Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1727/2022 19.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il tarixdə Salyan rayonunun Rəncbər kəndində anadan olmuş, xx.xx.1976-cı il tarixdən hal-hazıra kimi işləməklə 46 ildən çox əmək stajım vardır. xx.xx.1975-xx.xx.1976-cı il tarixə kimi peşə məktəbində əyani oxumuş, xx.xx.1977-xx.xx.1980-cı illərdə hərbi xidmətdə olmuş, xx.xx.1981-xx.xx.1986-cı il tarixə kimi Bakı Dəmiryolu İdarəsinin X7 “refrijerator-mexannik” və sonradan xx.xx.1991-xx.xx.2018-ci il tarixə kimi Azərbaycan Dəmir Yolları Ekspress MMC-də “böyük (rəhbər) refrijerator- mexannik” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan xx.xx.2015-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslini, arxiv arayışını, hərbi biletin notarial təsdiq edilmiş sürətini və güzəştli arayışını əlavə edərək ona xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunuun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunuun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubla cavab verərək təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi xx.xx.2006-cı il tarixədək onun güzəştli iş stajını 12 il 06 aydan az (04 il 04 ay 4 gün (xx.xx.1981- xx.xx.1986-ci il tarixləri arasındakı dövrləri)) təşkil edir. Buna da səbəb kimi xx.xx.1991-xx.xx.2018-ci il tarixə kimi Azərbaycan Dəmir Yolları Ekspress MMC-də “böyük (rəhbər) refrijerator-mexannik” vəzifələrində işləməyidir. Cavabdeh xx.xx.2006-cı il tarixə kimi xüsusi iş stajının 12 il 06 aydan az olduğuna əsas kimi xx.xx.1981-xx.xx.1986-ci il tarixləri arasındakı dövrlər və ümumilikdə 04 il 04 ay 04 gün təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Lakin cavabdeh maddi hüquq normalarının tətbiqi baxımından səhvə yol verir. Cavabdeh güzəştli iş stajının hesablanmasında səhvə yol vermişdir. Belə ki, cavabdeh xx.xx.2006-cı il tarixə kimi güzəştli iş stajını isə 12 il 06 aydan az (04 il 04 ay 04 gün (xx.xx.1981-xx.xx.1986-ci il tarixləri arasındakı dövrləri)) təşkil etdiyini və imtinasında qeyd etdiyi dövrləri güzəştli iş stajı kimi qəbul etmiş, lakin digər dövrləri, yəni xx.xx.1991-xx.xx.2018ci illərdə işlədiyi dövrləri güzəştli iş stajı kimi qəbul etməmişdir. Belə ki, cavabdeh güzəştli iş stajı kimi qəbul etmədiyi dövrləri səbəb kimi mən iddiaçının “böyük (rəhbər) refrijeratormexannik” işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 nömrəli Qərarının təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrinin və göstəricilərin” siyahısının nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrinin və göstəricilərin” 2 nömrəli Siyahısının XXVİİİ nəqliyyat bölməsinin “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000-23598)” vəzifələri cəm halında qeyd edilmişdir. Cavabdeh tərəfindən hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (01.01,2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 i! 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (Qeyd: 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (57 yaş), 2) 01.01,2006-ci il tarixədək azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və apır işlərdə işlədikdə. Qanunla tələb olunan üçüncü şərt ödənilmir. İddiaçı tərəfindən təqdim edilən arayışa əsasən güzəştli iş stajı 12 il 6 aydan az 04 il 04 ay 04 gün (xx.xx.1981-xx.xx.1986-cı il tarixləri arasındakı dövr) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 2 nömrəli əlavəsinə əsasən, şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Lakin iddiaçı tərəfindən mübahisələndirilən dövrlər üzrə arayış təqdim olunmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, İddiaçı xx.xx.1986-xx.xx.2006-cı il tarixləri arasındakı dövrdə "xxxx" MMC-də işlədiyi refrijerator qatarlarının rəhbərləri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XXVİİİ Nəqliyyat bölməsində; həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulmamışdır. İddiaçı iddia ərizəsində onun böyük (rəhbər) refrijerator-mexanik vəzifəsində gördüyü işlərin refrijeratormexanik vəzifəsinin gördüyü işlərlə eynilik təşkil etdiyini qeyd etmişdir. Lakin "xxxx" MMC-nin Şərq Vaqon deposu tərəfindən verilmiş xx.xx.2021- ci il tarixli. 39 nömrəli arayışda İddiaçı güzəştli iş stajı 04 il 04 ay 07 gün (xx.xx.1981-xx.xx.1986) təşkil etdiyi qeyd olunmuşdur. Göründüyü kimi "xxxx" MMC İddiaçı xx.xx.1986-xx.xx.2006-ci il tarixlərdə işlədiyi refrijerator qatarlarının rəhbərləri vəzifəsini əmək şəraiti zərərli və apır işlər kateqoriyasına aid etməmişdir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İddiaçı 2-1(120)-1727/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:
1. Güzəştli iş stajının toplanmaması; Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1958-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun 12 il 6 ay güzəştli iş stajının olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı toplanmalıdır . İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç şərtin ödənilməsi tələb olunur. 1) xx.xx.2006-ci il tarixədək 25 il ümumi iş stajının olması; 2) bu müddətin azı 12 il 06 ayının güzəştli iş stajı olması; 3) iddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil və hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1975-xx.xx.1976-cı illərdə peşə məktəbində əyani təhsil almışdır. Göründüyü kimi, iddiaçının təhsil illəri 10 ay 18 gün təşkil edir. Məhkəmə “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçının 10 ay 18 gün təşkil edən təhsil müddəti ümumi staja daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-cı il tarixədək hərbi xidmətdən keçmişdir. 03 il 01 ay 11 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. İddiaçının əmək kitabçasında əks olunan əmək fəaliyyəti ilə bağlı isə məhkəmə aşağıdakıları bildirir. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - xx.xx.1976-cı il tarixdən bu günədək müxtəlif peşələrdə çalışmışdır və hal-hazırda çalışır. Qeyd olunan iş stajı, peşə təhsil və orduda xidmət illəri cəmləndikdə müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Həmçinin cavabdeh inzibati orqan imtina və etiraz məktublarında iddiaçının ümumi iş stajını mübahisələndirməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının güzəştli iş stajının tamamlanmasını bilavasitə onun "xxxx" MMC-də xx.xx.1986-xx.xx.2006-cı il tarixlərdə işlədiyi refrijerator Qatarlarının rəhbərləri vəzifəsinin əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aid edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının həmin dövlərdə işlədiyi refrijerator Qatarlarının rəhbərləri vəzifəsinin əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aid edilibedilməməsinin müəyyən edilməsi iddianın həllində, yəni iddiaçının güzəştli iş stajının müəyyən edilməsində mühüm rol oynayır. Məhkəmə tərəfindən qeyd edilən mübahisəli dövrlə bağlı araşdırmanın tam aparılması məqsədi ilə aidiyyəti üzrə orqanlara sorğular ünvanlanmışdır. Sorğulara cavab məktublarından görünür ki: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X6 xx.xx.2021-ci il tarixli, 39 nömrəli məktubundan görünür ki, X6 işçisi xx.xx.1958-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək refrijerator seksiyasının (qatarının) “Nəqliyyat” bölməsinin 21.4-cü bəndinə əsasən refrijerator seksiyasının (qatarının) mexanikləri güzəştli şərtlə 12 il 6 ay iş stajı ilə təqaüdə çıxa bilər. İddiaçı isə güzəştli şərtlə iş stajı 04 (dörd) il 04 ay, 07 gündür. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X6 xx.xx.2022-ci il tarixli, AEXP1760-22 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək Refrijerator seksiyasının mexaniki, xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək Refrijerator seksiyasının rəisi, xx.xx.1991-ci ildən xx.xx.2018-ci ilədək Refrijerator seksiyasının rəhbər mexaniki (vəzifə adının dəyişdirilməsi) vəzifələrində çalışmışdır. Məktubda qeyd edilmişdir ki, “Refrijerator seksiyasının rəhbər mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifələrin iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. İddiaçı məxsus olan vəzifə təlimatı (ADY/VT-103 nömrəli, xx.xx.2020-ci il tarixli) məktuba əlavə edilmişdir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrləri mübahisələndirmişdir ki, həmin dövrlərdə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X7 işləmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh həmin dövrlərdə işlədiyi refrijerator Qatarlarının rəhbərləri vəzifəsinin əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aid edilməməsinə istinad etmişdir. Halbuki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının xx.xx.1991-ci ildən xx.xx.2018-ci ilədək işlədiyi Refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsi həmin müəssisənin mexaniki vəzifəsi ilə eyni zərərli amillərə məruz qalır və vəzifə təlimatları da eynilik təşkil edir. Belə ki, iş materiallarına ADY/VT-103 nömrəli, xx.xx.2020-ci il tarixli və ADY/VT-104 nömrəli, xx.xx.2020ci il tarixli vəzifə təlimatları əlavə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X6 xx.xx.2021-ci il tarixli, 39 nömrəli məktubunda müəssisənin xx.xx.2019-cu il tarixində təsdiq edilmiş yeni ştat cədvəlinə uyğun rəhbər mexanik vəzifəsinin böyük mexanik vəzifəsi ilə eyni vəzifə olduğu bildirilmişdir. Təqdim edilən ADY/VT-103 (böyük mexanik (və ya rəhbər mexanik)) və ADY/VT-104 (mexanik) nömrəli vəzifə təlimatlarında vəzifələrin eynilik təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər nə qədər də cavabdeh yazılı etirazda qeyd edilən mübahisəli dövrün eynilik təşkil etmədiyini və işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında kod altında nəzərdə tutulmadığını bildirsə də, həmin qeyd edilən “Refrijerator seksiyasının rəhbər mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifələrin iş şəraitləri eynilik təşkil etdiyi öz təsdiqini tapmışdır. Eləcə də, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən qurumun bütün rayon və şəhər şöbələrinə ünvanlanan xx.xx.2007-ci il tarixli, xx/xx-3402 məktubun 6-cı bəndində də qeyd edilmişdir ki, siyahıya işçilərin peşələri ümumi adda daxil edilmişdirsə, bu halda bütün peşələrdə çalışan işçilərin, o cümlədən baş, böyük mütəxəssislər və onların köməkçilərinin güzəştli şərtlərlə pensiya hüququ vardır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının həm ümumi, həmçinin güzəştli iş stajı ilə bağlı şərti ödənilmiş olur. Qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının güzəştli iş stajının 04 il 04 ay 04 gün (xx.xx.1981xx.xx.1986) olması işin mübahisəsiz hallarına aiddir. Nəzərə alınmalıdır ki, cavabdehin mübahisələndirdiyi məqam iddiaçının xx.xx.1986-xx.xx.2006-cı il tarixlərdə işlədiyi dövrdür. Məhkəmə tərəfindən bununla bağlı yuxarıda münasibət bildirilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının güzəştli iş stajı müəyyən edilərkən onun xx.xx.1986-xx.xx.2006-cı il tarixlər arasında işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid olub-olmaması yoxlanılmalıdır. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X6 xx.xx.2021-ci il tarixli, 39 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək refrijerator seksiyasının (qatarının) mexaniki vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına nəzər yetirdikdə görünür ki, “refrijerator seksiyasının (qatarının) mexanikləri” vəzifəsi - XXVİİİ. “Nəqliyyat” bölməsində 23001000—23598 kod altında nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçının işlədiyi “mexanik” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 23001000—23598 kod altında nəzərdə tutulduğundan və məhkəmə tərəfindən yuxarıda qeyd edilən münasibətə uyğun olaraq iddiaçının xx.xx.1991-xx.xx.2018-ci il tarixədək işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Mübahisəli olan xx.xx.1986-xx.xx.1990cı illər mexanik vəzifəsi ilə eynilik təşkil etmədiyindən həmin dövr nəzərə alınmamalıdır. Həmin müddət üzrə müvafiq illəri cəmlədikdə məlum olur ki, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan çox təşkil edir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsi hissəsində araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Belə ki, iddiaçının güzəştli iş stajı kimi yalnız xx.xx.2006-cı il tarixədək işlədiyi müddət nəzərə alınsa, onun güzəştli iş stajının 12 il 06 aydan çox olması (xx.xx.1981-xx.xx.1986-ci il tarixləri – 04 il, 04 ay, 07 gün və xx.xx.1991-xx.xx.2006-cı il tarixləri – 15 il = cəmi 19 il 04 ay 07 gün) təsdiq olunur. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X6 iddiaçı ilə bağlı təqdim etdiyi arayışla kifayətlənərək güzəştli iş stajının 04 il 04 ay 04 gün olduğunu bildirmişdir. Halbuki, qeyd edilən arayışda yalnız iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək işlədiyi dövrə münasibət bildirilmişdir. Cavabdeh inzibati orqan tərəfindən mübahisəli kimi qeyd edilən dövrlə bağlı hər-hansı qeyd aparılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Beləliklə, iddiaçıya xx.xx.2015-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə səlahiyyətli inzibati orqan öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə (ilkin imtina məktubunda göstərilən tarix) cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2019-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı xx.xx.2015ci il tarixdən təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən: Hilal Nəcəfov