Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1680/2021 16.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı (Sabirabad rayonu, Sarxanbəyli kəndində qeydiyyatda olan), cavabdehin nümayəndəsi X2 (Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi məhəllə 523, ev 18A, mənzil 42-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, Sabirabad rayonu, Sarxanbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı işlədiyi iş illərini sosial staj kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə X9 şəxsin 4 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh 10 mart 2021-ci il tarixli, **********3 nömrəli məktubla ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1971-1974, 1980-1997-ci illərdə “İşıqlı Yol” və “Xəqani” kolxozlarında işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə almaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 29.11.2021-ci il tarixli iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, 1971-1974, 1980-1997-ci illərdə “İşıqlı Yol” və “Xəqani” kolxozlarında əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 29.11.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiаçı İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ona 17.05.1976-cı ildə İT- İ ******* nömrəli əmək kitabçası açılmışdır. 1971-1974-cü illərdə onun əmək kitabçası olmamışdır. 1980-1997-ci illərdə “İşıqlı Yol”, “Xəqani” kolxozlarında işlədiyi dövrlərdə stajı əmək kitabçasına məlum olmayan səbəblərdən qeyd edilməmişdir. Adı doğum haqqında şəhadətnamədə, təhsil haqqında şəhadətnamədə, texniki təhsil haqqında atestatda, hərbi biletdə və şəxsiyyət vəsiqəsində həmişə Mirzə göstərilmişdir. Yeniyetmə yaşlarında 1971- 1974-cü illərdə hərbi xidmətə getdiyi dövrə kimi kənddə Əlmirzə adı ilə tanındığı üçün əmək haqqı hesablama sənədlərində Əlmirzə kimi qeyd edilmişdir. Adının sənədlərdə Əlmirzə deyil, Mirzə kimi tanınması üçün Sabirabad rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 08.07.2021-ci il tarixli qətnaməsi ilə Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş ərizəçi İddiaçı “Xəqani” adına kolxozda işləməsi qeydləri barədə 29.01.2021-ci il tarixli, 16 nömrəli arxiv arayışının 1971-1974-cü illəri dövrünü əhatə edən qeyd sütununda göstərilən “Əlmirzə” adlı şəxsin xx.xx.1956-cı il tarixdə Sabirabad rayonu Sarxanbəyli kəndində anadan olmuş İddiaçı ilə eyni şəxs olması faktı müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialına yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciət etmiş, həmin filialın 10.03.2021-ci il tarixli cavab məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxılaraq, iddiaçının təqdim etdiyi Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 29.01.2021-ci il tarixli, 16 nömrəli arayışına əsasən 1971-1974, 1980- 1997-ci illərdə “İşıqlı Yol” və “Xəqani” kolxozlarında işlədiyi müddət əmək kitabçasında qeyd edilmədiyindən və 1971-1974-cü illərdə adının “Əlimirzə”, 1980-1997-ci illərdə “Mirzə” kimi qeyd edildiyindən həmin dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab olunmamışdır. Buna görə də qeyd olunan dövrün sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyanın təyin olunması üçün vətəndaşın hüququnun yarandığı 20.01.2021-ci il tarixə tələb olunan pensiya kapitalı 28800 manatdır. Əmək və Əhalinin Sosial Müdafiəsi X1 X3 Alt Sisteminə əsasən, Qanunun 22.1.1ci maddəsinin tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiаçı İddiaçı işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə almaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur və 20.01.2021-ci il tarixdə 65 yaşı (1 iyul 2020-30 iyun 2021-ci il tarixlərdə kişilər üçün pensiya yaşı 65-dir) tamam olmuşdur. İddiaçının arxiv arayışındakı iş illəri (əmək iştirakı normasına görə faktiki müddət üzrə) sosial sığorta stajı kimi nəzərə nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, Sabirabad rayonu, Sarxanbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan İddiaçı 06.05.1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, 06.05.1974-26.04.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus 17.05.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 13.05.1976-cı il tarixdən 01.06.1977-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Sabirabad rayon Dövlət Arxivinin 29.01.2021-ci il tarixli, 16 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1971-1974, 1980-1997-ci illərdə “İşıqlı Yol” və “Xəqani” kolxozlarında işləmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 4 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 10.03.2021-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, təqdim etdiyi sənədlərə əsasən 25 il 2 ay 13 gün (3 il 2 ay 8 gün əmək kitabçası, 1 il 11 ay 20 gün hərbi xidmət dövrü, 19 il 5 ay kolxoz stajı, 7 ay 15 gün təhsil illəri) sığorta stajı müəyyən olunmuşdur. Lakin Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 29.01.2021-ci il tarixli, 16 nömrəli arayışa əsasən 1971-1974, 1980-1997-ci illərdə “İşıqlı Yol” və “Xəqani” kolxozlarında işləməyi əmək kitabçasında qeyd edilməmiş və 1971-1974-cü illərdə adı Əlmirzə, 1980-1997-ci illərdə isə Mirzə kimi qeyd edilmişdir. Həmçinin 1997-ci ildə “İşıqlı Yol” və “Xəqani” kolxoz məcburi dövlət sosial sığorta haqqı köçürmədiyindən həmin ilə aid iş stajının nəzərə alınması mümkünsüzdür. Belə olan halda həmin illər nəzərə alınmadıqda 5 il 9 ay 13 gün sığorta stajı müəyyən edilir ki, bu da yaşa görə əmək pensiyası təyin olunmasında tələb olunan staja kifayət etmir. Ona görə də 01.01.2006-cı ildən sonra fərdi hesabında vəsait olmaması, tələb olunan sığorta stajının çatmaması və adında uyğunsuzluq olması səbəbindən pensiya təyin edən komissiya yaşa görə əmək pensiyası təyin olunmasına imtina edilmişdir. İşdə olan Sabirabad rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2(056)-935/2021 nömrəli qətnaməsindən görünür ki, Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş ərizəçi İddiaçı “Xəqani” adına kolxozda işləməsi qeydləri barədə 29.01.2021-ci il tarixli, 16 nömrəli arxiv arayışının 1971-1974-cü iş (əmək fəaliyyəti) illəri dövrünü əhatə edən qeyd sütununda göstərilən “Əlmirzə” adlı şəxsin xx.xx.1956-cı il tarixdə Sabirabad rayonu Sarxanbəyli kəndində anadan olmuş İddiaçı ilə eyni şəxs olması faktı müəyyən edilmişdir. İşdə olan Sabirabad rayon Məhkəməsinin məhkəməyə ünvanladığı 29.09.2021-ci il tarixli, 2(056)-935/2021 nömrəli məktubundan görünür ki, Sabirabad rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli, 2(056)-935/2021 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı (DSMF publik hüquqi şəxsin 4 saylı regional ərazi filialə iş üzrə maraqlı şəxs kimi qeyd olunan) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilmişdir. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edilmiş, qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməmiş, qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni 29.01.2021-ci il tarixli, 16 nömrəli arxiv arayışını təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri Sabirabad rayon Dövlət Arxivinin 29.01.2021-ci il tarixli, 16 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə Sabirabad rayon Dövlət Arxivinin 29.01.2021-ci il tarixli, 16 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 1971-1974, 1980-1997-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri onun onun sosial sığorta stajına hesablanmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı arxiv arayışındakı iş illəri (minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə) nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 1971-1974, 1980-1997-ci illərdə “İşıqlı Yol” və “Xəqani” kolxozlarında əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla 20.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 4 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1971-1974, 1980-1997-ci illərdə “İşıqlı Yol” və “Xəqani” kolxozlarında əmək iştirakı normasına görə faktiki müddət üzrə işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla 20.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 4 saylı regional ərazi filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1680/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1680/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver