Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-172/2025 05.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı1, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 vəkili Vəkil, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “tərtib olunmuş AN 203561 saylı, **********0113 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən koordinatların Salyan rayon AİK-nın 26 may 1998-ci il tarixli, 07 saylı qərarına əsasən X4 ayrılmış 1819.97 kv.m torpaq sahəsinin ekspert rəyinə uyğun ayrılan zaman müəyyən olunan koordinatlara uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “16 iyul 2009-cu il tarixli, 112 nömrəli, A203561 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə dair Salyan rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 07 saylı qərarının həyətə gələn su kanalının yerləşdiyi torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10, Salyan rayon İcra Hakimiyyəti və Salyan rayonu Kürsəngi bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təqdim edərək, “tərtib olunmuş AN 203561 saylı, **********0113 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən koordinatların Salyan rayon AİK-nın 26 may 1998-ci il tarixli, 07 saylı qərarına əsasən X4 ayrılmış 1819.97 kv.m torpaq sahəsinin ekspert rəyinə uyğun ayrılan zaman müəyyən olunan koordinatlara uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 qarşı “tərtib olunmuş 16 iyul 2009-cu il tarixli, 112 nömrəli, A20356İ saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin su kanalının yerləşdiyi 981 kv.metr torpaq sahəsinə aid hissədə ləğv edilməsi” nə dair məhkəmədə iddia qaldırmışdırlar. Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-1469/2022 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Qərardadda mübahisələndirilən qərar inzibati orqan tərəfindən qəbul edildiyindən həmin mübahisəyə inzibati məhkəmədə baxılmalı olduğu qeyd olunmuşdur. İşin faktiki halları ilə bağlı bildiririk ki, həyətlərinə gələn su kanalını dolduraraq zəbt etmiş, kanalın yanından darvaza qoyaraq iki hissədən daş hasarla hörmüş və faktiki olaraq su kanalını və ümumi istifadədə olan yolu zəbt etməklə yoldan və su kanalından istifadə etməklərinə maneə yaratmışdır. Nəticədə su kanalından ona su gəlmir. Ona görə də problemin həlli ilə bağlı Kürsəngi kənd inzibati ərazi nümayəndəliyinə və Kürsəngi kənd bələdiyəsinə müracət etmişlər və müraciətlərinə verilmiş cavablarda məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bundan sonra cavabdeh X6 qarşı “ümumi istifadədə olan su kanalının, yolun açılması, daş hasarın və darvazanın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan rayonu Kürsəngi kənd sakini olan cavabdehin qanunsuz olaraq zəbt etdiyi ümumi istifadədə olan su kanalı və yolun açılması, eləcə də həmin ərazidə inşa edilmiş daş hasarın və darvazanın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli. 2(057)-109/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı olduqlarından apelyasiya şikayəti vermişdirlər. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-47/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İş üzrə cavabdeh X6 qarşı “ümumi istifadədə olan su kanalının, yolun açılması, daş hasarın və darvazanın sökülməsi” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 09 sentyabr 2020ci il tarixli, 2(057)-109/2020 saylı və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-47/2022 saylı qətnaməsindən görünür ki, məhkəmə iddia tələbini rədd edərkən yalnız bir əsasə, mübahisəli su xəttinin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin adına tərtib olunmuş 203561 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə istinad olunmuşdur. Salyan rayonu Aqrar islahat Koalisiyasının 26 may 1998-ci il tarixli 07 saylı Qərarı ilə cavabdehə 1819.97 kv.metr həyətyanı torpaq sahəsi verilmiş, bu barədə X19 qeyd olunmuş və 16.07.09-cu il tarixli, 112 nömrəli, A 203561 seriyalı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Adıçəkilən sənədə əsasən tələb etdikləri su kanalının keçdiyi torpaq sahəsi cavabdehin adına tərtib olunmuş 203561 saylı “Torpaq sahəsinin planı və ölçüsü” hüdudlarına daxıl olduğu qeyd olunmuşdur. Mübahisəli su xəttinin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin adına tərtib olunmuş 203561 saylı “Torpaq sahəsinin planı və ölçüsü” qanunsuz və ziddiyyətlidir. Qeyd olunmuş əsasla əlaqəli işin faktiki hallarına uyğun olaraq bildiririk ki, həyətlərinə baş su kanalından təxminən bir neçə metr məsafədən suyun gəldiyini, həmin su yolunun bir hissəsi açıq kanalla, qalan hissəsi isə 50 metr dəmir su borularla cavabdehin həyətindən keçdiyini, 50 il bu qayda ilə həyətlərinə su gəlmişdir. Bir neçə il əvvəl Samid həmin 50 metr uzunluğunda olan borunun 11 metr hissəsini çıxarıb suyun qarşısını almış və bildirmişdir ki, burada heç vaxt su kanalı olmamışdır. Samid su borusunun keçdiyi xətt üstündə daş hasar hörərək torpağın onun və darvaza maneəçilik törətmirdi. Kürsəngi kənd inzibati ərazi nümayəndəliyinin və Kürsəngi kənd bələdiyyəsinin də xəbərdarlıqlarına məhəl qoymayaraq, su kanalını və yolu açmaqdan boyun qaçırmışdır. Cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün su kanalı və yolun açılmasında köməklik göstərliməsindən ötrü 24 oktyabr 2019-cu il tarixdə Salyan RPŞ-yə şikayət ərizəsi ilə müraciət elmiş, Polis şöbəsi tərəfindən görülmüş tədbirlərə baxmayaraq, cavabdeh su kanalını və ümumi istifadədə olan yolu açmamış, bundan başqa, su kanalının üstündə qoyduğu darvazanı və tikililəri də oradan götürməmişdir. Həmin yolun və su kanalının açılmasını dəfələrlə cavabdehdən tələb etsək də heç bir nəticəsi olmamışdır. Kanalın ətrafını tədricən zəbt edərək öz həyətyanı sahəsinə qatmışdır. Əslində isə mübahisəli torpaq sahəsindən 50 il bundan qabaq başlayaraq su xəttinin keçməsini sübut edən kifayət qədər sübutlar vardır. Belə ki, Salyan RİHB-nin Kürsəngi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 75 saylı, Kürsəngi bələdiyyəsinin 42 savlı məktııblarnda və bələdiyyənin 38 saylı arayışında su kanalının sovetlər dövründən istifadə olunduğu, Zərbəliyev Samidə su kanalından istifadə üçün yolun açılmasının tövsiyyə olunduğu, bələdiyyənin 28 saylı arayışında isə su kanalından istifadə etməklərinə cavabdehin maneələr yaratdığı, su kanalının 1950-ci ildən mövcud olduğu göstərilmişdir. Eyni zamanda, bu fakt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində də təsdiqlənmişdir. Digər tərəfdən, yanlış olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X22 kitabında 16 iyul 2009-cu il tarixdə 112 nömrə ilə uçota alınmış AN 203561 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Salyan rayonu Aqrar islahat Komissiyasının 26 may 1998-ci il tarixli 07 saylı qərarı ilə Salyan rayonu, Kürsəngi kənd sakini X4 ayrılan 1819.97 kv.metr həyətyanı torpaq sahəsinin faktiki ölçüsünün 0.28 ha təşkil etdiyi müəyyən olunur. Cavabdehin istifadəsində olan 981 kv.metr artıq torpaq sahəsinin şimal tərəfdə su kanalının ətralında və torpaq sahəsinin qərb hissəsində yerləşdiyi, onların mübahisələndirdiyi yeraltı boruların keçdiyi ərazinin isə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin şərq istiqamətində A№203561 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən X7 ayrılan 1819.97 kv.metr həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir. Ekspert rəyində mübahisəli su xəttinin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin adına tərtib olunmuş 203561 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində cavabdehə məxsus həyətyanı torpaq sahəsi 1819.97 kv.metr olsa da, faktiki ölçüsünün 0.28 ha təşkil etdiyi, cavabdehin istifadəsində hazırda 981 kv.metr artıq torpaq sahəsinin olması müəyyən edilmişdir. Ekspert rəyinə əsasən müəyyən olunmuş 981 kv.metr artıq torpaq sahəsi zəbt olunmuş artıq torpaq sahəsi deyil, cavabdehin adına tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən cavabdehə ayrılan 1819.97 kv.metr həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Çünki 981 kv.metr artıq torpaq sahəsində Salyan RİHB-nin Kürsəngi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 75 saylı, Kürsəngi bələdiyyəsinin 42 saylı məktubları və bələdiyyənin 28 saylı və 38 saylı arayışları, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi və digər mötəbər sübutlardan göründüyü kimi su kanalının 1950-ci ildən mövcud olmaqla Sovetlər dövründən istifadə edilmiş, savabdehə su kanalından istifadə üçün yolun açılmasının tövsiyyə olunmuş, su kanalından istifadə etməklərinə cavabdeh maneələr yaratmişdir. Belə olan halda ekspert rəyinə əsasən müəyyən olunmuş 981 kv.metr artıq torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən cavabdehə ayrılmış 1819.97 kv.metr həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi mümkün deyildir. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə tələb edə bilər ki, yuxardakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə sərəncama münasibət barədə məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həmçinin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin Ərazi İdarəsinin cavabdeh olaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin, üçüncü şəxs Salyan rayon İcra Hakimiyyətinin və Salyan rayonu Kürsəngi bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “tərtib olunmuş AN 203561 saylı, **********0113 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən koordinatların Salyan rayon AİK-nın 26 may 1998-ci il tarixli, 07 saylı qərarına əsasən X4 ayrılmış 1819.97 kv.m torpaq sahəsinin ekspert rəyinə uyğun ayrılan zaman müəyyən olunan koordinatlara uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın rədd edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Salyan rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı tərtib olunmuş AN 203561 saylı, **********0113 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən koordinatların Salyan rayon AİK-nın 26 may 1998-ci il tarixli, 07 saylı qərarına əsasən X4 ayrılmış 1819.97 kv.m torpaq sahəsinin ekspert rəyinə uyğun ayrılan zaman müəyyən olunan koordinatlara uyğunlaşdırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan rayonu, Kürsəngi kənd sakini X5 Salyan rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə 1819.97 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli, 10/7309 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, X22 kitabında 16 iyul 2009-cu il tarixdə 112 nömrə ilə uçota alınmış, A №203561 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, Salyan rayonu Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 07 saylı qərarı ilə Salyan rayonu, Kürsəngi kənd sakini X4 ayrılan 1819.97 kv.metr həyətyanı torpaq sahəsinin faktiki ölçüsünün 0,28 ha təşkil etdiyi müəyyən olunur. Cavabdehin istifadəsində olan 981 kv.m artıq torpaq sahəsinin şimai tərəfdə su kanalının ətrafında və torpaq sahəsinin qərb hissəsində yerləşdiyi iddiaçıların mübahisələndirdiyi yeraltı boruların keçdiyi ərazinin isə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin şərq istiqamətində, A №203561 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən X4 ayrılan 1819.97 kv.metr həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Qərardadın üçüncü və dördüncü sualları üzrə: İş materiallarında olan mütəxəssis rəylərinə əsasən, Salyan rayonu Kürsəngi kəndinin (Kürsəngi təsərrüfatının) ərazisində aparılan Torpaq istlahatına dair Kompleks Yerquruluşu Layihəsi”ndə iddiaçıların iddia etdiyi sahədə su kanalı və su yolunun nəzərdə tutulmadığı və mübahisəli sahənin cavabdeh X2 xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, cavabdehin torpaq sahəsi ilə şərq tərəfdə qonşuluqda yerləşən torpaq sahəsinin kənarından kanala çıxış yolunun mövcud olduğu və faktiki olaraq digər sakinlərin həmin sahədən kanala nasoslar quraşdıraraq torpaq sahələrini suvara bilmələri üçün su xəttləri çəkdiyi müəyyən edildi. İddiaçıların həmin sahədən istifadə edib-etməməsini müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-1469/2022 nömrəli qərardadı ilə iddiaçılar X15, X14 və İddiaçı1 cavabdeh X5 qarşı “cavabdehin adına tərtib olunmuş xx.xx.2009-cu il tarixli, 12 nömrəli, A203561 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin su kanalının yerləşdiyi 981 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********93 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı iiə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həmçinin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. İş materiallarında olan Azərbaycan Respublikası “X12”nin xx.xx.2023-cü il tarixli, 73 nömrəli mütəxəssis rəyində aşağıdakılar bildirilir: 1) Mübahisələndirilən, Salyan rayonu, Kürsengi kənd sakini X3 istifadəsində olan torpaq sahəsinin Salyan rayonu, Kürsəngi kəndi ərazisində aparılan tədqiqat nəticəsində alınan məlumatların kameral şəraitdə müqayisəli dəqiqləşdirilməsi nəticəsində faktiki ölçüsü 28 ha olduğu müəyyən edilmişdir. Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7 saylı Qərarı ilə ayrılan, **********0113 saylı Kadastr planı üzrə göstərilmiş 1819,97 m1 2 torpaq sahəsindən əlavə 981 m2 təşkil edən torpaq sahəsinin daş hasar və çəpər daxilində olması müəyyən olunmuşdur. 2) Ərazinin ümumi Kompleks Yerquruluşu xəritəsinə əsasən tədqiq olunan su arxı və onun keçdiyi torpaq sahəsi yerli bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaqlara aid olması, mübahisələndirilən yeraltı su borusunun keçdiyi hasaryanı yer isə cavabdeh X3 hal-hazırda faktiki istifadəsində olan 0.28 ha həyətyanı torpaq sahəsi daxilində olması müəyyən olunur. 3) İddiaçılar İddiaçı2, İddiaçı3 ve İddiaçı1 mübahisələndirdiyi ümumi istifadədə olan su arxı və su yolu faktiki naturada mövcud olsa da, lakin Salyan rayonu, Kürsəngi kəndinin Kompleks Yerquruluşu Layihəsində (xəritəsində) göstərilməmişdir. 4) İddiaçılar İddiaçı2, İddiaçı3 ve İddiaçı1 həyətyanı torpaq sahələrini suvara bilmələri üçün alternativ su kanalının mövcud olmasını müəyyən etmək mümkün olmamışdır. 5) Salyan rayonu, Kürsəngi kənd sakini X4 Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7 saylı Qərarı ilə ayrılmış 1819,97 m2 torpaq sahəsinin yerləşdiyi **********0113 saylı Kadastr planı üzrə müəyyən edilmiş həyətyanı torpaq sahəsinin koordinatları elektron kadastr baza məlumatlarına əsasən Kürsəngi kəndində aparılmış kompleks yerquruluşu xəritəsində göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Belə ki, sözügedən torpaq sahəsi fərqli konfiqurasiyalarda əks olunmuşdur və kadastr planında qeyd olunan koordinatlarda sürüşmə xətasının olması aydın şəkildə görsənir. 6) Salyan rayonu, Kürsəngi kənd sakini X4 verilmiş kadastr planında əks olunan koordinantlar naturada yerə köçürüldükdə mübahisəli su arxının şərqindəki qonşunun torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin kadastr planında qeyd olunan koordinatların naturada X3 faktiki istifadəsində olan torpaq sahəsinin qərb tərəfində qonşular - Umudov Əhəd, Umudov Qurbanxan və Umudzadə Anarın faktiki istifadələrində olan torpaq sahəsinin üzərinə düşməsi müəyyən olunmuşdur. 7) Salyan rayonu, Kürsəngi kənd sakini X4 X24 Komissiyasının xx.xx.1998-ci il tarixli, 7 saylı Qərarı ilə ayrılmış 1819,97m2 torpaq sahəsinin yerləşdiyi **********0113 saylı Kadastr planında koordinatlarının teym edilməsi üçün hansı sənədin əsas götürülməsini müəyyən etmək mümkün olmamışdır. 8) Sualın araşdırılması səlahiyyətlərindən kənar olduğu üçün tərəflərindən sualın cavablandırılması mümkün olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6652 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Salyan rayon AİK-nın 26 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X4 ayrılan 1819.97 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron kadastr baza məlumatları əsasında, faktiki istifadəsində olan torpaq sahəsi isə GPS aləti vastəsilə dəqiqləşdirildi. Qərardadın ikinci sualı üzrə: Elektron kadastr baza məlumatlarında, Salyan rayonu, Kürsəngi kəndi ərazisində Salyan rayon AİK-nın 26 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X4 ayrılan 1819.97 kv.m torpaq sahəsinə dair tərtib olunmuş AN 203561 saylı, **********0113 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsü mövcudur. Qərardadın üçüncü sualı üzrə: Elektron kadastr baza məlumatlarına əsasən, Salyan rayon AİK-nın 26 may 1998-ci il tarixli 07 saylı qərarına əsasən tərtib olunmuş AN 203561 saylı, **********0113 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsündə X4 ayrılan 1819.97 kv.m torpaq sahəsinin koordinatları ilə X3 faktiki istifadəsində olan 0.30 ha torpaq sahəsinin koordinatları uyğunsuzluq təşkil edir. Sənəd üzrə 1819.97 ha olan torpaq sahəsi faktiki istifadə olunan 0.30 ha torpaq sahəsi ilə uyğunlaşdırılacağı halda, digər üçüncü şəxslərin mülkiyyət hüquqları pozulmayacaq. Qərardadın dördüncü sualı üzrə: Elektron kadastr baza məlumatlarına əsasən, Salyan rayon AİK-nın 26 may 1998-ci il tarixli 07 saylı qərarına əsasən tərtib olunmuş AN 203561 saylı, **********0113 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsündə X4 ayrılan 1819.97 kv.m torpaq sahəsinin 0.0722 ha hissəsi X3 İstifadəsində, 0.1097 ha hissəsi digər qonşu X11 istifadəsindədir. Qərardadın beşinci sualı üzrə: Elektron kadastr baza məlumatlarına əsasən, Salyan rayon AİK-nın 26 may 1998-ci il tarixli 07 saylı qərarına əsasən tərtib olunmuş AN 203561 saylı, **********0113 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsündə X4 ayrılan 1819.97 kv.m torpaq sahəsinin koordinatları daxilində heç bir tikili mövcud deyil. Qərardadın altıncı sualı üzrə: İddiaçılara məxsus torpaq sahəsinə çəkilən və sonradan doldurulan mübahisəli su arxı, elektron kadastr baza məlumatlarına əsasən, Salyan rayon AİK-nın 26 may 1998- ci il tarixli 07 saylı qərarına əsasən tərtib olunmuş AN 203561 saylı, **********0113 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsündə X4 ayrılan 1819.97 kv.m torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür Qərardadın yeddinci sualı üzrə: İddiaçılara məxsus torpaq sahəsinə çəkilən və sonradan doldurulan mübahisəli su arxı, elektron kadastr baza məlumatlarında su arxı kimi qeyd olunmamışdır. Qərardadın səkkizinci, doqquzuncu və onuncu sualları üzrə: Qərardadın səkkizinci, doqquzuncu və onuncu suallarının cavablandırılması məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X13 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X13 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X9 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X9 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Aqrar qərarları) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Salyan rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 07 nömrəli qərarı əsasında Salyan rayonu, Kürsəngi kənd sakini X5 ayrılmış 1819.97 kv.m həyətyanı torpaq sahəsinin koordinatlarında qeyd edilən uyğunsuzluq digər şəxslərlə mübahisələrə səbəb olmuş və tərəflərin hüquqlarını pozmuşdur. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin elektron kadastr məlumat bazası ilə eyniləşdirilməsi zamanı ilkin torpaq ayrılma sənədlərində qeyd edilən koordinatlarla elektron məlumat bazasında həmin torpaq sahəsinin koordinatlarının yanlış göstərilməsi iddiaçının mövcud hüquqlarının pozulması ilə nəticələ biməz. Qeyd edilən səbəbdən iddiaçının mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/6652 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Qeyd edilən ekspert rəyinə əsasən Elektron kadastr baza məlumatlarına əsasən, Salyan rayon AİK-nın 26 may 1998-ci il tarixli 07 saylı qərarına əsasən tərtib olunmuş AN 203561 saylı, **********0113 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsündə X4 ayrılan 1819.97 kv.m torpaq sahəsinin koordinatları ilə X3 faktiki istifadəsində olan 0.30 ha torpaq sahəsinin koordinatları uyğunsuzluq təşkil etdiyi, sənəd üzrə 1819.97 kv.m olan torpaq sahəsi faktiki istifadə olunan 0.30 ha torpaq sahəsi ilə uyğunlaşdırılacağı halda, digər üçüncü şəxslərin mülkiyyət hüquqları pozulmayacağı müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Belə ki, “Salyan rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 07 nömrəli qərarına əsasən sahibinin istifadəsindədir, lakin faktiki istifadə vəziyyətlərinin döngə nöqtələri yanlış qeyd edilmiş və uyğunsuzluqlar yaranmışdır. Araşdırma nəticəsində qeyd edilən torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərə əsasən koordinatlarının uyğunlaşdırılması zərurəti yarandığı, faktiki vəziyyətin isə tərəfin hüquqlarının pozulması ilə nəticələndiyi müəyyən edilir. Eləcə də, iş materiallarında olan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin yerquruluşu texniki tərəfindən tərtib edilərək mütəxəssis rəyinə əlavə edilən sxemə nəzər yetirilən zaman qeyd edilən uyğunsuzluq halının aşkar olduğu daha aydın müəyyən edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, tərtib olunmuş AN 203561 saylı, **********0113 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən koordinatların Salyan rayon AİK-nın 26 may 1998-ci il tarixli, 07 saylı qərarına əsasən X4 ayrılmış 1819.97 kv.m torpaq sahəsinin ekspert rəyinə uyğun ayrılan zaman müəyyən olunan koordinatlara uyğunlaşdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının vəkilinin iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin iddiaçıkara aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər iddiaçılardan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Tərtib olunmuş AN 203561 saylı, **********0113 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən koordinatların Salyan rayon AİK-nın 26 may 1998-ci il tarixli, 07 saylı qərarına əsasən X4 ayrılmış 1819.97 kv.m torpaq sahəsinin ekspert rəyinə uyğun ayrılan zaman müəyyən olunan koordinatlara uyğunlaşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçılardan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-172/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-172/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver