Məhkəmə qərarları › İş №2-1(120)-165/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-165/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-165/2025 11.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı1 və İddiaçı5, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs: X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-0009A, KOD80113058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mənə və ailə üzvlərimin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Astara rayonu Şüvi bələdiyyəsi, xx.xx.2023cü il tarixli qərardadı ilə “Hirkan” Milli parkı və X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçı1 məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-0009A, KOD80113058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mənə və ailə üzvlərimin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Astara rayon X4 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə ailə başçısı İddiaçı1 olmaqla Astara rayonun Səlivə kəndinin ərazisində fərdi yaşayış evi tikilməsindən ötrü onlara 0.12 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin mülkiyyətinə verilməsi JN-009A, KOD 80113058 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilir. Belə ki, şəhadətnaməyə əsasən Astara rayonu Səlivə kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 olmaqla Astara rayon X4 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı ilə verilmiş 0.12 hektar torpaq sahəsi mülkiyyətinə verilibdir. Torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilmişdir. Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanında aydınlıq gətirilmişdir. Belə ki, həmin Fərmanda qeyd edilir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fırdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinnin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq həyata keçirilir. (Fərmanın 2.3-cü bəndi) Torpaq sahəsi mövcud DWG (xəritə) elektron baza məlumatları tərtib edilərkən Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanın tələblərinə əməl edilməmişdir. Bunları nəzərə alaraq adlarına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması tələb olunur. Qeyd olunanlara əsasən iddia tələblərinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddia ərizəsində göstərilən şəxsin (İddiaçı1 və s.) və onun ailə üzvlərinin adına qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin üzərimizə qoyulması məsələsinə münasibətin (etirazın) bildirilməsinə münasibətdə bildiririk ki, həmin hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla arxiv və baza məlumatları arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Hazırki sərəncamın icrası olaraq tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli, 02 saylı müvafiq qərarı əsasında JN-009A nömrəli “Dövlət Aktı” ilə Astara rayonu, Səlivə kəndi ərazisində hazırki iş üzrə iddiaçı şəxsin və onun ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmiş 0.12 həyətyanı torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar İddiaçı1 tərəfindən ilkin hüquqmüəyyənedici sənədlər əsasında 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon şöbəsinə əvvəllər iki halda olmaqla (2022-ci il 25 iyul tarixli, ********** və 2022-ci il 23 sentyabr tarixli, ********** qeydiyyat nömrəli ərizələrlə) müraciət olunmuşdur. Belə ki, hazırki müraciət sahibinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər həmin şəxsin yuxarıda göstərilən ərizələri əsasında tərəfimizdən icraata qəbul edilmiş və barəsində qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair JN-009A nömrəli “Şəhadətnamə” üzrə ayrılmış həyətyanı torpaq sahəsi barədə qeyd olunanlara münasibətdə, tərəfimizdən arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan Astara rayon Aqrar İslahat Komissiyasının 22.01,1999-cu il tarixli, 02 saylı qərarı əsasında tərtib olunmuş JN-009A nömrəli “Şəhadətnamə” üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Təqdim olunmuş sənədlərin sırasında mühüm əhəmiyyətli sənədlərdən sayılan islahatın müvafiq xx.xx.1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-009A nömrəli “Şəhadətnamə” üzrə ayrılmış sözü gedən 0,12 ha həyətyanı torpaq sahəsi mövcud DWG (xəritə) elektron baza məlumatlarından kənarda olmaqla kənd təsərrüfatı təyinatlı “Kolluq” kimi göstərilən ərazidə (həmçinin tərəflər arasında mübahisə mövcuddur) yerləşir. Həmçinin, mövcud DWG (xəritə) məlumatlarına əsasən müayinə olunan torpaq sahəsi arasında 40 metr məsafə olmaqla uyğunsuzluq vardır, yeni uçot xəritəsində isə sözü gedən torpaq sahəsinin yerləşdiyi ərazi kənd təsərrüfatı təyinatlı kolluq, örüş kimi qeyd olunmuşdur, habelə tərəflər arasında mübahisənin olduğu da məlum olmuşdur. Qeyd olunan səbəblərdən həmin şəxsin icraatda olan ərizələrinin icrasından tərəfimizdən imtina edilmişdir. Hazırki sərəncamın icrası olaraq gələcəkdə tərəflərin iştirakı ilə təyin olunmuş ekspertizanın nəticələrinə uyğun baxılmaqla, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı2, İddiaçı3, İddiaçı4 və üçüncü şəxslər Astara rayonu Şüvi bələdiyyəsinin, “Hirkan” Milli parkının nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı2, İddiaçı3, İddiaçı4 və üçüncü şəxslər Astara rayonu Şüvi bələdiyyəsinin, “Hirkan” Milli parkının nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı5 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 iddianı qəbul etmədiyini bildirərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddialarının təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-0009A, KOD80113058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mənə və ailə üzvlərimin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan JN-009A, KOD 80113058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Astara rayonu Səlivə kənd sakini İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Astara rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 nömrəli qərarına əsasən 0.12 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********74 nömrəli məktubundan görünür ki, Astara rayonu, Səlivə kəndi ərazisində yerləşən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999cu il tarixli, 02 saylı qərarı əsasında JN-009A nömrəli “Şəhadətnamə” iızrə ümumbirgə mülkiyyət hüququ ilə sizin və ailə üzüvlərinizin mülkiyyətinizə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinə dair müvafiq qeydiyyatın aparılması ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan xx.xx.1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-009A nömrəli “Şəhadətnamə” üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasınca uyğunsuzluq mövcuddur. Təqdim olunmuş sənədlərin sırasında mühüm əhəmiyyətli sənədlərdən sayılan müvafiq xx.xx.1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-009A nömrəli “Şəhadətnamə” üzrə ayrılmış sözü gedən 0,12 ha həyətyanı torpaq sahəsi mövcud DWG (xəritə) elektron baza məlumatlarından kənarda olmaqla kənd təsərrüfatı təyinatlı “Kolluq” kimi göstərilən ərazidə yerləşir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 135 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayonu, Səlivə kəndində 0.12 ha torpaq sahəsinin X1 və onun ailə üzvlərinə verilməsinə dair Astara rayonu Aqrar İslahat komissiyasının xx.xx.1999cu il tarixli 02 saylı qərarı təsdiqlənərək sizə göndərilsə də , adlı siyahı və “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə və həmin şəhadətnamənin verilməsinə əsəs olan sənədlər Astara rayon Dövlət Arxivində saxlanılmadığından bu məqsədlə sizə hər hansı bir sənədin göndərilməsi imkan xaricindədir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6660 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2054/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN- 009A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Səlivə kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2054/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-009A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Astara rayonu, Səlivə kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin qərarın qəbul olunduğu vaxt xüsusi mülkiyyətə verilmiş yaşayış məntəqələrinin torpaqları təyinatlı, həyətyanı torpaq sahəsi olması müəyyən edilmişdir. İddiaçıların iddia etdiyi torpaq sahəsinin faktiki koordinatlarının isə torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən hüquqi statusunun-bələdiyyə mülkiyyətində, kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyasının kollu örüş torpaq sahəsi olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2054/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN- 009A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,12 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarının elektron baza məlumatlarına uyğun olması müəyyən olunmuşdur. Lakin faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin faktiki koordinatlarının elektron baza məlumatlarına əsasən həmin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Elektron baza məlumatlarına əsasən həmin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə verilmiş torpaq sahəsinin faktiki vəziyyətdə iddia edilən torpaq sahəsindən orta hesabla 35 m məsafədə kənarda yerləşməsi müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2054/2024 saylı mütəxəssis rəyinə əsasən, qeyd edilən torpaq sahəsinin faktiki vəziyyətdə iddia olunan yeri ilə sənəd üzrə yerləşmə yerinin uyğun olmaması müəyyən olunmuşdur. Belə ki, elektron baza məlumatlarına əsasən həmin JN- 009A (KOD ********) nömrəli "Torpağın mülkiyyətəverilməsinə dair Şəhadətnamə” ilə verilmiş torpaq sahəsinin faktiki vəziyyətdə iddia edilən torpaq sahəsindən orta hesabla 35 m məsafədə kənarda yerləşməsi müəyyən olunmuşdur. İddiaçıların iddia etdiyi torpaq sahəsinin Səlivə kənd ərazi vahidinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2054/2024 saylı mütəxəssis rəyinə əsasən, qeyd edilən torpaq sahəsinin faktiki vəziyyətdə iddia olunan yeri ilə sənəd üzrə yerləşmə yerinin uyğun olmaması müəyyən olunmuşdur. Belə ki, elektron baza məlumatlarına əsasən həmin JN- 009A (KOD ********) nömrəli "Torpağın mülkiyyətəverilməsinə dair Şəhadətnamə” ilə verilmiş torpaq sahəsinin faktiki vəziyyətdə iddia edilən torpaq sahəsindən orta hesabla 35 m məsafədə kənarda yerləşməsi müəyyən olunmuşdur. Qeyd edilən torpaq sahəsinin (hər iki hal üzrə-iddia olunan və sənəd üzrə) faktiki olaraq X3 istifadəsində olması müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2054/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN- 009A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2054/2024 saylı mütəxəssis rəyinə əsasən, qeyd edilən mübahisəli torpaq sahəsi faktiki olaraq X3 istifadəsində olması və torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə istifadə edilməsi müəyyən olunmuşdur. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2054/2024 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin üzərində tikilinin mövcud olmaması müəyyən edilmişdir. Qərardadın doqquzuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2054/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN- 009A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,12 ha torpaq sahəsinin faktiki vəziyyətdə iddia olunan yeri ilə sənəd üzrə yerləşmə yerinin uyğun olmaması müəyyən olunmuşdur. Qeyd edilən torpaq sahəsinin (iddia olunan vəziyyətə əsasən) torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olması müəyyən olunmuşdur. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Aqrar qərarları və şəhadətnamələri) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, şəhadətnamələri üzrə torpaq sahələrinin koordinatlarının elektron məlumat bazasında yanlış qeyd edilməsi, elektron kadastr bazasında sözügedən uyğunsuzluqların mövcud olması əsası ilə inzibati orqan tərəfindən imtina olunsa da, məhkəmə qeyd edilən halların olmadığını müəyyən etmişdir ki, eləcə də qeyd edilən hallar iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/435 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ekspert qarşısında qoyulmuş suallara verilən cavablar əsasında Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-009A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,12 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarının elektron baza məlumatlarına uyğun olması, torpaq sahəsinin faktiki koordinatlarının iddia edilən torpaq sahəsindən orta hesabla 35 m məsafədə kənarda yerləşməsi, 0,12 ha həyətyanı torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi, qeyd edilən mübahisəli torpaq sahəsi faktiki olaraq X3 istifadəsində olması və torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə istifadə edilməsi müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Astara rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 02 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən xx.xx.1999-cu il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Belə ki, Astara rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 02 saylı qərarına əsasən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-009A, KOD 80113058 şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətinə verilən torpaq sahəsinin iddia olunan yerdən aralı yerləşdiyi müəyyn edilir. İş materallarına əlavə edilən sənədlərə, eləcə də mütəxəssis tərəfndən tərtib edilən və işə əlavə edilən yerquruluşu planına nəzər yetirilən zaman iddiaçıya məxsus torpaq sahəsinin sənəd üzrə koordinatları aydın qeyd edildiyi müəyyən edilir. İddiaçılar onlara məxsus olan torpaq sahəsinin onlara verilməsini xahiş edir və digər istiqamətdə olan torpaq sahəsini iddia etsələr də, daha sonra iş materiallarına əlavə edilən rəyə əsasən sənəd üzrə torpaq sahələrinin onlara verilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Sübutlarla Astara rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 02 saylı qərarına əsasən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-009A, KOD 80113058 şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətinə verilən və sənəd üzrə göstərilən torpaq sahəsinin qərarın qəbul edildiyi vaxt və hal-hazırda yaşayış məntəqələrinin torpaqları təyinatlı, həyətyanı torpaq sahəsi olması müəyyən edilir. Həmçinin, qeyd edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşməməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası üzrə qeyd edilən torpaq sahəsinin təyinatının “kolluq” olması hissəsinin yuxarıda qeyd edilənlərə əsasən əsassız olduğu müəyyən edilir. Digər bir hal isə torpaq sahəsindən digər bir şəxsin istifadə etməsidir. Həmin hissə üzrə araşdırma nəticəsində iddiaçılara sənəd üzrə ayrılan torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsini məhkəmə bir daha diqqətə çadırır. Belə ki, iş materiallarına əlavə edilən Hirkan Milli Parkı ilə X7 arasında bağlanılan 07 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə nəzər yetirilən zaman ayrılan torpaq sahəsinin 0,40 ha ot yeri olduğu, Hirkan Milli Parkı ərazisindən olduğu, və müqavilənin qüvvəsinin 2023-cü ilə qədər olduğu müəyyən edilir. Qeyd edilən hallar üzrə müəyyən olunur ki, hal-hazırda qeyd edilən müqavilənin müddəti bitmişdir. Eləcə də, iş materiallarına əlavə edilən sübutlara və ekspert rəyinə əsasən hal-hazırda iddiaçılara verilən sənəd üzrə torpaq sahəsinin Hirkan Milli Parkına məxsus ərazi deyil, yaşayış məntəqələrinin torpaqları təyinatlı, həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilir. Müqavilədə həmçinin X5 ayrılan torpaq sahəsinin koordinatlarıda qeyd edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən torpaq sahəsi ilə bağlı nə Hirkan Milli Parkının, nə də X3 torpaq sahəsini iddia etməklə bağlı subyektiv hüquqları olmamış, faktiki vəziyyətin isə iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyi müəyyən edilir. Həmin hallar iddiaçının mülkiyyət hüquqlarına təsir göstərməməlidir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-0009A, KOD80113058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mənə və ailə üzvlərimin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə İddiaçı1 iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin onlara aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsi nəzərə alınaraq iddiaçılar tərəfə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı qərarı əsasında JN-0009A, KOD80113058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mənə və ailə üzvlərimin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçılardan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar