 6- 76 saylı dövlət qış otıaq fondundan 8,0 ha, cəmi 100,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə icarəyə verilmiş, torpaq sahəsinin təhvil verilməsinə dair akt tərtib olunmuş və həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 200 saylı sərəncamından çıxarışdan görünür ki, İddiaçı torpaqdan istifadə hüququna xitam verilmiş, İmişli rayonu, Muradxanlı kənd sakini İddiaçı 100,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 120 saylı sərəncamı və xx.xx.2014-cü il tarixli, 22 nömrəli icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə göndərdiyi xx xxxxxx 2020-ci il tarixli, 2/2052 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı “xx xxxxxx 2016cı il tarixli, 200 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati işin icraatı ilə əlaqədar olaraq bildiririk ki, qeyd edilən ərazi ona bitişik olan digər torpaq sahələri ilə birlikdə 1500.0 ha olmaqla Cavabdeh başçısının xx xxxxxx 2016-cı il tarixli, 200 saylı sərəncamı ilə “xxxx” MMC-yə icarəyə verilmişdir. Bundan sonra “xxxx” MMC-nin rəhbərliyinin müraciəti əsasında Cavabdeh başçısının xx xxxxx 2017-ci il tarixli, 48 saylı sərəncamı ilə qeyd edilən 1500,0 ha torpaq sahəsinin 1300,0 hektarından istifadə hüququna xitam verilmiş 200,0 ha isə “xxxx” MMC-nin icarəsində saxlanılmışdır. Lakin bir müddət sonra “xxxx” MMC-nin rəhbərliyi Cavabdehnə müraciət edərək, icarəsində olan 200,0 ha torpaq sahəsindən istifadə etmədiyinə görə “xxxx” MMC-nin 200,0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsini bildirmişdir. Bundan sonra Cavabdeh başçısının xx xxxxxx 2018-ci il tarixli, 209 saylı sərəncamı ilə “xxxx” MMC- nin 200,0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilmiş və həmin 200,0 ha torpaq sahəsi müraciətinə uyğun olaraq Cavabdeh başçısının xx xxxxxx 2018-ci il tarixli, 210 saylı sərəncamı ilə İmişli şəhər sakini X6 icarəyə verilmişdir. Hazırda İddiaçı icarəyə verilmiş 100,0 ha torpaq sahəsinin 94,0 hektarı X5 icarəsində olduğunu bildirir və xx xxxxxx 2020ci il tarixə, saat 12:30-a təyin edilmiş məhkəmə prosesinə “Covid-19” pandemiyası ilə bağlı karantin tədbirləri və digər üzürlü səbəblərdən nümayəndəmizin iştirak edə bilməyəcəyini nəzərə alaraq inzibati işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxmağınızı Sizdən xahiş edirəm. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 48 saylı sərəncamından görünür ki, “xxxx” MMC-nin rəhbərliyinin müraciəti nəzərə alınmış və Cəmiyyətin icarəsində olan 1500 ha torpaq sahəsinin 1300 hektarından istifadə hüququna xitam verilmiş, Cəmiyyətin icarəsində 200 ha torpaq saxlanılmışdır. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 209 saylı sərəncamından görünür ki, “xxxx” MMC-nin rəhbərliyinin müraciəti nəzərə alınmış və Cəmiyyətin icarəsində olan 200 ha qış otlaq sahəsindən istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 210 saylı sərəncamından görünür ki, İmişli şəhər sakini X5 müraciəti nəzərə alınmış və ona qoyunçuluğun inkişaf etdirilməsi üçün rayonun Muradxanlı kəndi yaxınlığında yerləşən 5/82 saylı dövlət qış otlaq fondundan 200,0 ha qış otlaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb icarəyə verilmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə göndərdiyi xx xxxxx 2021-ci il tarixli, 4/666 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair işin icraatı ilə əlaqədar olaraq bildiririk ki, qeyd edilən torpaq sahəsi 2016-cı ildə istifadəsiz olmuş, orada davar saxlamaq üçün hər hansı tikili olmamış və davar saxlanılmamışdır. Eyni zamanda mütəxəssislər tərəfindən baxış keçirilərkən ərazinin pambıq əkini üçün yararlı olduğu və Yuxarı Qarabağ kanalından mənbəyini götürən “Osmanarx”dan suvarma suyu ilə təminatı olduğunu nəzərə alaraq həmin ərazidə yerləşən digər torpaq icarəçiləri kimi İddiaçı Cavabdeh başçısının xx xxxxxx 2016-cı il tarixli, 200 saylı sərəncamı ilə 100,0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. Bundan sonra qeyd edilən ərazi xx xxxxxx 2016-cı il tarixli, 203 saylı sərəncamla “xxxx” MMC-yə icarəyə verilmişdir. Lakin 2019-cu ilin martında xxxx MMC-nin rəhbərliyi həmin torpaq sahəsindən istifadə hüququna xitam verilməsi barədə Cavabdehnə müraciət etmiş və “xxxx” MMC-nin həmin torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. Bundan sonra müraciətinə uyğun olaraq qeyd edilən ərazi ətrafında olan digər torpaq sahələri ilə birlikdə 200,0 ha olmaqla Cavabdeh başçısının xx xxxx 2019-cu ii tarixli, 48 saylı sərəncamı ilə X9iuna icarəyə verilmişdir. Hazırda həmin torpaq sahəsi X5 istifadəsindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında 2016-cı ildə Cavabdeh keçmiş icra başçısının onu qəbul etdiyini, ona məxsus topaq sahəsində əkin işləri aparmaq istədiyini, buna görə həmin torpaq sahəsini onun istifadəsinə verməyi, həbs olunma qorxusuna görə icra başçısının qanunsuz göstərişini məcburi qayada icra etdiyini və torpaq sahəsini ona verdiyini, həmin tarixdən torpaq sahəsindən istifadə etmədiyini, ötən dövrlər ərzində icarə haqlarının ödəmədiyini, həmin torpaq sahəsindən özünün deyil, başqa şəxslərin istifadə etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 120 saylı sərəncamı, xx.xx.2014-cü il tarixli, 22 nömrəli icarə müqaviləsi əsasında İmişli rayonu Muradxanlı kənd sakini İddiaçı müraciəti nəzərə alınmış və 15 il müddətinə ona qoyunçuluğun inkişaf etdirilməsi üçün 82 saylı dövlət qış otlaq fondundan 92,0 ha, 6-76 saylı dövlət qış otıaq fondundan 8,0 ha, cəmi 100,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə icarəyə verilmişdir. Sonradan Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 200 saylı sərəncamı ilə İddiaçı torpaqdan istifadə hüququna xitam verilmiş, ona 100,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli, 120 saylı sərəncamı və xx.xx.2014-cü il tarixli, 22 nömrəli icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. İddiaçı hazırda Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 200 saylı sərəncamının ləğv edilməsini xahiş edir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iddiaçının verdiyi izahatından və iddiaçının imzası ilə təsdiq edilən iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, 2016-cı ildə yəni hazırda mübahisələndirilən sərəncamın qəbul edildiyi tarixdə iddiaçı keçmiş icra başçısının qəbulunda olmuş və sözügedən torpaq sahəsinin icra hakimiyyətinə geri qaytarılması məsələsi müzakirə olunmuş və iddiaçı həmin torpaq sahəsini icra hakimiyyətinin istifadəsinə geri qaytarılmasına razılıq vermişdir. İddiaçının məhkəmə iclasında verdiyi və iddia ərizəsində qeyd etdiyi həmin fikirlərə oxşar qeydlər mübahisələndirilən sərəncamda da öz əksini tapmışdır. Belə ki, həmin sərəncamda qeyd olunur: “...Bununla bağlı torpaq istifadəçiləri ilə ətraflı izahi söhbət aparılmış, icarələrində olan torpağın əvəzinə onlara başqa ərazidən davarların baş sayına uyğun olaraq otlaq sahələri verilməsi onların diqqətinə çatdırılmışdır...” Göründüyü kimi iddiaçının verdiyi izahatla, sərəncamda göstərilən qeydlər uyğunluq təşkil edir. Yəni torpaq sahəsi üzərində iddiaçının icarə hüqularına xitam verilməmişdən öncə icra hakimiyyətində onun dinlənilməsi təmin edilmiş, torpaq sahəsinin əkin üçün geri qaytarılması onun diqqətinə çatdırılmış və iddiaçı onun qanuni sahibliyində olan torpaq sahəsindən cavabdehin təklifi ilə imtina etməsi halı müəyyən olunmuşdur. Başqa sözlə 2016-ci ildə hazırda mübahisələndirilən sərəncamın qəbul edilməsindən iddiaçının faktiki olaraq (elan edilməsi yolu ilə) məlumatı olmuşdur. İddiaçının sərəncamdan məlumatlı olmasının digər sübutu onunla ifadə olunur ki, 2016-cı ildən hazırkı günə kimi iddiaçı sözügedən torpaq sahəsindən faktiki olaraq istifadə etməmiş, qanunla nəzərdə tutulmuş icarə haqlarını ödəməmişdir. Hətta ötən bu illər ərzində torpağın qanunsuz sahiblikdən geri alınması ilə bağlı nə icra hakimiyyətinə nədə ki, digər şəxslərə qarşı məhkəmədə iddia qaldırmamış, hüquqmühafizə orqanlarına müaraciət etməmişdir. Hansı ki, məhkəmə iclasında izahat verən iddiaçı həmin torpaq sahəsindən istifadə etmədiyini, başqa şəxslər tərəfindən istifadə edildiyini, həmin şəxslər tərəfindən həmin ərazidə istixanaların (parnikin) təşkil edildiyini bildirmişdir. Məhkəmə iddiaçının hazırda mübahisələndirilən sərəncamın mövcudluğundan xəbərsiz olması, torpaq sahəsi üzərində istifadə hüquqlarına xitam verilməsindən məlumatlı olmaması ilə bağlı dəlilləri ilə razılaşmır və iddiaçının bu dəlillərini qeyri-səmimi və əsaslı hesab etmir. Belə ki, iddia ərizəsinin məzmunundan və məhkəmə iclasında iddiaçının verdiyi izahatından məlum olur ki, iddiaçı torpaq sahəsini icra hakimiyyətinin istifadəsinə verməsini onun həbs olunması qorxusu ilə əlaqələndirdiyini bildirmişdir. Məhkəmənin qənaətinə görə həbs qorxusu altında (iddiaçının deməsinə görə) istifadə etdiyi qanuni torpaq sahəsindən iradəsinə zidd imtina edən iddiaçı əlbəttə ki, sərəncamın rəsmi qaydada verilməsi halında da həmin sərəncamın ləğvi ilə bağlı şikayət verəcəyi inandırıcı ola bilməzdi. Bu nöqteyi nəzərdən məhkəmə hesab edir ki, həmin sərəncam şifahi qaydada yəni sərəncamda göstərildiyi kimi iddiaçıya icra hakimiyyətinə çağırılaraq elan edilmişdir. Topraq sahəsindən uzun müdət istifadə etməməsi, həmin dövrlər ərzində torpaqla bağlı icarə haqlarını ödəməməsi, həmin torpaq sahəsindən başqa şəxslərin istifadə etməsini bilməsi və torpağın geri qaytarılması ilə bağlı ötən illər ərzində icra hakimiyyəti və digər şəxslərin qanunsuz hərəkətləri (əgər var idisə) barədə məhkəməyə və hüquqmühafizə orqanlarına müraciət etməməsi və bu müraciətin yalnız keçmiş icra başçısının həbsindən sonra etməsi hazırda mübahisələndirlən sərəncamdan iddiaçının məlumatlı olması anlamına gəlir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən sərəncamın istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin sərəncamın ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin sərəncamın iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin sərəncamın məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin sərəncamdan (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (torpağın iddiaçının istifadəsindən geri alınması, həmin torpaqdan başqa şəxslərin istifadəsi) iddiaçı bilavasitə məlumatlı olmuşdur və bu dövrlər ərzində heç bir etirazı olmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 200 saylı sərəncamından 2016-cı il tarixindən məlumatlı olduğundan və prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, iddia ərziəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasanda iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 200 saylı sərəncamından məlumatlı olduğu vaxtdan 3 (üç) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixli 200 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixli 200 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar