Məhkəmə qərarları › İş №2-1(120)-167/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-167/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-167/2022 20.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 mart 2021-ci il tarixli, **********289400 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 20 sentyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kiçik Müəssisəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 05 mart 2021-ci il tarixli, **********453900 saylı və Dövlət Vergi Xidmətinin 17 may 2021-ci il tarixli, **********265600 saylı qərarla "xxxx" Kiçik Müəssisəsinin adına yazılmış, kameral qaydada əlavə olaraq hesablanmış 6824,00 (altı min səkkiz yüz iyirmi dörd) manat məbləğində mənfəət vergisinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 05 mart 2021-ci il tarixli, **********289400 nömrəli qərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarxili qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Kiçik Müəssisəsi (VÖEN: **********), fəaliyyət kodu- 47302 və fəaliyyət növü-yanacaqdoldurma məntəqəsində neft məhsullarının pərakəndə satışı ilə Lənkəran rayonunda məşğul olur. Müəssisə fəaliyyət dövründə hər il dövlət büdcəsinə mənfəət vergisi, əmlak vergisi və sosial vergilər ödəməklə yanaşı, göstərdikləri pərakəndə satışa görə 2020-ci ildə ƏDV-ə görə 16781,90 manat Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin hesabına köçürmüşdür. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 05 mart 2021-ci il tarixli, **********289400 saylı Qərarla, kameral yoxlama nəticəsində 2020-ci il üçün, "xxxx" Kiçik Müəssisəsinə (KM) 6824,00 (altı min səkkiz yüz iyirmi dörd) manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Belə ki, 2020-ci il üçün təqdim etdikləri "xxxx" bəyannaməsi üzrə cəmi 1425,70 manat məbləğ göstərilməsinə baxmayaraq, vergi orqanı tərəfindən 2020-ci il üçün aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 8249,70 manat hesablanmaqla 8249,70 manat-1425,70 manat = 6824,00 manat əlavə vergi borcunun hesablanması haqqında Qərar verilmişdir. Dövlət Vergi Xidmətinə 11 mart 2021-ci il tarixində **********453900 saylı məktubla verilən Qərarın ləğv edilməsi ilə bağlı şikayət ünvanlamışlar. Bundan sonra Dövlət Vergi Xidmətində bir müddət sonra guya araşdırma aparıldıqdan sonra, inzibati şikayətin təmin edilməməsi haqqında 17 may 2021-ci il tarixində **********265600 saylı Qərar verilmişdir. Odur ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 05 mart 2021-ci il tarixli, **********89400 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişlər. Belə ki, hüquqi şəxs- "xxxx" KM, digər tərəf "xxxx" QSCnin direktor müavini X4 şəxsində xx.xx.2020-ci il tarixli, № 11/447 saylı yanacağın Alış müqaviləsi əsasında, "xxxx" Neft Şirkətinin Bakı şəhərində yerləşən anbarlarından neft məhsullarını (benzin, dizel yanacağını və s.) Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən YDM-nə (X8) pərakəndə satışını təmin etməkdən ötrü bağlanmışdır. Həmin "xxxx" QSC ilə bağlanmış Alış müqaviləsinin 3.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X11 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınmanın” həyata keçirilməsi qeyd olunmuşdur. Bu o deməkdir ki, yanacağın daşınması 01 yanvar 2020-cu il tarixli, sürücü-fiziki şəxs X12 (VÖEN **********) ilə bağlanmış “Müqavilə” əsasında həyata keçirilir. Hər ay daşınan yanacağa görə sürücü tərəfindən Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən (görülən işlərə və göstərilən xidmətlərə görə e-qaimələr təqdim edilir) alınmış malların sənədləri - Elektron qaimə və Elektron vergi hesab fakturası AVİS bazasında öz əksini tapmışdır. Yəni alınmış malların dəyəri AVİS bazasından da göründüyü kimi e-qaimə təqdim edilir və daşınma haqqı sürücünün bankdakı hesablaşma hesabına köçürülür. Lakin 2020-ci il üçün “Mənfəət vergisi bəyannaməsi”-ndə yanacağın daşınması ilə bağlı 34120,00 manat xərc gəlirdən çıxılan xərclərə aid edilməmiş və araşdırma üçün zəruri olan sənədləri tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrini əsas gətirərək 2020-ci il üçün 6824,00 manat əlavə mənfəət vergi hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********289400 nömrəli Qərar qəbul olunmuşdur. Bu Qərarla bağlı olaraq xx.xx.2021-ci il tarixli, **********453900 nömrəli şikayət məktubu ilə etirazlarını bildirərək müraciət etmişlər ki, Qərar verməkləri üçün bu əsas ola bilməz, çünki yanacağın daşınması ilə bağlı 34120,00 manat xərcə aid olan sənədlər və eləcə də digər xərclərlə bağlı sənədlər Elektron qaimə və Elektron vergi hesab fakturaları AVİS bazasında öz əksini tapmışdır. Onların şikayət məktublarına Dövlət Vergi Xidmətində baxılaraq heç bir araşdırma aparılmayaraq 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Qərarını xx.xx.2020-ci il tarixli, **********265600 nömrəli Qərar ilə dəyişdirilmədən qüvvədə saxlamışdır. Bundan əlavə olaraq Tarif Şurasının 14 yanvar 2015-ci il tarixli, 2 nömrəli Qərarının 2.5-ci bəndini əsas gətirilməklə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən parakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edildiyi bildirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1, 24.2 və 24.3-cü maddələrinə əsasən inzibati orqan, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmağa borcludur. X16 məlum Qərarına əsasən, ”Sokar Petroleum” satdığı yanacağı, alıcının fəaliyyət göstərən parakəndə satış yerlərinə qədər daşınmasına borcludur. Faktiki olaraq “Sokar Petroleum” bunu həyata keçirməmiş və alıcıya bu məhsulun daşınmasını öz nəqliyyat vasitəsi və vəsaiti hesabına həyata keçirməsini bildirmişdir. Bu ziddiyyətli məqamı Vergi Orqanı bilərəkdən özü nəzərindən qaçırmış “Sokar Petroleum’a yanacağın daşınması onun nəqliyyat vasitələri və vəsaiti hesabına həyata keçirilməsi tələb olunmaqla ciddi sanksiyalar tətbiq olunmalı idi. Lakin onlar bunun əksini gördülər və onlar ciddi sanksiyalara məruz qaldılar. Nəticədə sürücüyə 2020-ci il ərzində ödənilən 34120,00 manat vəsaitin “Gəlirdən çıxılan xərclər” siyahısından çıxarılmaqla (34120.0 x 20%) = 6824,00 manat şəxsi hesab vərəqəsinə kameral yoxlama qaydasında əlavə olaraq mənfəət vergisi hesablanmışdır. "xxxx" KM hüquqi şəxs kimi, Vergi Məcəlləsinin 108-ci maddəsini əsas tutaraq, (gəlirin əldə edilməsi ilə bağlı çəkilən bütün xərclərin gəlirdən çıxılması) təqdim etdiyi "xxxx" bəyənnaməsində qeyd etmişdir. Müəssisənin 2020-ci il ərzində aylar üzrə cari ƏDV bəyannamələri, illik əmlak, torpaq və mənfəət vergisi bəyannaməsi vaxtında təqdim etməklə bərabər ödənişləri də həyata keçirmişdir. Bu məlumatları şəxsi hesab vərəqəsindən də aydın görmək olur. Aylar üzrə təqdim olunmuş ƏDV bəyannamələrində müvafiq aylar üzrə dövriyyələr, əvəzləşən ƏDV məbləğləri, işçi sayı və işçilərə hesablanmış əmək haqqı məlumatları da öz əksini tapmışdır. 2020-ci ilin təqdim olunmuş illik mənfəət vergisi bəyannaməsində də bu göstəricilər - alınmış mallar, əmək haqqı və sosial sığorta xərcləri, enerji, telefon xidməti, bank xidməti və digər xərclər xərc maddələri üzrə göstərməklə öz əksini tapmış və bütün bu yuxarıda qeyd olunanlar 6 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunmuşdur. "xxxx" KM barəsində qanunsuz və ədalətsiz yazılmış qərarın ləğv edilməsi haqqında xx.xx.2021-ci il tarixli məktubla 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmişdir. Müraciətinin sonunda “Kameral vergi yoxlaması ilə əlaqədar aparılmış araşdırmalar zamanı yuxarıda qeyd olunan uyğunsuzluqları və Mənfəət vergisinə görə əlavə hesablanmış 6824,00 manat vəsaitin onların şəxsi hesab vərəqəsindən azalma verilməsi üçün köməklik göstərilməsini” qeyd etmişlər. Cavabında 6 saylı Ərazi Vergilər Baş İdarəsi “Kameral vergi yoxlaması ilə aparılan araşdırmalar zamanı tərəfinizdən zəruri təsdiqedici sənədlər və ya tam əsaslandırılmış izahat təqdim edilmədiyi üçün, müraciətinizin nəzərə alınmasının mümkün olmaması” bildirilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsi "xxxx" KM barəsində yuxarıda qeyd etdikləri kimi, xx.xx.2021-ci il tarixli, **********289400 saylı Qərarla kameral yoxlaması qaydasında 2020-ci il üçün 6824,00 (altı min səkkiz yüz iyirmi dörd) manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Aşağıdakı faktlardan, səbəblərdən, əsaslandırılmış mötəbər sübut növlərinə istinad edərək, "xxxx" KM-nə yazılmış 2020-ci il üçün 6824,00 manat məbləğində mənfəət vergisinin müəssisənin hesabından silinməsi barədə Şirvan İnzibati Məhkəməsinə müraciət edir: 1) 6 Saylı Ərazi Vergilər İdarəsinin qeyd etdiyi, yanacağın daşınması ilə gəlirdən çıxılan xərclərə aid edilməyən 34120,00 manat məbləğ, "xxxx" QSC-dən E-qaimə fakturalarla 2020-ci il ərzində aldıqları neft məhsullarının, sifarişçiyə çatdırılmasından ötəri E-qaimə fakturalarla nağdsız qaydada ödənilmiş malın, daşınma xərcidir. Bu 6824,00 manat nağdsız qaydada ödənilmiş, fiziki şəxs olan sürücü-X9 (VÖEN - **********), "xxxx" QSC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, Alış müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq həyata keçirilmişdir. 2020-ci il ərzində "xxxx" QSC-dən alınmış bütün yanacağı fiziki şəxs X12 idarə etdiyi ** KT *** nömrəli avtosisternlə daşımaqla "xxxx" Kiçik Müəssisəsinin X8ndə boşaldılmışdır. Fiziki şəxs (VÖEN-**********) X12 6 Saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olmaqla, fərqlənmə nişanı əsasında yükdaşımaları həyata keçirir və büdcəyə ödəmələrini də vaxtında ödəməklə, vergidən yayınma hallarına yol verməmişdir və “Vergi Məcəlləsi”nin tələblərinə uyğun vergi hesabatlarını təqdim etmişdir. 2) 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən, müəssisə barədə əsassız, qərəzli hesablanmış vergi cərimələri ucbatından, hələ bu azmış kimi, Müəssisənin bank hesabına sərəncam qoyulmaqla onun fəaliyyəti bilərəkdən dondurulmuşdur. Bu qanunsuz qərarın ucbatından müəssisə öz fəaliyyətini qismən də olmaqla dayandırmış və orada çalısan işçiləri, öz hesablarına məzuniyyətə göndərmək məcburiyyətində qalmışlar. Cənab Prezidentin 25 mart 2020-ci il tarixdə, saat 21:30-da “Azad Azərbaycan” televiziya kanalı vasitəsilə koronovirusla (COVİD-19) mübarizə haqqında, sərtləşdirilmiş karantin rejimində yaşayıb fəaliyyət göstərən şəhər-rayonlarımız haqqında, çıxışında sahibkarlara etdiyi dəstək; dövriyyə və gəlirlərinin aşağı düşməsinə baxmayaraq fəaliyyətlərinin davam etdirilməsini-karantin rejimində olmasına baxmayaraq, işçilərinin əmək haqqlarının verilməsini, eyni zamanda dövlət strukturlarının, o cümlədən Dövlət Vergi Xidmətinin, dövlət büdcəsinə vergiləri vaxtlı-vaxtında ödəyən sahibkarlara, hüquqi və fiziki şəxslərə güzəştlər edilməsini bildirmişdir. X14 televiziya kanalları vasitəsilə, dövlət strukturlarının, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə etdiyi göstərişə, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən lazımı diqqət yetirilməmişdir. YDM-də işləmək mümkün olmadığına görə "xxxx" KM mübahisəni sivil məhkəmə qaydasında həll edənə qədər fəaliyyətini, qismən də olmaqla dayandırmaq məcburiyyətindədir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Göründüyü kimi yanacağın daşınmasına görə nəqliyyat xərci "xxxx" KM-nin gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərə aiddir və bu məbləğ də qanunda qeyd olunduğu kimi gəlirdən çıxılmalıdır. Çünki sürücü ilə xidmət müqaviləsi əsasında işləyir və hər ay daşınan yanacağa görə ödənişi yuxarıda qeyd olunan nağdsız qaydada sürücünün müvafiq hesabına ödəyirlər. Əlavə olaraq onu da qeyd edirlər ki, gəlirdən çıxılmayan xərclərin dairəsi Vergi Məcəlləsinin 109-cu maddəsində sadalanmışdır və onların hazırki vəziyyəti həmin maddədə qeyd olunanların heç birinin təsir dairəsinə düşmür. İddiaçı göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli, **********289400 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrini əsas gətirərək 2020-ci il üçün 6824,00 manat əlavə mənfəət vergisi hesablanması barədə xx.xx.2021-ci il tarixli, **********289400 nömrəli Qərar qəbul olunmuşdur. Qərar verməyiniz üçün bu əsas ola bilməz, çünki yanacağın daşınması ilə bağlı 34120,00 manat xərcə aid olan sənədlər və eləcədə digər xərclərlə bağlı sənədlər elektron qaimə və elektron vergi hesab fakturları AVİS bazasında öz əksini tapmışdır”. Qeyd olunan dəlillərlə bağlı bildirirlər ki, kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində yanacaq daşınması ilə bağlı 34120,00 manat məbləğində gəlirdən çıxılan xərc göstərildiyi müəyyən edilmişdir ki, bu hal gəlirlərin vergidən gizlədilməsi və vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********286300 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün 6824,00 manat mənfəət vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********289400 nömrəli Qərar qəbul olunmuşdur. İddiaçı iddia ərizəsində "xxxx" QSC-dən (VÖEN: **********) alınmış malların daşınmasının "xxxx" QSC tərəfindən həyata keçirilməli olduğu halda Cəmiyyət tərəfindən daşınmanın həyata keçirilmədiyini, bu səbəbdən fiziki şəxs X12 (VÖEN: **********) ilə bağlanmış müqaviləyə əsasən malların daşınmasını həyata keçirdiklərini və müəssisə tərəfindən fiziki şəxsdən elektron qaimə-faktura əldə etdiklərini bildirərək, hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. Belə ki, müəssisə tərəfindən xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində “Hesabat dövrünün gəlirləri” hissəsində 989700,00 manat gəlir məbləği, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində 982571,50 manat xərc məbləği, o cümlədən 17718,60 manat əmək haqqı xərcləri və ona bərabər tutulan ödəmələr, 3704,90 manat sosial sığorta haqları, 923541,00 manat malın dəyəri, 1452,60 manat enerji xərcləri, 789,80 manat bank xidməti üzrə xərclər, 195,00 manat amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər, 34120,00 manat nəqliyyat xərcləri, 270,00 manat sığorta üzrə xərclər, 750,01 manat digər xərclər, 29,60 manat gəlirdən çıxılan vergilər və yığımlar göstərilmişdir. Hesablanmış əlavə vergi məbləğinin araşdırılması zamanı “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində göstərilmiş xərc məbləğlərinin uçot-baza məlumatları ilə müqayisəsi zamanı kənarlaşmaların olduğu müəyyən edilmişdir. Belə ki, müəssisə tərəfindən xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 221.4-cü (Malın dəyəri) sətrində göstərilmiş 923541,00 manat məbləğin bəyannamənin 1 nömrəli əlavəsinin 1.3.2-ci (Mallar) sətrinin təqdim edilmişdir xanasında göstərilmiş 913225,00 manat məbləğdən artıq olduğu, həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən (VÖEN: **********) 2020-ci il ərzində 892262,58 manat məbləğində (yol vergisi daxil) mal alındığı halda bəyannamənin 1 nömrəli əlavəsinin 1.3.2-ci (Mallar) sətrinin dövr ərzində daxil olmuşdur xanasında 923541,00 manat məbləğ göstərildiyi müəyyən edilmişdir. Həmçinin, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 227-ci (Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər) sətrində 195,00 manat göstərildiyi halda 2020-ci il ərzində gəlirdən çıxıla bilən amortizasiya normasının 130,20 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda, 221.7-ci (Enerji xərcləri) sətrində göstərilmiş məbləğ "xxxx" Açıq Səhmdar Cəmiyyətindən (VÖEN: **********) alınmış 1452,37 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturalara əsasən, 229-cu (Nəqliyyat xərcləri) sətrində göstərilmiş məbləğin X5 (VÖEN: **********) alınmış 34120,00 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturalara əsasən, 232-ci (Digər xərclər) sətrində göstərilmiş məbləğin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) və “Azərbaycan Metrologiya İnstitutu” X15 (VÖEN: **********) alınmış 760,00 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturalara əsasən göstərilmişdir. Eyni zamanda, 229-cu (Nəqliyyat xərcləri) sətrində göstərilmiş 34120,00 manat məbləğində xərcin dəyərinin elektron qaimə-faktura əldə edilməklə hesablaşma hesabından ödənildiyi müəyyən edilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015ci il tarixli 2 nömrəli qərarının 2.5-ci bəndinə əsasən ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tariflərinə əsasən avtomobil benzini, dizel yanacağı, reaktiv mühərrik yanacağının 1 (bir) tonu üçün təchizat tarifi 15,0 manat müəyyənləşdirilmişdir. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə, qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışını isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Göründüyü kimi, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır və bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərcləri də ehtiva edir. Qeyd olunanları nəzərə alaraq, neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır. Nəticə etibarı ilə qeyd edirlər ki, təchizat xərcləri alınmış malın dəyərində nəzərə alınan xərc elementi olduğundan “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində nəqliyyat xərcləri müstəqil xərc elementi kimi nəzərə alınmamalı, satılmış malların dəyəri kimi gəlirdən çıxılar xərclərə aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, № 11/447 saylı alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş təsnifatdan görünür ki, "xxxx" kiçik müəssisəsi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında neft məhsullarının alqı-satqısına dair müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № 11/447 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş təsnifatdan görünür ki, cavabdeh ******* manat dəyərində Aİ- 92 markalı avtobenzini və 184200 manat dəyərində dizel yanacağını iddiaçıya satmaq, iddiaçı isə ümumi məbləği ******* manat təşkil edən neft məhsullarının dəyərini əvvəlcədən köçürmə yolu ilə cavabdehə ödəmək barədə qarşılıqlı öhdəliklər götürülmüşdür. Qeyd olunan müqavilənin 3.1-ci bəndinə əsasən «alıcı», yəni "xxxx" KM müəyyən olunmuş miqdarda neft məhsullarını «satıcı»nın, yəni "xxxx" QSC-nin Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir neft terminalı bazasından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. İş materiallarında olan «Avtomobil nəqliyyatı vasitəsi ilə yanacaq daşınması üzrə» xx.xx.2020-ci il tarixli, 02 nömrəli müqavilədən görünür ki, "xxxx" kiçik müəssisəsi ilə sürücü-fiziki şəxs X12 (VÖEN **********) arasında daşıma müqaviləsi bağlanmışdır. İş materiallarında olan 2020-ci ilin yanvar-dekabr aylarını əhatə edən ödəniş tapşırıqlarından və elektron qaimələrdən müəyyən olunur ki, hər ay daşınan yanacağa görə sürücü tərəfindən Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən (görülən işlərə və göstərilən xidmətlərə görə e-qaimələr təqdim edilir) alınmış malların sənədləri - Elektron qaimə və Elektron vergi hesab fakturası AVİS bazasında öz əksini tapmış və 34120 manat məbləğində daşınma xərci iddiaçı tərəfindən sürücünün bankdakı hesablaşma hesabına köçürülmüşdür. İş materiallarından, habelə iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, "xxxx" kiçik müəssisəsi tərəfindən X7 hesablaşma hesabına köçürülmüş 34120 manat məbləğində daşınma xərci Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən və Tarif Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinə istinadən müəssisənin ümumi gəlirindən çıxılmış və vergi orqanına təqdim olunmuş "xxxx" Bəyannaməsidə mənfəət vergisinin məbləği 1425,70 manat göstərilmişdir. İş materiallarında olan cavabdeh vergi orqanının iddiaçıya ünvanladığı «kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» 15 fevral 2021-ci il tarixli **********286300 nömrəli məktubunun təsdiq olunmuş surətindən görünür ki, vergi ödəyicisi tərəfindən 06 fevral 2021-ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.4-cü bəndinə əsasən, istehsalçı tərəfindən neft məhsulları satılarkən topdansatış tariflərinə qanunvericiliyə uyğun olaraq yol vergisini əlavə edib təchizat tariflərini çıxır, yəni təchizat xərclərinin istehsalçı üzərində olmadığı müəyyən edilir. Qərarın 2.3-cü bəndində isə təchizat tariflərinin topdansatış qiymətə daxil edildiyi əks olunur. Təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi Qərarın 2.5-ci bəndində əks olunmuşdur. Göründüyü kimi, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır və bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərcləri ehtiva edir. Buna əsasən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində neft məhsullarının alıcı tərəfindən satıcının neft terminalı bazasından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıması ilə bağlı müddəalar mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən müəssisə tərəfindən 2020-ci il ərzində yanacaq daşınması üçün çəkilən 34120,00 manat xərc ümumi gəlirdən çıxıla bilməz. Bu halda həmin məbləğə 6824,00 manat əlavə vergi hesablamaq nəzərdə tutulur. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün dəqiqləşdirilmiş bəyannamə və ya zəruri sənədlərlə əsaslandırılmış izahat məktubunun 5 (beş) gün ərzində təqdim olunması tələb olunur. Əks təqdirdə, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin tələblərinə əsasən vergi orqanının müəssisənin vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərini yenidən hesablamaq hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin mübahisələndirilən 05 mart 2021-ci il tarixli, **********289400 nömrəli qərarından və iddiaya etirazından görünür ki, vergi orqanının 15 fevral 2021-ci il tarixli, **********286300 nömrəli məktubuna vergi ödəyicisi tərəfindən münasibət bildirilmədiyindən aparılmış kameral yoxlama nəticəsində "xxxx" kiçik müəssisəsi tərəfindən sürücü X7 hesablaşma hesabına köçürülmüş 34120 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılması vergidən yayınma halı kimi qiymətləndirilmiş və həmin məbləğə 8249,70 mənfəət vergisi hesablanmış, müəssisənin vergi orqanına 2020-ci il üçün təqdim etdiyi Bəyannaməyə əsasən ödənilmiş 1425,70 manat mənfəət vergisi həmin məbləğdən çıxılaraq 6824,00 manat ödənilməyən mənfəət vergisi müəyyən olunmuş və həmin məbləğin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. Məhkəmənin 15 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə - mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçı "xxxx" Kiçik Müəssisəsi (VÖEN **********) üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********289400 nömrəli qərara əsasən müəyyən edilmiş vergilər düzgün hesablanmışdırmı? - İş materiallarında olan sənədlər (“neft məhsullarının alqı-satısına” dair 01 yanvar 2020-ci il tarixli, 11/491 saylı müqavilə, “avtomobil nəqliyyatı ilə yanacaq daşınması üzrə” xx.xx.2020-ci il tarixli müqavilə, xx.xx.2020-ci il tarixli, 91 nömrəli, xx.xx.2020-ci il tarixli, 114 nömrəli, xx.xx.2020-ci il tarixli, 133 nömrəli, xx.xx.2020-ci il tarixli, 339 nömrəli, xx.xx.2020-ci il tarixli, 250 nömrəli, xx.xx.2020-ci il tarixli, 266 nömrəli ödəniş tapşırıqları və malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair xx.xx.2020-ci il tarixli, 557927 nömrəli, xx.xx.2020-ci il tarixli, 855878 nömrəli, xx.xx.2020-ci il tarixli, 171908 nömrəli, xx.xx.2020-ci il tarixli, 173799 nömrəli, xx.xx.2020-ci il tarixli, 526809 nömrəli, xx.xx.2020-ci il tarixli, 577268 nömrəli, xx.xx.2020-ci il tarixli, 963819 nömrəli, xx.xx.2020-ci il tarixli, 010660 nömrəli, xx.xx.2020-ci il tarixli, 687451 nömrəli və xx.xx.2020-ci il tarixli, 248025 nömrəli elektron qaimələr və s.) nəzərə alındığı təqdirdə Tərəqqi” Kiçik Müəssisəsinin vergi borcu yaranırmı, əgər yaranırsa hansı həcmdə yaranır? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 aprel 2022-ci il tarixli məktubu ilə qurumun ekspertlərinin həmin tarixli 9/2517 nömrəli rəyi məhkəməyə daxil olmuşdur. Rəydə aşağıdakılar bildirilmişdir: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd edilir ki, 2020-ci il üzrə daşınma xərclərinin nəzərə alınıbalınmamasına məhkəmə tərəfindən qiymət verildikdən sonra hesablama aparıla bilər. Belə ki, yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarda, xx.xx.2020-ci il tarixli "xxxx" SOCAR PETROLEUM QSC-nin məktubunda, iş materiallırında olan iddia ərizəsində və s. sənədlərdə bir-birindən fərqli qayda nəzərdə tutulan ayrı-ayrı aktlara istinad edilərək hesablamaların aparılmalı olması qeyd edilmişdir. Yəni fərqli qaydada nəzərdə tutulan aktlara istinad edilərək hesablamalar aparılmışdır. Bu səbəbdən də yuxarıda göstərilən, ayrı-ayrı hesablanma nəzərdə tutulan aktların hansının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməlidir. Beləliklə, iş materiallarından göründüyü kimi, iddianın predmeti olan vergi orqanının 05 mart 2021-ci il tarixli, **********289400 nömrəli Qərarının mübahisələndirilməsinin əsasını "xxxx" kiçik müəssisəsi tərəfindən sürücü X7 hesablaşma hesabına köçürülmüş 34120 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılması, vergi orqanının isə həmin məbləğin müəssisənin ümumi gəlirinə daxil edərək bununla əlaqədar 6824,00 manat ödənilməyən mənfəət vergisi hesablaması təşkil edir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tələbinin maddi hüquqi əsası kimi "xxxx" kiçik müəssisəsi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında neft məhsullarının alqı-satqısına dair bağlanmış xx.xx.2020-ci il tarixli, № 11/447 saylı müqavilənin 3.1-ci bəndinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108-ci və 109cu maddələrinə, cavabdeh təşkilat isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.3, 2.4 və 2.5-ci bəndlərinə istinad etmişlər. Vergi orqanının mübahisələndirilən 05 mart 2021-ci il tarixli, **********289400 nömrəli Qərarında istinad edilən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi, eləcə də təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsulları üzrə təchizat tarifləri daxil edilmişdir. Qeyd olunan Qərarın 2.4-cü bəndinə əsasən neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti topdansatış tariflərinə qanunvericiliyə uyğun olaraq yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Həmin Qərarın 2.5-ci bəndinə görə topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş «ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri»nin təsnifatından görünür ki, "xxxx" kiçik müəssisəsinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən müqavilə əsasında aldığı Aİ-92 markalı avtobenzin və dizel yanacağı tarifləri müəyyənləşdirilmiş neft məhsullarıdır. Vergi orqanı mübahisələndirilən 05 mart 2021-ci il tarixli, **********289400 nömrəli Qərarında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.4-cü bəndinə istinad edərək təchizat xərclərinin (o cümlədən daşınma xərclərinin) istehsalçının üzərində olmadığı qənaətinə gəlmişdir. Sonra isə 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarın 2.3-cü və 2.5-ci bəndlərinə əsasən neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərclərinin nəzərə alındığını və bu təchizat xərclərinin satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərləri də ehtiva etdiyini, buna əsasən "xxxx" kiçik müəssisəsi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilənin 3.1-ci bəndinin (neft məhsullarının daşınması ilə bağlı nəqliyyat vasitəsinin və ödəniləcək vəsaitin alıcının öhdəsinə qoyulmasının) qanunvericiliyin tələblərinə uyğun olmadığını, bu səbəbdən də müəssisə tərəfindən 2020ci ildə yanacaq daşınması üçün çəkilən 34120 manat xərcin ümumi gəlirdən çıxıla bilmədiyini qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "xxxx" kiçik müəssisəsinə ünvanladığı «vergi qanunvericiliyinə dair müraciətə baxılması» barədə xx.xx.2022-ci il tarixli, **********841600 nömrəli məktubunda bildirilir ki, 26 iyul 2022-ci il tarixədək qüvvədə olmuş «Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2015-ci il tarixli, 2 nömrəli Qərarının 2.5-ci bəndində təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilir. İş materiallarında olan "xxxx" QSC-nin məhkəməyə ünvanladığı məktubunda neft məhsullarının hüquqi və fiziki şəxslərə məxsus yanacaqdoldurma məntəqərinə qədər daşınması üçün Cəmiyyətin hər hansı maddi-texniki bazasının mövcud olmadığı bildirilmişdir. Beləliklə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndindən, Vergi orqanının mübahisələndirilən Qərarında və Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********841600 nömrəli məktubunun ikinci abzasında verilən izahlardan belə müəyyən olunur ki, neft məhsulunun topdansatış qiymətinə daxil edilmiş təchizat xərcləri (o cümlədən alınan neft məhsullarının pərakəndə satış yerinə daşınma xərcləri) aldığı neft məhsullarının dəyərini tərəflər arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli, 11/491 nömrəli müqavilənin 2.4-cü bəndinə uyğun olaraq əvvəlcədən "xxxx" kiçik müəssisəsi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilmişdir. Belə olan halda, "xxxx" kiçik müəssisəsi tərəfindən neft məhsullarının pərakəndə satış yerinə çatdırılması ilə bağlı ödənilmiş daşınma xərci, qanunvericiliyin tələbinə əsasən həmin daşınmanı həyata keçirməli olan, lakin bunu etməyən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ümumi gəlirinə daxil olan mənfəətidir və təbii ki, həmin mənfəət vergitutma obyekti hesab olunur. "xxxx" QSC-dən aldığı neft məhsullarının pərakəndə satış yerinə çatdırılması ilə bağlı "xxxx" kiçik müəssisəsi tərəfindən ödənilmiş 34120 manat daşınma xərci isə müəssisənin mənfəəti yox, gəlir əldə etmək üçün çəkilən xərcdir və həmin məbləğin aldığı neft məhsullarının pərakəndə satış qiymətinə daxil edilməsi və sonradan vergitutma obyekti olan ümumi gəlirdən çıxılması Vergi Məcəlləsinin 108.1-ci maddəsinə tam uyğun olmaqla vergitutma obyekti kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Qeyd olunanlara hüquqi qiymət verərək məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş 05 mart 2021-ci il tarixli, **********289400 nömrəli Qərarında gəldiyi nəticənin mötəbər sübutlara əsaslanmış hesab olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin “Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr”ini əhatə edən X fəslininin “Gəlirin əldə edilməsi ilə bağlı xərclər” haqqında 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 109-cu maddəsində “gəlirdən çıxılmayan xərclər”in əhatə dairəsi verilmişdir. "xxxx" kiçik müəssisəsi tərəfindən aldığı neft məhsullarının daşınması üçün sürücü X7 hesablaşma hesabına köçürülmüş 34120 manat məbləğində daşınma xərci Vergi Məcəlləsinin 109-cu maddəsində sadalanan “gəlirdən çıxılmayan xərclər”in əhatə dairəsinə daxil olmadığından, məhkəmə hesab edir ki, həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən 34120 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılmasında iddiaçı tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarı ilə xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərar ləğv edilmiş, «Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri» təsdiq edilmişdir. Yeni Qərara əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı xərclər daxil edilmişdir. Buna əsasən Qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat xərclərinə daxil edilmədiyindən, həmin vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır. Göründüyü kimi, Tarif Şurası da 26 iyul 2022-ci il tarixdən qüvvədə olan 4 nömrəli Qərarında neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılmalı olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 34120 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirinə daxil edilməsi və həmin məbləğə 6824,00 manat mənfəət vergisinin hesablanması barədə vergi orqanı tərəfindən qəbul edilmiş 05 mart 2021-ci il tarixli, **********289400 nömrəli Qərarın ləğvini tələb etməkdə haqlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur (maddə 53.3). Məhkəmə belə bəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt (qərar) qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 mart 2021-ci il tarixli, **********289400 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 mart 2021-ci il tarixli, **********289400 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar