Məhkəmə qərarları › İş №2-1(120)-170/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-170/2022

04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-170/2022 04.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (Cəlilabad rayonu, Göytəpə şəhəri, Sərhədabad kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı kirayə haqqının, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçu kimi müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə 04 avqust 2022-ci il tarixdə, Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçu kimi müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilən kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(120)-170/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-170/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(120)-170/2022 saylı qərardadı ləğv edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, xx xxxxxx 1973-cü ildə Cəlilabad rayonunun Sərhədabad kəndində anadan olmuşdur. Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirmiş, Azərbaycan Respublikasında həqiqi hərbi xidmətdə olmuş, 22 iyul 2016-ci ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə müvafıq olaraq vəzifəsindən azad olunmuş, şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək həyətyanı torpaq sahəsi və yaşayış evinin olmadığı üçün müvəqqəti qeydiyyata düşməklə yaşadığını bildirmiş və RİH-də mənzil növbəsində alınmasını xahiş etmişdir. Cavabdeh 25 aprel 2019-cu il tarixli 65 nömrəli sərəncamına əsasən onu ev növbəsinə qeydiyyata almışdır. Bununla da o, evinin olmadığı üçün bu gün kirayədə yaşayır və kirayə haqlarını cavabdeh boynuna götürsə də bu ilin aprel ayından kirayə haqlarını verməkdən imtina etmişdir. Bu da onun ehtiyaclar içərisində yaşamağına səbəb yaratmış, ailəsinin ağır durumda yaşamasına şərait yaradılmışdır. Bu barədə aidiyyəti orqanlara, o cümlədən cavabdehə etdiyi müraciətlər məqbul qəbul edilməmişdir. Rüblük olaraq kirayə haqlarının ödənilməsi qanunlarla tənzimlənməli və həyatda yaşamaq üçün ona və ailəsinə şans verilməlidir. Ona görə də həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçu kimi müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilən kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə heç bir münasibət bildirməmişdir. Cavabdeh şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə qismən əsaslıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının 1-ci bəndinin 2-ci yarımbəndinə (başqa şəhər və rayon mərkəzlərində-75 manat) əsasən hüququnun yarandığı vaxtdan (xx.xx.2019-cu il tarixdən) müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qeyd olunan hissədə qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Cəlilabad rayonu, Sərhədabad kəndində anadan olmuş və Cəlilabad rayonu, Sərhədabad kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. - İşdə olan xx.xx.2016-ci il tarixli, EZ ******* nömrəli hərbi biletin surətindən və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 63 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət etmiş, hərbi rütbəsi-zabitdir, xx.xx.2016-cı il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. SHXÇDX-nin Cəlilabad rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiyə Nazirliyinin əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən səfərbərlikdən tərxis edilmişdir. - İşdə olan xx.xx.2020-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsi) görünür ki, kirayə verən X1 İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini aylıq 300 manat olmaqla kirayəyə vermişdir. - İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********89 saylı məhkəməyə ünvanlanmış məktuba əsasən, İddiaçı adına Cəlilabad rayonu, Sərhədabad kəndində 8 nəfər ailə üzvləri ilə ümumi birgə 3.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. J 235 seriyalı, KOD 80614028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətinə əsasən, Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarına əsasən, Cəlilabad rayonu, Sərhədabad kəndində 3.57 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X2 və onun ailə üzvləri arasında İddiaçı daxil olduğu 7 nəfərin mülkiyyətinə verilmişdir. - İşdə olan Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 65 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, “...ehtiyatda olan zabit İddiaçı imtiyazlı mənzil növbəsinə götürülmüşdür.” - İşdə olan Cavabdehin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 737 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müəyyən edilmiş məbləğdə kompensasiyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. - İşdə olan Cavabdehin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, Ş-27/2-088 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyul 2012-ci il tarixli 174 nömrəli Qərarının 3.1 və 3.2 bəndlərinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi müvəqqəti yaşayış sahəsinə kirayə kompensasiyasının verilməsinə razılaşmayaraq ona 1 aprel 2021-ci il tarixdən müvəqqəti yaşayış sahəsinə kirayə haqqının verilməsi dayandırılmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Beləliklə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsində müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ehtiyatda olan İddiaçı xx.xx.1992ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmətdə olmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qismən səfərbərlik zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsinə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən səfərbərlikdən tərxis edilmişdir. xx.xx.2020-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqəti istifadəyə verilməsi müqaviləsinə (kirayə müqaviləsi) əsasən kirayə verən X1 İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili aylıq 300 manat olmaqla kirayəyə vermişdir. Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 65 nömrəli sərəncamı ilə ehtiyatda olan zabit İddiaçı imtiyazlı mənzil növbəsinə götürülmüşdür. Cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulmadığı əsas gətirilərək İddiaçı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müəyyən edilmiş məbləğdə kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Cavabdehin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 990 nömrəli məktubundan göründüyü kimi iddiaçıya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müəyyən edilmiş məbləğdə kompensasiyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eyni zamanda iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 65 nömrəli sərəncamı ilə mənzil növbəsinə qəbul edildiyindən və hazırda da mənzil növbəsində olduğundan ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi bərpa edilməlidir. Başqa sözlə, iddiaçıya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsinə əsas onun adının cavabdehin xx.xx.2019-cu il tarixli, 65 nömrəli sərəncamı ilə mənzil növbəsinə qəbul edilməsidir. Cavabdeh isə iddiaçının adının mənzil növbəsindən olan şəxslərin siyahısından çıxarılması barədə müvafiq sərəncam qəbul etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1187/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləlilkə, iddia təmin edilməli, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçu kimi müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilən kompensasiyanın dayandırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçu kimi müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilən kompensasiyanın dayandırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar