Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1651/2025 28.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı iştirakı ilə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpağın təyinatının dəyişdirilməsi və torpaq sahəsinin koordinatlarının onun qanuni torpaq sahəsinə uyğunlaşdırılması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 6 saylı Beyləqan Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın 0,40 ha torpağa onun adına verdiyi xx.xx.2015-ci il tarixli, ********** № ilə qeydiyyata alınmış çıxarışda “sahibkarlıq” əvəzinə yazılmış “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” sözünün dəyişdirilərək “Sahibkarlıq” yazılması, xx.xx.2024-cü il tarixli 2-ci plan-ölçü sənədində nömrə qoyulması, qonşu torpaqların göstərilməsi və sonuncu plan ölçüdə -(xx.xx.2024) torpağın perimetrinin, ölçülərinin ( yəni tərəflərin ölçülərinin göstərilməsi) və Azərbaycan Respublikası Ədliyyə Nazirliyilinin eksperti Teymur Məmmədovun verdiyi xx.xx.2019-cu il tarixli, 14779 saylı rəyə əsasən torpağında 3458 kv.m sürüşmənin öz qanuni yerinə bərpa etməklə koordinatlarının vurulması və 6 saylı DƏDRX Beyləqan Ərazi İdarəsi barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8-7(120)-9/2023 saylı qərardadı ilə tələbi təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 8(106)-98/202 saylı qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 8-1(120)-2/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında əks olunmuş hüquqi mövqeyi nəzərə alınmaqlan (0,40 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə ona verilməsi) verilmiş icra vərəqəsi ilə bağlı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, icra sənədinin icrası ilə bağlı məcburi icra tədbirlərinin görülməsi və icra hərəkətlərinin davam etdirilməsini icra şöbəsinə öhdəlik kimi həvalə olunmuşdur. Ona verilmiş Azərbaycan Respublikası DTXK-nin 22 iyun 2009-cu il tarixli, 318 saylı plan ölçü sənədində torpağın sahibkarlıq məqsədi ilə verilməsi qeyd olunmuşdur. Lakin 6 (altı ) il sonra 6 saylı Beyləqan Ərazi İdarəsi xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı Daşınmaz əmlakın 11 №-li reyestr kitabında, 83 №-li vərəqdə ********** nömrəli qeydiyyata alınmış çıxarışda cavabeh inzibati orqan bilərəkdən 9-cu qrafada torpaq sahəsinin kateqoriyasını sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı kimi yazmışdır. Eyni zamanda DTXK tərəfindən verilmiş sənəd əsasında tərtib olunmuş xx.xx.2015-ci il tarixli, AN 018448 saylı “Torpaq sahəsinin plan-ölçü sənədində” təyinatı sahibkarlıq məqsədi ilə yazılmaq əvəzinə, rabitə-nəqliyyat və sənaye yazılmışdır. Eyni zamanda bilərəkdən qonşu torpaqları əlində olan çıxarışda göstərilməmişdir. Ekspert rəyi əsasında torpaq sahəsi 3458 ha torpağından kənara çıxmışdır. Hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdeh iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirmələri təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında izahatında iddianın mümkün sayılaraq təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Tətbiq edilən hüquq İPM. Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 45. İddianın qaldırılması ... 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; ... Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. .... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. ....6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. .... 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İddianın növü, mümkünlüyü və buna dair məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir. İlk olaraq, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün prosessual məcəllələrdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, məhkəmə icraatında prosessual qaydaları tənzim edir. Prosessual məcəllələr məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir. Prosessual qanunun normaları məhkəmə icraatının gedişatını, həmçinin prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı) Məhkəmə qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyrimüəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran amillər nəzərdə tutulmuşdur. Bu qəbil məhdudlaşdırıcı tədbirlərdən biri də iddianın məhkəmə tərəfindən mümkün sayılmasıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. İddia qaldırmaq səlahiyyətinin mövcudluğundan o vaxt bəhs oluna bilər ki, inzibati akt və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulma imkanı olsun. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. İlkin olaraq qeyd olunmalıdır ki, DƏDKR 6 saylı Beyləqan Ərazi İdarəsinin 3-21-3- 45/2-6355/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-309/2015 saylı xx.xx.2015-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, İmişli rayonu Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı satılmış İmişli rayonu, Qulubəyli kəndində yerləşən 0,4 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(86)/309/2015 saylı qərarı ilə, iddiaçının tələbinin təmin edilməsi, İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli,13 saylı qərarı ilə İddiaçı satılmış İmişli rayonu Qulubəyli kəndində yerləşən 0,4 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı razi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalmış cavabdeh inzibati orqan apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-173/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 18 mart 2015-ci il tarixli 2-1(86)-309/2015 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, İddiaçı İmişli rayonu Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qərarı ilə 4000.32 kv.m sahibkarlıq məqsədi üçün torpaq sahəsi ayrılmışdır və buna dair tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü X3 kitabında 22 iyun 2009-cu il tarixdə A 143411 № ilə 318 № ilə uçota alınmışdır. DƏDKR 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə, A “018448 nömrəsi ilə tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən müəyyən olunur ki, İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundan çıxarışa, DTXK İmişli rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 50 №-li rəyi, İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 312 nömrəli Torpaqların alqı-satqısına dair akt, DTXK İmişli rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 318 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olan, xüsusi mülkiyyətində olan 0,40 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Torpaq sahəsinin plan və ölçü sənədində torpaq sahəsinin qonşu sərhədləri aşağıdakı kimi qeyd olunmuşdur: XY 256373 4406460 256312 4406514 256326 4406568 256383 4406519 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, İmişli rayonu, Qulubəyli kəndində yerləşən xüsusi mülkiyyətdən olan 0,400031 ha torpaq sahəsi (kateqoriyası sənayev, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar) xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. Şirvan İnzibati -İqtisadi Məhkəməsinin 2-1(086)-2877/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,40 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerində göstərilməklə, həmin torpaq sahəsinin İddiaçı mərzçəkmə işləri aparılmaqla tanıtdırılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(086)-2877/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbinin təmin edilməsi, Daşınmaz Əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,40 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerində göstərilməklə, həmin torpaq sahəsinin İddiaçı mərzçəkmə işləri aparılmaqla tanıtdırılması öhdəliyinin cavabdehə həvalə olunması qərara alınmışdır. DƏDKR 6 saylı Beyləqan ərazi idarəsi tərəfinfən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən müəyyən olunur ki, kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar göstərilməklə, İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 №-li protokoluna əsasən sənəd üzrə və faktiki ölçüsü 0,4 ha torpaq sahəsinə dair İddiaçı adına plan ölçü sənədi tərtib olunmuşdur. Torpaq sahəsinin plan və ölçü sənədində torpaq sahəsinin qonşu sərhədləri aşağıdakı kimi qeyd olunmuşdur: XY 256373,32 4406460.18 256312,02 4406514.03 256326.33 4406568.73 256383,73 4406519.75 DƏDKR 6 saylı Beyləqan ərazi idarəsinin 3-21-3-45/2-7595/2024 saylı xx.xx.2024cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı mülkiyyətində olan 0,4 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi xx.xx.2024-cü il tarixində 20 nömrəsi ilə uçota alınmışdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının hazırkı iddia tələblərindən biri torpaq sahəsinin koordinatlarının ilkin sənəd üzrə işlənməsinin əsasları ilə bağlıdır ki, məhkəmə irəli sürülən bu iddia tələbi ilə bağlı qeyd edir ki, torpaq sahəsinin koordinatlarının ilkin sənəd üzrə işlənməsi məsələsinə inzibati məhkəmə hüquqi mövqe nümayiş etdirərək həmin iddianın təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir ki, həmin qərarda cavabdeh inzibati orqan tərəfindən icra olunmuşdur. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın torpaq sahəsinin koordinatlarının ilkin sənəd üzrə işlənməsi tələbinin mümkün sayılmaması üçün əsas yaratmışdır. Belə olan halda hazırkı iddianın mümkün sayılmaması üçün əsas yaranmışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan qərarları ilə iddiaçının tələbi təmin olunmuş və həmin qərarlar qüvvədə olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Məhkəmə torpaq sahəsinin kateqoriyasının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasından çıxarılaraq sahibkarlıq fəaliyyəti ilə bağlı kateqoriya keçirilməsi məsələsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də mümkün sayılmamalıdır. Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibini Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir (9.1), Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar;yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;xüsusi qorunan ərazilərin torpaqları;meşə fondu torpaqları;su fondu torpaqları; ehtiyat fondu torpaqları( 9.2),Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir (3-c bənd). Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi hissəsində iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh qismində göstərilmiş DƏDKR publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamənin 3-cü bəndində Xidmətin vəzifələri aşağıdakı kimi göstərilmişdir: 3.0.18. Daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23 Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, X3, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” qaydalarının 3.1-ci bəndinə əsasən Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar: 3.1.1. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə – aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları; 3.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə – müvafiq bələdiyyələr; 3.1.3. xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri. Göründüyü kimi nə Xidmətin Əsasnaməsində nə də ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydada Ərazi İdarəsinin torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi kimi bir vəzifəsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Eyni zamanda, qeyd olunur ki, məhkəmə, həmçinin hazırkı iş üzrə AR İPM-nin 13cü maddəsinin tələbinin nəzərə alınması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “məhkəmənin yardım etmək vəzifəsi” inzibati məhkəmə icraatının həyata keçirilməsinə yönələn məhkəmə icraatının təməl prinsiplərindən biri hesab olunur. Maddənin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya ( torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələbi ilə bağlı) hüquqi yardım məktubu ünvanlamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub - pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmamadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənddə qeyd edilir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə.85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpağın təyinatının dəyişdirilməsi və torpaq sahəsinin koordinatlarının onun qanuni torpaq sahəsinə uyğunlaşdırılması barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-1651/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1651/2025
28.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver