Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1652/2025 17.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: işin faktiki halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı mədən vergisinin borcunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2-1(120)-1652/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Cavabdeh xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqi şəxs İddiaçı MMC sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçı MMC xx.xx.2014-cü il tarixdən İmişli rayonu, Buludlu kəndində qeydiyyatdan keçmişdir. Həmçinin iddiaçı təşkilat müvafiq olaraq, xx.xx.2018-ci il tarixdə İqtisadi İnkişaf Nazirliyindən müvafiq Dağ-mədən işləri, dağ-buruq qazmalarının aparılmasına dair lisenziya almış və fəaliyyətə başlamışdır. İddiaçı təşkilat qeydiyyatdan keçdikdən sonra İmişli rayonu İcra Hakimiyyətinə müraciət edərək, cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Xubyarlı kənd ərazisindən 2,0 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmiş, İmişli rayon İcra Hakimiyyəti tərəfindən 03 avqust 2017ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə qum-çınqıl materiallarının çıxarması və istehsalı üçün Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb verilmiş, bundan sonra tərəflər arasında eyni tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış və müvafiq olaraq, ona torpaq sahəsinin yerquruluşu planı verilməklə torpaq sahəsi təhvil verilmişdir. Bundan sonra aidiyyəti üzrə cavabdeh təşkilata müvafiq müraciət edilərək, Qum-Çınqıl hasilatı üçün Bəhrəmtəpə yatağında və ona ayrılan torpaq sahəsinin hüdudlarında fəaliyyətə başlanmasına dair müvafiq icazə istəmişlər. Cavabdeh təşkilat tərəfindən 21 fevral 2018-ci il tarixli, 01021 saylı müvafiq Dağ-Mədən ayırma Aktına əsasən 5 il müddətinə icazə verilmişdir. Bundan sonra iddiaçı təşkilat tərəfindən aidiyyəti üzrə ona ayrılan torpaq sahəsindən müvafiq fəaliyyətə başlamışdır. Həmçinin Milli Sertifikatlaşdırma Sistemi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli uyğunluq sertifkatına əsasən iddiaçı təşkilatın istehsalı etdiyi məhsul müvafiq tələblərə uyğundur. Eləcədə iddiaçı təşkilatın fəaliyyəti həmçinin X2 Görülməsi və X4 Agentliyi tərəfindən verilən 17 iyul 2020 saylı müvafiq çıxarışa əsasən dövlət reyesterində qeydiyyata alınmışdır. Sonradan Dağ-Mədən ayırma X7 Nazirliyinin Dövlət Mineral X1 Agentliyi tərəfindən qəbul edilmiş 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarla icrası dayandırılmış və daha sonra həmin qərara bağlı olaraq qəbul edilmiş 29 aprel 2021-ci il tarixli, 22 saylı qərarla həmin dağ mədən ayırma aktı cavabdeh təşkilat tərəfindən ləğv edilməsi barədə 29 aprel 2021-ci il tarixli, 22 saylı qərarı qəbul edilmişdir. İmişli rayon Məzrəli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı MMC-nin 20629.00 manat məcburi qaydada Məzrəli bələdiyyəsinin hesablaşma hesabına ödənilməsi qərara alınmış, lakin həmin qərarda qeyd edilən dövr üzrə ödənilməmiş mədən verginin hansı dövrə aid olduğu müəyyən edilməmiş, bundan əlavə isə həmin qərar barədə iddiaçı təşkilatın iştirakı təmin edilməmiş və məlumatı olmamış, yalnız icra vasitəsi ilə xx.xx.2024-cü il tarixə həmin qərarın mövcudluğu barədə sənəd əldə edilmişdir. Bələdiyyə qərarını əldə edərkən nə qədər qanunsuz və əsassız qərar qəbul etdiyini və qanunverciliyin tələbinə uyğun olmadığını aydın olmuşdur. Belə ki, qeyd edilən qərarın məzmunundan görünür ki, həmin qərarın qəbul edilməsi üçün əsas vergi borcunu ödəməkdən boyun qaçırdığı üçün İddiaçı MMC Məzrəli bələdiyyəsinin 12 fevral 2024-cü il tarixli, 03 saylı iclasında ödənilməmiş mədən vergisi borcunu ödəmək üçün verilmiş 10 gün müddətində ödəməmişdir. İlk öncə məhkəmənin diqqətinə mədən vergisi və bunla bağlı verginin yoxlanması, hesablanması, tutulması və vergi məsuliyyətinə cəlb edilmə qaydası ilə bağlı qanunverciliyin tələblərini çatdırmağı zəruri hesab edir. Vergi məcəlləsinin 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur. Həmin məcəllənin 214-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir. Qeyd edilən Məcəllən 215-ci maddəsində Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar vergitutma obyektidir. Bələdiyyələrin statusu haqqında qanunun 2-ci maddəsində göstərilir ki, yerli vergilər (bələdiyyə vergiləri) - Azərbaycan Respublikasının Vergi Məcəlləsi və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrə ödənilən vergilərdir. Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respubliaksı Qanunun 2.1-ci maddəsində göstərilmişdir ki, Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Həmin qanunun 2.2-ci maddəsində Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin qanunun 3.1-ci maddəsində göstərilmişdir ki, yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Həmin maddənin 2-ci hissəsinə əsasən yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. Həmin qanunun 4-cü maddəsində yerli vergilərin müəyyən edilməsinin əsaslarına vergitutma dövrü;vergi dərəcəsi, verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti aid edilmişdir. Həmin qanunun 5.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Həmin qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Həmin qanunun 8.0.3-cii maddəsində isə yerli vergilərə yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi aid edilmişdir. Qeyd edilən qanunun tələbindən göründüyü kimi mədən vergisinin ödənilməsi yerli tikinti materialları üzrə bələdiyyə aid edilmişdir. Qanunun 11.1-ci maddəsinə əsasən bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. Müvafiq qanun kimi isə Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunu ilə müəyyən edilmişdir. Həmin əsasnamənin 1.1-ci maddəsində göstərilmişdir ki, bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Həmin əsasnamənin 1.2-ci maddəsinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, "Büdcə sistemi haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, bələdiyyələrin qərarlarını və bu Əsasnaməni rəhbər tutur. Həmin əsasnaməmnin 2.1-ci maddəsində göstəririlr ki, Bələdiyyələrin vergi xidməti orqanı bələdiyyələrin qərarına əsasən bələdiyyələrin icra aparatının strukturunda yaradılır. Həmin əsasnamənin 5.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Həmin aktın 5.4-cü maddəsinə əsasən ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Həmin maddənin 5.5-ci maddəsinə əsasən ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Həmin əsasnamənin 5.6-cimaddəsinə əsasən bu əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Həmin əsasnamənin 5.7-ci maddəsinə əsasən ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.8-ci maddəsində Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Əsasnamənin 5.9-cu maddəsində ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Hazırkı işin hallarına əsasən qeyd edə bilərəm ki, hazırkİ barəmdə tərtib edilmiş qərar adİ çəkilən əsasnamənin 5-ci maddəsinin bütövlükdə tələblərinin pozulması ilə çıxarılmış və qanunsuz inzibati akt olmuşdur. “İnzibati İcraat haqqında” Qanunun 65.1ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1 hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2 müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Göründüyü kimi, bələdiyyələrə yerli (bələdiyyə) vergilər və ödənişlərin məcburi qaydada alınması və qərarın icraya yönəldilməsi barədə akt qəbul etmək səlahiyyəti verilməmişdir. Belə olan halda, Cavabdeh ”ZAMİQ-X” MMC tərəfindən yerli (bələdiyyə) büdcəyə 20.629.00 manat məbləğində mədən vergisinin ödənilməsi, mədən vergisinin ödənməsinə dair qərar qəbul olunması və icra olunması üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilməsi” barədə qərar verməyə səlahiyyətli olmamışdır. Həmçinin oxşar məhkəmə təcrübəsi- bələdiyyənin müvafiq qərarı qəbul etmək səlahiyyətinin olmaması və bu halda həmin qərarın etibarsız hesab edilməsi barədə Gəncə İnzibati məhkəməsinin xx.xx.2022ci il tarixli 2-1(114)-1425/2022 nömrəli qərarı mövcuddur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İPМ-nin 46-cı maddəsini rəhbər tutaraq məhkəmədən İmişli Rayon Məzrəli bələdiyyəsinin Zamiq-X MMC-nin mədən vergisinin borcunun ödənilməsi barədə xx.xx.2024-cü iltarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edəsiniz. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı “Cavabdeh xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirmişdir. Həmin qərarın ləğv edilməsi barədə iddia ərizəsini xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim etmişdir. Daha sonra məhkəmə araşdırması zamanı məlum olmuşdur ki,“Cavabdeh xx.xx.2024-cü il tarixli qərarı iddiaçıya təqdim edilməmiş, İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən iddiaçının "xxxx" ASC-nin “Xətai” filialında olan bank hesabına bəhs qoyulması barədə xx.xx.2024-cü il tarixli qərar icraya yönəldiyi üçün hazırda mübahisələndirdiyi qərardan məlumatlı olmuşdur . Bundan sonra Qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti keçirmədən məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçı da həmin normaya əsasən hazırda inzibati akt Cavabdeh xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən tələb edir. İş materiallarına əlavə olunmuş Cavabdeh (bundan sonra mətndə - cavabdeh) xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İmişli rayon Xubyarlı kənd inzibati ərazisində fəaliyyət göstərən İddiaçı Məzrəli bələdiyyəsinə olan 20629.00 manat mədən vergisi məcburi olaraq Məzrəli bələdiyyəsinin hesablaşma hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinə görə vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması) və bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: - (maddə 8.1.1) bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; - (maddə 8.1.2) fiziki şəxslərin əmlak vergisi; - (maddə 8.1.3) yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; - (maddə 8.1.4) bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. Həmin Məcələnin 10-cu maddəsinə görə vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır: bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər, bu Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər, Azərbaycan Respublikasının dövlət vergi orqanları, Azərbaycan Respublikasının gömrük orqanları, bu Məcəllə ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları, bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi ödəyicilərindən vergilərin ödənilməsi üçün vəsaitlərin alınmasını və onların büdcəyə köçürülməsini, vergi və gömrük orqanlarından başqa, müəyyən edilmiş qaydada həyata keçirən dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, digər səlahiyyətli orqanlar və vəzifəli şəxslər. Həmin Məcəllənin 11-ci maddəsinə görə vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Həmin Məcəllənin 85.1-ci maddəsinə görə hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Həmin Məcəllənin 85.4-ci maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 1.2-ci bəndinə görə bələdiyyələrin vergi xidməti orqanı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, "Büdcə sistemi haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, bələdiyyələrin qərarlarını və bu Əsasnaməni rəhbər tutur. Əsasnamənin 3.1-ci bəndinə görə bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: - (3.1.1-ci yarımbənd) yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; - (3.1.2-ci yarımbənd) yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; - (3.1.3-cü yarımbənd) yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; - (3.1.12-ci yarımbənd) bələdiyyələrin qərarlarını icra edir. Əsasnamənin 3.2-ci bəndinə görə bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: - (3.2.1-ci yarımbənd) Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək; - (3.2.2-ci yarımbənd) bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kameral vergi yoxlamaları keçirmək; - (3.2.3-cü bənd) Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək. Əsasnamənin 5.3-cü bəndinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinbə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İşin müəyyən edilmiş hallarından və 03 noyabr 2021-ci il tarixli, 12 saylı qərarın məzmunundan görünür ki, Bələdiyyə həmin qərarı (inzibati aktı) qəbul edərkən "xxxx" MMC vergi borcunun ödənilməsindən boyun qaçırdığı üçün ödənilməmiş vergi borcunu ödəmək üçün verilmiş 10 gün müddət ərzində ödənilmədiyini göstərməklə kifayətlənmiş, Bələdiyyə tərəfindən inzibati icraat aparılmamışdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Bələdiyyə tərəfindən inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının icraatda iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmişdir. Başqa sözlə, cavabdeh vergi ödəyicisi barəsində qərarı yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslarla aparılmış inzibati icraat nəticəsində qəbul edə bilərdi. Hazırkı halda bu, baş verməmiş, bu qərarın yuxarıda göstərilən normaların tələbləri pozulmuşdur. Cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, cavabdeh İmişli rayonu Mərzəli bələdiyyəsi İddiaçı barəsində mədən vergisini hesablayan səlahiyyətli qurum (vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçısı) kimi 20629.00 manat mədən vergi borcunun hesablanması barədə əlverişsiz inzibati akt qəbul edərkən vergi qanunvericiliyinin tələblərinə əməl edilməmiş, eləcə də cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 24, 25 və 61-ci maddələrinə ziddir. Qeyd olunanlar, mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarının qanuna zidd sayılması qənaətinə gəlmək üçün yetərli əsaslardır. Göründüyü kimi, bələdiyyələrə yerli (bələdiyyə) vergilər və ödənişlərin məcburi qaydada alınması və qərarın icraya yönəldilməsi barədə akt qəbul etmək səlahiyyəti verilməmişdir. Belə olan halda, Cavabdeh İddiaçı tərəfindən yerli (bələdiyyə) büdcəyə 20629.00 manat məbləğində mədən vergisinin ödənilməsi, mədən vergisinin ödənməsinə dair qərar qəbul olunması və icra olunması üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilməsi” barədə qərar verməyə səlahiyyətli olmamışdır. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt (qərar) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İmişli rayonu Mərzəli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1652/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1652/2025
17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver