Məhkəmə qərarları › İş №2-1(120)-1622/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1622/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1622/2021 10.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Saatlı rayon Polis şöbəsinə qarşı “X1, X16, X17, X10, X2, X11, X5 və X18 iddiaçıya məxsus Saatlı şəhəri, X34 küçəsi, ev 29 ünvanından qeydiyyatdan çıxarılmaları” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı, Saatlı şəhəri, X34 küçəsi, ev 29 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. İddiaçı, evində qeydiyyatda olan X1, X16, X17, X10, X2, X11, X5 və X18 fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları üçün cavabdeh Saatlı rayon Polis şöbəsinə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin Saatlı şəhəri, X34 küçəsi, ev 29 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1622/2021 saylı qərardadı ilə X6, X26, X27, X20, X7, X21, X12 və X28 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin 10 noyabr 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X3, X22, X23, X13, X4, X14, X8 və X24 ona məxsus mənzilin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Bildirmişdir ki, həmin şəxslər ona məxsus fərdi yaşayış evində yaşamırlar və harada yaşamaları barədə məlumatı yoxdur. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X6, X26, X27, X20, X7, X21, X12 və X28 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Seriya RX ******* nömrəli çıxarışın və AN-İ ******* №-li alqı-satqı müqaviləsinin surətini, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında fərdi yaşayış evinə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Saatlı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. İş materialında olan Seriya RX ******* nömrəli çıxarışdan və AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Əlikişi qızı, Saatlı şəhəri, X34 küçəsi, ev 29 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı yolu ilə aldıqdan sonra 29.01.2014-cü il tarixli Seriya RX ******* qeydiyyat nömrəli çıxarış əsasında adına rəsmiləşdirmişdir. Həmçinin 17.01.2014-cü il tarixli, AN-İ, ******* nömrəli alqı satqı müqaviləsinin 8-ci bəndində qeyd olunur ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. İş materialında olan Saatlı rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29 sentyabr 2021-ci il tarixli, 01/67 nömrəli məktubunda qeyd olunur ki, “...2008-ci ildə aparılan ünvan sıralanmasına görə hal-hazırda X1, X10 ünvanı Saatlı şəhəri, X34 küçəsi, ev 37, X16, X17, X11, X5 və X18 ünvanı isə Saatlı şəhəri, X34 küçəsi, ev 39, X2 ünvanı isə Saatlı şəhəri, X34 küçəsi, ev 95 kimi qeyd olunmuşdur.” İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Beyləqan Ərazi İdarəsinin **********95 nömrəli 07.10.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, üçüncü şəxslərin Saatlı şəhəri, X34 küçəsi, ev 29 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Saatlı şəhəri, X34 küçəsi, ev 29 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı Saatlı rayon Polis şöbəsinə müraciət edərək mülkiyyətində olan Saatlı şəhəri, X34 küçəsi, ev 29 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan üçüncü şəxslər X1, X16, X17, X10, X2, X11, X5 və X18 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Bu müraciətlə əlaqədar İddiaçı cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, üçüncü şəxslər X6, X26, X27, X20, X7, X21, X12 və X28 hal-hazırda həmin ünvanda yaşamırlar. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus mənzilin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin Saatlı şəhəri, X34 küçəsi, ev 29 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2) Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X1, X16, X17, X10, X2, X11, X5 və X18 İddiaçı məxsus Saatlı şəhəri, X34 küçəsi, ev 29 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Saatlı rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə heç bir prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. İddia təmin edilsin. Üçüncü şəxslər X1, X16, X17, X10, X2, X11, X5 və X18 İddiaçı məxsus Saatlı şəhəri, X34 küçəsi, ev 29 ünvanında ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Saatlı rayon Polis şöbəsinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar