Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-169/2021 16.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının nümayəndəsi X1 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının baş mütəxəssisi, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialına qarşı «1967-1997-ci illərdə «Sovet Ukraynası» kolxozunda işləməsi ilə bağlı əmək stajı nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli məktubla iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1967-1997-ci illərdə «Sovet Ukraynası» kolxozunda işləməsi ilə bağlı əmək stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının hüququ yarandığı gündən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1955-ci ildə Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olmuşdur. 1967-ci ildə Qarasaqqal kənd Sovet Ukraynası kolxozunda əmək fəaliyyətinə başlamışdır. 1973-cü ilə kimi həmin kolxozda işləmişdir. 1973-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra yenidən həmin kolxozda əmək fəaliyyətini davam etdirmişdir. 1997-ci ilin axırlarına kimi həmin kolxozda işləmişdir. 2019-cu ildə yaşa görə pensiyaya çıxmaq üçün Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Lakin ona əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İddiaçıya şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx xxxx 2021-ci il tarixli **********5 saylı etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı işlədiyini iddia etdiyi 1971-1972, 1975 və 1977-1997-ci illərə dair Kürdəmir rayonu «Sovet Ukraynası» adına kolxozda işləməsi haqqında arxiv arayışı təqdim etmişdir. Lakin bu qeydlər əmək kitabçasında qeyd edilmədiyi üçün həmin illər əmək stajının müəyyən edilməsi zamanı nəzərə alınmamışdır. Bundan başqa iddiaçının əmək kitabçasında xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 4 saylı Təsərrüfat Hesablı Təmir Tikinti İdarəsində işləməyi qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Lakin müəssisənin sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən və eləcə də həmin müəssisənin arxiv sənədlərinin saxlanıldığı hüquqi ünvanı məlum olmadığından nəticə etibarı ilə əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmadığından həmin dövr sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də yaşa görə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür. Yuxarıda sadalananları nəzərə alaraq, məhkəmədən İddiaçı cavabdeh DSMF-nin 12 saylı regional ərazi filialına qarşı “işlədiyi illər sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda qeyd olunanları müdafiə edərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, hərbi biletinin təsdiq olunmuş surətini, Kürdəmir rayon Dövlət Arxivinin arxiv arayışını, cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edildi ki, İddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxxxxx 2019-cu il tarixdə 64 yaşı tamam olmuşdur. İddiaçı 1967-1997-ci illərdə «Sovet Ukraynası» kolxozunda işləməsi ilə bağlı əmək stajı nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 60 nömrəli arxiv arayışından görünür ki, iddiaçının 1967-ci ildə faktiki adam günü 26 gün, 1968-ci ildə faktiki adam günü 6 gün, 1969-cu ildə faktiki adam günü 15 gün, 1970-ci ildə faktiki adam günü 41 gün, 1971-ci ildə faktiki adam günü 273 gün, 1972-ci ildə faktiki adam günü 210 gün, 1975-ci ildə faktiki adam günü 34 gün, 1977-ci ildə faktiki adam günü 136 gün, 1978-ci ildə faktiki adam günü 312 gün, 1979-cu ildə faktiki adam günü 78 gün, 1980-ci ildə faktiki adam günü 305 gün, 1981-ci ildə faktiki adam günü 363 gün, 1982-ci ildə faktiki adam günü 303 gün, 1983-cü ildə faktiki adam günü 342 gün, 1984-cü ildə faktiki adam günü 312 gün, 1985-ci ildə faktiki adam günü 313 gün, 1986-cı ildə faktiki adam günü 321 gün, 1987-ci ildə faktiki adam günü 323 gün, 1988-1989-cu illərdə faktiki adam günü 312 gün, 1990-cı ildə faktiki adam günü 317 gün, 1991-ci ildə faktiki adam günü 312 gün, 1992-ci ildə faktiki adam günü 250 gün, 1993-cü ildə faktiki adam günü 363 gün, 1994-cü ildə faktiki adam günü 310 gün, 1995-ci ildə faktiki adam günü 364 gün, 1996-cı ildə faktiki adam günü 304 gün və 1997-ci ildə faktiki adam günü 237 gün olmuşdur. İddiaçının 1976-cı ildə kolxozda işləməsi isə Kürdəmir rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 60 nömrəli arxiv arayışında öz əksini tapmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon filialının xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının sığorta stajını hesablayarkən minimum əmək günü norması 200 gün götürülmüşdür. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1967-1972, 1975, 1977-1997-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon filialının xx.xx.2020-ci il tarixli məktubunun məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması həmin dövrdə kişilər üçün 200 gün olmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1971-1972, 1978 və 1980-1997-ci illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 21 il hesablanmalıldır. Həmçinin iddiaçının 1967-1969-cu illərdə 15 yaşı tamam olmadığından həmin illərdə işləməsinin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə əsasən 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 249-cu maddəsinə əsasən yaşı 15dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. İddiaçı 1970, 1975, 1977 və 1979-cu illərə münasibətdə isə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (41+34+136+78)× 12 = 3468/200=17,34 ay (≈1 il 5 ay). Beləliklə, 1970-1972, 1975, 1977-1997-ci illərdə kolxozda işləyərkən faktik müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq iddiaçının 22 il 5 ay iş stajına malik olduğu müəyyən edilir. Həmçinin iddiaçı xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Odur ki, iddiaçının yuxarıda qeyd olunan əmək stajı nəzərə alındıqda 24 il 5 ay 26 gün sığorta stajı müəyyən olunur ki, bu da iddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət deyildir. Eyni zamanda iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 4 saylı Təsərrüfat Hesablı Təmir Tikinti İdarəsində işləməsinə dair qeydlər olan əmək kitabçasını məhkəməyə təqdim etməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunvericiliyin qeyd olunan müddəalarından göründüyü kimi 64 yaşı tamam olmuş kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı müəyyən olunmur. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı da müəyyən olunmamışdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialına qarşı «1967-1997-ci illərdə «Sovet Ukraynası» kolxozunda işləməsi ilə bağlı əmək stajı nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialına qarşı «1967-1997-ci illərdə «Sovet Ukraynası» kolxozunda işləməsi ilə bağlı əmək stajı nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməsin.
2. Prosessual xərc iddiaçıya aid edilsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov