Məhkəmə qərarları › İş №2-1(120)-1690/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1690/2024

23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1690/2024 23.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbinə dair inzibati işə 23 fevral 2024-cü il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Bakı şəhəri X1 üzrə Baş İdarəsi Cavabdeh qarşı cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 150 manat məbləğində ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 150 manat məbləğində siyahıya alınmış əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini ödəmədiyinə görə öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdehin hal-hazırda Dövlət Sosial Müdafiə Fonduna 150 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 və 49-cu maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir.İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 150 manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, vergi orqanı olan iddiaçı 18 aprel 2023-cü il tarixli bildirişlə yaranmış borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2023-cü il tarixli qərarı əsasında 20 iyun 2023-cü il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak (Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzi zona karqo, sıra 6, korpus 3, 63 saylı mağazada olan 1 ədəd 150 manat dəyərində “Regular” markalı kondisioner) siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlakı Cavabdeh məsul saxlanmaya verilmişdir. Cavabdeh aktı və protokolu imzalayaraq surətlərini almışdır. İş materiallarında olan 12 oktyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarında olan “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsində qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş və imzalanmış izahatda cavabdeh bildirir ki, borcu hissə-hissə ödəyəcək. Göründüyü kimi, cavabdehin borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: - (23.1.8) qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; - (23.1.15-1) hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. Həmin Məcəllənin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Qeyd edilən Məcəllənin 24.0.1 və 24.0.12-ci maddələrinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Göstərilən Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Yenə həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 90.4-cü maddəsinə əsasən, əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikasıl Prezidenti 30 avqust 2000-ci il tarixli 393 nömrəli Fərmanının 1.40-1-ci bəndinə əsasən, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. 90.3-1-ci maddəsinə əsasən, Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. “Sosial sığorta haqqında” xx.xx.1997-ci il tarixli Azərbaycan Respublikası Qanunun 9-cu və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. 18-ci maddəsinin ikinci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 3.1-ci maddəsinə əsasən, bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan, iddia təmin edilərək, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılmalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixinə Dövlət Sosial Müdafiə Fonduna 150 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin 20 iyun 2023-cü il tarixli protokoluna əsasən 150 manat məbləğində siyahıya alınmış əmlakı (Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzi zona karqo, sıra 6, korpus 3, 63 saylı mağazada olan 1 ədəd 150 manat dəyərində “Regular” markalı kondisioner) vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılsın. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Məhkəmə qərarından şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar