Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1649/2022 20.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi xx katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat şöbəsinə qarşı «doğum haqqında şəhadətnamənin təkrar verilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinə “mərhum həyat yoldaşı X4 adına tərtib edilmiş xx.xx.1947-ci il tarixli. 13 nömrəli doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İşin hazırlıq icraatı mərhələsində İddiaçı ərizə təqdim edərək iddia tələbinin dəqiqləşdirərək iş üzrə iddia tələbi “mərhum həyat yoldaşı X4 adına tərtib edilmiş xx.xx.1947-ci il tarixli. 13 nömrəli doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək “mərhum həyat yoldaşı X4 adına tərtib edilmiş xx.xx.1947-ci il tarixli. 13 nömrəli doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilmişdir. İddia ərizəsində bildirilir ki, o, 06 aprel 1972-ci ildə X8 ilə nikaha daxil olmuş və nikahları Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən 24 nömrəli aktla dövlət qeydiyyatına alınmışdır. Onların birgə nikahlarından 1973-cü ildə Rəsmiyyə, 1974-cü ildə Seymur, 1974-cü ildə Ofeliya adlı övladları doğulmuş və onların doğum haqqında Qeydiyyat orqanından müvafiq şəhadətnamələr verilmişdir. X2 xx.xx.2002-ci ildə Salyan şəhərində vəfat etmiş və onun ölümü Salyan rayon Qeydiyyat şöbəsində qeydə alınaraq 010549 nömrəli şəhadətnamə verilmişdir. Qısa müddət öncə sosial müavinət məsələləri ilə bağlı mərhum X2na aid sənədlərin təqdim olunmasına zərurət yaranmış, lakin onun doğumu barədə arayış verilməsindən Saatlı rayon Qeydiyyat şöbəsi rəsmi qaydada imtina etmişdir. Belə ki, həmin qurum imtina cavabında, Saatlı rayon Qeydiyyat şöbəsinin arxivində xx.xx.1946-cı il təvəllüdlü X3 doğumu haqqında akt qeydinin mövcud olmadığını, aşkar edilmiş 1947-ci ilə aid akt qeydində isə şəxsin doğum tarixinin 1947-ci il, adının X9 olduğu bildirilmişdir. Həmçinin həmin qurumun cavab məktubunda, aşkar edilmiş akt qeydinin ərinə münasibətdə tərtib olunduğunu iddia etdiyi halda aşkar edilmiş akt qeydində ata adına və doğum tarixinə düzəlişlə bağlı məcburetmə haqqında iddia qaldırmaq hüququnun olduğu izah edilmişdir. Beləliklə, mərhum əri adı X8, doğum tarixi isə xx.xx.1946-cı ildir. Lakin bəzi sənədlərdə onun ata adı Məhəmməd deyil Mamed kimi qeyd edilmiş, doğum tarixi 1946 deyil, 1947-ci il olaraq qeyd edilmişdir ki, bu kimi ziddiyyətlərin olması ona qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaratmışdır. Həmçinin Saatlı rayon Qeydiyyat şöbəsinin arxivində 1946 - 1947-ci illərə aid akt qeydlərində ərinin adına oxşar adda digər doğum barədə akt qeydinin mövcud olmaması aşkar edilmiş akt qeydinin məhz əri - X5 məxsus olmasını təsdiq edir. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AZ-İ 593446 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Nigah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X1 xx.xx.1972-ci ildə rəsmi nigaha daxil olmuşlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati-Prosesul Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü və 73.1-ci maddələri tətbiq oluna bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.7-ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Qaydanın 1.14-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə əsasən, təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.7-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydanın 9.8-ci bəndinə əsasən, qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi sosial müavinət məsələləri ilə bağlı mərhum X2na aid sənədlərin təqdim olunmasına zərurət yaranmış, lakin onun doğumu barədə arayış verilməsindən Saatlı rayon Qeydiyyat şöbəsi rəsmi qaydada imtina etmişdir. Belə ki, həmin qurum imtina cavabında, Saatlı rayon Qeydiyyat şöbəsinin arxivində xx.xx.1946-cı il təvəllüdlü X3 doğumu haqqında akt qeydinin mövcud olmadığını, aşkar edilmiş 1947-ci ilə aid akt qeydində isə şəxsin doğum tarixinin 1947-ci il, adının X9 olduğu bildirilmişdir. Həmçinin həmin qurumun cavab məktubunda, aşkar edilmiş akt qeydinin ərinə münasibətdə tərtib olunduğunu iddia etdiyi halda aşkar edilmiş akt qeydində ata adına və doğum tarixinə düzəlişlə bağlı məcburetmə haqqında iddia qaldırmaq hüququnun olduğu izah edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı mərhum ərinin adına doğum haqqında təkrar şəhadətnamənin verilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh Salyan rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinə “mərhum həyat yoldaşı X4 adına tərtib edilmiş xx.xx.1947-ci il tarixli. 13 nömrəli doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyi cavabdeh Salyan rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mərhum həyat yoldaşı X4 adına tərtib edilmiş xx.xx.1947-ci il tarixli. 13 nömrəli doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyi cavabdeh Salyan rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1649/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1649/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver