Məhkəmə qərarları › İş №2-1(120)-167/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-167/2025

07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-167/2025 07.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “iddiaçıya verilmiş pay torpaq sahəsinə görə dövlət aktında 2,24 hektar torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq məhkəmə müəyyən еtdi, Təsviri hissə: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə və Lənkəran rayon Günəhir bələdiyyəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-1(120)-1297/2023 nömrəli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinin olduğu kimi saxlanılması, Lənkəran rayon Günəhir bələdiyyəsinin cavabdeh sırasından çıxarılması, iddia tələbinə “iddiaçıya verilmiş pay torpaq sahəsinə görə dövlət aktında 2,24 hektar torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(120)-405/2024 nömrəli qərardadı ilə X4, X1, X5 və X2 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinin nümayəndəsi X13 iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1958-ci ildə Lənkəran rayonunun Türkəncil kəndində anadan olmuşdur. Hal-hazırda həmin kənddə ailə üzvləri ilə birgə yaşayır. Onunla birgə ailə üzvləri 8 nəfərdən ibarətdir. Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il iyun tarixli 11 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinə 2,24 hektar pay torpaq verilmişdir. Pay torpağı kəndin ayrı-ayrı yerlərində ayrılmışdır. Ona bu haqda “Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı verilmişdir. Aktın üzərində JN=0058 KOD 80211038 göstərilmişdir. Ailə üzvlərinin sayı 8 nəfər olduğundan adam başına 28 sot torpaq hesablanmışdır. Odur ki, ailə üzvlərinə cəmi 2,24 hektar torpaq sahəsi ayrılmışdır. İddiaçıya yalnız torpağın aktı verilmişdir. Ona məxsus olan torpaq sahəsi isə ona göstərilməmiş və verilməmişdir. İddiaçı sonradan öyrənmişdir ki, ona məxsus olan pay torpaqlarını onunla bir kənddə yaşayan ayrı-ayrı insanlar tərəfindən qanunsuz zəbt edilmişdir. Ona məxsus olan 2,24 hektar torpaq sahəsini zəbt edənlər 23 ildir ki, ondan istifadə edir, oradan əlavə qazanc əldə edirlər. İddiaçı isə torpağın əsil sahibi kimi kənarda qalmışdır. Əlində isə boş torpaq aktı vardır. Onlar ona məxsus olan torpaq sahəsindən hər il 600-700 bağlama quru ot tədarük edirlər. İddiaçı isə quru otun bir bağlamasını 5 və ya 6 manata alır. Özü də hər il həmin torpaqların dövlət vergi rüsumunu ödəyir. Sübut üçün 2020-ci il üçün ödədiyi vergi rüsumunun qəbzini və təbiyyə bildirişini ərizəyə əlavə edir. İddiaçıya məxsus olan pay torpaqlarının başqa şəxslər tərəfindən zəbt olunması haqqında kənd bələdiyyə sədrinə dəfələrlə şikayət etsə də şikayəti nəticəsiz qalmışdır. Lənkəran Şəhər İcra Hakimiyyətinə ərizə ilə dəfələrlə müraciət etmişdir. Ona verilən cavabı iddia ərizəsinə əlavə etmişdir. Bildirirlər ki, bu haqda məhkəməyə müraciət edəsiniz. İddiaçı bu haqda Reyster Xidmətinə də ərizə ilə müraciət etmişdir, onlar da cavablarında məhkəməyə müraciət etməyini məsləhət görüblər. Bir çox aidiyyatlı orqanlara müraciət etsə də müraciəti nəticəsiz qalmışdır. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. İnanıram ki, ədalətli hakim mənim 23 illik torpaq həsrətinə son qoyacaq və öz torpağının sahibi olacağ. Çünki özünu bu işdə haqlı hesab etdiyini qeyd etmişdir. Lənkəran rayon Türkəncil kəndi ərazisində ona məxsus olan 2,24 hektar pay torpaq sahəsinin naməlum şəxslər tərəfindən qanunsuz zəbt edildiyindən həmin torpaq sahəsini zəbt olunmaqdan azad edib yəni İddiaçı verilməsi barədə qərar qəbul edilməsin xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçının iddia ərizəsindən görünür ki, iddiaçıya verilmiş pay torpaq sahəsinə görə dövlət aktında 2,24 hektar torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan iş üzrə təyin edilmiş tikinti-texniki və yerşünaslıq ekspertizası nəticəsində təqdim edilmiş 3-16-16/2-10/4538 nömrəli ekpert rəyinin məzmununda qeyd olunur ki, (qərardadın 5-ci sualına cavab olaraq təqdim edilmiş) “...iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatlarının digər şəxslərin (JN-0055 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə X8 və ailə üzvlərinin, JN-0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə X1 və ailə üzvlərinin, JN-0066 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı X10 və ailə üzvlərinin, JN-0068 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə X6 və ailə üzvlərinin mülkiyyətlərində və istifadələrində) torpaq sahəsinin koortdinatları ilə üst-üstə düşür. Məhkəmə qeyd edir ki, İddiaçı yuxarıda qeyd olunan hüquqmüəyyənedici (Torpaq sahəsinin planı-ölçüsü sənədini və çıxarışı) sənədləri üst-üstə düşən hissədə mübahisələndirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Qərarın 8.4-cü bəndinə əsasən bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyişdirici təsirə malik olur. Yəni, belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Belə olan halda məhkəmə “yardım etmək” vəzifəsini yerinə yetirərək, iddiaçıya arzuladığı məqsədə çatmaq üçün yanlış iddia tələbinin münasibi ilə əvəz olunmasını, hüquqmüəyyənedici (Torpaq sahəsinin planı-ölçüsü sənədini və çıxarışı) sənədləri üstüstə düşən hissədə mübahisələndirməsi tələbinin irəli sürə biləcəyi və ya iddia tələbini dəyişə biləcəyi barədə hüquqi yardım məktubu göndərmişdir. Beləliklə də məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd edilən məsələlərlə bağlı iddiaçıya 30 may 2025-cü il tarixli 2-1(120)-167/2025 saylı məktubla və məhkəmə iclasında şifahi qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya 21 may 2025-ci il tarixli, 2-1(120)-338/2025 saylı məktub ilə yuxarıda qeyd edilən məslələrlə bağlı hüquqi yardım göstərməsinə baxmayaraq, iddiaçı müəyyən edilmiş vaxt ərzində (məhkəmə iclası gününə kimi) məhkəmənin hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı gələcəkdə mövcud problemləri həll etdikdən sonra iddiaçıya verilmiş pay torpaq sahəsinə görə dövlət aktında 2,24 hektar torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün yenidən inzibati orqana və ya məhkəməyə müraciət edə bilməsi üçün hazırki halda iddia mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçıya verilmiş pay torpaq sahəsinə görə dövlət aktında 2,24 hektar torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı iddiaçıya verilmiş pay torpaq sahəsinə görə dövlət aktında 2,24 hektar torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatın dəyərləri 50 (əlli) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər iddiaçı X7 tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinə və Lənkəran rayon Günəhir bələdiyyəsinə qarşı “iddiaçıya verilmiş pay torpaq sahəsinə görə dövlət aktında 2,24 hektar torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş sənədlərin məhkəmə texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar