Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1660/2022 07.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağcabədi Rayon İcra Hakimiyyətinə qarşı «Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı Sərancamının Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektindəki 77/11 nömrəli mənzilin X2 adına order verilməsi hissəsinin, həmçinin Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 565 saylı orderin ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 07 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Ağcabədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı Sərancamının Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektindəki 77/11 nömrəli mənzilin X2 adına order verilməsi hissəsinin, həmçinin Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 565 saylı, xx.xx.2021-ci il tarixli orderin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 və X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Ağcabədi rayon X9 İcraiyyə Komitəsinin 30 may 1986-cı il tarixli, 69 nömrəli orderi ilə (keçmiş Lenin prospekti) Ağcabədi şəhəri, Ü.Hacıbəyli pospekti, bina 77, mənzil 11 ona verilmişdir. Ağcabədi rayon Arxiv şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan da görünür ki, Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli, 112 saylı protokolundan çıxanşa əsasən vətəndaşların mənzil sahəsi almaq üçün növbəyə yazılmalarma dair siyahların təsdiq edilməsi və Avtomobil Təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsi barədə Ağcabədi rayon, XDS İcraiyyə Komitəsi qərara almışdır. Avtomobil təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsinə dair Avtomobil təmiri zavodunun direktorluğu və həmkarlar təşkilatının 21 aprel 1986-cı il tarixli, 2 №-li protokolu və RİK-in mənzil məsələləri üzrə ictimai komissiyasnın rəyinə əsasən təqdim edilmiş siyahılar təsdiq edilmiş, əlavə edilmiş siyahının 13-cü sətirində ona yaşayış sahəsi 18.38 kv.m olan mənzil verilmişdir. Bundan başqa Ağcabədi RİHB-nin Aparatı tərəfindən verilmiş məktubdan görünür ki, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin verdiyi arayışa əsasən İddiaçı Tofıq oğlu sözügedən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzilində uzun illər yaşamamış və hal-hazırda da yaşamır. Həmin dövrdə o, özünə məxsus fərdi yaşayış evində yaşamışdır və hal-hazırda yaşayır. Belə ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzil fonduna aiddir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası tikilib istifadəyə verildiyi vaxtdan keçmiş Ağcabədi rayon Avtomobil təmiri zavodunun balansında olmuşdur. Avtomobil təmiri zavodu özəlləşdirilməsi zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında həmin Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin balansına verilmişdir. Həmin vaxt Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzili X7 adına olmaqla balansa verilmişdir və həmin ictimai Dövlət mənzilində X1 və mərhumənin qızı mərhumə X20 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Bununla əlaqədar olaraq Mənzil Məcəlləsinin maddələrinə əsasən Hüseynov X11 şəhəri, Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binasında qeydiyyatda olmadığına görə uzun illər yaşamamış və hal-hazırdada yaşamır, ona görə də İddiaçı yaşamaq hüququnu itirmişdir. İdarədə saxlanılan sənədlər araşdırılaraq İddiaçı Tofıq oğlunun əlində olan 30 may 1986-cı il tarixli, 69 nömrəli Order qeydiyyatda olmadığına görə İddiaçı adına İctimai Dövlət mənzili olmamışdır. Həmçinin, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektində, 77/11 №-li mənzildə yaşayır. Siz hal-hazırda sözügedən Ağcabədi şəhəri, Üzeyir Hacibəyii prospekti, 77/11 nömrəli Dövtət mənzilidə yaşamırsınız və həmin Dövlət mənzilində qeydiyyatda deyilsiniz, ona görə də həmin Dövlət mənzilində yaşamaq hüququnuz yoxdur. Məlumat üçün bildirirlər ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 174 N-lı sərəncamı əsasında X5 xx.xx.2021-ci il tarixli, 565 №-li Orderlə verilmişdir. Bundan başqa bildirir ki, Ağcabədi RİHB-nın xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncamını o, 27 aprel 2022-ci il tarixdə almışdır. Hesab edir ki, Ağcabədi RİHB tərəfındən qeyd edilən sərəncam qəbul edilərkən onun hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, qeyd edilən sərəncam qəbul edilərkən həmin mənzilə dair onun adına order mövcud olmuş, həmin order məhkəmə tərəfındən ləğv edilməmiş, eyni zamanda hal-hazırda o, həmin mənzildə pasport qeydiyyatındadır və qeyd edilən order hal-hazırda da qanuni qüvvədədir. Bundan əlavə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı tərəfındən qeyd edilən sərəncam qəbul edilərkən konkret hansı hüquq normasına istinad edilməsi göstərilməmişdir. Belə ki, hal-hazırda mövcud olan Mənzil Məcəlləsində order anlayışı nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən də Ağcabədi RİHB-nm xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncamının Üzeyir Hacıbəyli prospektindəki 77/11 №-li mənzilə X2 adına order yazılması hissəsini və eləcə də Ağcabədi RİH tərəfindən verilmiş 565 saylı, xx.xx.2021-ci il tarixli orderi qanunsuz və əsassız hesab edir və bildirir ki, qeyd edilən inzibati aktlar ləğv edilməlidir. Ona görə də o, artıq məhkəməyə müraciət edərək pozulmuş hüquqlarını məhkəmədə müdafiə etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 82 nömrəli Arxiv Çıxarışından görünür ki, Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli, 112 saylı protokolundan Çıxarışa əsasən vətəndaşların mənzil sahəsi almaq üçün növbəyə yazılmalarına dair siyahılarının təsdiq edilməsi və Avtomobil Təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsi barədə Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsi Qərara almışdır: Bənd 2. Avtomobil Təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsinə dair Avtomobil Təmiri zavodunun direktorluğun və həmkarlar təşilatının 21 aprel 1986-cı il tarixli, 2 №-li protokolu və RİK-in mənzil məsələləri üzrə ictimai komissiyasının rəyinə əsasən təqdim edilmiş siyahılar təsdiq edilsin (16 nəfər əlavə edilir). Əlavə edilmiş siyahının 13-cü sətrində İddiaçı ATZ-da fəhlə, ailə üzvlərinin sayı 1 nəfər hansı güzəştə düşür. Verilən mənzilin sahəsi m2, otaqların saylı 1, 18,38 kv.m, yeni mənzilin ünvanı B-Z.K.İİ. Bənd 5. Həmin siyahıda nəzərdə tutulmuş vətəndaşlara order yazılsın. İş materiallarında olan Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 30 may 1986-cı il tarixli, 69 nömrəli Orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1 nəfərdən ibarət ailəsi ilə birlikdə Lenin prospekti 25b evdə 11 nömrəli mənzildə, İİİ blokda, İ mərtəbədə, 1 otaqdan ibarət 18,38 kv.metr mənzil sahəsi tutmağa ixtiyarı vardır. Order verilməsi üçün əsas: Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli qərarı. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 25 oktyabr 2021ci il tarixli, 179 nömrəli sərancamın surətindən görünür ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 25 oktyabr 2021-ci il tarixli, 179 nömrəli sərancamı ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların qeydə alınması və Dövlət Mənzil Fondu evlərində yaşayış sahələrinin bölüşdürülməsi barədə İctimai Komissiyanın 08 oktyabr 2021-ci il tarixli, 01 saylı protokol qərarı təsdiq edilmiş, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindəki 77/11 saylı mənzilə X2 adına ordr yazılması qərara alınmışdır. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 565 nömrəli Orderin surətindən görünür ki, vətəndaş X3 Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindəki 77 saylı binanın İİİ blok, 1-ci mərtəbəsindəki, 18,38 kv.metr yaşayış sahəsi olan, 1 otaqlı, 11 saylı mənzilə 02 nəfər ailə üzvləri ilə brilikdə yaşamaq hüququ verilmişdir. Order sahibinin ailə tərkibi: X6, X10 (qardaşı). Order rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı sərancamına əsasən verilmişdir. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 485 saylı arayışından görünür ki, Hüseynov X11 şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 saylı edvə yaşayır. İş materiallarında olan Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 44 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Ağcabədi şəhər keçmiş Lenin prospekti 25b/11 №-li olan mənzil hazırda Üzeyir Hacıbəyli prospekti, 77//11 №-li mənzil İctimai Dövlət mənzil fonduna aiddir. Odur ki, həmin bina tikilib istifadəyə verilən vaxtdan keçmiş Avtomobil təmiri zavodu özəlləşdirilməsi zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında həmin Ü.Hacıbəyli prospekti 77 nömrəli, 16 mənzilli yaşayış binası Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin balansına verilən zaman həmin 11 №-li İctimai Dövlət mənzili X7 adına olmaqla balansa verilmişdir və həmin İctimai Dövlət mənzilində X1 və mərhumənin qızı mərhumə X20 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar və həmin İctimai Dövlət mənzilində mərhumlardan başqa heç kim qeydiyyatda yoxdur. Bununla əlaqədar olaraq Mənzil Məcəlləsinin maddələrinə əsasən Siz Hüseynov X11 şəhər keçmiş Lenin prospekti 25b/11 №-li mənzil hazırda Üzeyir Hacıbəyli prospekti, 77//11 №-li mənzildə qeydiyyatda olmadığınıza görə, uzun illərdir həmin İctimai Dövlət mənzilində yaşamadığınıza görə Siz yaşamaq hüququnuzu itirmisiniz. Bununla əlaqədar olaraq bildiririk ki, İdarədə saxlanılan arxiv sənədləri axtarılaraq Sizin əlinizdə olan 69 №-li orderin kötüyü və surəti olmadığına görə Sizin heç bir hüququnuz yoxdur. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 saylı İctimai Dövlət mənzili Ağcabədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 179 №-li sərancamı əsasında X3 xx.xx.2021-ci il tarixli, 565 №-li order əsasında ailə üzvləri ilə birlikdə yaşamaq hüququ verilmişdir. Odur ki, qanuna müvafiq olaraq Sizin adınıza Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsində mənzil qeydə alınmamışdır və özəlləşmə sənədlərinin verilməsi qeyriqanunidir. İş materiallarında olan Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 59 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Siz ərizənizdə göstərmisiniz ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 №-li mənzildə yaşayıram. Siz hal-hazırda sözügedən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 №-li Dövlət mənzilində yaşamırsınız və həmin Dövlət mənzilində qeydiyyatda deyilsiniz. Ona görə də həmin Dövlət mənzilində yaşamaq hüququnuz yoxdur. Məlumat üçün bildiririk ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 174 №-li sərancamı əsasında X3 xx.xx.2021-ci il tarixli, 565 №-li orderin surətini Mənzil Məcəlləsinin qanunlarına əsasən başqa vətəndaşa və digər tərəflərə verilməsi qeyriqanunidir. Vətəndaşın adına olan Orderin surəti o halda verilir ki, Məhkəmə prosesində və Vəkillər Kollegiyasının rəsmi sənədləri əsasında verilə bilər. Ona görə də qanuna müvafiq olaraq Sizə və fərdi vətəndaşlara vətəndaşların mənzilləri haqqında məlumat və sənədlərin surətlərinin verilməsi qanunsuzdur. İş materiallarında olan Ağcabədi rayon X12 Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 65 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Arxivdə mühafizə olunan sənədlərə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, XDS və Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş mənzil orderləri arxivdə mühafizə olunmur. Odur ki, müraciətinizdə göstərdiyiniz ünvanda İddiaçı Tofıq oğlununn adına order olması barədə arxivdə hər hansı bir məlumat yoxdur. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ağcabədi rayon Vəkil Bürosunun müdiri Əbülhəsən Əmirova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 10/103 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin verdiyi arayışa əsasən bildiririk ki, İddiaçı sözügedən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzilində uzun illər yaşamamış və hal-hazırdada yaşamır. Həmin dövrdə İddiaçı Tofıq oğlu özünə məxsus fərdi yaşayış evində yaşamışdır və hal-hazırda yaşayır. Belə ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzil fonduna aiddir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası tikilib istifadəyə verildiyi vaxtdan keçmiş Ağcabədi rayon Avtomobil təmiri zavodunun balansında olmuşdur. Avtomobil təmiri zavodu özəlləşdirilməsi zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında həmin Ü.Hacıbəyli prospekti 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin balansına verilmişdir. Həmin vaxt Ü.Hacıbəyli prospekti 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzili X7 adına olmaqla balansa verilmişdir və həmin İctimai Dövlət mənzilində X1 və mərhumənin qızı mərhumə X20 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Bununla əlaqədar olaraq Mənzil Məcəlləsinin maddələrinə əsasən İddiaçı Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binasında qeydiyyatda olmadığına görə uzun illər yaşamamış və hal-hazırda da yaşamır, ona görə də İddiaçı yaşamaq hüququnu itirmişdir. İdarədə saxlanılan sənədlər araşdırılaraq İddiaçı əlində olan 30 may 1986-cı il tarixli, 69 nömrəli Order qeydiyyatda olmadığına görə İddiaçı adına İctimai Dövlət mənzili olmamışdır. İş materiallarında olan Ağcabədi rayon X15 rayon Hüquq Məsləhətxanasının vəkili Aygün Kərimovaya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 9/129-9287 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin xx.xx.2022-ci il tarixli, 38 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, xx.xx.1985-ci ildə Ağcabədi şəhərində anadan olmuş, X6 xx.xx.2019-cu il tarixdə Ağcabədi RPŞ-si tərəfindən AA ******* nömrəli şəxsiyyət vəsiqəsi almış və Ağcabədi şəhəri, Təbriz küçəsi, ev 48-də qeydiyyatdadır; xx.xx.1999-cu ildə Ağcabədi şəhərində anadan olmuş, X10 xx.xx.2017-ci il tarixdə Ağcabədi RPŞ-si tərəfindən AZE 16979847 nömrəli şəxsiyyət vəsiqəsi almış və Ağcabədi şəhəri, Təbriz küçəsi, ev 48-də qeydiyyatdadır. İş materiallarında olan Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin Ağcabədi rayon Vəkil Bürosunun müdiri Əbülhəsən Əmirova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 75 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin 22 aprel 2022-ci il tarixli, VBS-11/22 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsində saxlanılan Ağcabədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 179 №-li sərancamı ilə xx.xx.2021-ci il tarixli, 565 №li Order əsasında X3 ailəsi ilə birlikdə yaşamaq hüququ verilmişdir. Odur ki, həmin Orderin surəti Sizə göndərilir. Ağcabədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 179 №-li sərancamın surəti və kopiyası Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsində saxlanılmadığına görə Sərancamı sizə təqdim edə bilmirik. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/97 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin rayon İcra Hakimiyyətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli, 177 saylı məktubunda İddiaçı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25B/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı İctimai Dövlət mənzilində qeydiyyatda olmadığı və yaşamadığı, həmçinin onun adına olan xx.xx.1986-cı il tarixli, 69 nömrəli orderin arxiv sənədlərinin rayon Dövlət arxivində tapılmadığı müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, ünvan 7, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı İctimai Dövlət mənzilində X1 və övladı mərhumə X20 uzun müddət qeydiyyatda olmaqla yaşamışlar. X1 və övladı mərhumə X14 vəfatlarından sonra həmin mənzilin boş olduğu nəzərə alınaraq giriş qapısı Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli akt əsasında möhürlənmişdir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25B/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı İctimai Dövlət mənzlinə rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncami ilə təsdiq edilmiş rayon İcra Hakimiyyətinin 565 nömrəli orderi əsasında himayəsində əlil qardaşı olan X3 və qardaşı X8 yaşamaq hüququ verilmişdir. Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin xx.xx.2021-ci il tarixli tərtib etdiyi akt əsasında həmin mənzil X4 və qardaşı X8 təhvil verilmişdir. Odur ki, araşdırma zamanı Ağcabədi rayon Dövlət Arxivinin 16 avqust 2021-ci il tarixli, 65 saylı və Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, 177 saylı məktubları əsasında İddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbləri əsasında ünvan 7, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan 1 otaqlı İctimai Dövlət mənzilində qeydiyyatda olmadığı və yaşamadığı, eyni zamanda araşdırma zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2020-ci il tarixli, ********** saylı məktubunda İddiaçı özünə məxsus fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. İddiaçı adına olan xx.xx.1985-ci il tarixli, 69 saylı orderin heç bir yerdə qeydiyyatda və hüquqi əsası olmadığı aşkar edilmişdiir. Məhkəmə cavabdehin bu dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli ünvan 7 ünvanında yerləşən yaşayış sahəsi 18.38 m2 olan 1 otaqlı 11 nömrəli mənzil Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli qərarına əsasən İddiaçı ayrılmış və həmin mənzilə dair Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən 30 may 1986-cı il tarixli, 69 nömrəli Order verilmişdir. Lakin buna baxmayaraq həmin order qüvvədə ola-ola Ağcabədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 179 №-li sərancamı ilə xx.xx.2021-ci il tarixli, 565 №-li Order əsasında X3 ailəsi ilə birlikdə yaşamaq hüququ verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindəki 77/11 saylı mənzilə X2 adına order yazılmasına dair cavabdeh Ağcabədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 179 №-li sərancamını və həmin sərancam əsasında verilmiş xx.xx.2021-ci il tarixli, 565 №-li Order əsassızdır və iddiaçı həmin Sərancamı və orderin ləğv edilməsini tələb etməkdə haqlıdır. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin 10cu maddəsinə əsasən Azərbaycan vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşların dövlət və ya ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X9 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələrinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Qeyd olunan Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsinə icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar adına order verilmiş vətəndaş arasında yazılı şəkldə bağlanır, dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətiçisi ilə kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri öz şəxsi mülkiyyətinə keçirmək hüququ var. Belə özəlləşdirmə könüllü və pulsuzdur (“Mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanunun 1-2-ci maddəsi). Məhkəmə cavabdehin “İddiaçıTofiq oğlunun Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25B/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı İctimai Dövlət mənzilində qeydiyyatda olmadığı və yaşamadığı, həmçinin onun adına olan xx.xx.1986-ci il tarixli, 69 nömrəli orderin arxiv sənədlərinin rayon Dövlət arxivində tapılmaması” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 82 nömrəli Arxiv Çıxarışından görünür ki, mübahisəli mənzil iddiaçı Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli qərarına əsasən İddiaçı ayrılmış və həmin mənzilə dair Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən 30 may 1986-cı il tarixli, 69 nömrəli Order verilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin iddiaçıya ayrılması Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli qərarı, eləcə də Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən verilmiş 30 may 1986-cı il tarixli, 69 nömrəli Orderlə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, həmin sənədlər mötəbər hesab olunur. Məhkəmə, İddiaçı yaşayış hüququ verən orderin adına olduğu mənzildən könüllü və birdəfəlik çıxıb getməsinin ağlabatan olmadığını da nəzərə almaqla hesab edir ki, işdəki sübutların məcmusu İddiaçı mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi qənaətinə gəlməyə əsas verməməkdədir. Məhkəmə onu da nəzərə alır ki, mübahisəli mənzil dövlət mənzil fondu evi olmaqla, İddiaçı müddətsiz istifadə üçün verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair İddiaçı adına verilmiş order ona mübahisəli mənzildən müddətsiz istifadə hüququ verdiyindən, onun müəyyən müddət üçün həmin mənzildən istifadə etməməsi də onun həmin mənzil üzərində olan hüquqlarından məhrum edilməsinə gətirib çıxara bilməz. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh inzibati orqanın qəbul etdiyi qərar mövcud qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən cavabdeh inzibati orqan üçüncü şəxslə yalnız sosial kirayə müqaviləsi bağlamaqla, mübahisəli mənzili üçüncü şəxslərin sahibliyinə və istifadəsinə verə bilər. Lakin mübahisələndirilən sərancamdan göründüyü kimi, həmin sərancamla X2 adına order yazılması qərara alınmış, həmin sərancama əsasən X3 mübahisəli mənzilə dair order verilmişdir. Həmin orderlə də X3 Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindəki 77 saylı binanın İİİ blok, 1-ci mərtəbəsindəki, 18,38 kv.metr yaşayış sahəsi olan, 1 otaqlı, 11 saylı mənzilə 02 nəfər ailə üzvləri ilə birlikdə yaşamaq hüququ verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Bundan başqa, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.2-ci maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər inzibati icraatın iştirakçılarıdır. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Lakin, iş materiallarından göründüyü kimi, cavabdeh inzibati orqan inzibati icraatın iştirakçı hesab olunan, yəni mübahisənin predmetinin əsasını təşkil edən mübahisəli mənzil barəsində iddiaçının hüquq və maraqlarına toxunan inzibati aktın qəbul edilməsini nəzərdə tutan inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməmiş, bununla da, qanunvericiliyin qeyd olunan maddəsinin tələbini pozmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsaasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Lakin, iş materiallarından, o cümlədən iddia ərizəsindən göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçıya onun hüquq və maraqlarına toxunan inzibati aktın qəbul edildiyi barədə rəsmi məlumat verməmiş və bununla da, qanunvericiliyin qeyd olunan maddəsinin tələbini pozmuşlar. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Məhkəmənin gəldiyi hüquqi nəticə “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyi ilə eynilik təşkil edir. Həmin qərarın əsaslandırıcı hissəsində (qərarın 6-cı səhfəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci abzaslarında) qeyd olunur: “Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Odur ki, arxivdə iddiaçının adına olan 69 №-li orderin kötüyü və surətinin olmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir”. Məhkəmə Konstitusiya Məhkəməsinin qərarında göstərilənləri hazırkı mübahisə ilə bağlı vurğulayır ki, mübahisəli mənzilin iddiaçıya ayrılmasına dair Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli qərarı, həmin qərara əsasən İddiaçı adına Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən verilmiş 30 may 1986-cı il tarixli, 69 nömrəli Order qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, hər hansı başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Həmin qərar və order hüquqi qüvvəsini saxladığından və hüquqi cəhətdən etibarlı sayıldığından, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində iddiaçının etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etdirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə cavabdeh inzibati orqan iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. «İnzibati icraat haqqında» Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı Sərancamının Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektindəki 77/11 nömrəli mənzilin X2 adına order verilməsi hissəsinin, həmçinin Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı Sərancamına əsasən X2 adına verilmiş xx.xx.2021-ci il tarixli, 565 saylı orderin ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı Sərancamı Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektindəki 77/11 nömrəli mənzilin X2 adına order verilməsi hissəsi, həmçinin Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı Sərancamına əsasən X2 adına verilmiş xx.xx.2021-ci il tarixli, 565 saylı order ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1660/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1660/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver