Məhkəmə qərarları › İş №2-1(120)-1642/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1642/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1642/2025 15.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı rayon Mənzil İstismar Sahəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydə alınması tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı rayon Mənzil İstismar Sahəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla yaşayış sahəsinin qeyri yaşayış sahəsinə çevrilməsinə dair müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə 15 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ( bundan sonra mətndə DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Masallı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 259 saylı sərəncamı ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,7 kv.m olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə çevrilmiş həmin qeyri-yaşayış sahəsinin İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, Masallı şəhəri, C.Cabbarlı küçəsində 31 saylı evdə yerləşən ümumi sahəsi 51,7 kv.m olan 1-ci mərtə bədə yerləşən 37 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Masallı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 259 saylı sərəncamı ilə qeyri-yaşayış sahəsinə keçirilməsi üçün planda nəzərdə tutulmuş qaydada işlər aparılmışdır. Yaşayış evinin qyri-yaşayış sahəsinə keçirilməsi zamanı mövcud tikinti normalarına və təhlükəsizlik qaydalarının tələblərinə əməl edilmişdir. Mənzildə aparılmış işləri yekunlaşdıraraq qeyri-yaşayış sahəsinə çıxarış almaq üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan müraciətini təmin etməkdən imtina etmişdir. Qeyri-yaşayış sahəsinə qəbul aktının verilməsi üçün xx.xx.2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinə və xx.xx.2024-cü il tarixdə FHNnin X10 rəsmi qaydada müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Eyni zamanda məhkəmənin 2-1(120)-1642/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Masallı Rayon Mənzil istismar Sahəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdmişdir. Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Masallı Rayon İcra Hakimiyyətinin 5-66/2-1482/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: Masallı Rayon İcra Hakimiyyətinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli Bildirişinin surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,7 kv.m olan mənzilin 47,5 kv.m sahəsinin iaşə xidməti məqsədi ilə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxaraq: Sahənin: yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə aşağıdakı işlərin müəyyən edilmiş qaydada aparılması şərtilə keçirilməsi; Masallı şəhəri, Cabbarlı küçəsi, bina 31, mənzil 37-də binanın fəsadənda heç bir konstruktiv dəyişiklik etmədən eyvan hissəsindən obyektə giriş üçün relyefə uyğun pilləkən qurulmalı və mövcud piyada səkisinə qədər olan hissədə beton tavacıqlardan istifadə etməklə gediş-gəliş yolu qurmalı, ətraf ərazidə yaşıllıq qorumalıdır. Qeyri-yaşayış sahəsinə keçirilmiş sahədə nəzərdə tutulan planlaşdırma işləri mövcud Tikinti Norma və Qaydalarına və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl edilməklə həyata keçirilsin. Keçirilmiş sahə qeyri yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə riayət edilsin. Masallı Rayon İcra Hakimiyyətinin 259 №-li, xx.xx.2021-ci il tarixli İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 5-də ümumi sahəsi 51,7 kv.m olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamı ilə İddiaçı İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətini nəzərə alaraq, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nin 20.3 və 21-ci maddələrini rəhbər tutuaraq qərara almışdır: İddiaçı xüsusi mülkiyyətində olan, Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 31, 1-ci mərtəbə, mənzil 37-də yanğın təhlükəsizlik qaydalarını, sanitar-gigiyena və “X13 haqqında” Qanunun tələblərini gözlənilmək şərti ilə ümumi sahəsi 51,7 kv.m olan mənzilin 47,5 kv.m sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilsin. İddiaçı tapşırılsın ki, binanın fəsadında əlavə konstruktiv dəyişikliyə yol verilməsi şərti ilə qeyri-yaşayış sahəsinə keçirilməsi nəzərdə tutulan hissəyə sərbəst gediş-gəlişin qurulmasını, ətraf yaşıllıq ərazinin abadlaşdırılmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bildiriş” vətəndaşa təqdim edilsin. İddiaçı tapşırılsın ki, qeyri-yaşayış sahəsinə keçirilmiş sahədə nəzərdə tutulan planlaşdırma işlərini mövcud Tikinti Norma və Qaydalarına və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl etməklə həyata keçirsin və Mənzil Məcəlləsinin 21.9-cu maddəsinin tələbinə uyğun olaraq işlərin sona çatmasını təsdiqləyən qəbul aktının alınmasını və qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmasını təmin etsin. Sərəncamın icrasına nəzarət Masallı RİHB-nnin birinci müavininə, aparatın Memarlıq və tikinti şöbəsinə və Rayon Mənzil İstismarı Sahəsinin rəhbərliyinə həvalə edilsin. Masallı Rayon icra Hakimiyyətinin 5-66/2-165/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 31 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının balans saxlayıcısı Masallı Rayon Mənzil İstismar Sahəsi olduğundan “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən müraciət aidiyyəti üzrə Mənzil İstismar Sahəsinə göndərilmişdir. DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 3-21-3-44\2- 1896/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş: AN-İ seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 4 ünvanınd ayerləşən ümumi sahəsi 51,7 kv.m olan 37 saylı mənzili X2, X4, X3, X1 almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 51,7 kv.m olan mənzil xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. Masallı Rayon Mənzil İstismar Sahəsinin 5-16-66-40/2-22/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Masallı şəhəri, C.Cabbarlı küçəsi, 31 saylı bina Masallı Rayon Mənzil İstismar Sahəsinin balansındadır. Lakin binanın mərtəbəli planı müəssisənin arxivində aşkar edilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın **********24 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər tam şəkildə təqdim edilməmişdir. Mənzil Məcəlləsinin 21.9cu maddəsinin tələbinə uyğun olaraq işlərin sona çatmasını təsdiqləyən qeyri-yaşayış sahəsinə dair qəbul komissiyasının qəbul aktı təqdim olunmamışdır. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı sifarişi əsasında “X7” tərəfindən trətib olunmuş 104 №-li, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 31 ünvanında yerləşən 37 saylı mənzil faktiki olaraq mənzil kimi istifadə olunur. Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 31 ünvanında yerləşən 37 saylı mənzilin təyinatı üzrə qeyri-yaşayış sahəsi kimi istifadə olunmasını Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” qaydalarından irəli gələn tələblərə uyğundur. Sözügedən mənzilin yerləşdiyi binanın dayanıqılığı nəzərə alınaraq, mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə olunması üçün, eyvanın pəncərə boşluğundan çölə açılması nəzərdə tutulan qapı ətrafındakı tikililərə, eləcə də binanın dayanıqlılığına hər hansı bir təhlükə yaratmır. Bu onunla izah olunur ki, həmin sahə binanın konstruktiv baxımdan açıq tipli eyvan olub, sonradan kənarları hörülərək həmin sahəyə pəncərə yerləşdirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: … Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 20.5. Mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin İİİ fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur.[ 6 ] Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir.Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə:

3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.19. yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnamə: Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək; İPM: 58.Sübutların araşdırılması qaydası. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi.

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanı 1.2. Mənzil Məcəlləsinin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin normalara əsasən, hazırkı mübahisəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə əsasən, yerli icra hakimiyyətinin başçısı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 3.11.1-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsi kimi təsbit edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki,yuxarıda qeyd olunan normalarda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı təsbit olunmuş sənədlər-keçirilən sahə üzərində hüquqları təsdiq edən çıxarışı, onun texniki pasportu,keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı, işlərin sona çatmasını təsdiqləyən qəbul aktı həmin sahənin mülkiyyətçisi olan iddiaçı tərəfindən keçirilməni həyata keçirən orqana, yəni müvafiq icra hakimiyyəti orqanına təqdim etməmişdir. Başqa sözlə, yuxarıda istinad olunan normalarda keçirilmə ilə bağlı müəyyən olunmuş tələblərə iddiaçı tərəfindən əməl edildiyi iş üzrə materiallarla təsdiq olunmur. Səlahiyyətli dövlət orqanı tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qərarın qəbulu zamanı iddiaçının üzərinə qeyri-yaşayış sahəsinə keçirilmiş sahədə nəzərdə tutulan planlaşdırma işlərini mövcud Tikinti Norma və Qyadalarına və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl etməklə həyata keçirməsi və Mənzil Məcəlləsinin 21.9-cu maddəsinin tələbinə uyğun olaraq işlərin sona çatmasını təsdiqləyən qəbul aktının alınması tapşırılmışdır ( Sərəncamın 4-cü bəndi). İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müvafiq ərizə ilə müraciət etmiş, ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədi göstərilmiş, keçirilən sahə üzərində hüquqlarını müəyyənləşdirən sənəd (xx.xx.2021-ci il tarixli ********** qeydiyyat №-li çıxarış) və sərəncam təqdim edilmişdir . Göründüyü kimi, yalnız ilk 2 tələbə əməl edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. İşlərin sona çatmasını təsdiqləyən qeyri-yaşayış sahəsinə dair qəbul komissiyasının qəbul aktı təqdim olunmamışdır. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş yaşayış binalarının sanitariya-gigiyenik və sanitariyaepidemioloji tələblərə uyğun hesab edilməsi barədə Arayış və yaşayış sahəsinin qeyriyaşayış sahəsinə çevrilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilməmişdir. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsində aparılmış yenidən qurulma və ya yenidən planlaşdırılma işləri tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmasını təsdiq edən sənədlər təqdim olunmamışdır. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar