Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1713/2024 26.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 162591.17 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 165000 manat məbləğində siyahıya alınmış satılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2022 tarixə yaranan 162591.17 manat borcuna görə 165000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2022 tarixli **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2022 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 162591.17 manat ödənilməmiş borcu qalmışdır. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. VM-in 52.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafıq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. VM-in 52.3-cü maddəsinə əsasən məhkəmənin maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. VM-in 77.1 -ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. VM-in 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. VM-in 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Eyni zamanda həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Bu da, Azərbaycan Respublikasının ən ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasında konstitusion vəzifə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73cü maddəsinə əsasən «Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur». VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Qeyd olunmalıdır ki, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddianın qaldırılmasına dair Azərbaycan Respublikası Bakı Apellyasiya və Ali Məhkəmələrinin mövqeyləri də formalaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 10.4-cü bəndində Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qaldıra biləcəyi, həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu qeyd edilməklə, mübahisənin maddi hüquqi əsasının ümumi hüquq normaları təşkil etdiyi halına da işin inzibati məhkəməyə aidliyinin göstəricisi kimi hüquqi qiymət verilmiş, bununla da hətta vergi ödəyicisi olmayan hüquqi və fiziki şəxslərin də cavabdeh qismində inzibati mübahisəyə cəlb edilməsinin mümkünlüyü müzakirələri yekunlaşmış olmuşdur. Ali Məhkəmənin respublikanın məhkəmələrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 2-388 nömrəli metodiki məktubunda isə məhkəmələrə tövsiyə olunmuşdu ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna tabe olan struktur qurumlar tərəfindən məcburi sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair qaldırılmış iddialara məhkəmə təcrübəsində hələ də məhkəmə aidiyyəti qaydalarına zidd olaraq mülki mühakimə icraatı qaydasında iqtisadi mübahisə kimi baxılmaqda davam edilir. Halbuki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinin tələbinə əsasən həmin mübahisələrə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, “Sosial sığorta haqqında” Qanunla tənzimlənən mübahisə tərəfləri arasındakı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir və həmin münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Bu səbəbdən, tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə Vergi Məcəlləsinin 90.1-ci maddəsində müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən qaldırılmış iddialara da İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr baxır. Cavabdehin xx.xx.2022 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 162591.17 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 165000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Belə ki, hazırki iddianın növü İPM-in 2.2.7-ci maddəsinə nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddiadır. Belə iddialarda isə inzibati orqanın iddiaçı kimi çıxış etməsi mümkündür. Eyni zamanda hazırki iddia tələbi ilə cavabehin mülkiyyət hüquqlarına məcburi müdaxilə halı baş verdiyindən bu yalnız məhkəmə qərarı ilə mümkün ola bilər. Bu cür hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli qərarındada ifadə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “...vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin mülkiyyətində olan əmlakın siyahıya alınaraq ixtisaslaşdırılmış təşkilatda satılması mülkiyyətçinin Konstitusiya ilə təsbit olunmuş mülkiyyətində olan əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına toxunduğu üçün vergi qanunvericiliyində həmin əmlakın alınmasının xüsusi qaydası nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicisinin mülkiyyətində olan əmlakın hərracda satılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər”. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdirlər. Məhkəmə işə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun ümumilikdə 162591.17 manat məbləğində borcu yaranmışdır. İşdən görünür ki, vergi orqanı olan iddiaçı bildiriş(lər)lə yaranmış borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak – (165000 manat məbləğində qiymətləndirilmiş Hyundai yük markalı nəqliyyat vasitəsi, 2014-cu il istehsalı olan **-BT-*** dövlət nömrə nişanlı, 40000 manat məbləğində qiymətləndirilmiş, X5 markalı nəqliyyat vasitəsi 2007-ci il istehsalı olan **-BX-*** dövlət nömrə nişanlı 20000 manat məbləğində qiymətləndirilmiş, Hyundai HD 78 Yük markalı, 2010-cu il istehsalı olan **-CA-*** dövlət nömrə nişanlı 30000 manat məbləğində qiymətləndirilmiş, Hyundai HD 72 Yük markalı nəqliyyat vasitəsi 2009-cu il istehsalı olan **-GD-*** dövlət nömrə nişanlı 15000 manat məbləğində qiymətləndirilmiş, X3 minik markalı nəqliyyat vasitəsi 2013-cü il istehsalı olan **-CB-*** dövlət nömrə nişanlı 35000 manat məbləğində qiymətləndirilmiş, X3 Parado markalı nəqliyyat vasitəsi 2008-ci il istehsalı olan **-BZ-*** dövlət nömrə nişanlı 25000 manat məbləğində qiymətləndirilmiş) siyahıya alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. Göründüyü kimi, cavabdehin borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən tam təmin edilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Qanunvericilik normalarından görünür ki, vergi borcunun ödənilməsini təmin etmək üçün məhz vergi ödəyicisinin mülkiyyətində olan əmlakı siyahıya alına və satıla bilər. Məhkəmə sorğusuna cavab olaraq iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 13-16/2-67482/2024 nömrəli məktubundan görünür ki, Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sisteminin məlumatına əsasən Cavabdeh mülkiyyətində olmuş “ Toyota Land-CRUİSER-PRADO” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonuncu alqı-satqı müqaviləsinin,əlavə olaraq digər səndələrin surəti və nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatlar çıxarış forması ilə əlavə edilmişdir. “HYUNDAİ YÜK” markalı **-BT-***, “HYUNDAİ HD 78 YÜK” markalı **-CA-*** və “TOYOTA LAND-CRUİSER” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyi qeyd edilmişdir. “FOTON OLLİN YÜK” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında deyil , AA782457 nömrəli hesabarayış əsasında, HYUNDAİ HD72 YÜK” markalı **-CD-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsi isə xx.xx.2019-cu il tarixdə təhvil-təslim aktı əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir.Sözügedən nəqliyyat vasitələrinin ilkin və sonrakı qeydiyyat hərəkətləri barədə məlumatlar kompüter çıxarışı cavab məktubuan əlavə olnumuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(049)-50/2020 saylı qərardadı əsasında “TOYOTA LAND-CRUİSER” markalı **-CB-***, Lənkəran rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli 2657/09 nömrəli məktubu əsasında isə “FOTON OLLİN YÜK” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qeydiyyatla bağlı məhdudiyyətin qoyulması barədə DİN Baş X4 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlərin mövcud olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Toyota Land-Cruıser-Prado markalı **-BZ-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2009-cu il tarixdən Cavabdeh mülkiyyətində olmuş, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında **-BZ-*** dövlət qeydiyyat nişanları verilərək X1 adına qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının satılması barədə tələb irəli sürdüyü avtonəqliyyat vasitəsi hazırda cavabdehin deyil, başqa şəxsin mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün hazırda başqa şəxsin mülkiyyətində olan əmlakın siyahıya alınaraq satılması yolverilməzdir. Belə olan halda Toyota Land-Cruıser-Prado markalı **-BZ-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsinin siyahıya alınmış əmlaklar sırasından çıxarılmalı və yalnız Hyundai yük” markalı **-BT-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, “Hyundai Hd 78 yük” markalı **-CA-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, “Toyota Land-Cruıser” markalı **-CB-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, “X5” markalı **-BX-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, Hyundai Hd72 Yük” markalı **-CD-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitələri hərrac vasitəsi ilə satılaraq cavabdehin borcunun ödənilməsi istiqamətində əldə edilmiş vəsait istifadə edilməlidir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan, iddia qismən təmin edilərək, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış Hyundai yük” markalı **-BT-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, “Hyundai Hd 78 yük” markalı **-CA-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, “Toyota Land-Cruıser” markalı **-CB-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, “X5” markalı **-BX-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, Hyundai Hd72 Yük” markalı **- CD-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1625991.17 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış Hyundai yük” markalı **-BT-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, “Hyundai Hd 78 yük” markalı **-CA-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, “Toyota Land-Cruıser” markalı **-CB-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, “X5” markalı **-BX- *** dövlət qeydyyat nişanlı nəqliyyat vasitəsi, Hyundai Hd72 Yük” markalı **-CD-*** dövlət qeydyyat nişanlı nəqliyyat vasitələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılsın. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1713/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1713/2024
26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver