Məhkəmə qərarları › İş №2-1(120)-1660/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1660/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1660/2021 05.10.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı İmişli rayon Bəcirəvan Bələdiyyəsinin nümayəndəsi X2, Üçüncü şəxs İmişli Regional Ədliyyə İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İmişli rayon Bəcirəvan Bələdiyyəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, üçüncü şəxslər İmişli Regional Ədliyyə İdarəsinə və İmişli rayon İcra və Probasiya şöbəsinə qarşı "xxxx" MMC-nin mədən vergisini ödətdirmək məqsədi ilə operativ bələdiyyə qulluqçusu məntəqəsinin və bələdiyyə vergi qulluqçusunun "xxxx" MMC-nin qum karxanasının giriş-çıxış yolunda nəzarətin yaradılması, operativ mədən vergisinin alınması” tələbinə dair iddianın mümkünlük məsələsinə 05 oktyabr 2021-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1nda baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı İmişli rayon Bəcirəvan Bələdiyyəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, üçüncü şəxslər İmişli Regional Ədliyyə İdarəsinə və İmişli rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qum daşıyıcı yük maşınlarının qumla yüklənmiş “Kamaz” və “Şaqman” markalı yük maşınlarına görə ərazini tərk edərkən hər kubmetr qum tikinti materialına görə 1 manat mədən vergisini dərhal bələdiyyə vergi qulluqçusuna ödəməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə mədən vergisini ödətdirmək məqsədilə gündəlik istehsal olunan və satılan qum tikinti materialına görə hər günün sonunda karxanadan çıxan “Kamaz” və “Şaqman” markalı yük maşınlarının tutum qabiliyyətləri nəzərə alınmaqla hər kubmetrə görə 1 manat mədən vergisinin ödənilməsinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə İmişli Rayon İcra Hakimiyyəti 2014-cü ildə müvafiq sərəncamla 6 hektar torpaq sahəsini tikinti materialı qum istehsal etmək üçün uzun müddətli icarəyə vermiş və bu barədə icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsinə əsasən "xxxx" MMC-yə ayrılan torpaq sahəsi Bəcirəvan kəndinin araz çayı səmtindən olmaqla çayın orta səmtinə quraşdırılan qum sovurucu nasoslarla istehsal edilməli, icarəyə verilən ərazilərdə isə istehsal olunmuş qumun toplanaraq yük maşınlarına yüklənməsi üçün nəzərdə tutulmuşdur. İstehsalçı müəssisə təyinatdan kənar hərəkətlərə yol verməklə sərəncamda və müqavilədə nəzərdə tutulan ərazilərdən də kənarda qeyri-qanuni yollarla qazıntı işləri aparmış, ərazini korlamış, fermerlərin və pay torpaq sahiblərinin əkin sahələrini toz altında qoymaqla yanaşı icarəyə verilmiş ərazidə çoxlu sayda qanunsuz qazıntı işlərinə yol verməklə ərazini sürüşmə zonasına çevirmiş, riskli vəziyyətə salmış, araz çayının sahilbərkitmə və bəndlənmiş hissələrini sıradan çıxartmışdır. 2014-cü ildən bu günə kimi "xxxx" MMC-yə məxsus qum karxanası, qum istehsalı ilə məşğul olmuş, istehsalını genişləndirmiş, təqribən hər gün 50- 80 “Şaqman” və “Kamaz” markalı yük maşını ilə qum istehsal edərək satış üçün Bakı şəhərinə və Respublikanın digər regionlarına göndərmiş və göndərməkdədir. Bir neçə ayın vergi bəyannaməsini və mədən vergisi istisna olmaqla "xxxx" MMC mədən vergisini və mədən vergi borcunu ödəməmiş, vergi bəyannaməsini yerli bələdiyyəyə verməmişdir. Bununla bağlı bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları tərəfındən mütəmadi olaraq "xxxx" MMC-nin rəhbərliyinə irad tutulmuş, xəbərdarlıqlar edilmiş, səyyari aktlar tərtib edilməklə son bildirişlər təqdim olunmuşdur. Yenə mədən vergisini və vergi bəyannaməsini təqdim etməyən "xxxx" MMC barəsində inzibati tədbirlər görmək məqsədi ilə aidiyyəti orqanlar məlumatlandırılmışdır. Bəcirəvan bələdiyyəsi müvafıq iclas protokolunun qərarı əsasında "xxxx" MMC-nin qum karxanasının giriş-çıxış yolunun üzərinə müşahidə kamerası yerləşdirilmiş, hər ay bələdiyyə qulluqçusu kamerası vasitəsi ilə istehsalçı müəssisənin mədən vergisi və mədən vergi borcu hesablanmışdır. Mədən vergisi haqqında qanuna əsasən bələdiyyənin ərazisində fəaliyyət göstərən mədən hasilatı ilə məşğul olan hüquqi və fıziki şəxslər mədən vergisini yerli bələdiyyəyə ödəməlidir və bələdiyyələrin statusu, eləcə də nümunəvi nizamnaməsinə uyğun olaraq bələdiyyə ərazisində bütün hüquqi və fıziki şəxslər üçün bələdiyyənin qərarları məcburi xarakter daşıyır. "xxxx" MMC Bəcirəvan bələdiyyəsinin ərazisində fəaliyyət göstərən hüquqi şəxsdir, mədən vergi bəyannaməsini və mədən vergisini Bəcirəvan bələdiyyəsinə ödəməlidir. Uzun müddət Bəcirəvan bələdiyyəsinin ərazisində qum istehsal edən "xxxx" MMC-nin Bəcirəvan bələdiyyəsinə 3.700.000 (üç milyon yeddi yüz min) manatdan çox mədən vergi borcu yaranmış, 2021-ci ilin mart ayından bu günə kimi yalnız 500 manat dəyərində vergi bəyannaməsi təqdim edilməklə mədən vergisi ödəmişdir. İstehsalçı müəssisə bilərəkdən, qəsdən mədən vergisini ödəmir, vergi bəyannaməsini təqdim etmir və külli miqdarda yaranan mədən vergi borcunu ödəmir. "xxxx" MMC-nin mədən vergisini və mədən vergi borcunu ödəməməsi ilə bağlı Bəcirəvan bələdiyyəsi müvafıq iclas qərarları ilə, 3.238.000 manat, 306.920 manat, 90.170 manat iclası qərar qəbul etmiş, aidiyyatı orqanlara, İmişli İcra və Probasiya Şöbəsinə icra hərəkətlərinə başlanmaq üçün göndərmişdir. Lakin cavabdeh həmin qərarı könüllü icra etməmiş, İmişli rayon Bəcirəvan bələdiyyəsinin ilkin qərarından 3.238.000 manat mədən vergi borcunun ləğv edilməsindən və Bəcirəvan bələdiyyəsinin bu barədə olan müvafiq qərarınm qüvvədən düşmüş hesab edilməsindən Şirvan İnzibati Məhkəməsində iddia tələbi irəli sürmüşdür. "xxxx" MMC yenə mədən vergi bəyannaməsini bələdiyyəyə təqdim etmir, mədən vergisini və mədən vergi borcunu ödəmir. Bütün bu qanunsuzluqlarla bağlı dövlət orqanları və digər aidiyyatı qurumlar məlumatlandırılmış, Bələdiyyələrlə İş İdarəsi, İmişli Regional Ədliyyə İdarəsi, İmişli Rayon İcra Hakimiyyəti kifayət qədər məlumatlandırılmışdır. Azərbaycan Respublikası İnzibati-prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya məhkəmə tərəfindən müraciət olnumuş, iddianın mümkünlüyü və iddiaçının dinlənilməsinin təmin edilməsinə dair məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı İmişli rayon Bəcirəvan Bələdiyyəsinin nümayəndəsi X4 və üçüncü şəxs İmişli Regional Ədliyyə İdarəsinin nümayəndəsi X3 gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 bildirdi ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahilş etdi. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndələrini dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: - (maddə 8.1.1) bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; - (maddə 8.1.2) fiziki şəxslərin əmlak vergisi; - (maddə 8.1.3) yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; - (maddə 8.1.4) bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: (82.3.1) borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması, (82.3.2) pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi, (82.3.3) inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, inzibati orqan İmişli rayon Bəcirəvan Bələdiyyəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müvafiq vergi borcunun tutulması barədə əlverişsiz inzibati akt qəbul olunması özünün səlahiyyətindədir. Belə olan halda inzibati orqan kimi İmişli rayon Bəcirəvan Bələdiyyəsi həmin Qanunun 82.1, 82.2, 82.3-cü maddələrinin tələblərinə əsaslanaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə əlverişsiz inzibati aktı qəbul etməklə onu icra sənədi kimi icraya yönəltmək («İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq) hüququ var. Bu qəbuldən olan işlərdə isə, məhkəmə qərarı tələb olunmur. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı İmişli rayon Bəcirəvan Bələdiyyəsi hazırkı tələblə inzibati məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı İmişli rayon Bəcirəvan Bələdiyyəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, üçüncü şəxslər İmişli Regional Ədliyyə İdarəsinə və İmişli rayon İcra və Probasiya şöbəsinə qarşı "xxxx" MMC-nin mədən vergisini ödətdirmək məqsədi ilə operativ bələdiyyə qulluqçusu məntəqəsinin və bələdiyyə vergi qulluqçusunun "xxxx" MMC-nin qum karxanasının giriş-çıxış yolunda nəzarətin yaradılması, operativ mədən vergisinin alınması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İmişli rayon Bəcirəvan Bələdiyyəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, üçüncü şəxslər İmişli Regional Ədliyyə İdarəsinə və İmişli rayon İcra və Probasiya şöbəsinə qarşı "xxxx" MMC-nin mədən vergisini ödətdirmək məqsədi ilə operativ bələdiyyə qulluqçusu məntəqəsinin və bələdiyyə vergi qulluqçusunun "xxxx" MMC-nin qum karxanasının giriş-çıxış yolunda nəzarətin yaradılması, operativ mədən vergisinin alınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar