Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1705/2025 05.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X3, Salyan rayon Şorsulu Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun əmək kitabçasında və digər sənədlərində kifayət qədər əmək stajı vardır. Lakin cavabdeh orqan ona əmək pensiyası təyin etməkdən imtina edir. Odur ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edir ki, İddiaçı ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-R- 208197/2024 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi iddiaçının ümumi iş stajının qanunvericiliklə tələb olunandan (25 il) az olduğu qeyd edilmişdir (23 il 10 ay 27 gün). Bundan narazı qalan iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçının xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Təqdim edilmiş sənədlərin surətinə əsasən iddiaçının ümumi sığorta stajı 23 il 10 ay 27 gün (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət, 01,09.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı illər və X13 filialının xx.xx.2024-cü il tarixli 3-48-DA/9F/-2-447 nömrəli arxiv arayışının surətində qeyd olunmuş 1974-1995-ci illər üzrə adına əməkhaqqı hesablanmış digər fəaliyyət dövrləri ilə üst-üstə düşməyən dövrlər də nəzərə alınmaqla) təşkil edir. Bildirir ki, iddiaçının xx.xx.1993-cü il tarixli ******* nömrəli əmək kitbaçasında xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Salyan rayonu Boranıkənd bələdiyyəsində müfəttiş vəzifəsində işlədiyi qeyd olunsa da, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin Azərbaycan Respublikası Salyan rayonu Şorsulu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 78 nömrəli arayışının surətində iddiaçının 2000-2005-ci il illər ərzində əməkhaqqının alması barədə heç bir məlumat əks olunmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2ci maddəsinə əsasən proaktiv qaydada yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələbləri nəzərə alınaraq iddiaçıya xx.xx.2024-cü il tarixindən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. Əlavə məlumat üçün bildirir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında onun sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün əmək kitabçasında və əmək fəaliyyətini təsdiq edən digər sənədlərdə qeyd olunan dövrlərin mötəbərliyi Mərkəzi Filial tərəfindən araşdırılmamışdır. İddiaçı tərəfindən sığorta stajını tamamlayan əlavə sənədlər təqdim edəcəyi təqdirdə onun ümumi sığorta stajı müvafiq qaydada araşdırıldıqdan sonra qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə, pensiya təminatı hüququna yenidən baxıla bilər. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Odur ki, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Salyan rayon Şorsulu Bələdiyyəsinin nümayəndəsi X5 iddiaçının iddiaçının bələdiyyədə fəaliyyəti ilə bağlı əmrləri təqdim edərək, onun 28 fevral 2000-ci il tarixdə Salyan rayon X4 Siyasət Komissiyasının sədri vəzifəsinə, 01 sentyabr 2000-ci il tarixdə inspektor vəzifəsinə təyin edildiyini və 29 dekabr 2006-cı il tarixdən isə verdiyi ərizəsinə əsasən işdən azad edildiyini bildirmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1959-cu il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Salyan rayonudur. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AZE 08952808 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2959-cu il tarixində Salyan rayonu, Boranıkəndində doğulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlərin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər və X13 filialının xx.xx.2024-cü il tarixli arxiv arayışının surətində qeyd olunmuş 1974-1995-ci illər üzrə adına əməkhaqqı hesablanmış digər fəaliyyət dövrləri ilə üst-üstə düşməyən dövrlər də nəzərə alınmaqla iddiaçının cəmi sığorta stajı 23 il 10 ay 27 gün təşkil edir Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildirir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya məxsus 26 aprel 1977-ci il tarixli və xx.xx.1993-cü il tarixli əmək kitabçalarının surətlərindən müəyyən olunur ki, İddiaçı 1974-cü il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. X13 filialının xx.xx.2024-cü il tarixli arxiv arayışının surətindən görünür ki, Rzayev X8 rayon Şorsulu kənd M.F.Axundov adına kolxozunda 1974-1998-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. X16 Təhsili Komitəsinin 7593 nömrəli xx.xx.1980-cı il tarixli atestatından görünür ki, İddiaçı tokar peşəsi üzrə təhsil almışdır. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək X11 xidmət etmişdir. Salyan rayon Aqrar sənaye kombinatı Boranıkənd Aqroservis müəssisəsinin 34 nömrəli əmrlərindən görünür ki, İddiaçı ərizəsinə əsasən 02 yanvar 1996-cı il tarixdən Boranıkənd Aqroservis müəssisəsində 3№ li sərbəst icarə kollektivinə icarə başçısı təyin edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən ödənilmiş və xx.xx.1996-cı il tarixli 12 nömrəli əmrlə Xərman komissiyasının yaradılması haqqında. İddiaçı 21003 saylı istehsal kooperativinin başçısı xırman komissiyasının üzvü olmuşdur. Salyan rayonu Şorsulu Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 78 nömrəli arayışında qeyd edilmişdir ki, Salyan rayonu Boranı kənd kənd sakini İddiaçı 01 sentyabr 2000-ci ildən 01 yanvar 2006-cı ilə qədər Şahan rayonu Boranıkənd bələdiyyəsinin sosial məsələlər üzrə daimi komissiyasının sədri vəzifəsində işləmiş və onun üçün əmək haqqının məbləği ümumilikdə 2000-2005-cü illər üzrə ******* (Altı milyon yeddi yüz min manat) AZN hesablanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati X14 məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək həbi xidmət dövrü, təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil illəri, ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1982-ci il tarixindən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək əmək fəaliyyəti dövrü Azərbaycan Respublikası X13 filialının xx.xx.2024-cü il tarixli arayışına əsasən 1974-cü il üzrə 67 gün, 1975-ci il üzrə 1 il, 1976-cı il üzrə 43 gün, 1979-cu il üzrə 81 gün, 1980-cı il üzrə 108 gün, 1981-ci il üzrə 1 il, 1982-ci il üzrə 241 gün, 1990-cı il üzrə 200 gün, 1991-1997-ci illər üzrə 7 il, 1998-ci il üzrə 180 gün əmək haqqı ödənilən əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ümumilikdə xx.xx.2006-cı il tarixinədək sığorta stajı 21 il 4 ay 23 gün müəyyən edilmişdir. Eyni zamanda bildirir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən sonra İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin Fondun 2 saylı Şirvan-Salyan regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən İddiaçı xx.xx.2000-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü üzrə əmək haqqı cədvəlləri Salyan rayonu Boranıkənd bələdiyyəsinin möhürü və sədrin imzası ilə təsdiq edilməyib. Qeyd olunan səbəblərdən onun xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmamışdır. Salyan Rayon Şorsulu Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mövcud sənədlərə əsasən İddiaçı 01 sentyabr 2000-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək Salyan rayonu Boranıkənd bələdiyyəsində işləmişdir. Azərbaycan Respublikasının qanunlarına əsasən onun üçün hesablanmış əmək haqqından 22 faiz bələiyyənin hesabından, 3 faiz isə İddiaçı hər ay üçün hesablanmış əmək haqqından tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilmişdir. 2010-cu ildə Salyan rayon Boranıkənd bələdiyyəsi ləğv edilərək Salyan rayonu Şorsulu bələdiyyəsinə birləşdirilmişdir. Sənədləri Salyan rayon Şorsulu bələdiyyəsinə təhvil verilmişdir. 20 noyabr 2024-cü il taridə Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı Şirvan-Salyan regional filialının vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi X2 və digər mütəxəsislərin iştirakı ilə sənədlərə baxış keçirilmiş və akt tərtib olunmuşdıır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati X14 məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş X7 (FİN: 36TP39C) yaşa qörə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada təyin edildiyindən pensiya işi tərtib edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1959-cu il təvəllüdlü İddiaçı, xx.xx.1977-ci il tarixdə keçmiş Salyan RHK tərəfindən SSRİ Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.1979-cu il tarixdə SSRİ MN-nin müvafiq əmri əsasında ehtiyata buraxılmışdır. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, İddiaçı 2000-2005-ci illərdə Salyan rayonu Boranıkənd bələdiyyəsində işləyib-işləməməsi, işləyibsə əmək fəaliyyətini təsdiq edən sənədlərin surətinin (əmr, əmək haqqı cədvəlləri və s.) Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınıb-alınmaması, eləcə də arxiv sənədlərində olan səhvliklərin Baş idarə tərəfindən aradan qaldırılmasının mümkün olub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi barədə məktubunuza baxılmışdır. Qeyd olunur ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun tələblərinə əsasən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi və müvafiq qurumları yalnız bələdiyyə aktlarının qanunauyğunluğuna inzibati nəzarəti həyata keçirirlər. Nazirlik tərəfindən bələdiyyə əmrlərinin, əmək haqqı cədvəllərinin və bələdiyyə qulluğu ilə bağlı digər sənədlərin qeydiyyatı aparılmadığından İddiaçı Boranıkənd bələdiyyəsində əmək fəaliyyətini təsdiq edən sənədlərin surətinin təqdim olunması imkan xaricindədir. Salyan Rayon Şorsulu Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 28 fevral 2000-ci il tarixdə Salyan rayon X4 siyasət komissiyasının sədri vəzifəsinə təyin edilmişdir. 01 sentyabr 2000-ci ildə Boranıkənd bələdiyyəsinin idarəsinə inspektor vəzifəsinə təyin edilib. 29 dekabr 2006-ci il tarixdən verdiyi ərizəsinə əsasən bələdiyyənin inspektoru vəzifədən azad edilmişdir. Boranıkənd bələdiyyəsinin 28 fevral 2000-ci il tarixli, 3 nömrəli əmrinə əsasən, Rzayev X8 rayon X4 siyasət komissiyasının sədri vəzifəsinə təyin edilmişdir. xx.xx.2000-ci il tarixli, 13 nömrəli əmrə əsasən, xx.xx.2000-ci il tarixdə Salyan rayonu, Boranıkənd bələdiyyəsində bələdiyyə idarəsinə inspektor vəzifəsinə təyin edilmişdir. xx.xx.2006-cı il tarixli, 47 nömrəli əmrə əsasən, ərizəsinə əsasən bələdiyyənin inspektoru vəzifəsindən azad edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə tərəfləri dinləyərək, iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv, qərəzsiz şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən “əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 1 iyul 2020-ci il tarixdən sonra kişilərin pensiya yaşı 65 il müəyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1959-cu il tarixdə doğulduğunu nəzərə alsaq, 02 yanvar 2024-cü il tarixdə 65 il tamam olmuşdur və onun pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. - 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə nəzər yetirdikdə məlum olur ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçalarının və əmək fəaliyyətinə dair müəssisə və arxiv arayışının suərtindən müəyyən olunur ki, iddiaçı 1974-cü il tarixdən xx.xx.2006-cı il tarixədək müxtəlif idarələrdə çalışmışdır. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər və X13 filialının xx.xx.2024-cü il tarixli arxiv arayışının surətində qeyd olunmuş 1974-1995-ci illər üzrə adına əməkhaqqı hesablanmış digər fəaliyyət dövrlərini nəzərə alınmaqla cəmi mübahisələndirilməyən 23 il 10 ay 27 gün ümumi iş stajı kimi qəbul edilmişdir. Mübahisəli dövrlər isə iddiaçının xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Salyan rayonu Boranıkənd bələdiyyəsində olan əmək fəaliyyəti dövrüdür. Belə ki, cavabdeh tərəfindən təqdim edilən etirazda qeyd edilmişdir ki, iddiaçıya məxsus xx.xx.1993-cü il tarixli ******* nömrəli əmək kitbaçasında xx.xx.2000-ci il tarixdən xx.xx.2006-ci il tarixədək Salyan rayonu Boranıkənd bələdiyyəsində müfəttiş vəzifəsində işlədiyi qeyd olunsa da, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” aitsistemində olan məlumata əsasan onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin Azərbaycan Respublikası Salyan rayonu Şorsulu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 78 nömrəli arayışının surətində iddiaçının 2000-2005-ci il illər ərzində əməkhaqqının alması barədə heç bir məlumat əks olunmamışdır. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Salyan rayonu Şorsulu Bələdiyyəsinin xx.xx.2024-ci il tarixli, 78 nömrəli arayışından görünür ki, Salyan rayonu Boranı kənd kənd sakini İddiaçı 01 sentyabr 2000-ci ildən 01 yanvar 2006-cı ilə qədər Şalyan rayonu Boranıkənd bələdiyyəsinin sosial məsələlər üzrə daimi komissiyasının sədri vəzifəsində işləmiş və onun üçün hesablanılmış əmək haqqının məbləği ümumilikdə 2000-2005-cü illər üzrə ******* (Altı milyon yeddi yüz min manat) AZN əmək haqqı hesablanılmışdır. Həmçinin Salyan Rayon Şorsulu Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubu və əmrlərlə təsdiq olunur ki, İddiaçı 01 sentyabr 2000-ci il tarixdən 29 dekabr 2006-cı il tarixədək Salyan rayonu Boranıkənd bələdiyyəsində işləmişdir. Azərbaycan Respublikasının qanunlarına əsasən onun üçün hesablanmış əmək haqqından 22 faiz bələdiyyənin hesabından, 3 faiz isə İddiaçı hər ay üçün hesablanmış əmək haqqından tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilmişdir. Məhkəmə iddiaçının işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əmək kitabçasında olan qeydlərə və arayışlara istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-nin rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda aşağıdakılar müəyyən olunmuşdur: -67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; -69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Lakin şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamış və müəssisəsnin verdiyi arayışlar ilə də öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin etirazının əsasını təşkil edən iddiaçıya məxsus əmək kitabçasında mübahisəli dövrlərin, yəni xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” aitsistemində onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamsı və Azərbaycan Respublikası Salyan rayonu Şorsulu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 78 nömrəli arayışında iddiaçının 2000-2005-ci il illər ərzində əməkhaqqının alması barədə heç bir məlumat əks olunmaması halı iddiaçının təqsiri nəticəsində baş verməmişdir və bu səbəbdən də onun məsuliyyət sferasına aid edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, göstərilən hal iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, ona münasibətdə hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Əks halda bu iddiaçının konstitusion hüquqlarının, yəni bərabərlik və sosial təminat hüququnun pozulması ilə nəticələnmiş olar. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Göstərilən faktiki hallara əsaslanaraq məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır və hesab edir ki, xx.xx.2006-cı ilə kimi əmək fəaliyyəti dövrü iddiaçıya münasibətdə onun sığorta stajına daxil edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Oxşar işlər üzrə Ali Məhkəmənin digər qərarlarında da qeyd olunduğu kimi, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qeyd olunan iş stajı nəzərə alınaraq müəyyən olunur ki, iddiaçının xx.xx.2006-ci il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ 65 yaşında (xx.xx.2024-cü il tarixdə) yaranmış olur. Həmçinin iddiaçıya etiraz ərizəsində göstərildiyi kimi cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2024-cü il tarixindən (üst-üstə düşən dövrlər üzrə müavinət çıxılmaqla) yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1705/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1705/2025
05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver