Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1658/2022 10.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1972-ci il tarixdən 1974-cü il tarixə kimi Salyan rayonu Arbatan kəndi “Əzizbəyov” adına kolxozda işlədiyi illəri ümumi iş stajına daxil etməklə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək onun 1972-ci il tarixdən 1974-cü il tarixə kimi Salyan rayonu Arbatan kəndi “Əzizbəyov” adına kolxozda işlədiyi illəri ümumi iş stajına daxil etməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi iş illərini sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia onunla əsaslandırılmışdır ki, o, 1972-ci il tarixdən 1974-cii il tarixə kimi Salyan rayon Arbatan kənd “Əzizbəyov" adına kolxozda işləmişəm və əmək haqqı almışdır.Lakin cavabdeh onun 1972-ci il tarixdən 1974-cii il tarixə kimi Salyan rayon Arbatan kənd “Əzizbəyov" adına kolxozda işlədiyi müddəti ümumi iş stajıma daxil etməyib. O, cavabdehə müraciət edərək 1972-ci il tarixdən 1974-cii il tarixə kimi müddətin ümumi iş stajıma daxil edilməsini xahiş etmişdir. 25 aprel 2022-ci il tarixdə cavabdeh onun ərizəsi ilə əlaqədar imtinaedici inzibati akt qəbul edib. Cavabdeh imtinaedici aktını onunla əsaslandırıb ki, Nazirlər Kabinetinin qərarına görə tələb etdiyim məsələ onların səlahiyyətindən kənardadır, (cavabdehin imtinaedici aktının surəti əlavə edilir). Hesab edir ki, bu iddia inzibati mühakimənin predmeti olduğundan mümkün sayılmalı və ərazi aidiyyəti baxımından Şirvan İnzibati Məhkəməsində baxılmalı və cavabdehin imtinaedici qərarı mahiyyət üzrə mənim hüquqlarımı pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdehin nümayəndəsi X5 iddiaya qarşı təqdim etdikləri etiraza uyğun məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 1 il 9 ay 1 gün, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 9 ay 8 gün, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 5 ay 10 gün, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək 4 ay 13 gün, xx.xx.1983-cü il tarixdən 01,09.2000-ci il tarixədək 17 il 16 gün əmək fəaliyyəti dövrləri, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il 12 gün hərbi xidmət dövrü nəzərə alınmaqla mübahisələndirilməyən ümumi iş stajı 24 il 2 ay 27 gün təşkil edir. İddiaçı 24 il 2 ay 27 gün ümumi iş stajına əsasən pensiya sığorta kapitalı pensiya yaşına çatdığı xx.xx.2022-ci il tarixədək indeksləşdirilməklə 19711,626 manat təşkil edir. İddiaçı mübahisəli sosial sığorta stajı 1972-ci il tarixdən 1974-cü il tarixədək Salyan rayon Arbatan kənd “Əzizbəyov adına kolxoz”unda işlədiyi dövrlər təşkil edir. Əmək kitabçası olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, iddiaçı X4 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən İddiaçı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmənin keçmiş iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən 24 il 02 ay 27 gün (əmək kitabçasında və hərbi xidmətdə olduğu dövr) mübahisələndirilməyən illər kimi götürüldüyü və sosial sığorta stajına daxil edildiyi və iddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2022-ci il tarixdən yarandığı müəyyən edilmişdir. Cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür:
1. Milli Arxiv İdarəsi Salyan rayon Dövlət Arxivinin arayışında qeyd olunmuş Salyan rayon “Əzizbəyov” adına kolxozda olan əmək fəaliyyəti dövrünün məhkəmə qaydasında təsdiq edilməli olması;
2. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulması, xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, onun kolxozda işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən kolxozda işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışı və əmək haqqı cədvəlləri təşkil edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Salyan rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş arayışlardan və əmək haqqı cədvəlləri əsasında müəyyən olunur ki, iddiaçı 1972-1974-cü illəri əhatə edən dövrlərdə Salyan rayon “Əzizbəyov” adına kolxozda işləmişdir. Nəzərə alınmalıdır ki,vətəndaşın kolxozda işlədiyi dövrü sosial sığorta stajına daxil edilməsi aşağıda göstərilənlər əsasında həyata keçirilir. Belə ki, 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Salyan rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması 1972-1973-cü illərdə 240, 1974-cü ildə isə 220 olmuşdur. Buna qarşılıq iddiaçı 1972-1973-cü illərdə adam günü norması qeyd edilməmiş, 1974-cü ildə 216 gün işləmişdir. Göründüyü kimi, iddiaçı 1972-1973-cü illərdə işləməsə də, 1974-cü ildə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin il (1974) ona tam əmək stajı kimi hesablana bilməz. Həmin il iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin ildə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 216 x 12 = 3252/280 =11,78 (30x0,78=23 gün) =11 ay 23 gün. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1974-cü ildə işlədiyi dövr nəzərə alınmalı və 11 ay 23 gün sığorta stajına daxil edilməlidir. Məhkəmə bir daha vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı). Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi X6 Filialının xx.xx.2022-ci il tarixli, 128 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, X6 Filialının xx.xx.2022-ci il tarixli, 128 nömrəli nömrəli arxiv arayışı üzrə 12 oktyabr 2022-ci il tarixdə qarşılıqlı yoxlama aktı tərtib edilmiş və arxiv arayışında qeyd ediln halların invertarizasiya cədvəllərində öz əksini tapdığı müəyyən edilmişdir. X6 filialında saxlanılan Salyan rayon Arbatan kənd “Əzizbəyov” adına kolxozun invertarizasiya cədvəllərində İddiaçı ata adının qeyd edilməməsi həmin şəxsin iddiaçı olmadığı anlamına gəlməməlidir. Yəni başqa şəxsin (mühasibin və s) hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Göründüyü kimi həmin qərarda qeyd edilən hallar arxiv arayışında aşkar edilməmiş, arayış tərtib edildiyi zaman qanunvericiliyin qeyd edilən normaları pozulmamış və doğruluğu qarşılıqlı yoxlama aktına (xx.xx.2022-ci il tarixli) əsasən müəyyən edilmişdir. Başqa şəxsin (mühasibin və s) hər hansı əməli nəticəsində iddiaçının ata adının qeyd edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, arxiv arayışında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur, iddiaçının xx.xx.2006-cı il tarixədək hərbi xidmət, kolxozda və əmək kitabçasında qeyd edilən işlədiyi müddət nəzərə alınmaqla ümumilikdə 25 ildən çox (24 il 02ay 27 gün + 11 ay 23 gün= 25 il 02 ay 20 gün) ümumi iş stajı mövcuddur. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən 2 əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, B.B.Əminovun 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 15 fevral 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı X1 1972-ci il tarixdən 1974-cü il tarixə kimi Salyan rayonu Arbatan kəndi “Əzizbəyov” adına kolxozda işlədiyi illəri ümumi iş stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov