Məhkəmə qərarları › İş №2-1(120)-164/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-164/2020

01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-164/2020 01.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Üçüncü şəxs X8 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Cəlilabad rayonu Ağdaş bələdiyyəsinə qarşı Ağdaş kənd sakini X10 0,10 ha torpaq sahəsi ayrılması barədə Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli 8a saylı qərarının ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad rayonu Ağdaş bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Ağdaş kənd sakini X10 0,10 ha torpaq sahəsi ayrılması barədə Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli 8a saylı qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi məhkəmənin dəftərxanasına daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı cavabdeh Cəlilabad rayonu Ağdaş bələdiyyəsinə qarşı «29.06.2005-ci il tarixli 8a nömrəli qərarın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə X13, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyi, X14 və X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanunun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Ədliyyə Nazirliyi bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məslələləri Dövlət Komitəsinin yanında X5 Təşkili üzrə Dövlət Agentliyi haqqında» Əsasnamənin 4.0.1-ci və 4.0.2-ci bəndlərinə uyğun olaraq Agentlik tərəfindən torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarətinin təşkili məqsədi ilə monitorinq həyata keçirilərkən Cəlilabad rayonu ünvan 1əşən digər mülkiyyətçiyə məxsus pay torpaq sahəsinin Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli 8a saylı qərarı ilə X10 həyətyanı məqsədlə (0,10 ha) ayrıldığı müəyyən edilmişdir. Ağdaş bələdiyyəsinin həmin qərarının ləğv edilməsi üçün Agentlik tərəfindən inzibati nəzarəti həyata keçirən orqana müraciət olunmuşdur. Bələdiyyənin yuxarıda göstərilən qərarı ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Agentliyin 09 sentyabr 2019-cu il tarixli **********80 nömrəli məktubundan görünür ki, digər mülkiyyətçiyə məxsus 0,10 ha pay torpaq sahəsi Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli 8a saylı qərarı ilə X10 həyətyanı məqsədlə ayrılmışdır. «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Qanunvericiliyin göstərilən müddəasına uyğun olaraq İddiaçı tərəfindən Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli 8a saylı qərarının ləğv edilməsi ilə bağlı 02 oktyabr 2019-cu il tarixli məktubla Ağdaş bələdiyyəsinə müraciət olunaraq, həmin qərarın ləğv olunması təklif edilmişdir. Lakin həmin təklif Ağdaş bələdiyyəsi tərəfindən təmin edilməmişdir (Bələdiyyənin 09 oktyabr 2019-cu il tarixli 10 saylı qərarı ilə). İddiaçı 15.05.2020-ci il tarixli 10/02 nömrəli məktubunda işə idarənin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Üçüncü şəxs X14 16.03.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində qeyd etmişdir ki, onun mərhum anası X9 ayrılmış torpaqla X8 torpaq sahələri ayrı-ayrı yerdə yerləşir. X8 istifadəsində olan torpaq sahəsi onların heç bir hüquqlarına mane olmur. İddiaçınə, cavabdeh Cəlilabad rayonu Ağdaş bələdiyyəsinə, üçüncü şəxslər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyinə, X11 və X18 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı, cavabdeh Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin və üçüncü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyinin nümayəndələri, X14 və X19 məhkəmə iclasına iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işin hallarını və mübahisənin vəziyyətini onların iştirakı olmadan müzakirə etmişdir. Üçüncü şəxs X8 nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, X10 Cavabdeh 29 iyun 2005-ci il tarixli 8a saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi həmin tarixdən istifadələrindədir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Cavabdeh həmin torpaq sahəsini alqı-satqı qaydasında X1. Qeyd olunan torpaq sahəsi digər şəxslərin hüquqlarına toxunmur. Belə ki, əvvəlcə həmin torpaq sahəsinin elektron baza məlumatlarında X2 torpaq sahəsi ilə, sonra X15 torpaq sahəsi ilə eyni olduğu bildirilmişdir. Halbuki X2 vərəsəsi X14 məhkəməyə ərizə ünvanlayaraq, mərhum anası X9 ayrılmış torpaq sahəsi ilə X8 torpaq sahəsinin ayrı-ayrı yerdə yerləşdiyini bildirmişdir. X3 məxsus torpaq sahəsi də X10 ayrılmış torpaq sahəsindən tamamilə kənar yerdə yerləşir. X19 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Onunla heç vaxt torpaq mübahisələri olmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materialında olan Cəlilabad rayon Ağdaş kənd bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli 8a saylı iclas protokolundan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Ağdaş kənd sakini X10 bələdiyyənin perspektiv inkişafı üçün ayrılmış olan torpaq sahəsindən 0,10 ha torpaq sahəsi satılması qərara alınmışdır. İş materiallarında olan Cəlilabad rayonu Ağdaş bələdiyyəsi tərəfindən tərtib edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cəlilabad Ərazi şöbəsinin məsləhətçisi X16, Ağdaş bələdiyyəsinin sədri, X21, Ağdaş kənd sakinləri X13, X6 və X14 tərəfindən imzalanmış 06 mart 2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad rayonu Ağdaş kənd sakini X8 Ağdaş kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi vətəndaşa Ağdaş bələdiyyəsinin 29 iyun 2005-ci il 8a saylı qərarı ilə ayrılmışdır. Ləğv edilmiş DTXK-nin təqdim etdiyi elektron baza məlumatlarına əsasən həmin torpaq sahəsi mərhum Ağdaş kənd sakini X7 mülkiyyətinə verilmiş pay torpaq sahəsində yerləşir. Lakin faktiki olaraq X7 naturada pay torpaq sahəsi vətəndaş A.Nağıyevin evindən 20 metr cənubda yerləşir. X2 oğlu X14 bildirdi ki, islahat dönəmindən bu günə kimi anasına naturada ayrılmış 0,20 ha pay torpaq sahəsindən istifadə edir və X8 istifadə etdiyi 0,10 həyətyanı torpaq sahəsinə heç bir iddiası yoxdur. İş materiallarında olan Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 13 mart 2020-ci il tarixli 03 nömrəli məktubundan görünür ki, Cəlilabad rayon Ağdaş kənd sakini X2 mülkiyyətində olan torpaq sahəsində və yaşadığı evindən varisi olan X14 hal-hazırda istifadə edir. İş materiallarında olan Cəlilabad Rayon İHB-nin Ağdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13.03.2020-ci il tarixli 189 nömrəli məktubu ilə müəyyən olunur ki, X7 vərəsəsi X12r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidmətinin 30 mart 2020-ci il tarixli **********77 saylı məktubuna əlavə olunmuş "xxxx" MMC-nin direktoru F.Cəfərov tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ünvanlanmış Xidməti məlumatda qeyd edilmişdir ki, Cəlilabad rayonu, ünvan 1əşən koordinatları təqdim olunmuş torpaq sahəsinin mövcud elektron baza məlumatlarına əsasən hansı mülkiyyətçiyə məxsus olması barədə məlumatın təqdim edilməsi ilə bağlı 11.03.2020-ci il tarixli ********** saylı məktuba Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində «Kadastrı və Ünvan Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» məhdud məsuliyyətli cəmiyyətində baxılmışdır. Elektron məlumat bazasına əsasən sözügedən torpaq sahəsi JN-344M nömrəli Dövlət Aktı ilə vətəndaş X18 məxsusdur. İş materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Ağdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19.05.2020-ci il tarixli 271 nömrəli arayışından görünür ki, Ağdaş kənd sakini X19 yaxınlarının dediyinə görə hal-hazırda Rusiya Federasiyasında yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cəlilabad rayon Ağdaş kənd bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli 8a saylı iclas protokoluna əsasən Ağdaş kənd sakini X10 0,10 ha torpaq sahəsi satılması qərara alınmışdır. Elektron məlumat bazasına əsasən sözügedən torpaq sahəsinin JN-344M nömrəli Dövlət Aktı ilə vətəndaş X18 məxsus olması qeyd edilir. Hazırda iddiaçı Cəlilabad rayonu Ağdaş bələdiyyəsinə qarşı Ağdaş kənd sakini X10 0,10 ha torpaq sahəsi satılması barədə Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli 8a saylı qərarının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunınası, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahür ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququn və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur. «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik çərçivəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizimlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır». Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü maddəsində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamsını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdr. Bu baxımdan məhkəmə, hesab edir ki, mübahisə predmeti olan Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli 8a nömrəli qərarı İddiaçı qanunla qorunan hüquqlarını və maraqlarını pozmadığından sonuncunun iddia qaldırmağa subyektiv hüququ da yaranmamışdır. Bundan əlavə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 73.1-73.3-cü maddələrinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-24.2-ci maddələrinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbi fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli 8a nömrəli qərarının qəbul edilməsindən 14 ildən artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmış və hazırkı iddia tələbi ilə 2019-cu ildə məhkəməyə müraciət etməklə mübahisə üzrə prosessual müddəti də ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir: «İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: «Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında əksıni tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli qərarındakı mövqeyinə görə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaranmır. Belə ki, qərarda qeyd olunmuşdur ki, inzibati orqanların 01.01.2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya 2-1(120)- 164/2020 saylı 19 fevral 2020-ci il tarixli məktubla yardım edilsə də, münasibət bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə, yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Cəlilabad rayonu Ağdaş bələdiyyəsinə qarşı Ağdaş kənd sakini X10 0,10 ha torpaq sahəsi ayrılması barədə Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli 8a saylı qərarının ləğv olunması tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Cəlilabad rayonu Ağdaş bələdiyyəsinə qarşı Ağdaş kənd sakini X10 0,10 ha torpaq sahəsi ayrılması barədə Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 29 iyun 2005-ci il tarixli 8a saylı qərarının ləğv olunması tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar