Məhkəmə qərarları › İş №2-1(120)-168/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-168/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-168/2021 08.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi Filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon Təhsil şöbəsinə qarşı “2010-cu ildə Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi il üçün “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11n Masallı rayon filialına və Masallı rayon Təhsil şöbəsinə qarşı “pensiyanın yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(120)-1469/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11n Masallı rayon filialına və Masallı rayon Təhsil şöbəsinə qarşı “pensiyanın yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı kimi İddiaçı, cavabdeh kimi Masallı rayon Təhsil şöbəsinin saxlanılması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11n Masallı rayon filialının cavabdehlər siyahısından çıxarılaraq üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunması, iddia tələbinə isə “2010-2011-ci illərdə Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi illər üzrə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2-1(120)-1469/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Masallı rayon Təhsil şöbəsinə qarşı “2010-2011-ci illərdə Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi illər üzrə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(120)-168/2021 nömrəli qərardadı ilə iddia tələbinə “2010-cu ildə Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi il üçün “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunmağım və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Masallı rayon şöbəsi yaşa görə əmək pensiyasını düzgün hesablamamışdır. Masallı rayon Təhsil şöbəsinin 2010-2011-ci illər üzrə sığorta olunanları barədə təqdim etdiyi illik hesabatlarda onun sığorta olunan kimi qeyd edilmədiyi və bu səbəbdən X1 X8 01.01.2010-cu il tarixdən 26.08.2011-ci il tarixədək olan məlumatlarda pensiya kapitalı olmadığından pensiyası bu səbəb göstərilərək düzgün hesablanmamışdır. Bu barədə cavabdeh Masallı Təhsil Şöbəsinə müraciət etməklə kadrlar şöbəsinin rəisi Tofiq müəllim 2010-2011-ci illərin əmək sığortası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sisteminə salınmasından imtina etmişdir. Masallı rayon Təhsil şöbəsi 2010-2011-ci illər üzrə sığorta olunanlar barədə adının sığorta olunan kimi sistemə yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin sisteminə salınmasında cavabdehdir və icraedici idarədir. Əmək pensiyasının düzgün hesablanması üçün dəfələrlə ərizə ilə müraciət etmiş və nəticəsi olmamışdır. Məhkəmə gedişatı dövründə cavabdeh inzibati orqan 2011-ci illər üzrə sığorta olunanlar barədə adının sığorta olunan kimi sistemə daxil etməsinə baxmayaraq, 2010-cu illər üzrə həmin məlumatları sistemə daxil etməmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi Filialının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Masallı rayon Təhsil şöbəsinə və üçüncü şəxs 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndələri məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Masallı rayon Təhsil şöbəsinin və üçüncü şəxs 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 2010-cu ildə Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi il üçün “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1946-cı il tarixdə anadan olmuş, Masallı rayonu, Şatıroba kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Masallı rayon İcra Hakimiyyəti başçısının Türkoba kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 14.08.2021-ci il tarixli, 446 nömrəli arayışından görünür ki, İddiaçı Masallı rayonu, Şatıroba kəndində yaşayışır. İşdə olan Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatından görünür ki, İddiaçı 2010-cu ildə əmək haqqı almışdır və həmin il üzrə əmək haqqından məcburi dövlət sosial sığorta haqlarına tutulmalar həyata keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Masallı rayon Təhsil Şöbəsinin 29 oktyabr 2020-ci il tarixli, 164/3 nömrəli məktubla məhkəməyə göndərdiyi 13 sentyabr 2008-ci il tarixli, 11 saylı və 26 avqust 2011-ci il tarixli, 77 saylı əmrlərdən çıxarışlardan görünür ki, İddiaçı 13 sentyabr 2008-ci il tarixdə Boradigah qəsəbə N.Gəncəvi adına 1 saylı tam orta məktəbə tərbiyyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, 26 avqust 2011-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 fevral 2021-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir; sizin vətəndaş İddiaçı məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı 4 fevral 2021 -ci il tarixli 00- 01-34/10 nömrəli müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən siğortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək sığortaedənin vəzifəsidir. Bildiririk ki, sığortaedən "Masallı rayon Təhsil Şöbəsi" (SUN: **********3) tərəfindən təqdim edilmiş 2010-cu il üzrə "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"a (Forma B3) əsasən İddiaçı adı sığortaolunan kimi qeyd olunmadığından, həmin dövr üçün Nazirliyin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin "Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölməsində məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Nəzərinizə çatdırırıq ki, sığortaedən "Masallı rayon Təhsil Şöbəsi" (SUN: **********3) tərəfindən təqdim edilmiş 2010-cu il üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumata (Forma B3) sığortaolunan İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əlavə edilməsi üçün yoxlanılmasına zərurət yaranan sənədlər (2010-cu il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumafda (Forma B3) İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının səhvən adına işlənilmiş işçi və ya işçilərin “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatları (06) (Forma B3), əmək kitabçaları, əmək haqqı cədvəlləri, əmək müqavilələri, əmək haqqı aldığı bank hesabından çıxarışları, işə qəbul olunma əmrləri, işdən azad edilmə əmrləri və məzuniyyətdə olma əmrləri) tam və düzgün şəkildə müşayiətedici məktuba əlavə olunmaqla sığortaedən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11n Sosial “Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra müvafiq düzəlişlərin edilməsi məsələsinə baxılacaqdır. Eyni zamanda, Nazirlik taleyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən sığortaedənlərə verilmiş müvafiq funksionallıqdan istifadə etməklə sığortaedən "Masallı rayon Təhsil Şöbəsi" (SUN: **********3) 2011-ci il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) sığortaolunan İddiaçı Nazirliyin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi’’nin “Sığorta” (Hesabat) altsistemində “Bölüşdürülməmiş hesablar” bölməsinə daxil edilmiş məlumatlarında 8 iyul 2020-ci il tarixində düzəlişlər edərək təsdiq etmiş və sığortaolunanın qeyd olunan il üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcədə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları **********073 sosial sığorta nömrəli fərdi şəxsi hesabında əks olunmuşdur". İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin iddiaçıya ünvanladığı 26.07.2019-cu il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsində baxılmışdır. Bildiririk ki, Sizə 11.04.2008-ci il tarixdə 740 saylı qərarla yaşa görə 60,0 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq sizin 01.01.2006-cı il tarixədək 42 il əmək stajınız nəzərə alınmaqla əmək pensiyanızın məbləği 01.07.2011-ci il tarixdən yenidən düzgün hesablanaraq 166 manat 48 qəpiyə çatdırılaraq ödənilmişdir. 26.08.2011-ci il tarixdən əmək müqavilənizə xitam verilməsi ilə əlaqədar olaraq 01.05.2007-ci il tarixdən 26.08.2011-ci il tarixədək 4 il 2 ay sosial-sığorta stajınız və 1674,52 manat pensiya kapitalınız nəzərə alınmaqla əmək pensiyanızın məbləği 26.08.2011-ci il tarixdən yenidən düzgün hesablanaraq 184,29 manata çatdırılaraq ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən əmək pensiyanızın məbləği növbəti illər üzrə artırılmışdır. 01.01.2019-cu il tarixdən sizin əmək pensiyanızın məbləği düzgün hesablanaraq 270 manat 99 qəpiyə çatdırılaraq ödənilir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin iddiaçıya ünvanladığı 16.06.2020-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə daxil olmuş müraciətinizlə əlaqədar bildiririk ki,Sizə 18.07.2008-ci il tarixdə hüququnuz yarandığı 11.04.2008-ci il tarixdən (həmən dövr üzrə qüvvədə olmuş ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən) 740 saylı qərarla yaşa görə 70,15 manat əmək pensiyası (01.01.2006-cı il tarixədək 42 il sığorta stajı, 01.01.2006-cı il tarixdən 01.04.2008-ci il tarixədək fərdi hesabın sığorta hissəsində 294,10 manat pensiya kapitalı) təyin edilmişdir. X1 X4 məlumatlar əsasında əmək pensiyanızın məbləği 01.01.2020-ci il tarixdən 298,56 manat (01.01.2006-cı il tarixədək 42 il sığorta stajı,01.01.2006-cı il tarixdən 01.04.2008-ci il tarixədək 294.10 manat (01.01.2020-ci il tarixə indeksləşdirdikdə 640,65 manat) pensiya kapitalı, 01.04.2008-ci il tarixdən 01.07.2016cı il tarixədək (15.06.2016-cı il tarixdən işdən azad olunma tarixi) 1240,52 manat (01.01.2020ci il tarixə indeksləşdirdikdə 1770,03 manat) pensiya kapitalı nəzərə alınmaqla) müəyyən edilmişdir. Masallı rayon Təhsil şöbəsinin 2010-2011-ci illər üzrə sığorta olunanları barədə təqdim etdiyi illik hesabatlarda adınız sığorta olunan kimi qeyd edilmədiyi (bu səbəbdən X1 X8 01.01.2010-cu il tarixdən 26.08.2011-ci il tarixədək olan məlumatlarda adınıza pensiya kapitalı yoxdur) və 26.08.2011-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra yenidən 01.10.2013-cü il tarixdən 15.06.2016-cı il tarixədək işlədiyiniz dövr üçün (işə qəbul olduğunuz barədə Fondun Masallı rayon şöbəsinə məlumat vermədiyinizə görə 26.08.2011-ci ildə işdən azad edildiyiniz tarixdən yenidən hesablanmış sığorta hissəsi) 1448,37 manat artıq əmək pensiyası almanız müəyyən edilmişdir. Artıq aldığınız vəsaiti dövlət büdcəsinə geri qaytarılmasını təmin etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, Masallı rayon Təhsil şöbəsinin 2010-2011-ci illər üzrə təqdim edəcəyi dəqiqləşdirilmiş hesabatlarda adınız sığorta olunan kimi bərpa olunduqdan sonra əmək pensiyanızın yenidən hesablanmasına baxılacaqdır. Nəzərə almağınızı xahiş edirik. İşdə olan Masallı rayon Təhsil şöbəsinin məhkəməyə göndərdiyi 29 oktyabr 2020-ci il tarixli, 164/3 nömrəli məktubuna əlavə olunmuş əmrlərdən görünür ki, İddiaçı 15.09.2008-ci il tarixindən Boradigah qəsəbə 1 saylı orta məktəbinə təlim-tərbiyyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, 26.08.2011-ci il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Masallı rayon Təhsil şöbəsinin 26 yanvar 2021-ci il tarixli, 00-01-25/10 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı rayonu Boradigah qəsəbə 1 saylı tam orta məktəbin sabiq müəllimi İddiaçı 2010-cu ildə həmin məktəbdə işlədiyi müddətdə əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin sosial sığorta şəhadətnaməsinə işlənməsi ilə bağlı müraciəti tərəfimizdən araşdırıldı. Bildiririk ki, əvvəllər işçilərin əmək haqqından tutulan sosial sığorta ödənişləri onların sosial sığorta şəhadətnamələrinə köçürülürdü. Sonradan bu məbləğlər işçilərin fin koduna köçürülməyə başlanılmışdır. 2006- 2016-cı illərdə Masallı RTŞ-nin tabeliyində olan müəssisələrdə çalışan işçilərin əmək haqlarından sosial sığorta haqları tutulmuş, lakin onların fin kodlarına köçürülməmişdir. Bununla bağlı bir neçə işçilərdə problemlər olmuşdur. İddiaçı əmək haqqından tutulan sosial sığorta haqqı Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon X11 tərəfindən onun hesabına işlənməmişdir. Əlavə olaraq qeyd edirik ki, 2006-2016-cı illərə dair mühasibatlığa aid bütün sənədlər 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi yarandığı zaman həmin təşkilata təhvil verilmiş, həmçinin mühasibatlıqda çalışan işçilər hazırda orada çalışırlar. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin məhkəməyə göndərdiyi 25.01.2021-ci il tarixli, 63(01)-01-17-12 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, “...14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29.04.2016-cı il tarixli 259 nömrəli əmri ilə yaradılmış və 01 may 2016-cı il tarixdən fəaliyyətə başlamışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-ci il tarixli 1180 nömrəli Fərmanına əsasən 1 yanvar 2017-ci ildən əhatə dairəmizə aid rayonlar (Masallı, Cəlilabad, Yardımlı) üzrə müvafiq müəssisələrin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin Təhsil bölməsində nəzərdə tutulmuş vəsait hesabına Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bununla əlaqədar Təhsil Nazirliyinin 12.01.2017-ci il tarixli 17-201/16 nömrəli məktubuna əsasən ilkin olaraq 2017-ci ildən təsdiq olunmuş xərclər smetasında nəzərdə tutulan vəsait hesabına mərkəz tərəfindən alınacaq, eləcə də, Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən satın alınaraq əvəzsiz veriləcək mal-material qiymətlilərin balans saxlayıcısının ərazi maliyyə hesablaşma mərkəzləri, əvvəlki illərin xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına alınan malmaterial qiymətlilər üzrə balans saxlayıcısının isə yerli təhsili idarəetmə orqanlarına, habelə 2017-ci ildən başlayaraq mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılması və hesabatların aidiyyəti orqanlara təqdim edilməsi ərazi maliyyə hesablaşma mərkəzlərinə, əvvəlki illərin mühasibat uçotunun aparılması və hesabatların aidiyyəti orqanlara təqdim edilməsi isə yerli təhsili idarəetmə orqanların səlahiyyətlərinə aid edilmişdir. Müraciətinizdə göstərdiyiniz dövrlər (2010-ci - 2011-ci illər) mərkəzin fəaliyyətə başladığı dövrdən əvvələ təsadüf etdiyindən və qanunvericiliklə həmin dövrlərin hesabatlarını təqdim olunması yerli təhsili idarəetmə orqanlarına tapşırıldığından, hesabatlara müdaxilə olunması Mərkəzin səlahiyyətlərinə aid deyildir. Onu da nəzərinizə çatdırırıq ki, Masallı Rayon Təhsil Şöbəsi müstəqil balansa, möhürə və ştampa sahibdir və X6 Orqanında şəxsi xəzinə hesab kitabı vardır ki, müvafiq maliyyələşmələrin xəzinə hesabındakı qalığına uyğun həyata keçirir. Bildiririk ki, 2006-2016-cı illərdə aidiyyəti yerli təhsili idarəetmə orqanları tərəfindən əmək haqqından məcburi sosial sığorta haqları üzrə ödənişlərin Məcburi Dövlət Sosial Sığorta haqqında hesabata işlənilməməsi ilə əlaqədar yaranmış problemlərin aradan qaldırılmasından ötrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti rayon təhsil şöbələrinə sistemdə dəyişikliyi həyata keçirmək üçün yanlız onların baxa biləcəkləri gizli parol verilmiş və hal-hazırda həmin şifrə parol vasitəsilə Təhsil Şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan dövrlər üzrə vətəndaş İddiaçı və digər işçilərinin əmək haqlarından hesablamalarında müvafiq dürüstləşmələr aparılaraq sistemə yenidən daxil olunur. Göstərilənlərlə əlaqədar olaraq Sizdən xahiş olunur ki, tərəfinizdən keçiriləcək inzibati məhkəmə icraatında cavabdeh şəxs kimi iştirak etməkdən ötrü qeyd olunan dövrlər üçün hesabatı təqdim edən - müvafiq maliyyələşmələri aparan Masallı Rayon Təhsil Şöbəsinin əməkdaşlarını dəvət edəsiniz. Nəzərə almağınızı xahiş edirik. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun : 7.8-ci maddəsinə əsasən sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əmək haqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. 7.9-cu maddəsinə əsasən sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir: 7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi; 7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı; 7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə); 7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə). 9.2.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək işəgötürənin vəzifələrinə daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2010-cu ildə İddiaçı haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuş və onun əmək haqqısından məcburi dövlət sosial sığorta haqlarına görə tutulmalar həyata keçirilmiş, lakin həmin illər üzrə sosial sığorta hesabatı (B3 hesabatı) İddiaçı sosial sığorta hesabına işlənməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçı İddiaçı 2010-cu ildə Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi müddətdə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adını sığorta olunan kimi qeyd etməməsi, eyni zamanda əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsini təmin etməməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı cavabdeh Masallı rayon Təhsil şöbəsinə qarşı “2010-cu ildə Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi il üçün “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyi cavabdeh Masallı rayon Təhsil şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdeh Masallı rayon Təhsil şöbəsinə qarşı “2010-cu ildə Masallı rayon Boradigah qəsəbəsi 1 saylı tam orta məktəbdə işlədiyi il üçün “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyi cavabdeh Masallı rayon Təhsil şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar