Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1678/2022 29.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X10 və onun nümayəndəsi və vəkili X16 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarının X8, X25, X14 və X26 aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 29 noyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarı ilə atası X5 həyətyanı torpaq sahəsinə görə verilən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1023F, Kod-80206061 saylı şəhadətnamədə səhvən yazılan X6, X19, X11 və X20 adları çıxarılmaqla, atasının övladları olan X21, X27, X22, X28, X39, X35, X29, X40, İddiaçı və X7 yazılması və 0,12 hektar torpaq sahəsinin olması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin Lənkəran Şəhər İcra Hakimiyyəti ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarının X8, X25, X14 və X26 aid hissədə ləğv edilməsi öhdəliyinin Lənkəran Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyəti ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X12, X36, X24 və X37 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Bundan əlavə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X23 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəmə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X1 rayonunun Gərmətük qəsəbəsində doğulmuş, orada yaşamış və 19 aprel 2001-ci ildə vəfat etmişdir. X2 10 övladı olmuşdur. 1) X21, 2) X27, 3) X22, 4) X28, 5 ) X39, 6) X35, 7) X29, 8) X40, 9) İddiaçı. 10) X23. Atasının övladlarından X27 və X22 vəfat etmişlər. Hal-hazırda atasının 8 övladı, sağ-salamat yaşayırlar. Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarı ilə atası X5 həyətyanı torpaq sahəsinə görə verilən “Torpağın mülkiyyətə verilməsinə dair” JN 1023F, kod 80206061 saylı şəhadətnamədə uyğunsuzluq və səhvlər vardır. Belə ki, şəhadətnamədə adları və soyadları qeyd olunmuş 4 nəfər atasının övladları və onların ailə üzvləri deyillər. Həmin şəxslər onlarla bir qəsəbədə yaşayan X15, X3 Kəsirə Fətta qızı və X37 olmaqla ayrı-ayrı ailənin üzvləridir. 1998-ci ildə islahat zamanı şəhadətnamə yazılarkən bu cür səhvlərə yol verilmişdir. Hətta atasının şəxsi istifadəsində olan torpaq sahəsı 0,12 hektar olduğu halda, şəhadətnamədə səhvən 0,06 hektar yazılmışdır. X45 verdiyi arayışdan da görünür ki, Seyfullayev Bayramın öhdəsində 0,12 hektar həyətyanı torpaq sahəsi vardır. İcra nümayəndəliyinin arxiv arayışından və başqa rəsmi sənədlərdən görünür ki, şəhadətnamə ilə həmin sənədlər arasında böyük uyğunsuzluq vardır və reallıqda hüquqi anlaşılmazlıq mövcuddur. Şəhadətnamədə təkcə bir nəfər ailələrinin üzvü X10 adı düzgün yazılmışdır. Qalan 9 nəfər ailə üzvlərinin şəhadətnamədə səhvən adları və soyadları qeyd edilməmişdir. Buna görə də onlar X46 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmişlər. Reyestr idarəsi onlara bu haqda imtina məktubu verərək məhkəməyə müraciət etmələrini məsləhət görür. Bunun üçün “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan səhvləri düzəltmək üçün inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilinəcəyindən və iddiaçı tərəfindən iddianın irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsi təklif olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Şirvan İnzibati Məhkəməsində Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarından iddia qaldırmışdır. Hazırda onlara məxsus olan torpaq və evi sənədləşdirmək istəyərkən aydın oldu ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə uzun illər onlara lazım olmadığı üçün evin arxivində sənədlərin arasında baxılmamış qalmışdır. Həmin sənədlə bağlı müddət bitmişdir. Qeyd olunanları nəzərə alaraq qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərək, ərizəsinə əsasən buraxılmış müddətin bərpa edilməsini xahiş edir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və üçüncü şəxs X23 və onun nümayəndəsi və vəkili X32 gəlmiş, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəyə uyğun izahat verərək, buraxılmış prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X23 və onun nümayəndəsi və vəkili X32 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət AİK daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24- 1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Mübahisələndirilən qərar əsasında “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin 1998-ci ildə verildiyi və həmin qərara şəhadətnamədə də bilavasitə istinad edildiyi nəzərə alındıqda, iddiaçının həmin qərardan məlumatsız olduğuna dair iddiaçının dəlilləri əsassızdır. Başqa sözlə, iddiaçı istinad edilən qərarın mübahisələndirilməsi imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçının prosessual müddətin bərpasına dair ərizəsinə gəldikdə, İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Mübahisələndirilən qərarın qeyd olunduğu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin verildiyi 1998-ci ildən başlayaraq iddiaçının sərəncamında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində nəzərdə tutulmuş 1 ay sərbəst prosessual müddət olmuşdur. Digər tərəfdən, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, üçüncü şəxs Fikrət Seyfullayev 2-3 il bundan əvvəl onlara qarşı məhkəmədə iddia qaldırmış və həmin vaxt onlara məlum olmuşdur ki, sözügedən şəhadətnamədə onların ailə üzvləri olmayan, yəni üçüncü şəxslərin də adlarının qeyd olunduğunu görmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X34 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının ikinci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı hazırda onlara məxsus olan torpaq və evi sənədləşdirmək istəyərkən aydın olmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə uzun illər onlara lazım olmadığı üçün evin arxivində sənədlərin arasında baxılmamış qalmışdır. Məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Çünki, iddiaçının marağı olduğu torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri ilə 20 ildən artıq müddətdə maraqlanmaması ağlabatan deyildir. İddiaçının torpağa üçüncü şəxslərin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Müddətin üzrlü hesab edilməsi üçün tutarlı sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün isə göstərilən hallar mövcud deyildir. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüş, özü bu halı bir daha izahatı ilə təsdiq etmiş və iddia müddətinin ötürülməsi hər hansı üzrlü səbəblərdən baş verməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə ki, İddiaçı mübahisə predmeti olan Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən artıq həmin qərarın ləğv olunmasını iddia etmək imkanını itirmişdir. Buna görə də iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarının X8, X25, X14 və X26 aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1678/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1678/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver