Məhkəmə qərarları › İş №2-1(120)-1703/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1703/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1703/2025 22.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 may 2025ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsini, xəstəlik haqqında şəhadətnamə №7893 əsasında əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə yeni qiymətləndirmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ( bundan sonra mətndə Agentlik) qəbul edilməsi, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra yenidən iddiaçının nümayəndəsi İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 6GE77W0006 №-li qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizim funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o SHXÇDX-nin Beyləqan rayon şöbəsi tərəfindən səfərbərliklə hərbi xidmətə çağırılaraq xx.xx.2020-ci ildən etibarən N saylı hərbi hissəsinin tərkibində Vətən müharibəsində torpaqların azadlığı uğurunda döyüşlərdə iştirak etmişdir. Vətən müharibəsi qurtardıqdan sonra da xx.xx.2021-ci ilə kimi hərbi xidmətini davam etdirmişdir. Müharibə zamanı xx.xx.2020-ci il tarixdə torpaqların azadlığı uğurunda gedən döyüşlərdə xəsarət almışdır. Qısa müddət müalicə olunduqdan sonra yenidən hərbi hissədə xidmətini davam etdirmişdir. Müharibədən sonra müharibə vaxtı aldığı xəsarətlər öz təsirini göstərməyə başlamış və sağlamlığında problemlər yaranmışdır. xx.xx.2021-xx.xx.2021-ci ildə General Hospitalda “Qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, Posttravmatik ensefalopatiya” diaqnozu ilə stasianor müayinə və müalicə olunmuşdur. xx.xx.2021-ci ildə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş ona “Adaptasiya pozuntusu, qarışıq tip F43.2” diaqnozu qoyulmuşdur. xx.xx.2021-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin 17b maddəsinin İİ qrafasına əsasən “Sülh dövründə hərbi ixdmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixdə X13 Dispanserində “Qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya adaptasiya pozuntusu qarşıq tip” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuşdur.xx.xx.2022xx.xx.2022-ci ildə Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında “Adaptasiya pozuntusu qarışıq tip.Retroqrad amneziya” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuşdur.xx.xx.2023-cü il tarixdə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində prosfessor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. “Fəlakətdən sonra (müharibə) yaranan davamlı şəxsiyyət dəyişikliyi F62.0” diaqnozu təyin olunmuşdur. xx.xx.2023xx.xx.2023-cü il tarixdə Səhiyyə Nazirliyinin Respublika Psixatriya Xəstəxanasında “Fəlakətdən sonra ( müharibə) yaranan davamlı şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuşdur. xx.xx.2024-xx.xx.2024-cü ildə Səhiyyə Nazirliyinin Respublika Psixatriya Xəstəxanasında “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətlərlə” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuşdur. xx.xx.2024-cü il tarixdə Səhiyyə Nazirliyi Respublika Psixatriya Xəstəxanasının nəzdində yaradılmış həkim psixiatr Komissiyasında Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatrı Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətlə F07.0” diaqnozu təyin olunmuşdur. X9 Rayon Xəstəxanasının TTYŞ-də müayinə və müalicə olunmuşdur və səhhəti ilə əlaqədar müalicəni aparan həkimlərin təyin etdiyi göstərişlər üzrə daimi dərman qəbul edir. SHXÇDX-nin Beyləqan rayon Şöbəsinin göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Agentlik tərəfindən xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Ağdam RƏD in xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətlərlə Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim olunmuş etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın 09 dekabr 2024-cü il tarixli qərarın ləğv edilməsini və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizim funksiyalarının 35-60 faiz aralığında pozulması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir.

Faktiki hallar və sübutlar:

İş materiallatında olan:

İddiaçıya məxsus AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1997-ci ildə doğulmuşdur. Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Çəmənli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 229 №-li arayışdan müəyyən olunur ki, Alışzadə X7 rayonu Aşağı Çəmənli kəndində uçot qeydiyyatındadır. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X12 tərəfindən verilmiş 106608 №-li, xx.xx.2021-ci il tarixli rəydə qeyd olunmuşdur ki xx.xx.1997-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: Adaptasiya pozuntusu, qarışıq tip. F 43.2 Müdafiə Nazirliyinin 073 №-li, xx.xx.2022-ci il tarixli “Yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınması haqqında arayışında sabiq hərbi qulluqçu İddiaçı Azərbaycan Respublikasının Müdafiəsi zamnaı xəsarət aldığı; D-z: Partlayış travması.Qarının ön divarının 3-cü dərəcəli termiki yanığı qeyd olunmuşdur. “Psixi Sağlamlıq Mərkəzi” X12 tərəfindən verilmiş 176 №-li, xx.xx.2023-cü il tarixli rəydə xx.xx.1997-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə t.e.d professor Fuad İsmayılov tərəfindən müayinə olunduğu; Diaqnoz: Fəlakətdən sonra (müharibə) yaranan davamlı şəxsiyyət dəyişikliyi F62.0 qeyd olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixli Diaqnozun təsdiqlənməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu.Üzvi ( İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətlə. Forma 88- Q00192974VNU, qiymətləndirmə tarixi xx.xx.2024-cü il; İmtinanın səbəbi-Diaqnoz öz təsdiqini tapmaması. “Respublika Psixatriya Xəstəxanası” X12 tərəfindən verilmiş 4481 №-li, xx.xx.12024-cü il tarixli rəydə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətlərlə F 07.0. Beyləqan Rayon Mərkəzi X10 Şəxsi tərəfindən verilmiş 2780 №-li, xx.xx.2024-cü il tarixli tibbi arayışda İddiaçı xx.xx.2024-cü il tarixdə saat 17:01-də “Beyləqan RMX”-nın Acil bölməsinə “Sol saidin aşağı 1/3-nin kəsilmiş açıq yarası” diaqnozu ilə müraciət etmişdir. 7893 №-li xx.xx.2024-cü il tarixli Xəstəlik haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2020-xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş xx.xx.1997-ci il təvəllüdlü İddiaçı barəsində Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı əsasında qoyulmuş Diaqnoz: F07.0 orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar özünə xəsarətlərlə. T 90.5, G 93 Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. T 21 Qərarının ön divarının yarısının termiki yanığından sonrakı elastik dəri çapığı”.. Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır. Diaqnoz: S 50 Sol saidin aşağı 1/3-nin içəri səthinin elastiki dəri çapıqları M 71.2 Sol böyrəyin kistası ( 7mm).. Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə. Agentlik tərəfindən Nümayəndə ( İddiaçı nümayəndəsinə) ünvanlanmış 3-17-4/2-A- 23030/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciətinə baxılmışdır. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında İddiaçı xx.xx.2024-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması müyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun öz tsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş:

Agetliyin 3-17-4-2/28974/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid aşağıdakı; - xx.xx.2022-ci il tarixli, 6GSE77W0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XX sinif-Xəstələnmənin və ölümün xarici səbəbləri=> Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar=>Y36-Hərbi əməliyyatlar=>Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər…Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mülayim dərəcədə ifadə olunmuş qarışıq tip adaptasiya pozğunluğu.Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. QKBT-nin qalıq əlamətləri. Baş Beyin silkələnməsindən sonrakı vəziyyət. Qabarıq astenonevrotik sindrom. Adaptasiya pozğunluğu, qarışıq tip Qarının ön divarının İİİ-cü dərəcəli termiki yanığı..Qarının ön divarının termiki yanığından sonrakı bərkimi dəri çapığı. Xroniki qastrit. Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir. xx.xx.2022-ci il tarixli, 6GSE77W0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XX sinif-Xəstələnmənin və ölümün xarici səbəbləri=> Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar=>Y36-Hərbi əməliyyatlar=>Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər…Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Baro travma. QKBT-nin davamlı qalıq əlamətləri.Postravmatik ensefalopatiya.Mülayim dərəcədə ifadə olunmuş qarışıq tip adaptasiya pozğunluğu. Vegetativ damar davamsızlığı.nevrotik təzahürlərlə. Qarının ön divarının İİİ dərəcəli termiki yanığının sonrakı elastiki dəri çapığı. Qarının ön divarının İİİ dərəcəli termiki yanığı. Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir. xx.xx.2022-ci il tarixli, 6GSE77W0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Posttravmatik stress pozuntusu.. Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir. xx.xx.2024-cü il tarixli, 6GSE77W0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Fəlakətdən sonra (müharibə) yaranan davamlı şəxsiyyət dəyişikliyi.Adaptasiya pozuntuusu.qarışıq tip. Diaqnoz öz təsdiqini tapmaması-Səbəbi: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli, 6GSE77W0005 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu.Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu.depressiv daxilolmalar.özünə xəsarətlə. Diaqnoz öz təsdiqni tapmaması- Səbəb: xx.xx.2024-cü il tarixli: Diaqnozun təsdiqlənməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Tibbi-Sosial Ekspert Komissiyasının 22.01. 2024-cü il tarixli xxxxxxx0004 №-li və xx.xx.2024-cü il tarixli xxxxxxx0005 №-li qərarları ilə İddiaçı Diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik verilməsindən imtina edilmişdir. Ağdam RƏD tərəfindən göndərilmiş K00236752ALV №-li, xx.xx.2024-cü il tarixli göndərişdən müəyyən olunur ki, TSEK-ə göndəriş zamanı qoyulmuş diaqnoz (əsas diaqnoz) F07.0 -Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, deressiv daxilolmalar, özünə xəsarətlərlə; Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi. Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-654/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Beyləqan rayon sakini xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) orqanizimin funksiyalarının pozulması faizi rəhbər şəxsin qəbuluna müraciəti əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı orqanizim funksiyalarının pozulması faizinin qiymətələndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024cü il tarixli 7893 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətlə, Partlayış travması (xx.xx.2020), Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya.Qarının ön divarının sağ yarısının termiki yanğından sonrakı elastik dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir;Sol saidin aşağı 1/3-nin içəri səthinin elastiki dəri çapıqları.Sol böyrəyin kistası (7mm)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13408173 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxu pozuntusundan şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını bilməmişdir. Zahirən səliqəli, baxımlı izlənilmişdir. Otağa özündən razı şəkildə daxil olmuşdur. Suallara hazırlıqlı cavablar vermişdir. Tam anlaqlı, emosional canlı müşahidə edilmişdir. Mühakimə və analiz qabiliyyəti situasiyaya uyğun olmuşdur. Pataloji affekt izlənilməmişdir. Zehni inkişaf səviyyəsi yaşına və keçirdiyi həyat tərzinə uyğun müşahidə edilmişdir. Ruhi xəstəlik əlamətləri, ağıl zəifliyi aşkar olunmamışdır. Biləyində dərin kəsik izi izlənilmiş, əlini şüşəyə vurduğunu və əli kəsildiyini söyləmişdir. MMS-nin travma mənşəli zədələnməsi ilkin sənədlərlə öz təsdiqini tapmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra yüngül ifadəli şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pzountuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0006 №-li qərarın surətindən müəyyən olunur ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtinanın səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi qeyd olunmuşdur. Qərarın sistemə daxil edilmə tarixi xx.xx.2025-ci il qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X12 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 270 saylı Ambulator Məhkəmə Psixiatrik Ekspertiza rəyindən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki: - İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu (F07.0) aşkar olunur. Təqdim olunmuş tibbi sənədlərə əsasən X3 qeyd olunan psixi pozuntuya səbəb olan travma İİ Qarabağ müharibəsində alınmışdır. X5 aldığı travmanın fəsadı olan “tez-tez baş verən qıcolma tutmaları” nevroloji pozuntu olduğundan məhkəmə-psixiatrik ekspertizası tərəfindən müəyyən edilə bilməz. Qeyd olunmalıdır ki, X6 əvvəllər mövcud olmuş və müəyyən edilmiş “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi ( F62.0) sonradan digər daha ağır hesab edilən pozuntuya-üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu”na keçmişdir. Hal-hazırda X6 üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu” qeyd olunur. -2-ci sualda göstərilən meyralar şəxsin əmək qabiliyyətinin (əlilliyin) təyininə aid olduğundan məhkəmə-psixiatrik ekspertizası tərəfindən qiymətləndirilə bilməz.

Tətbiq edilən hüquq.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (35-60 faiz, 2 il); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (65-80 faiz, 2 il);

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Qanun: “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2024-cü il tarixli, K00236752ALV nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ mübaribəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarətlərlə. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 270 saylı ekspert rəyində yuxarıda qeyd edilən diaqnozu təkzib edən məlumat yer almamış,əksinə İddiaçı əvvəllər mövcud olmuş və müəyyən edilmiş “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” (F62.0) sonradan digər daha ağır hesab edilən pozuntuya F07.0 “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu”na keçdiyi müəyyyən olunmuşdur. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya əlilliyin təyin olunmasından imtinasının dəlili olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə gəlinən nəticə iş üzrə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıya qoyulmuş diaqnozlar iş materiallarında mövcud olan tibbi sənədlər əsasında öz təsdiqini tapmış, onun müxtəlif səhiyyə müəssisələrində müayinə və müalicələrdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2024-cü il tarixli, K00236752ALV nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda qeyd eilən 7.6.2-cı bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024cü il tarixli xxxxxxx0006 №-li qərarı ləğv olunmalı, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizim funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli xxxxxxx0006 №-li qərarı ləğv olunsun. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizim funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar