Məhkəmə qərarları › İş №2-1(120)-173/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-173/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-173/2023 16.01.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 62 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçıya 60 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 62 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(120)-473/2022 saylı qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 62 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, o, xx.xx.1958-ci ildə anadan olmuş, xx.xx.1976-cı ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər Sevet ordu sıralarında hərbi xidmətdə olmuş, 1979- 1992-ci illərdə Ş.İ.Xətai adına kolxozda mexanizator, 1993-1995-ci illərdə Ziya kəndli fermer təsərrüfatında mexanizator, 1995-1997-ci illərdə Xətai adına kolxozda mexanik, 1999-2000-ci illərdə fəhlə işləmişdir. xx.xx.2006-cı ildən xx.xx.2008-ci il tarixə qədər “Momentum Engineering” şirkətində 6 saylı buruğda mexanik, xx.xx.2008-xx.xx.2009-cu illərdə “X9” MMCdə qazma qurğusunun motorçusu, xx.xx.2009-cu ildən isə Socar-da qazma qurğusunun motorçusu vəzifəsində işləmişdir. İşlədiyi vəzifələrdən xx.xx.2006-cı ildən xx.xx.2008-ci il tarixə qədər “Momentum Engineering” şirkətində 6 saylı buruqda mexanik və qazma qurğusunun motorçusu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 nömrəli Qərarının təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrinin və göstəricilərin” siyahısında öz əksini tapmışdır. Onun xx.xx.2006-cı ildən xx.xx.2008-ci il tarixə qədər “Momentum Engineering” şirkətində 6 saylı buruğda mexanik, xx.xx.2008-xx.xx.2009-cu illərdə “X9” MMC-də qazma qurğusunun motorçusu işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, cavabdeh təşkilat nədənsə həmin illəri iş stajı kimi qəbul etməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 62 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərəli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı tərəfindən Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edilən zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin xx.xx.2021-ci il tarixli arayışı təqdim edilmişdir. Həmin arayışa əsasən İddiaçı 11 il 9 ay 7 gün sığorta stajı mövcuddur. Qanunvericilik normasının məzmunundan da göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün azı 12 il 6 ay güzəştli sığorta stajına malik olmalıdır. Yuxarıda qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı 11 il 9 ay 7 gün sığorta stajı mövcuddur. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Əli Bayramlı rayonunun Azadakənd kəndində anadan olmuş, Sabirabad rayonu, Azadakənd kəndində qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus АЗЕ əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan xx.xx.1977-ci il tarixli, H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-cu il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan Socar “Kompleks qazma işləri” trestinin xx.xx.2021-ci il tarixli, **********80020115X00142 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü, həqiqətən “X10 İdarəsində və “Abşeron” Qazma İşləri İdarəsində işləmişdir. Socarın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmış, “X10 İdarəsi və “Abşeron” Qazma İşləri İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi trestin tabeliyinə verilmişdir. Socar-ın xx.xx.2013-cü il tarixli, Socar/13-1000/SM-05-000034 saylı əmrinə əsasən Kompleks qazma işləri” trestinin “X10 İdarəsi ləğv olunaraq “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi, “Abşeron” Qazma İşləri İdarəsi ləğv olunaraq “Abşeron” İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri” trestinin “Təşkilat struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, Socar **********0040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, “Qaradağ-Qalmaz” Abşeron” İstehsalat bölümləri hal-hazırda Abşeron” İstehsalat bölümü kimi, “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. Vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 nömrəli Qərarının təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrinin və göstəricilərin” siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) qazma qurğularının motorçuları peşəsi 11 il, 09 ay, 07 gün güzəştli iş stajı təşkil edir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (11 il 9 ay 7 gün (xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16938,32 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 56922,88 manat olmaqla, cəmi pensiya kapitalı 73861,20 manat təşkil edir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, İddiaçı “Momentum Engineering” şirkətində və “X9” MMC-də işlədiyi xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasında dövr onun ümumi stajına daxil edilsə də, qeyd olunan dövr üzrə güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı Mərkəzi filiala təqdim edilmədiyindən ona güzəştli iş stajı hesablanarkən nəzərə almaq mümkün olmamışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli iş stajı qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajından az (11 il 9 ay 7 gün (xx.xx.2009xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Vətəndaşın təqdim etdiyi əmək kitabçasında xx.xx.2006-xx.xx.2008-ci illərdə “Momentum Engineering” şirkətində 6 saylı buruqda mexanik peşəsində və xx.xx.2008-xx.xx.2009-cu illərdə “X9” MMC-də qazma qurğusunun motorçusu vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndidə və 4.1-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərəli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışı təqdim edilmədiyi üçün həmin dövrlər güzəştli əmək stajı kimi nəzərə alınmamışdır. Məktubda qeyd olunan qazma qurğusunun motorçusu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”da 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 10.1.Qazma altbölməsinin a) fəhlələr bəndinin 10-cu sırasında qazma qurğularının motorçuları peşəsinə aid edilə bilər. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına ısasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 76777,39 manat təşkil edir. Adıçəkilən şəxsin Mərkəzi filialına təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 4 ay 5 gün xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, ... İddiaçı Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 9 ay 7 gün (xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə ki, Socar-ın “Kompleks qazma işləri” trestinin adıçəkilən şəxsə dair arayışında onun yuxarıda qeyd olunan dövrdə qazma qurğularının maşinisti vəzifəsində işlədiyi qeyd edilib. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki,...Mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 9 ay 7 gün (xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:

1. Güzəştli iş stajının toplanmaması; Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1958-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun 12 il 6 ay güzəştli iş stajının olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 62 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) İddiaçının 62 yaşı tamam olanadək, yəni xx.xx.2020-ci il tarixədək 25 il ümumi iş stajının olması; b) bu müddətin azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; c) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Məhkəmə qeyd edir ki, iddiaçının 62 yaşınadək ümumi iş stajının nə qədər olması əmək kitabçasında olan qeydlər əsasında müəyyən edilir. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - xx.xx.1976-cı il tarixdən onun 62 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə kimi müxtəlif peşələrdə çalışmışdır. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının 62 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2020-ci il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi güzəştli iş stajı 12 il 6 aydan az (11 il 9 ay 7 gün (xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini bildirmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********2 saylı məktubuna əsasən iddiaçının “Momentum Engineering” şirkətində və “X9” MMC-də işlədiyi xx.xx.2006-xx.xx.2009cu il tarixləri arasında dövrün onun ümumi stajına daxil edildiyi, qeyd olunan dövr üzrə güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı Mərkəzi filiala təqdim edilmədiyindən güzəştli iş stajı hesablanarkən nəzərə alınmadığı müəyyən edilmişdir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 62 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun “Momentum Engineering” şirkətində və “X9” MMC-də işlədiyi xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasında dövr üzrə güzəştli arayışın təqdim edilmədiyini əsas gətirmişdir. Sorğu nəticəsində məhkəməyə ünvanlanan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********523200 saylı məktubuna əsasən “Momentum Engineering” şirkətinin xx.xx.2014-cü il tarixdən, “X9” MMC-nin isə xx.xx.2017-ci tarixdən fəaliyyətlərinin dayandırıldığı müəyyən edilmişdir. Qeyd edilən müəssisələr mövcud olmadığından qeyd edilən dövrlərlə bağlı güzəştli arayışların alınması mümkün deyil. Əmək kitabçasına əsasən iddiaçının xx.xx.2008-xx.xx.2009-cu illərdə “X9” MMC-də qazma qurğusunun motorçusu vəzifəsində işlədiyi qeyd edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2008-xx.xx.2009-cu illərdə “X9” MMC-də işlədiyi qazma qurğusunun motorçusu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”da 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 10.1.Qazma altbölməsinin a) fəhlələr bəndinin 10-cu sırasında qazma qurğularının motorçuları peşəsinə aid edilə bilər. Həmçinin sorğu cavabına “qazıma qurğusunun motorçusu” peşəsi üzrə tarif-ixtisas xüsusiyyətləri barədə məlumatlarda əlavə edilmişdir ki, həmin qeyd edilən xüsusiyyətlər cavabdeh inzibati orqan tərəfindən iddiaçının işlədiyi xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər üzrə qəbul etdiyi güzəştli iş stajı üzrə peşə vəzifəsi ilə eynilik təşkil edir. Belə ki, Məhkəmə araşdırılması zamanı təqdim olunmuş Socar “Kompleks qazma işləri” trestinin xx.xx.2021-ci il tarixli, **********80020115X00142 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü, həqiqətən “X10 İdarəsində və “Abşeron” Qazma İşləri İdarəsində işləmişdir. Socar-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmış, “X10 İdarəsi və “Abşeron” Qazma İşləri İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi trestin tabeliyinə verilmişdir. Socar-ın xx.xx.2013-cü il tarixli, Socar/13-1000/SM-05-000034 saylı əmrinə əsasən Kompleks qazma işləri” trestinin “X10 İdarəsi ləğv olunaraq “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü kimi, “Abşeron” Qazma İşləri İdarəsi ləğv olunaraq “Abşeron” İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri” trestinin “Təşkilat struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, Socar **********0040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, “Qaradağ-Qalmaz” Abşeron” İstehsalat bölümləri hal-hazırda Abşeron” İstehsalat bölümü kimi, “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. Vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 nömrəli Qərarının təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrinin və göstəricilərin” siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007ci il tarixli, 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) qazma qurğularının motorçuları peşəsi 11 il, 09 ay, 07 gün güzəştli iş stajı təşkil edir. Qeyd edilən dövr cavabdeh inzibati orqan tərəfindən mübahisəsiz dövr kimi qəbul edilmişdir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının xx.xx.2020-ci il tarixədək güzəşli iş stajı 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. (xx.xx.2008-xx.xx.2009-cu illərdə “X9” MMC-də işlədiyi və xx.xx.2009xx.xx.2020-ci il tarixləri arasındakı mübahisəsiz dövr = 12 il 07 ay 21 gün) Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital ilə bağlı şərt ödənildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16938,32 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 56922,88 manat olmaqla, cəmi pensiya kapitalı 73861,20 manat təşkil edir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən və mübahisələndirilmədiyindən mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamış və Socar “Kompleks qazma işləri” trestinin iddiaçı ilə bağlı təqdim etdiyi arayışla kifayətlənərək güzəştli iş stajının olduğunu bildirmişdir. Beləliklə, iddiaçıya 62 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən təyin edilməli olduğundan adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz onun pensiya hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı 62 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar