Məhkəmə qərarları › İş №2-1(120)-1678/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1678/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1678/2021 13.10.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsinin hakimi İsmayılov Orxan Nadir oğlu İddiaçı cavabdeh Astara rayon Notariat Ofisinə və üçüncü şəxs X1 qarşı Astara rayon Məhkəməsinin 25.08.2016-cı il tarixli, 1(018)-1727/2016 nömrəli qətnaməsinə əsasən yaranmış öhdəliyin icrasını təmin etmək məqsədilə tutmanın ipoteka predmeti olan ban nömrəsi WDB210061B101202, buraxılış ili 2000 olan Mersedes Benz E220 CDİ minik markalı **- HJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi barədə icra qeydi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işdə olan iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Astara rayon Notariat Ofisinə və üçüncü şəxs X1 qarşı Astara rayon Məhkəməsinin 25.08.2016-cı il tarixli, 1(018)-1727/2016 nömrəli qətnaməsinə əsasən yaranmış öhdəliyin icrasını təmin etmək məqsədilə tutmanın ipoteka predmeti olan ban nömrəsi WDB210061B101202, buraxılış ili 2000 olan Mersedes Benz E220 CDİ minik markalı **-HJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi barədə icra qeydi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərzəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İşdə olan Astara rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 23.06.2021-ci il tarixli, 396 nömrəli məktubunda qeyd olunmuşdur ki, ...”Sizin təqdim etdiyiniz ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmadığından və tutmanın yönəldilməsi barədə bildiriş müvafiq reyestrdə qeydə alınmadığından həmin ipoteka müqaviləsi üzrə icra qeydi aparıla bilməz.” İşdə olan 04.06.2019-cu il tarixli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, ipoteka qoyan (X2) mülkiyyət hüququ ilə ona məxsus olan ban nömrəsi WDB210061B101202, buraxılış ili 2000 olan Mersedes Benz E220 CDİ minik markalı **- HJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Astara rayon Məhkəməsinin 25.08.2016-cı il tarixli, 2(018)-1727/2016 saylı qətnaməsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın (İddiaçı) xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 8-ci bəndində qeyd edilmişdir ki, Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr (rayon və ya şəhər) tərəfindən baxılır». Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının: 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmənin qənaətinə görə iddiaçı ilə cavabdeh arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yaranmışdır. Hazırkı halda cavabdeh Astara rayon Notariat Ofisi inzibati münasibətlərin (publik hüquq münasibətlərin) tərəfi (subyekti) kimi deyil, xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış edir. Başqa sözlə, iddiaçı 04.06.2019-cu il tarixli ipoteka müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini cavabdehdən tələb edir. Göründüyü kimi iddiaçının tələbi mülki xarakterlidir. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya 21 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1678/2021 nömrəli hüquqi yardım məktubu göndərilmiş, ancaq hüquqi yardım məktubunu 28.09.2021-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul etməsinə baxmayaraq, iddiaçı tərəfindən hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmişdir. İddiaçıya izah edilir ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətləri, eyni zamanda ipoteka müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbi ilə bağlı mülki icraat qaydasında ümumi məhkəmədə (rayon və ya şəhər) mübahisələndirmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki tələbə inzibati icraat qaydasında baxılması inzibati prosessual qanunvericiliyin prinsiplərinə zidd olduğundan İddiaçı tələbi mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16-cı, 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia (ərizə) mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar