Məhkəmə qərarları › İş №2-1(120)-1726/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1726/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1726/2023 03.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-12875/2022 nömrəli qərardadı ilə inzibati işin baxılması üçün ərazi aidiyyatı üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2001-ci il tarixdə Hacıqabul rayon hərbi komissarlığı nəzdindəki çağırış komissiysı tərəfindən nizami hərbi hissəyə yararlı sayılaraq hərbi xidmətə göndərilmişdir. xx.xx.2003-cü ildə isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 140 saylı xx.xx.2003-cü il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. xx.xx.2020-cii il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. Bu barədə hərbi biletində “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissədə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində işirak etmişdir” şəklində qeyd də yer almışdır. Göstərilən müharibədən sonra döyüşlərdə iştirakı ilə əlaqədar “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyi üçün ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunduğu cavabı verilmişdir. Lakin bildirmək istəyir ki, bu haldan narazıdır. Belə ki, harada xidmət etməyini onlar özləri öz istəyi ilə seçməmişdir. Əgər qarşıda xidmət göstərməsi göstəriş verilsəydi orada da döyüşərdi. Eyni zamanda bildirir ki, onun himayəsində 4 yetkinlik yaşına çatmayan övladı var ki, o həmin vaxt xəstə həyat yoldaşı ilə onları tək qoyub müharibədə iştirak etməsini özünə mənəvi borc hesab etmişdir. Ona “Müharibə veteranı” adının verilməsi onun haqqıdır. Lakin dövlət orqanları onun sözügedən haqqını məhdudlaşdırırlar. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən onun Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etməsi ilə əlaqədar olaraq ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliynin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə baxılır. Hesab edirik ki, iddiaçının tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hesab edirik ki, iddia tələbi əsassızdır. Belə ki, N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli N nömrəli N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1288 nömrəli məktublarına əsasən döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Hacıqabul rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Hacıqabul rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-9619 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli N nömrəli və N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli, 1288 nömrəli məktublarına əsasən döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə xidmət etdiyinizə görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. İşdə olan AO № ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı N saylı hərbi hissənin tərkibində xx.xx.2020-ci ildən xx.xx.2020ci ilədək Azərbaycan Respublikası Ərazi Bütövlüyü uğrunda aparılan döyüşlər zamanı sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 229N nömrəli məktubundan, həmin məktuba əlavə olunmuş arayış məlumatdan görünür ki, İddiaçı N saylı hərbi hissənin tərkibində xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Azərbaycan Respublikası Ərazi Bütövlüyü uğrunda aparılan döyüşlər zamanı sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin xx.xx.2020-ci il tarixli, 317 nömrəli əmrindən görünür ki, Dövlət Neft Şirkətinin işçisi İddiaçı xidməti zərurətlə əlaqədar olaraq 01 noyabr 2020-ci il tarixdə ezamiyyətə gəlmiş hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin xx.xx.2020-ci il tarixli, 375 nömrəli əmrindən görünür ki, İddiaçı ezamiyyət müddəti başa çatdığı üçün 31 dekabr 2020-ci il tarixdən ezamiyyətdən getmiş hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin xx.xx.2021-ci il tarixli, 1104 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Ərazi Bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. İşdə olan Daxili İşlər Nazirliyi Hacıqabul rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-78/2-9558/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli 2-1(120)- 1726/2023 saylı məktubunuza cavab olaraq bildiririk ki, məktubda adı göstərilən xx.xx.1983cü ildə Sabirabad rayonunda anadan olmuş, Hacıqabul rayonu Kolanı kəndində qeydiyatda olan İddiaçı (ş/v; AA*******) barəsində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi, təksirləndirici matreal, cinayət işi və ya cinayət məsuliyyətinə cəlb edilmə barədə hər hansı bir məlumat aşkar olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 21N nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikası Ərazi Bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ötrü Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş lakin cavabdeh inzibati orqan onun müraciətindən imtina etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində hərbi xidməti və hərbi xidmətdən ehtiyata buraxılması barədə məlumat olmaması qeyd olunsa da, iddiaçıya məxsus AO № ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 229N nömrəli məktubundan, həmin məktuba əlavə olunmuş arayış məlumatdan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin xx.xx.2020-ci il tarixli, 317 nömrəli əmrindən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin xx.xx.2020-ci il tarixli, 375 nömrəli əmrindən və Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin xx.xx.2021ci il tarixli, 1104 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Ərazi Bütövlüyü uğrunda aparılan döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə sürücü kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. Həmçinin İddiaçı hərbi hissəni özbaşına tərk etməsi, məhkum edilməsi, amnistiya aktına əsasən xitam verilməsi barədə Daxili İşlər Nazirliyi Hacıqabul rayon Polis şöbəsində heç bir məlumat yoxdur. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar