Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1706/2025 06.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “3075 manat məbləğində artıq ödənilmiş xidmət haqqının qaytarılaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı 3075 manat məbləğində artıq ödənilmiş xidmət haqqının qaytarılaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən idda ərizəsi onunla əsaslandırılmışdır ki, o, fermer təsərrüfatının rəhbəri olaraq Kürdəmir rayon ərazisindəki “Sığırlı-maslotrest yeri” adlanan qış otlaq sahəsindən 296 hektar torpaq sahəsini icarəyə götürmüşdür. Bu barədə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 13 mart 2007-ci il tarixli 31 saylı Sərəncamı mövcud olmuş, müqavilənin müddəti 13 mart 2022-ci ildə bitmişdir. O, müqavilənin müddətinin bitməsinə bir ay qalmış yenidən müddətin uzaldılması ilə əlaqədar Kürdəmir rayon İcra Hakimiyyəti Başçısına müraciət etmişdir. Eyni zamanda Kürdəmir rayon İcra Hakimiyyətinin tələbi ilə torpağın yenidən xəritəsinin hazırlanması üçün aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-ın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Həmin təşkilat ona 296 hektar torpaq sahəsinin smetasının hazırlanması üçün xidmət haqqı kimi cəmi 7219 manat məbləğini 10 iyul 2023-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-ın 16 saylı Ucar Ərazi İdarəsinin X6 filialındakı hesabına ödətdirmişdir. Ödəməni tələb edərkən ona bildirilib ki, idarənin xidmət haqqı planı dolmayıb, bu şəbədən işçilər maaş ala bilmirlər, ona görə də pulu təcili ödəsin. Həmin gün də pulu tapıb ödəmişdir. Lakin yaxın müddətdən sonra məlum olmuşdur ki, tarif şurasının qərarına əsasən xidmət haqqlarının məbləği azaldılmış, bu hesabla onun tərəfindən 3075 manat məbləği artıq ödənilmişdir. O, artıq ödənilmiş məbləğin geri qaytarılması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX- nin rəisi Nigar xanım Alimovaya və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-ın 16 saylı Ucar Ərazi İdarəsinin rəisi cənab Qərib Həsənova rəsmi şəkildə müraciət etmişdir. Cavabdeh 16 saylı Ucar Ərazi İdarəsi isə xx.xx.2024-cü il tarixli məktubla pulun qaytarılmasından rəsmi şəkildə imtina etmişdir. O, həmin imtina ilə razılaşmır, əvvəla ona görə ki, cavabdeh təşkilat qəsdən ona artıq xidmət haqqı ödətdirmiş, ikinci xəritənin hazırlanmasına xidmət haqqı 2023-cü ilin iyul ayında ödənilməsinə baxmayaraq xəritənin hazırlanma tarixi xx.xx.2023-cü il göstərilmişdir. Lakin yeni xəritə ona Kürdəmir rayon icra başçısının 06 iyun 2024-cü il tarixli sərəncamı ilə bir yerdə verilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz verərək etirazda qeyd etmişdir ki, iddiaçı ərizədə qeyd olunan məsələ ilə bağlı ********** daxilolma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq **********10 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Kürdəmir rayon İcra Hakimiyyəti müracət edərək 296.0 ha torpaq sahəsinin yerquruluşu planının hazırlanmasını xahiş etmiş və idarənin mütəxəssisləri tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətinin və Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi Şöbəsinin nümayəndələrinin iştirakı ilə 296.0 ha torpaq sahəsinə baxış keçirilmiş və idarə tərəfindən tərtib edilən smeta əsasında xx.xx.2023-cü il tarixdə 7219 manat ödəniş olunmuşdur. İddiaçıya təqdim edilən smeta xx.xx.2023-cü il tarixdən öncə tərtib edidiyi üçün hesablanan smetanın Tarif Şurasının xx.xx.2023-cü il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilən tarif cədvəlinə uyğun olaraq yenidən hesablanması mümkün olmamışdır. Əlavə olaraq bildirir ki, Kürdəmir rayon İcra Hakimiyyətinin müraciəti əsasında 296.0 ha torpaq sahəsinə yerquruluşu planı hazırlanmış və müvafiq rəyin alınması üçün aidiyyatı üzrə təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlarla əsasən, Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdirlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Mürşüdov Əflatun oğlu iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etirazı və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: xx.xx.2007-ci il tarixli, 42 nömrəli Torpaq icarəsi müqaviləsindən görünür ki, İddiaçı Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 31 saylı sərəncamına əsasən 15 il müddətinə, 296 ha torpaq sahəsi icarəyə verilmişdir. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 31 saylı sərəncamından görünür ki, Ağsu rayonunun Elabad kənd sakinləri X2 və Nümayəndə Kürdəmir rayon inzibati ərazisində istifadə etdikləri 296 hektar qış otlaq sahəsindən könüllü imtina etmələri, həmin topaqdan istifadə hüququnun ailələrinin digər üzvü İddiaçı verilməsi, həmçinin K.Q.Müşüdovanın həmin qışlaqdan istifadə etmək üçün onunla icarə müqaviləsi bağlanmasına köməklik göstərilməsi barədə ərizələri nəzərə alınmış, Rayonun inzibati ərazisindəki 44 nömrəli “Sığırlı-maslotrest yeri” adlanan 296 (iki yüz doxsan altı) hektar qış otlaq sahəsindən X3 istifadəsinə (icarəyə) verilmişdir. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 125 saylı sərəncamından qeyd olunur ki, İddiaçı müraciəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 may 2024-cü il tarixli 3- 21-3/2-6988/2024 nömrəli müsbət rəyi nəzərə alınsın. İddiaçı faktiki istifadəsində olan və icarə müddəti 13 mart 2022-ci il tarixdə başa çatmış 296 hektar torpaq sahəsi üzərində icarə hüququ yenidən 5 (beş) il müddətinə uzadılsın. İddiaçı tapşırılsın ki, icarəsində olan torpaq sahəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 saylı Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda tələb olunan norma və şərtlər gözlənilməklə təyinatı üzrə səmərəli istifadə olunmasını, keyfiyyət göstəricilərinin qorunmasını və torpaq sahəsi üzərində icarə hüququnun Dövlət qeydiyyatına alınmasını təmin etsin. Sərəncamın surəti məlumat üçün aidiyyəti üzrə 9 saylı Ərazi Vergilər İdarəsinə göndərilsin. xx.xx.2024-cü il tarixli, 8 nömrəli Torpaq icarəsi müqaviləsindən görünür ki, İddiaçı Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 125 saylı sərəncamına əsasən 5 il müddətinə, 296 ha torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli, 8 nömrəli Torpaq icarəsi müqaviləsi bağlanmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon İcra Hakimiyyəti müracət edərək 296.0 ha torpaq sahəsinin yerquruluşu planının hazırlanmasını xahiş etmiş və idarənin mütəxəssisləri tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətinin və Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi Şöbəsinin nümayəndələrinin iştirakı ilə 296.0 ha torpaq sahəsinə baxış keçirilmiş və idarə tərəfindən tərtib edilən smeta əsasında xx.xx.2023-cü il tarixdə 7219 manat ödəniş olunmuşdur. Məktubda Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2023-cü il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilən tarif cədvəlinə uyğun olaraq smetanın yenidən hesablanması və xx.xx.2023-cü il tarixdə etdiyiniz ödənişin bir hissəsinin geri qaytarılması tələb edilir, lakin iddiaçıya təqdim edilən smeta xx.xx.2023-cü il tarixdən öncə tərtib edildiyi üçün hesablanan smetanın Tarif Şurasının xx.xx.2023-cü il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilən tarif cədvəlinə uyğun olaraq yenidən hesablanması mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, Kürdəmir rayon İcra Hakimiyyətinin müraciəti əsasında 296.0 ha torpaq sahəsinə yerquruluşu planı hazırlanmış və müvafiq rəyin alınması üçün aidiyyatı üzrə təqdim edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək Kürdəmir rayonunun inzibati ərazisində yerləşən, heyvandarlığın inkişafı məqsədilə İddiaçı icarəyə verilməsi nəzərdə tutulan 296 hektar torpaq sahəsinin yerquruluşu planının hazırlanmasını xahiş etmişdir. 296.0 hektar torpaq sahəsinə tərtib edilmiş yerquruluşu planı ilə bağlı xx.xx.2023-cü il tarixdə 16 saylı Ucar Ərazi İdarəsinin hesabına İddiaçı tərəfindən 7219.0 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq olunmuş cədvələ uyğun olaraq müvafiq hesablama aparıldıqda kənd təsərrüfatı təyinatlı 296 hektar torpaq sahəsi ilə bağlı müvafiq xidmət haqqı 7164.0 manat olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, 296 hektar torpaq sahəsi ilə bağlı İddiaçı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş cədvələ uyğun olaraq xidmət haqqının aparılmasını istəyir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən göstərilən xidmətlərin smetasından görünür ki, iddiaçının icarəsində olan 296 ha torpaq sahəsinin 5 ha üçün 180 manat, 291 ha torpaq sahəsi üçün 6984 manat xidmət haqqı hesablanmışdır. Ödəniş qəbzindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən 7219,00 manat Ərazi İdarəsinin hesabına ödənilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının: 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasinin Tarif (Qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli 2 nömrəli Qərarı ilə, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin təsdiq edilmiş və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sistemində yerinə yetirilən işlərin tariflərinin tənzimlənməsi barədə” xx.xx.2007-ci il tarixli 9 nömrəli, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” xx.xx.2009cu il tarixli 4 nömrəli və “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və X1 tərəfindən həyata keçirilən kadastr xidmətlərinin tarifləri barədə” xx.xx.2010-cu il tarixli 1 nömrəli qərarları ləğv edilmişdir. Həmin qərar 2021-ci il 5 yanvar tarixindən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Qərarı ilə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2021-ci il 4 yanvar tarixli 2 nömrəli Qərarı ləğv edilmişdir. Həmin qərar 2023-cü il 14 avqust tarixindən qüvvəyə minmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı Kürdəmir rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edərək 296.0 ha torpaq sahəsinin yerquruluşu planının hazırlanmasını xahiş etmiş və idarənin mütəxəssisləri tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətinin və Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi Şöbəsinin nümayəndələrinin iştirakı ilə 296.0 ha torpaq sahəsinə baxış keçirilərək idarə tərəfindən tərtib edilən smeta əsasında xx.xx.2023-cü il tarixdə 7219 manat ödəniş olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, iddiaçının icarəsində olan 296.0 ha torpaq sahəsinə dair hazırlanmış yerquruluşu planını torpaq sahəsinə baxış keçirilərək idarə tərəfindən tərtib edilən smeta əsasında xx.xx.2023-cü il tarixdə 7219 manat məbləğində pul vəsaiti cavabdeh orqanın hesabına ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya təqdim edilən smeta xx.xx.2023-cü il tarixdən öncə tərtib edidiyi üçün hesablanan smetanın Tarif Şurasının xx.xx.2023-cü il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilən tarif cədvəlinə uyğun olaraq yenidən hesablanması mümkün olmamışdır. Belə ki, iddiaçının istifadəsində olan 296.0 ha torpaq sahəsinin yerquruluşu planı hazırlanan vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq olunmuş cədvələ uyğun olaraq müvafiq hesablama aparılmışdır. Həmin Qərar isə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli Qərarı ilə ləğv edilmişdir və 2023-cü il 14 avqust tarixindən qüvvəyə minmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yeni qanunla tənzimlənən hesablama iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. “İnzibati icraat haqqında” Qanuna əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1 -ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2- ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İnzibati-Prosessual Məcəllənin 52, 68, 69, 75.4, 85.1 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1706/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1706/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver