Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1612/2025 29.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı "xxxx" X2 Cəmiyyətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “iddia müddəti ötmüş borcun şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, iddiaçı "xxxx" X2 Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “iddia müddəti ötmüş borcun şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı "xxxx" X2 Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində iddia müddəti ötmüş 12657.50 AZN əsas qalıq və 6395.92 qalıq faiz borcun tamamilə şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadları ilə Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müəssisənin şəxsi hesab vərəqəsinə xx.xx.2020-xx.xx.2024-ci il müddətinə vergilər üzrə 6479,13 manat faiz, ümumilikdə 19136,63 manat, 36434,99 manat isə vaxtı ötmüş borc göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq tərəflərindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına və 5 saylı Ərazi Vergilər İdarəsinə xx.xx.2024 tarixli şikayətlər edilmişdir. Həmin şikayətlərə əsasən, xx.xx.2019- cu il tarixə 5 il öncə 40 073.06 AZN vergi borcu və 4 067.69 AZN faiz borcu mövcud olmuşdur. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən bu borclardan xx.xx.2019-cu il tarixində: 16.541.79 manat, xx.xx.2019cu il tarixində: 416.83 manat, xx.xx.2021-ci il tarixində: 399.14 manat, xx.xx.2021-ci il tarixində: 908.71 manat, xx.xx.2021-ci il tarixində: 10 913.37 manat silinmələr aparılmışdır. Ümumi olaraq 29.179.84 manat borc silinmişdir. Lakin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən şəxsi hesab vərəqəsinə düzəliş edilməli, borcun qalan hissəsi də silinməlidir. Yuxarıda qeyd olunanlara əsasən, tərəflərindən Azərbycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə **********8128000 saylı məktubla müraciət edilmiş, lakin cavabdeh tərəfindən 26 avqust 2024-cü il 3-21-2-8/2-A-xx-xx/2024 saylı cavab məktubunda borcların silinməsi ilə bağlı tələbləri rədd edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı eyni tələblə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə iddiaçının müraciəti təmin olunmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçının hüquqi ünvanı Şirvan şəhəridir. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: X1 Baş idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, oxşar məzmunlu xx.xx.2024-cü il tarixli müraciətlərlə Baş idarə tərəfindən xx.xx.2024-cü tarixli **********119300 nömrəli məktubla cavab verilmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunma məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Vergi orqanı tərəfindən cəmiyyətin dövlət büdcəsinə yaranmış borcaları ilə əlaqədar xx.xx.2022ci il tarixli, ********** nömrəli əmlakın siyahıya alınması haqqında tərtib olunmuş protokol əsasında “Siyahıya alınmış əmlakın satılması barədə” iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edilmiş, hal-hazırda məhkəmə prosesi yekunlaşmamışdır. Odur ki, qeyd olunanlar üzrə qanunamüvafiq tədbirlər yekunlaşdıqdan sonra cəmiyyətin ümidsiz borclarının silinməsi barədə müraciətinə baxıla bilər. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Çağrı Mərkəzinə (195), internet səhifəsinə (www.taxes.gov.az) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Vergi borcunun ödənilməsinə dair **********2 nömrəli bildirişində qeyd edilmişdir ki, "xxxx" X2 Cəmiyyətinin vergilər üzrə 12.537.50 manat, maliyyə sanksiyaları üzrə 120.00 manat, faizlər üzrə 6.396.34 manat borcu vardır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-396/2025 nömrəli qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh "xxxx" X2 Cəmiyyətinə qarşı “cavabdehin xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 11225.62 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 20000 manat məbləğində siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(106)-336/2025 nömrəli qərardadından görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qərəzsiz şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Vergi Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 3.11 -ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəycisinin xeyrinə şərh edilməlidir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. VM-də nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Maddə 71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 71.3. Vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir. 71.4. Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 88. Vergilər üzrə borcların ödənilməsi qaydası 88.1. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Maddə 93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Məhkəmə tərəfindən qeyd edilir ki, vergi orqanı tərəfindən vergilərin tutulması üçün hansı real (yaxud daha real) addımların atılmalı olduğundan deyil, vergi orqanının bununla bağlı, ümumiyyətlə hər hansı tədbir görüb-görmədiyinin və bunun Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti daxilində baş veribvermədiyinin müəyyən edilməsindən gedir. Görülən tədbirin hətta qüsurlu, nəticəsinin uğursuz olması isə (o cümlədən, məhkəmə icraatı çərçivəsində) hesablanmış verginin tutulması müddəti ilə bağlı vəziyyəti vergi orqanının zərərinə dəyişmir, vergi öhdəliklərinin qüvvəsinə təsir etmir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VMin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarındakı hüquqi mövqe vergi orqanının vergi öhdəliyini tələb etmə müddəti, öhdəliyinin yerinə yetirilməsi müddəti, yəni qanunda nəzərdə tutulmuş 5 illik müddət ilə bağlıdır və qeyd olunan bu müddətin keçməsi ilə vergilər faizlə və maliyyə sanksiyaları üzrə borcların ümidsiz borc kimi silinməsini nəzərə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” 8 aprel 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 5 nömrəli 27 noyabr 2003-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, vergi ödəyicilərinin vergi borclarının məhkəmə qətnaməsi ilə tutulması faktı onun nə mahiyyətini nə də məzmununu dəyişmir, həmin borc borcluğunda qalır və digər borclar kimi göstərilən qanunların təsiri altına düşdüyünə görə bu borclar qətnamələr ləğv edilmədən vergi orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada silinməlidir. İş materialları ilə müəyyən edilir ki, vergi orqanı tərəfindən iddiaçının qeyd olunan maddi hüquq norması ilə müəyyən edilmiş tələbetmə müddəti keçmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011 -ci il tarixli Qərarı). “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır....” Məhkəmə tərəfindən müəyyən edilir ki, müəssisənin şəxsi hesab vərəqəsinə xx.xx.2020-xx.xx.2024-ci il müddətinə vergilər üzrə 6479,13 manat faiz, ümumilikdə 19136,63 manat, 36434,99 manat isə vaxtı ötmüş borc göstərilmişdir. İddiaçının şikayətlərinə əsasən, xx.xx.2019-cu il tarixə 5 il öncə 40 073.06 manat vergi borcu və 4067.69 manat faiz borcu mövcud olmuşdur. Bu borclardan xx.xx.2019-cu il tarixində 16.541.79 manat, xx.xx.2019-cu il tarixində, 416.83 manat, xx.xx.2021-ci il tarixində, 399.14 manat, xx.xx.2021-ci il tarixində, 908.71 manat, xx.xx.2021-ci il tarixində, 10.913.37 manat silinmələr aparılmışdır. Ümumi olaraq 29.179.84 AZN borc silinmişdir. Lakin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və yuxarıda sadalanan digər qanunvericilik normalarına istinadən məhkəmə hesab edir ki, şəxsi hesab vərəqəsinə düzəliş edilməli, borcun qalan hissəsi də silinməlidir. Belə ki, ASC-nin hesablanmış və onun vergi orqanındakı şəxsi hesab vərəqəsində əks olunan vergi borclarının, qanunla müəyyən edilmiş vergi öhdəliyi müddəti keçdiyindən, ümidsiz borc kimi silinməsindən cavabdeh tərəfindən imtina olunması qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə diqqətə çatdırır ki, hal-hazıradək dövrdədək həmin borc məbləğinin iddiaçıdan tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də yoxdur, borc isə bu günədək iddiaçıdan tutulmamışdır. Beləliklə, məhkəmənin nəticəyə gəldiyi mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-1718/2020 nömrəli qərarında gəldiyi mövqeyə uyğundur. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. İddiaçı "xxxx" X2 Cəmiyyətinin şəxsi hesab vərəqəsində iddia müddəti ötmüş 12657.50 AZN əsas qalıq və 6.395.92 AZN faiz üzrə qalıq borcun vergi öhdəliyinin yerinə yetirilməsi üçün 5 illik müddətin ötürüldüyünə görə ümidsiz vergi borcu hesab edillərək silinməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1612/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1612/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver