Məhkəmə qərarları › İş №2-1(120)-165/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-165/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-165/2020 04.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, iddiaçının nümayəndəsi X6 (Masallı rayonu, Türkoba kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçı Cavabdeh1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə qarşı 1992-ci il tarixdən 31.05.2002-ci il tarixə kimi 14 saylı Lənkəran X11 zavodunda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Cavabdeh1 29.05.1955-ci il tarixdə Bakı şəhərində doğulmuş, Masallı rayonu, Türkoba kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 01 oktyabr 2019-cu il tarixli, **********4 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı 29.05.1955-ci ildə anadan olmuş və hal-hazırda Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçı bir çox idarə, müəssisə və təşkilatlarda işləmişdir. İşlədiyinə görə ona əmək kitabçası verilmişdir. 1992-ci il tarixdən 31.05.2002-ci il tarixə kimi 14 saylı Lənkəran X11 zavodunda işləmiş və bununla bağlı ona əmək kitabçası verilmiş və həmin əmək kitabçası 14 saylı Lənkəran X11 zavodunun möhürü ilə təsdiq edilmişdir. Lakin ona pensiyanın hesablanması üçün cavabdeh təşkilata müraciət etdiyi zaman əmək kitabçasında qeyd edilən 1992-ci il tarixdən 31.05.2002-ci il tarixə kimi 14 saylı Lənkəran X11 zavodunda işləməyinə baxmayaraq sənədlərinin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmadığı qeyd edilərək həmin illərin onun üçün staj hesablanmasından imtina edilmişdir. Halbuki iddiaçı 1992-ci il tarixdə işə qəbul edilməmiş və zavod özəlləşdikdən sonra ərizəsinə əsasən öz xahişi ilə 31.05.2002-ci il tarixli, 11 saylı əmrlə işdən azad edilmişdir. Lakin sözü gedən müəssisə göstərilən dövrlər üzrə sənədləri Masallı rayon Dövlət arxivinə təhvil verilmədiyindən işlədiyi dövrlərə aid arxiv sənədləri ala bilməmişdir. Həmin sənədləri heç bir yolla əldə edə bilmir, hazırda iş stajını təsdiq olunmasından ötrü məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət Sosial X8 rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Masallı rayon Türkoba kənd sakini Cavabdeh1 1978-ci ildən 2002-ci ilədək 14 saylı Lənkəran X11 zavodunda işləməsi araşdırılmış, müəssisənin 1992-ci il tarixdən 2002-ci il tarixədək fəaliyyəti haqqında heç bir məumat aşkar olunmadığından, 1992-ci il tarixdən 2002-ci il tarixədək 14 saylı Lənkəran X11 zavodunda işləməsi faktının yoxlanılması mümkün olmadığı üçün ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş və əmək kitabçasının təsdiq edilmiş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 29.05.1955-ci il tarixdə doğulmuşdur və 29.05.2019-cu il tarixdə 64 yaşı (1 iyul 2018-30 iyun 2019-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaşdır) tamam olmuşdur. İddiaçının əmək kitabçasında qeyd edilən iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 02594303 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 29.05.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Masallı rayonu, Türkoba kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 07.06.1976-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 02.02.1976-cı il tarixdən 31.05.2002-ci il tarixədək əmək fəaliyyətində olmuş və 1992-ci il tarixdən 31.05.2002-ci il tarixə kimi 14 saylı Lənkəran X11 zavodunda işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin iddiaçıya ünvanladığı 01.10.2019-cu il tarixli, **********4 nömrəli məktubundan görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin 24.09.2019-cu il tarixli, **********4 nömrəli məktubuna əsasən 1978-ci ildən 2002-ci ilədək 14 saylı Lənkəran X11 zavodunda işləməsi araşdırılmış, müəssisənin 1992-ci il tarixdən 2002-ci il tarixədək fəaliyyəti haqqında heç bir məumat aşkar olunmadığından, 1992-ci il tarixdən 2002-ci il tarixədək 14 saylı Lənkəran X11 zavodunda işləməsi faktının yoxlanılması mümkün olmadığı üçün əmək pensiyası hüququndan imtina edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin məhkəməyə ünvanladığı 10.12.2019-cu il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh1 1978-ci ildən 2002-ci ilədək 14 saylı Lənkəran X11 zavodunda işləməsi faktı araşdırılmışdır. Cavabdeh1 işlədiyi 14 saylı Lənkəran X11 zavodu 2002-ci ildə özəlləşmiş və arxiv sənədləri Lənkəran rayon Dövlət arxivinə təhvil verilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, müəssisənin saxlandığı arxiv sənədlərindən məlum olmuşdur ki, Cavabdeh1 18.04.1978-ci il tarixdə 123 nömrəli əmrlə 2-ci dərəcəli betonçu işinə, 26.04.1978-ci il tarixdə 127 nömrəli əmrlə 4-cü dərəcəli krançı işinə keçmişdir. Cavabdeh1 31.05.2002-ci il tarixdə 206 nömrəli əmrlə müəssisənin özəlləşməsi ilə əlaqədar işdən azad edilmişdir. M.Babayevin aprel 1978-ci ildən yanvar 1992-ci ilədək adına əmək haqqı aşkar olunmuşdur. 1992-ci ildən 2002-ci ilədək Cavabdeh1 əmək haqqı almamışdır. 1996-cı ildən müəssisənin fəaliyyəti dayandırılmışdır. İşçilərə əmək haqqı hesablanılmamış və ödənilməmişdir. Buna uyğun olaraq həmin dövrlər ərzində məcburi dövlət sosial sığorta haqqı Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə köçürülməmişdir. Məhkəmənin 27.02.2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, 01.09.1979-cu il tarixdən 31.05.2002-ci il tarixədək 14 saylı Lənkəran X11 Zavodunda çilingər kimi əmək fəaliyyətində olmuşdur. İşlədiyi dövrdə Cavabdeh1 da həmin zavodda krançı kimi əmək fəaliyyətində olmuşdur. İşlədiyikləri müddətdə müəssisədən əmək haqqı almışlar. 14 saylı Lənkəran X11 Zavodu fasilələrlə olsa da, 2002-ci ilə qədər öz fəaliyyətini davam etdirmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 12.03.2020-ci il tarixli, **********871800 nömrəli məktubunda qeyd edilmişdir ki, 12.03.2020-ci il tarixə baza və arxiv məlumatlarına əsasən Lənkəran 14 nömrəli X11 Zavodunun bazasında "xxxx" ASC (VÖEN **********) yaradılmış və cəmiyyət 25.06.2002ci il tarixdə D-3445 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin 22.05.2020-ci il tarixli, 379 nömrəli arayışından görünür ki, 24.05.1955ci il təvəllüdlü vətəndaş Cavabdeh1 02.12.1973-cü ildən 10.12.1975-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində xidmət etmişdir. İşdə olan X3 təsdiq edilmiş ərizəsindən görünür ki, 14 saylı X14 Konstruksiya zavodunda 1982-ci ildən 1993-cü ilə qədər fəhlə işləmiş, Cavabdeh1 da orada qaldırıcı kran mütəxəssisi işləmişdir. İşdə olan X1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 14 saylı X14 Konstruksiya zavodunda 1987-ci ildən 1993-cü ilə qədər fəhlə işləmiş, Cavabdeh1 da orada qaldırıcı kran mütəxəssisi işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin 01.06.2020ci il tarixli, **********9 nömrəli arayışında qeyd edilmişdir ki, X7 DSMF Lənkəran rayon şöbəsindən 2-ci qrup əlil kimi hər ayda 279.27 manat əmək pensiyası alır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin 01.06.2020ci il tarixli, **********3 nömrəli arayışında qeyd edilmişdir ki, X5 DSMF Lənkəran rayon şöbəsindən 1-ci qrup əlil kimi hər ayda 282.91 manat əmək pensiyası alır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin 04.06.2020-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı rayon Türkoba kənd sakini 29.05.1955-ci il təvəllüdlü Cavabdeh1 29.05.2019-cu ildə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Əmək kitabçasına əsasən və hərbi xidmət illəri daxil olmaqla 1973-cü ildən 2002-ci il tarixədək 28 il 26 gün iş stajı müəyyən edilmişdir. 1978ci ildən 2002-ci ilədək 14 saylı Lənkəran X11 Zavodunda işləməsinə baxmayaraq, 1992ci il tarixdən 2002-ci il tarixədək 14 saylı Lənkəran X11 Zavodunda işləməsi faktının yoxlanılması mümkün olmadığı üçün ona əmək pensiyası hüququndan imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər (maddə 3.1). Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir (maddə 4.1). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini təqdim etmişdir. Мəhkəmə 07.06.1976-cı il tarixli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Həmin əmək kitabçasına əsasən onun 02.02.1976-cı il tarixdən 31.05.2002-ci il tarixlərdək əmək fəaliyyətində olduğu müəyyən olunur Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir.Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən mübahisələndirilən inzibati aktın və ya inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçı Cavabdeh1 deyil, inzibati orqanın, yəni cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin üzərinə düşür. Məhkmə, həmçinin qeyd edir ki, iddiaçının 1992-ci il tarixdən 31.05.2002-ci il tarixə kimi 14 saylı Lənkəran X11 zavodunda əmək fəaliyyətində olduğu dövrə dair qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Odur ki məhkəmə bu qənaətə gəlir ki, iddiaçı 1992-ci il tarixdən 31.05.2002-ci il tarixə kimi 14 saylı Lənkəran X11 zavodunda əmək fəaliyyətində olduğu müddət nəzərə nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından, o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin olunmalı, Cavabdeh1 1992-ci il tarixdən 31.05.2002-ci il tarixə kimi 14 saylı Lənkəran X11 zavodunda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Cavabdeh1 1992-ci il tarixdən 31.05.2002-ci il tarixə kimi 14 saylı Lənkəran X11 zavodunda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar