Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1704/2023 13.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “JN- 181 A KOD 80112018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş olunaraq Gülarə adını Gülnarə kimi yazılması və X2 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair iddianın mümkünlük məsələsinə 25 oktyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “JN-181 A KOD 80112018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş olunaraq Gülarə adını Gülnarə kimi yazılması və X2 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 iyul 1996-ci il tarixli Torpaq islahatı haqqında qanuna əsasən 1998-ci ildə Astara rayon ərazisində aparılan torpaq islahatları ilə bağlı Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə yaşayış yerləri olan Astara rayonun Şahağacı kəndində dövlətin özəlləşdirilən torpaq sahəsindən ona 0.06 ha toıpaq sahəsi xüsusi mülkiyyətinə verilməklə torpaq üzərində mülkiyyət hüquqları adına yazılmış JN 181 A Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə rəsmiləşdirilməsinə baxmayaraq müəyyən subyektiv səbəblərdən səlahiyyətli orqanlar tərəfindən səhvən şəhadənaməsindən onlara məlum olmayan X2 adı yazılmışdır. Adı qeyd olunan şəxs onarın ailə üzvi olmaqla yanaşı, yaşadıqları kənddə də belə bir vətəndaş yoxdur. Belə olan halda ona verilmiş JN 181 A saylı dövlət aktına əsasən torpaq sahəsindən istifadə etmək hüququ məhdudlaşdırılmışdır. JN-181 A KOD 80112018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş olunaraq Gülarə adını Gülnarə kimi yazılması və X2 adının çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı hüquqi yardım edilmişdir Məhkəmə iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 10 saylı Lənkəran Ərazi İdarəsi İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli **********83 nömrəli bildirşdə qeyd edilmişdir ki, “JN-181 A KOD 80112018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş olunaraq Gülarə adını Gülnarə kimi yazılması və X2 adının çıxarılması barədə iddia tələbi ilə iddiaçı Astara rayon Məhkəməsinə müraciət etmiş və Astara rayon Məhkəməsinin 2(018)-941/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-829/2021 saylı, 06 may 2021-ci il tarixli qərardadına əsasən Astara rayon Məhkəməsinin 2(018)-941/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, şəhadətnamədə düzəliş edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının iddia tələbində xahiş etdi hissə iki hissədən ibarətdir ki, birinci hissə şəhadətnaməyə düzəliş edilməsini Gülarənin Gülnarə kimi oxunmasını istəyir, ikinci hissədə hissə X1 adının çıxarılmasını istəyir. Birinci hissə ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağı Gülarə adının Gülnarəyə məxsus olması faktı ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə, bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXXİ fəslinə əsasən xüsusi icraat qaydasında ümumi (rayon və ya şəhər) məhkəmələrdə baxılır. Bunun üçün iddiaçılar xüsusi icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) müraciət etmək hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Mülki Prosessual Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxıldığından o, aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı yaşadığı (olduğu) yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. İkinci hissə ilə bağlı isə məhkəmə bildirir ki, iddiaçı JN-181 A KOD 80112018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən X2 adının çıxarılmasını istəyir. Məhkəmədə iddia qaldırılan zaman iddiaçı qeyd edilən JN-181 A KOD 80112018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Astara rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1988-ci il tarixli, 12 saylı qərarına əsasən verildiyini nəzərə almamışdır. Belə ki, şəhadətnamə Astara rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1988-ci il tarixli, 12 saylı qərarı əsasında verilmişdir ki, iddiaçı da məhkəmədə qeyd edilən qərara düzəliş edilməsini mübahisələndirməli idi. İddiaçı tərəfindən cavabdeh olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 10 saylı Lənkəran Ərazi İdarəsi seçilməsi məhkəmə münasibət bildirərək qeyd edir ki, "X5 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 206 nömrəli Fərmanı ilə qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 10 saylı Lənkəran Ərazi İdarəsi hazırkı iş üzrə yerli aqrar islahat komissiyasının hüquqi varisi hesab edilə bilməz. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə bir daha qeyd edir ki, iddia tələbinin birinci hissəsi ilə bağlı iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. İdida tələbinin ikinci hissəsi ilə bağlı isə Aqrar İslahat komissiyasının qərarında qeyd edilən X1 adının çıxarılması ilə bağlı Astara rayon icra hakimiyyətinə müraciət etməli, inzibati orqan tərəfinin münasibəti ilə razı olmadığı təqdirdə qeyd edilən hissə də İnzibati Məhkəməyə müraciət etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 04 may 2023-cü il tarixli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı hüquqi yardım məktublarını poçt xəbərnaməsinə imza edərək qəbul etməsinə baxmayaraq, hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1704/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1704/2023
13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver