Məhkəmə qərarları › İş №2-1(120)-1641/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1641/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1641/2024 02.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 02 dekabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon Mamusta kənd bələdiyyəsinin xx.xx.2004-cu il tarixli, 39 nömrəli qərarı ilə ona fərdi yaşayış evinin tikintisi məqsədi ilə verilmiş 0.12 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Lənkəran rayon Mamusta kənd bələdiyyəsinin 23 sentyabr 2004-cu il tarixli, 39 saylı iclas protokolunun qərarına əsasən ev tikmək məqsədilə ona ayrılmış 0,114 hektar torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2004-cü il tarixdə fərdi yaşayış evinin tikilməsı məqsədi ilə Lənkəran rayonu Mamusta kənd bələdiyyəsinə müraciət etmişdir. Lənkəran rayonu Mamusta kənd bələdiyyəsinin 23 sentyabr 2004-cü tarixli, 39 saylı qərarı ilə ona 0.12 ha torpaq sahəsi ayrılmişdır. Həmin torpağın alqı-satqı etməsindən ötrü 2004-cü ilin sentyabr ayında Mamusta bələdiyyəsinin ********* hesabına 1.255.600 manat pul köçürmüşdür. Bununla əlaqədar həmin ərazidə ayrılmış torpaq sahəsinin cizgisi hazırlanıb təsdiq edilmiş və həmin cizgidə torpaq sahələrinin döngə nöqtələri və nöqtələr arasında olan məsafə qeyd edilmişdir. Ona görə də Mamusta kənd bələdiyyəsi vətəndaşlara ayrılacaq torpaq sahəsinin ölçülərini dəqiqləşdirmiş və yerqurluşu planından çıxarış tərtib edərək təsdiq etmişdir. Lənkəran rayonu Mamusta bələdiyyəsinin 39 saylı, 23 09.2004-cü il tarixli qərarı ilə Lənkəran rayonu Mamusta kəndində 0,12 ha torpaq sahəsi fərdi yaşayış evı tikmək üçün alqı-satqı qaydasında onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2004-cü il tarixli Akt tərtib edilmiş və həmın Akt onunla Mamusta bələdiyyəsinin sədri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Sözügedən torpaq sahəsi üçün mülkiyyətinə verilməsi barədə Lənkəran rayonu Mamusta kənd bələdiyyəsinin 23 sentyabr 2004-cü tarixli, 39 saylı qərarını məlumat üçün 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim etmişdir. Dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinə cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, sənədlərin ekspertizasının, habelə faktiki yerində keçirilən müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq faktiki vəziyyəti aidiyyəti sənəd üzrə məlum olmuşdur ki, qeyd olunan Mamusta bələdiyyəsinin xx.xx.2023-cü tarixli, 39 saylı qərarı əsasında ayrılmış həmin 0,12 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alınmasına dair tələb olunan mühüm əhəmiyyətli sənədlərdən sayılan plan və ölçü sənədi (kadastr planı) və huquqmüəyyənedici sənədlərin əslinin təqdim olması göstərilmişdir. DWG (xəritə) baza məlumatlarından kənarda olmaqla, habelə yeni elektron uçot xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı kimi qeyd olunmuş ərazidə yerləşir. Qeyd olunan səbəblərdən sənəd üzrə məlumatlarla arxiv və elektron baza məlumatları arasında yaranmış uyğunsuzluqlar aradan qaldırdığı təqdirdə, gələcəkdə hazırki ərizənizin icrasına təkrarən baxıla bilər. Bu səbəbdən ərizəsi təmin edilməmişdir. Hesab edir ki, cavabdehin verdiyi cavab əsassızdır. Qeyd edir ki, hazırda istifadəsində olan torpaq sahəsini 2004-cü ildən istifadə edir. İstifadəsində olan torpaq sahəsi o zaman yerdə naturada ölçülüb ona təqdim edilmişdir və hazırda istifadəsindədir. Bələdiyyənin, torpaq və memarlıq şöbəsinin sözügedən torpağa aid sənədləri 10 saylı Lənkəran Ərazi İdarəsinin arxivindədir. Lakin cavabdeh çıxarış verilməsinə bəhanələr gətirir. Hesab edir ki, cavabdeh orqanın imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları sırasına daxil deyildir. Həmin torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən ona verilmişdir. Ona görə də cavabdehin imtinası qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2493/2023 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Lənkəran rayonu, Mamusta kəndi ərazisində yerləşən, Lənkəran rayonu Mamusta bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 39 saylı müvafiq qərarı əsasında sizə ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinə dair yaranmış hüquqların qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, həmin həyətyanı məqsədli 0.12 ha torpaq sahəsinə dair Ərazi İdarəsinə təqdim etdiyiniz sənədlərin hüquqi rejimi ilə əlaqədar müəyyən uyğunsuzluqlar mövcuddur. İcraatda olan sənədlərin ekspertizasının, habelə faktiki yerində keçirilən müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, yuxarıda barəsində qeyd olunan Mamusta bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 39 saylı qərarı əsasında ayrılmış həmin 0.12 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alınmasına dair tələb olunan mühüm əhəmiyyətli sənədlərdən sayılan plan və ölçü sənədi (kadastr planı) və hüquqmüəyyənedici sənədlərin əsli tərəfinizdən təqdim olunmamışdır. Həmçinin, həmin 0.12 ha həyətyanı torpaq sahəsinin yeni elektron uçot xəritəsində kənd təsərrüfatı təyinatlı ərazidə yerləşdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci madaəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İş materiallarında olan Mamusta bələdiyyəsinin məhkəməyə ünvanladığı 14 noyabr 2023-cü il tarixli, 03/005 nömrəli məktubunda bildirilir ki, Lənkəran rayonu Mamusta kənd sakini İddiaçı 2023-cü ilin may ayında Mamusta bələdiyyəsinə müraciət edərək ona məxsus torpaq sahəsinin sənədlərinin itirilməsi barədə məlumat vermiş, Mamusta bələdiyyəsinin arxiv sənədlərinin arasında İddiaçı məxsus sənədlər – alqı-satqı aktı, qərar, plan-sxem və çek aşkar edilərək ona təqdim olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivi Lənkəran filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-77/1-811-5xx-xx/2023 nömrəli arxiv çıxarışından, 23 sentyabr 2004-cü tarixli, 39 saylı qərarın surətindən, 06 sentyabr 2004-cü il tarixli, 19 nömrəli qəbzdən, həyətyanı torpaq sahəsinin plan-sxeminin surətindən, 01 noyabr 2004cü il tarixli “Torpaqların alqı-satqısına dair akt”ın surətindən müəyyən olunur ki, Lənkəran rayonu Mamusta bələdiyyəsinin 23 sentyabr 2004-cü tarixli, 39 saylı qərarı ilə bələdiyyənin mülkiyyətində olan, kəndin perspektiv inkişaf fondu torpaqlarından 0,12 hektar torpaq sahəsinin dəyəri ödənilməklə alqı-satqı qaydasında İddiaçı satılması qərara alınmış, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Lənkəran rayon şöbəsinin, Lənkəran rayonu Mamusta bələdiyyəsinin nümayəndələrinin və İddiaçı iştirakı ilə torpaqların alqı-satqısına dair 01 noyabr 2004-cü il tarixli akt tərtib olunmuş, həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən xx.xx.2004cü il tarixdə 723 nömrə ilə qeydiyyata alınmış, sözügedən torpaq sahəsinin ******* manat təşkil edən dəyəri İddiaçı tərəfindən Mamusta bələdiyyəsinin hesabına köçürülmüşdür. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən iddiaçı alqı-satqı qaydasında əldə etdiyi 0,12 hektar torpaq sahəsinin dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə ərizənin təmin olunmasından imtina etmiş, buna səbəb kimi torpaq sahəsinin plan və ölçü sənədinin (kadastr planı) və hüquqmüəyyənedici sənədlərin əslinin təqdim olunmadığını, həmçinin, həmin 0.12 ha həyətyanı torpaq sahəsinin yeni elektron uçot xəritəsində kənd təsərrüfatı təyinatlı ərazidə yerləşdiyini qeyd etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Lənkəran rayonu, Mamusta kəndi ərazisində yerləşən, Lənkəran rayonu Mamusta bələdiyyəsinin 23 sentyabr 2004-cü il tarixli, 39 saylı saylı iclas protokolunun qərarına əsasən ev tikmək məqsədilə İddiaçı ayrılmış 0,12 hektar torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (yaşayış məntəqələrinin torpaqları və s.) olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 21 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/6008 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1988/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Mamusta kəndi ərazisində yerləşən, Lənkəran rayonu, Mamusta bələdiyyəsinin 23 sentyabr 2004-cü il tarixli, 39 saylı iclas protokolunun qərarına əsasən fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxeminin sxematik, miqyassız tərtib olunması və ya ayrıc aktının (qonşu torpaq sahələri əks olunan və s.) təqdim edilməməsi səbəblərindən həmin 0,12 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. İddiaçı istifadəsində olan, iddia edilən torpaq sahəsinin faktiki ölçüsünün 0,114 ha olması müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1988/2024 saylı mütəxəssis rəyinə əsasən, mübahisəl torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncı şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1988/2024 saylı mütəxəssis rəyinə əsasən, mübahisəl torpaq sahəsinin faktiki koordinatlarının torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən bələdiyyə müikiyyətinə aid olması müəyyən olunmuşdur. Qərardadın dörüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1988/2024 saylı mütəxəssis rəyinə əsasən, mübahisəl torpaq sahəsinin faktiki koordinatlarının torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olması müəyyən olunmuşdur. Göründüyü kimi, Lənkəran rayonu, Mamusta bələdiyyəsinin 23 sentyabr 2004-cü il tarixli, 39 saylı iclas protokolunun qərarına əsasən ev tikmək məqsədilə İddiaçı satılmış 0,12 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi və həmin torpaq sahəsinin üçünçü şəxslərin mülkiyyətinə aid torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Torpaq sahəsinin yerləşmə sxemi mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Lənkəran rayonu, Mamusta bələdiyyəsinin 23 sentyabr 2004-cü il tarixli, 39 saylı iclas protokolunun qərarına əsasən həyətyanı məqsədilə İddiaçı satılmış 0,12 ha torpaq sahəsinin hazırda elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmasının məsuliyyətinin iddiaçının üzərinə qoyulmasını məhkəmə yolverilməz hesab edir. Belə ki, sözügedən həyətyanı torpaq sahəsinin plan-sxemini, həmçinin həmin torpaq sahəsi üzrə tərtib olunmuş 01 noyabr 2004-cü il tarixli “Torpaqların alqı-satqısına dair akt”ını 2004-cü ilin noyabr ayında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin təsdiq edərək dövlət qeydiyyatına alması, qeyd olunan torpaq sahəsinin ayrılan zaman Lənkəran rayonu, Mamusta bələdiyyəsinin “kəndin perspektiv inkişaf fondu torpaqları”na aid olmaqla, alqısatqı predmeti olduğunu, eləcə də həmin torpaq sahəsinin həyətyanı üçün ayrılmasının məqsədəmüvafiq hesab etməsi barədə müsbət rəyinin olmasını təsdiq edir. Həmçinin, cavabdeh inzibati orqanın imtinasının əsaslarından biri kimi qeyd etdiyi “hüquqmüəyyənedici sənədlərin əsllərinin təqdim ediməməsi”nə münasibətdə məhkəmə bildirir ki, Mamusta bələdiyyəsinin məhkəməyə ünvanladığı 14 noyabr 2023-cü il tarixli, 03/005 nömrəli məktubuna əsasən İddiaçı 2023-cü ilin may ayında Mamusta bələdiyyəsinə müraciət edərək ona məxsus torpaq sahəsinin sənədlərinin itirilməsi barədə məlumat vermiş, Mamusta bələdiyyəsinin arxiv sənədlərinin arasında İddiaçı məxsus sənədlər – alqı-satqı aktı, qərar, plan-sxem və çek aşkar edilərək surətləri ona təqdim olunmuşdur. Cavabdeh inzibati orqan isə bununla bağlı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş hüquq (6.0.3) və vəzifə (maddə 24) səlahiyyətlərini yerinə yetirməmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlər, o cümlədən hüquqmüəyyənedici sənədlərlə (23 sentyabr 2004-cü tarixli, 39 saylı qərar, 06 sentyabr 2004-cü il tarixli, 19 nömrəli ödəniş qəbzi, həyətyanı torpaq sahəsinin plan-sxemi, 01 noyabr 2004-cü il tarixli “Torpaqların alqı-satqısına dair akt”) təsdiq olunur ki, İddiaçı Lənkəran rayonu, Mamusta bələdiyyəsinin 23 sentyabr 2004-cü il tarixli, 39 saylı iclas protokolunun qərarına əsasən ev tikmək məqsədilə ona satılmış 0,12 ha torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. İş üzrə təyin edilmiş ekspertizanın nəticələri iddiaçıya alqı-satqı yolu ilə satılmış 0,12 hektar torpaq sahəsinin yüklü olmamasını, hər hansı şəxsin həmin sahəyə mülkiyyət hüququnun qeydiyyata alınmamasını təsdiqləyir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqanın iddiaçıya bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qeydə alınmasına imtinasını torpaq sahəsinin plan və ölçü sənədinin (kadastr planı) və hüquqmüəyyənedici sənədlərin əslinin təqdim olunmadığını, həmçinin, həmin 0.12 ha həyətyanı torpaq sahəsinin yeni elektron uçot xəritəsində kənd təsərrüfatı təyinatlı ərazidə yerləşməsi ilə şərtləndirməsi özü-özlüyündə yolverilməzdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bütün zəruri sənədlər əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə satılması, iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Belə ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 6.5-ci maddəsinin qüvvədə olmuş mətninə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra (hazırki iş üzrə 23 sentyabr 2004-cü tarixli, 39 saylı qərar, 06 sentyabr 2004-cü il tarixli, 19 nömrəli ödəniş qəbzi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin təsdiq etdiyi və qeydiyyata aldığı həyətyanı torpaq sahəsinin plan-sxemi və 01 noyabr 2004-cü il tarixli “Torpaqların alqı-satqısına dair akt”) torpaqayırma qaydasında həyata keçirilir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrılaraq satıldığından və həmin torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Lənkəran rayonu, Mamusta bələdiyyəsinin 23 sentyabr 2004-cü il tarixli, 39 saylı iclas protokolunun qərarına əsasən həyətyanı məqsədilə ona satılmış 0,114 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Lənkəran rayonu, Mamusta bələdiyyəsinin 23 sentyabr 2004-cü il tarixli, 39 saylı iclas protokolunun qərarına əsasən həyətyanı məqsədilə ona satılmış 0,114 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar