Məhkəmə qərarları › İş №2-1(120)-1611/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1611/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1611/2021 02.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X3 (Bakı şəhəri, H.Zərdabi prospekti ev 71 A, mənzil 15-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, İmişli rayonu, Boşçallar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı işlədiyi iş illərini sosial staj kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 28 iyul 2020-ci il tarixli, **********4 nömrəli məktubla ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1975-1996-cı illərdə İmişli rayonunun “Jdanov” və "xxxx" adına kolxozlarda sıravi kolxozçu və 08.01.1997- 14.11.2002-ci illərdə İmişli Kommunal Müəssisələri Kombinatında xadimə işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alaraq alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 1975-1988, 1990-1996-cı illərdə İmişli rayonunun “Jdanov” və "xxxx" adına kolxozlarında sıravi kolxozçu və 08.01.1997- 14.11.2002-ci illərdə İmişli Kommunal Müəssisələri Kombinatında xadimə işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alaraq alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 17.11.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə İmişli rayonunun Sarxanlı kəndində anadan olmuş, 1975-1996-cı illərdə İmişli rayonunun “Jdanov” və "xxxx" adına kolxozlarda sıravi kolxozçu və 08.01.1997-14.11.2002-ci illərdə İmişli Kommunal Müəssisələri Kombinatında xadimə işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına pensiyanın təyin olunması üçün müraciət etmiş, lakin ona 1975-1996-cı illərdə İmişli rayonunun “Jdanov” və "xxxx" adına kolxozlarda sıravi kolxozçu və 08.01.1997-14.11.2002-ci illərdə İmişli Kommunal Müəssisələri Kombinatında xadimə işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alaraq alaraq yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiаçı İddiaçı tərəfindən təqdim edilmiş 21.06.2021-ci il tarixli, 48 nömrəli arxiv arayışına münasibətdə qeyd etmək lazımdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 1975-1988; 1990-1996-cı il tarixlərdə İmişli rayonu “Jdanov” və "xxxx" adına kolxozlarda işlədiyini iddia etdiyi dövrlər üzrə yerinə yetirilmiş əmək iştirakı norması, yaxud əmək günü (adam günü) qeyd edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 21.06.2021-ci il tarixli, 49 nömrəli arxiv arayışına münasibətdə qeyd etmək lazımdır ki, Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İmişli Kommunal Müəssisələri Kombinatın əmr kitablarından çıxarış təqdim olunsa da, həmin kombinatın əmək haqqı cədvəlləri, mühasibatlıq sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyi üçün iddiaçının qeyd olunan dövrlərdə əmək haqqı alıb-almaması barədə məlumat aşkarlanmamışdır. Bu səbəbdən işlədiyini iddia etdiyi dövrlərin (“Jdanov” və "xxxx" adına kolxozlarda, o cümlədən İmişli Kommunal Müəssisələri Kombinatında) sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Beləliklə, İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialı ərizəsini təmin edə bilməz. İddiaçı 2-1(120)-1611/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1959-cu il -ci il tarixdə doğulmuşdur və 08.04.2021-ci il tarixdə 62 yaşı (1 iyul 2020-30 iyun 2021-ci il tarixlərdə qadınlar üçün pensiya yaşı 62-dir) tamam olmuşdur. İddiaçının arxiv arayışlarındakı iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş, İmişli rayonu, Boşçallar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan İmişli rayon Dövlət Arxivinin 21.06.2021-ci il tarixli, 48 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1975-1988, 1990-1996-cı illərdə İmişli rayonunun “Jdanov” və "xxxx" adına kolxozlarda işləmişdir. İşdə olan İmişli rayon Dövlət Arxivinin 21.06.2021-ci il tarixli, 49 nömrəli əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı İmişli Kommunal Müəssisələri Kombinatında 08.01.1997-ci il tarixdən İmişli şəhəri küçə xadiməçi işinə qəbul edilmiş, 14.11.2002-ci il tarixdə xadimə işindən azad edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu İmişli rayon şöbəsinin iddiaçıya ünvanladığı 28.07.2021-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, İddiaçı 1975-1996-cı illərdə İmişli rayonunun “Jdanov” və "xxxx" adına kolxozlarda, 1997-2002-ci illərdə İmişli Kommunal Müəssisələri Kombinatında işləməsi barədə iş stajını arxiv arayışı əsasında təqdim etmiş və bu barədə müvafiq qeydlər aparılmış əmək kitabçası təqdim etməmişdir. Bu səbəbdən ona yaşa görə əmək pensiyasının təyin olunması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə uyğun deyildir. İşdə olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 08.09.2021-ci il tarixli, 105 nömrəli məktubunda qeyd edilmişdir ki, tərəflərindən 21.06.2021-ci il tarixdə 48 nömrəli əmək haqqı arayışı rayonun “Jdanov” və "xxxx" adına kolxozlarının rayon Dövlət Arxivində saxlanılan və mühafizə olunan kolxozçuların son hesablaşma kitablarında olduğu kimi yazılmış, adı gedən kolxozların son hesablaşma kitablarında “yerinə yetirilmiş adam günləri” isə qeyd olunmamışdır. 1975-1996-cı illərdə İmişli rayonunun “Jdanov” və "xxxx" adına kolxozların son hesablaşma kitablarında digər kolxozçuların da “yerinə yetirilmiş adam günləri” qeyd olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni 21.06.2021-ci il tarixli, 48 nömrəli arxiv arayışını və 21.06.2021-ci il tarixli, 49 nömrəli çıxarışını təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri İmişli rayon Dövlət Arxivinin 21.06.2021-ci il tarixli, 48 nömrəli arxiv arayışını və 21.06.2021-ci il tarixli, 49 nömrəli çıxarışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə İmişli rayon Dövlət Arxivinin 1521.06.2021-ci il tarixli, 48 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının 1975-1988, 1990-1996-cı illərdə İmişli rayonunun “Jdanov” və "xxxx" adına kolxozlarda sıravi kolxozçu işləməsinə dair təqdim etdiyi arxiv arayışındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq edilməlidir. Başqa sözlə, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerini yetirildiyi nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçının 1975-1988, 1990-1996-cı illərdəki işlədiyi müddət (21 il) ona tam əmək stajı kimi hesablanmalıdır. Belə ki, 1975-1988, 1990-1996-cı illərdə İmişli rayonunun “Jdanov” və "xxxx" adına kolxozlarda müvafiq kolxoz sənədlərində (son hesablaşma kitablarında) digər kolxozçular kimi iddiaçının da faktiki işlədiyi adam günləri qeyd edilməmişdir. İşdə olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 08.09.2021-ci il tarixli, 105 nömrəli məktubunda qeyd edilmişdir ki, “Jdanov” və "xxxx" adına kolxozların son hesablaşma kitablarında “yerinə yetirilmiş adam günləri” isə qeyd olunmamışdır. Həmçinin, 1975-1996-cı illərdə İmişli rayonunun “Jdanov” və "xxxx" adına kolxozların son hesablaşma kitablarında digər kolxozçuların da “yerinə yetirilmiş adam günləri” qeyd olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının həmin illərdə minmum əmək iştirakı normasından az işlədiyinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər subut təqdim edilməmişdir. Həmin illərə münasibətdə iddiaçının faktiki işlədiyi adam günlərinin qeyd edilməməsi iddiaçının ziyanına qiymətləndirilə bilməz. Başqa sözlə, müvafiq sənədlərdə (hesablaşma kitablarında) adam günü normasının yerinə yetirilməsi barədə qeydiyyatın aparılması iddiaçının vəzifəsi deyil və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, həmin illər iddiaçıya tam əmək stajı kimi hesablanmalıdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə iddiaçının 08.01.1997-14.11.2002-ci illərdə İmişli Kommunal Müəssisələri Kombinatında işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (01.01.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi 01.01.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının 01.01.2006-cı il tarixdək işlədiyi müddət (08.01.1997-14.11.2002-ci illər) hazırkı halda sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının 08.01.1997-14.11.2002-ci illərdə işlədiyi müddət üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi, eyni zamanda onun iş illərinə dair əmək haqqı kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Qeyd olunanlardan göründüyü kimi iddiaçının 1975-1988, 1990-1996-cı illərdə Jdanov” və "xxxx" adına kolxozlarda sıravi kolxozçu və 08.01.1997-14.11.2002-ci illərdə İmişli Kommunal Müəssisələri Kombinatında xadimə işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 1975-1988, 1990-1996-cı illərdə “Jdanov” və "xxxx" adına kolxozlarda və 08.01.1997-14.11.2002-ci illərdə İmişli Kommunal Müəssisələri Kombinatında işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1975-1988, 1990-1996-cı illərdə “Jdanov” və "xxxx" adına kolxozlarda və 08.01.1997-14.11.2002-ci illərdə İmişli Kommunal Müəssisələri Kombinatında işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar