Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1657/2020 26.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı (Saatlı rayonu, Əhmədbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi X3 (Saatlı rayonu, Mollavaizli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Saatlı rayon filialına qarşı xx.xx.1973-xx.xx.1975-ci il tarixlərdə hərbi xidmətdə olduğu müddət və 1972-1973-cü və 1976-1998-ci illərdə “Ukrayna” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, Saatlı rayonu, Əhmədbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli, **********0 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1973xx.xx.1975-ci il tarixlərdə hərbi xidmətdə olmasını, 1972, 1973, 1976-cı ildən 1998-ci ilədək Saatlı rayonu “Ukrayna” adına kolxozunda işləməsini staj kimi müəyyən edərək cavabdehin üzərinə ona yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini dəyişərək, xx.xx.1973-xx.xx.1975-ci il tarixlərdə hərbi xidmətdə olduğu müddət və 1972-1973-cü və 1976-1998-ci illərdə “Ukrayna” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü DSMF Saatlı rayon şöbəsinə müraciət etmişdir. DSMF Saatlı rayon şöbəsi tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktubunda xx xxxxxxx 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.3.1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 64 yaş 6 aya çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatı imkan vermədikdə azı 25 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququnun yaranmadığı, həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi qeyd edilmişdir. Bu səbəbdən də ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Odur ki, xx.xx.1973-xx.xx.1975-ci il tarixlərdə hərbi xidmətdə olduğu müddət və 1972-1973-cü və 1976-1998-ci illərdə “Ukrayna” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, vətəndaş Tağıyev X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 361 saylı arayışına əsasən 1 il 10 ay 25 gün ordu sıralarında hərbi xidmətdə olmuşdur. Dövlət Arxivinin Şirvan filialının xx.xx.2020-ci il tarixli, 225 saylı və xx.xx.2020-ci il tarixli, 05 saylı arayışlarına əsasən vətəndaş Saatlı rayon “Ukrayna” kolxozunda müvafiq olaraq 1972-1973-cü və 1976- 1998-ci illərdə kolxozçu işləməsi barədə arxiv arayışları təqdim etmişdir. İddiaçının arxiv arayışları əsasında minimum adam günü normaları nəzərə alınmaqla sığorta stajı 1973-1975ci illərdə kişilər üçün minimum adam günü normalarını yerinə yetirərək 2 il sığorta stajı əldə etmişdir. 1979-cu ildə minimum 240 adam gününə qarşı 167 adam günü yerinə yetirilib 240/12=20 (bir aylıq adam günü norması), 167/20=8 ay və 1981-ci ildə minimum 240 adam gününə qarşı 205 adam günü yerinə yetirilib, 240/12=20 (bir aylıq adam günü norması), 205/20=10 ay, qalan illərdə kişilər üçün minimum adam günü normalarını yerinə yetirərək 1976-1998-ci illərdə 22 il 6 ay sığorta stajı əldə etmişdir. Beləliklə İddiaçı xx.xx.1973xx.xx.1975-ci illərdə hərbi xidmətə görə 1 il 10 ay 25 gün, 1973-1975-ci il və 1976-1998-ci illərdə kolxozda işlədiyi dövrə görə 24 il 6 ay, cəmi 26 il 4 ay 25 gün sığorta stajı vardır. İddiaçının 24 il 6 ay mübahisəli, 1 il 10 ay 25 gün mübahisəsiz sığorta stajı vardır. Son nəticədə iddiaçının 26 il 4 ay 25 gün sığorta stajı olmasına baxmayaraq əmək kitabçası təqdim etmədiyi və kolxozda işlədiyi illər üzrə məcburi dövlət sosial sığorta haqqları ödənilməsi barədə sənədlər filiala təhvil verilmədiyinə görə həmin illər iddiaçının sosial sığorta stajına daxil edilmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X4 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Saatlı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və xx.xx.2019-cu il tarixdə 64 yaş 6 ayı (x xxxx 2019-xx xxxx 2020-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaş 6 aydır) tamam olmuşdur. İddiaçının arxiv arayışındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Saatlı rayonu, Əhmədbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 361 nömrəli arayışından görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət keçmişdir. İşdə olan Dövlət Arxivinin Şirvan filialının xx.xx.2020-ci il tarixli, 05 nömrəli və xx.xx.2020-ci il tarixli, 225 nömrəli arxiv arayışlarından görünür ki, İddiaçı 1972-1973-cü və 1976-1998-ci illərdə “Ukrayna” adına kolxozda işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, xx xxxxxxx 2010-cu il tarixdə qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.3.1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 64 yaş 6 aya çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatı imkan vermədikdə azı 25 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 64 yaş 6 ay yaş həddinə çatmasına baxmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx xxxxxx 2020-ci il tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı imkan vermədiyinə və təqdim etdiyi Dövlət Arxivinin Şirvan filialının xx.xx.2020-ci il tarixli, 05 nömrəli arayış və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 361 saylı arayışa əsasən 25 ildən az sosial sığorta stajı olduğuna görə əmək pensiyası hüququnun yaranmadığı üçün yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunur. İşdə olan Dövlət Arxivinin Şirvan filialının xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubuna əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şirvan şəhər filialının pensiya sektorunun baş məsləhətçisi Z.A.Məmmədovanın, Dövlət Arxivinin Şirvan filialının direktoru H.H.Hüseynovun, Arxivçi T.S.Gözəlovanın iştirakları ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Saatlı rayon “Ukrayna” kolxozunda 1972-1973-cü illər, 1976- 1998-ci illər üzrə əmək stajı yerində yoxlanılmış, Dövlət Arxivinin Saatlı filialı tərəfindən İddiaçı adına verilmiş arxiv arayışları yoxlanılmış, heç bir uyğunsuzluq aşkar olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.2020-ci il tarixli, 05 nömrəli və xx.xx.2020-ci il tarixli, 225 nömrəli arxiv arayışlarını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Dövlət Arxivinin Şirvan filialının xx.xx.2020-ci il tarixli, 05 nömrəli və xx.xx.2020-ci il tarixli, 225 nömrəli arxiv arayışlarını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının 1972-1973-cü və 1976-1998-ci illərdə “Ukrayna” adına kolxozda işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi, iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Eyni zamanda iddiaçının kolxozda işlədiyi illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməsinə dair sənədlərin arxiv təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Məhkəmə Dövlət Arxivinin Şirvan filialının xx.xx.2020-ci il tarixli, 05 nömrəli və xx.xx.2020-ci il tarixli, 225 nömrəli arxiv arayışlarını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 1972-1973-cü və 1976-1998-ci illərdə “Ukrayna” adına kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq edilməlidir. Başqa sözlə, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerini yetirildiyi nəzərə alınmalıdır. Dövlət Arxivinin Şirvan filialının xx.xx.2020-ci il tarixli, 05 nömrəli və xx.xx.2020-ci il tarixli, 225 nömrəli arxiv arayışlarından müəyyən edilir ki, “Ukrayna” adına kolxozda minimum əmək iştirakı norması 1972-1973-cü və 1976-1987-ci illərdə 240 gün, 1988-1998-ci illərdı isə 210 gün olmuşdur. İddiaçı 1972-1973, 1976-1978, 1980, 1982-1998-ci illərdə minimum əmək iştirakı normasını tam yerinə yetirdiyindən həmin illər ona tam əmək stajı kimi hesablanmalıdır. İddiaçı 1979-cu və 1981-ci ildə isə minimum əmək iştirakı normasını tam yerinə yetirməmişdir (1979-cu ildə 167 gün, 1981-ci ildə 205 gün). Ona görə də həmin illər ona tam əmək stajı (24 ay) kimi deyil, 18 ay 15 gün (167+205=372 x 12=4464:240=18,6) hesablanmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı “Ukrayna” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri və hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı xx.xx.1973-xx.xx.1975-ci il tarixlərdə hərbi xidmətdə olduğu müddət və 1972-1973-cü və 1976-1998-ci illərdə “Ukrayna” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Saatlı rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1973-xx.xx.1975-ci il tarixlərdə hərbi xidmətdə olduğu müddət və 1972-1973cü və 1976-1998-ci illərdə “Ukrayna” adına kolxozda əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Saatlı rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1657/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1657/2020
26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver