Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1691/2025 19.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasının ödənilməsi” tələbinə dair iş üzrə Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasının ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: Тəsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020ci ildən xx.xx.2021-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2017-ci il tarixdə təyin edilmiş əlillik əsasında iddiaçıya cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən etibarən əlilliyə görə əmək pensiyası təyin edilmiş və onun ödənişinə başlanılmışdır. Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaçıya təyin edilmiş əlillik xx.xx.2020-ci il tarixdə əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya ödənilən əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır. Daha sonra iddiaçı tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı ona təyin edilmiş əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa olunmasına dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-1928/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya təyin edilmiş pensiyanın etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Adıçəkilən məhkəmə qərarı həmin Agentlik tərəfindən icra edilmiş və iddiaçıya təyin edilmiş əlillik altsistemdə dayandırıldığı tarixdən bərpa edilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi, cari pensiya ilə yanaşı ödənilməmiş qalan məbləğlərin ödənilməsi xahiş edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciəti qismən təmin edilmişdir. Belə ki, iddiaçıya əlilliyə görə təyin olunmuş cari pensiya, o cümlədən xx.xx.2021-ci il tarixdən etibarən ödənilməli olan pensiya məbləğinin ödənişinin həyata keçirilməsinə başlanmışdır. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin qismən təmin edilməsi əsassızdır. Belə ki, cavabdehin imtina məktubundan görünür ki, pensiya ödənişinin dayandırldığı tarixdən ödənilməməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsi ilə əsaslandırılmışdır. Halbuki, hazırkı mübahisədə cavabdeh orqan bir məsələni nəzərdən qaçırmışdır. İddiaçı vaxtında ona pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, bir müddət həmin pensiyanı almaqda davam etmiş, daha sonra reablitasiya agentliyinin qanunsuz hərəkətləri nəticəsində onun əliliyi etibarsız hesab edilmiş, həmin hərəkətlərin qanunsuz olması məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə təsbit edilmiş və bundan sonra ödənişlər bərpa edilmişdir. İddiaçının pensiyasının 5 il ərzində dayandırılmasında onun hər hansı bir təqsiri mövcud olmamışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazı onunla əsaslandırır ki, İddiaçı ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin Mərkəzi Filiala həvalə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki İddiaçı 20 iyun 2017-ci il tarixdə orqanizmin funksiyalarının 61-80 faizına görə (İİ dərəcəli) əlilliyi müəyyən olunmuş şəxs kimi əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı İddiaçı əlilliyi etibarsız hesab edildiyi üçün pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Bundan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq məktubuna və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(120)-1928/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçıya xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən (xx.xx.2022-ci ilədək) bərpa edilməsi vəzifəsi Agentliyə həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu məsələ «Əmək pensiyaları haqqında» Qanunun 32.11-ci maddəsinin tətbiqinə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının 03/2020-ci tarixli qərarında həllini tapmışdır. Həmin qərarda ifadə olunmuş hüquqi mövqelər ondan ibarət olmuşdur ki, sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn tez- tez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün pozitiv hüquqda birbaşa tənzimlənməməsinə baxmayaraq, əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir. Qazanılmış hüquq - yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Pensiya təminatı sistemindəki islahatların əsas məqsədlərindən birini pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması və xərclərin proqnozlaşdırıla bilən olmasını təmin etmək təşkil etmişdir. Bu məqsədlərə nail olmanı təmin etmək üçün seçilmiş vasitələrdən biri də keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinə üç illik müddət məhdudiyyətinin gətirilməsi olmuşdur. Yuxarıda şərh olunan hallar nəzərə alındığında kollegiya hesab edir ki, keçmiş dövr üçün alınmamış pensiyalara tətbiq edilən üç illik müddət məhdudiyyəti ilə bağlı yeni tənzimləmələr ictimai maraqları təmin etməyə yönəlmiş legitim məqsədlərə xidmət etmişdir. Keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi jtlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, bildirir ki, ötən dövr üzrə ödənilməli olan məbləğ məhkəmənin qanuni qüvvəyə minmiş qərarından 3 il əvvələ (xx.xx.2021-ci il) hesablanmışdır. Odur ki, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X2 gəlmiş, İddiaçı isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1984-cü il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan İmişli rayonudur. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən, sizə xx.xx.2017-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində əlilliyinizin etibarsız edildiyi müəyyən edildiyindən pensiyanızın ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Bu səbəbdən sizə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək ödənlimiş məbləğ əsassız ödənilmiş vəsait hesab olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1 (120)-1928/2024 nömrəli qərarına əsasən əlilliyiniz bərpa edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən bildirir ki, ötən dövr üzrə ödənilməli olan məbləğ məhkəmənin qanuni qüvvəyə minmiş qərarından 3 il əvvələ (xx.xx.2021-ci il) hesablanmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1928/2024 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən (xx.xx.2022-ci ilədək) bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2024-cü il tarixli 2-1(120)- 4661/2024 nömrəli sorğuya baxılmışdır. İddiaçı hüququnun yarandığı xx.xx.2017-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 355 nömrəli arayışına əsasən xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək 1 il 5 ay 10 gün hərbi xidmətdə olduğu müddət, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində qeyd edilən məlumata əsasən xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 7 il 4 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumi sığorta stajı 8 il 9 ay 10 gün təşkil edir. İddiaçının 2006-cı il tarixinədək 1 il 5 ay 10 gün sığorta stajına əsasən fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (1+(10/30+5/12))x170=245,55 manat müəyyən edilmişdir. Eyni zamanda 2006-cı il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2017-ci il tarixinə indeksləşdirilmiş məbləği 532,42 manat təşkil edir: 2006 - 245,55 2007 8,3 265,93 2008 16,7 310,34 2009 20,8 374,89 2010 1,5 380,51 2011 5,7 402,20 2012 7,9 433,97 2013 1,1 438,75 2014 2,4 449,28 2015 1,4 455,57 2016 4 473,79 2017 12,4 532,42 Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində qeyd edilən məlumata əsasən, İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2017-ci il tarixinə indeksləşdirilmiş məbləği 1487,22 manat müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiasına dair iş üzrə Şirvan inzibati Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1 (120)-1928/2024 nömrəli qərarı Agentlik tərəfindən icra edilərək İddiaçı əlilliyi etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək bərpa edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bildirir ki, İddiaçı əlilliyə görə əmək pensiyasına ötən dövr üzrə ödənilməli olan məbləğ məhkəmənin qanuni qüvvəyə minmiş qərarından 3 il əvvələ (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək) hesablanmışdır. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli Qərarla iddiaçıya əvvəlki tarix üzrə xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il ərzində pensiya məbləği ödənilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğu əsasında aparılan araşdırma zamanı İddiaçı (FİN: 3SUFNWN) xx.xx.2024-cü il tarixli Sərəncama əsasən xx.xx.2021 xx.xx.2022-ci il tarixlərində yaranan ötən dövr üçün əskik ödənilmiş vəsait 3807,21 manatın tam ödənildiyi müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABK8 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən 5 il müddətinə (xx.xx.2022-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırma nəticəsində Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 029- 3854-1219/5 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı həmin məktuba əsasən xx.xx.2019-cu il tarixində ləğv olunmuşdur. Narazı vətəndaş məhkəməyə müraciət etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 2- 1(120)-1928/2024 nömrəli qərarı icra edilərək, xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1- 12760/2024 nömrəli xidməti məruzə ilə İddiaçı xx.xx.2017-ci il tarixində təyin edilmiş ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən 5 il müddətinə (xx.xx.2022-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixindən bərpa edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 32.1-1 -ci maddəsinə görə Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyərək, iddia və etiraz ərizəsini, iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşin araşdırılması nəticəsində müəyyən olunur ki, iddiaçıya ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən xx.xx.2017-ci il tarixdən 5 il müddətinə (xx.xx.2022-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində iddiaçıya dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2019-cu il tarixində ləğv olunmuşdur. İddiaçı məhkəməyə müraciət etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1928/2024 nömrəli qərarı ilə İddiaçı xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən (xx.xx.2022-ci ilədək) bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1928/2024 nömrəli qərarı icra edilərək, İddiaçı xx.xx.2017-ci il tarixində təyin edilmiş ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən 5 il müddətinə (xx.xx.2022-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixindən bərpa edilmişdir. Bundan sonra cavabdeh tərəfindən İddiaçı əlilliyə görə əmək pensiyasına ötən dövr üzrə ödənilməli olan məbləğ məhkəmənin qanuni qüvvəyə minmiş qərarından 3 il əvvələ, yəni xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmışdır. Lakin xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyası isə hesablanmamışdır və cavabdeh tərəfindən imtina əsası kimi isə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad edilmişdir ki, həmin maddəyə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Məhkəmə cavabdehin imtina dəlili ilə bağlı bildirir ki, qeyd olunan maddənin məzmunu pensiya hüququ yaranan, lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə şamil edilir. Halbuki, hazırkı mübahisənin mahiyyəti isə tamamilə fərqlidir, belə ki, iddiaçı pensiya hüququnun yarandığı tarixdən müraciətini etmiş və onun müraciəti təmin edilmişdir. Daha sonra isə ona əlillik statusu vermiş inzibati orqan tərəfindən əsassız olaraq onun qiymətləndirməsi ləğv edilmiş, iddiaçı öz pozulmuş hüquqlarını, cavabdehin hərəkətini məhkəmə icraatı mübahisələndirərək, yenidən sosial təminat hüququnun bərpasına nail olmuşdur. Göründüyü kimi qüvvədə olan əlilliyin etibarsız hesab edilməsində iddiaçının hər hansı bir təqsiri olmamış, onun hüquqları bərpa edildikdən sonra da hazırki cavabdeh tərəfindən də ona pensiya ödənişləri həyata keçirilməyə başlanılmışdır. Adıçəkilən norma hüquqların yaranmasını özündə ehtiva etsə də, bu mübahisə üzrə isə yaranmış hüquqlardan deyil, pozulmuş hüquqların tam şəkildə bərpasından söhbət gedir. Bu halda isə idddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin təbiq edilməsi yolverilməzdir. Odur ki, məhkəmə cavabdehin bu arqumentini qəbul etmir və hesab edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası üzrə keçmiş dövrün fərq məbləğləri hər hansı bir məhdudiyyət olmadan tam şəkildə ödənilməlidir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər ödənilməli olan və ödənilməmiş əlilliyə görə əmək pensiyasının ödənilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Məhkəmə xüsusilə vurğulayır ki, sosial təminat sahəsində dövlət siyasətini həyata keçirən orqan həmin sahənin həssaslığını nəzərə almalı, şəxsin bu sahədə hüququnun təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı halları obyektiv və hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar qəbul etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər ödənilməli olan əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1691/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1691/2025
19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver