Məhkəmə qərarları › İş №2-1(120)-1731/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1731/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1731/2022 16.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2022-ci il tarixli, 92 nömrəli sərəncamın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2022-ci il tarixli, 92 nömrəli sərəncamın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, həmin sərəncam qanunsuz və əsassızdır. Belə ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 46 nömrəli Sərəncamı və 30 aprel 2021-ci il tarixli 01 saylı icarə müqaviləsi ilə rayonun Şahverdili kəndi yaxınlığında 5 ha yer ayrılaraq onun istifadəsinə verilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısı həmin sərəncamı və icarə müqaviləsini ləğv edərkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X1 30 yanvar 2019-cu il tarixli 01153 nömrəli Dağ-mədən ayırması aktı ilə ona verilmiş yerin təkindən istifadə hüququmun ləğv edilməsi haqqında 27 may 2021-ci il tarixli 68 saylı qərarını əsas göstərmişdir. Həmin qərarı mübahisələndirərək onun ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İmişli Rayon İcra Hakimiyyəti həmin sərəncamı verərkən qanunun tələblərini pozmuşdur. Belə ki, Konstitusiyaya görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (26-cı maddənin İİ hissəsi), hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə də təminat verilir (60-cı maddənin İ hissəsi). Qeyd olunmalıdır ki, icarə müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla yanaşı, əmlak kirayəsi müqaviləsidir Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər, icarə müqaviləsinə əsasən bır tərəf (icarəyə verən) digər tərəfə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında izahatında cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın əsaslılığı : İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Mübahisəli sərəncam xx.xx.2022-ci il tarixdə qəbul olunmuşdur. İddia ərizəsində qeyd edilmişdir ki, İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 92 saylı sərəncamının surəti xx.xx.2022-ci il tarixdə İmişli rayon İcra Hakimiyyətində əl ilə verilmiş və dərhal Şirvan İnzibati Məhkəməsində hazırki iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (“İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (sərəncamını) xx.xx.2022-ci il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut (poçt qəbzi və s.) təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (“İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsi-maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür). Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Məhkəmənin qənaətinə görə mübahisələndirilən xx.xx.2022-ci il tarixli, 92 nömrəli sərəncam qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan İddiaçı İmişli rayon İcra Hakimiyyətinə ünvanladığı ərizədən görünür ki, Araz çayı sahilindən 5 ha torpaq sahəsinin verilməsi xahiş olunmuşdur. İş materiallarında olan 21 dekabr 2005-ci il tarixli aktdan və torpaq sahəsinin planından görünür ki, İddiaçı müraciətinə əsasən ona qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Şahverdili kəndi yaxınlığında Araz çayının yatağından sağ sahil boyunca 2 ha, sol sahil boyunca 3 ha olmaqla cəmi 5 ha ərazinin ayrılması müəyyənləşdirilmiş və həmin torpaq sahəsinin plan çizgisi tərtib edilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 46 saylı sərəncamının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Şahverdili kəndi yaxınlığında Araz çayının yatağından sağ sahil boyunca 2 ha, sol sahil boyunca 3 ha, cəmi 5 ha ərazi qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün müvəqqəti istifadəsinə verilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 01 nömrəli müqavilənin surətindən görünür ki, İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 46 saylı sərəncamı ilə İddiaçı 15 il müddətinə icarəyə verilmiş 5 hektar torpaq sahəsinə dair İmişli rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında torpaq icarəsi müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 Dövlət Ekspertiza İdarəsinin 30 yanvar 2019-cu il tarixli, 1153 nömrəli “Dağ-mədən ayırması” aktından görünür ki, İddiaçı dağ-mədən ayırması İmişli rayonunun inzibati ərazisində yerləşir, markşeyder planının üzərində 1-25 sahə künc nöqtələri ilə nömrələnmiş, yer səthinin planında 5.0 hektar, mədən ayırmasının müddəti 5 il müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 27 may 2021-ci il tarixli, 68 nömrəli “yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” qərarından görünür ki, 30 yanvar 2019-cu il tarixli, 01153 nömrəli “Dağ-mədən ayırması” aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinə əsasən bu qərar imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 92 saylı sərəncamının surətindən görünür ki, İddiaçı rayonun Göbəktala kəndi yaxınlığında Araz çayının yatağından qum-çınqıl materiallarının çıxarılması üçün 5.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 09 mart 2006cı il tarixli, 46 saylı sərəncamı və 30 aprel 2021-ci il tarixli, 01 saylı icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, **********223100 nömrəli məktubunda qeyd olunmuşdur ki, 8 saylı Ərazi Vergilər İdarəsi məktubunuzla əlaqədar olaraq vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlarına əsasən bildiririk ki, İddiaçı (VÖEN **********) xx.xx.2006-cı il tarixdə vergi uçotuna alınıb. Vergi ödəyicisinin fəaliyyət növləri “Dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi” (əsas fəaliyyət növü, “çınqıl və qumun hasilatı" və “digər çoxillik bitkilərin becərilməsi” təşkil edir. Fəaliyyət ünvanı İmişli rayonu, Şahverdili kəndində yerləşən qum çinqil karxanasıdır. İddiaçı sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2021 -ci il tarixdən xx.xx.2046-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyətinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 2/1211 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı İmişli Rayon İcra Hakimiyyəti başçısının 08 aprel 2022-ci il tarixli, 92 saylı Sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə əlaqədar olaraq bildiririk ki, İddiaçı iddiası əsassızdır. Belə ki, İddiaçı İmişli Rayon İcra Hakimiyyəti başçısının 09 mart 2006-cı il tarixli, 46 saylı Sərəncamı ilə 5,0 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün ayrılıb icarəyə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X1 mütəxəssisləri İmişli rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, İddiaçı qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X2 İdarə Heyətinin qərarı ilə İddiaçı 30 yanvar 2019-cu il tarixdə verilmiş 01153 saylı dağ-mədən ayırması ləğv edilmişdir. Bununla bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətinin dayandırılması və torpaq sahəsinin rekultivasiya olunaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə İddiaçı məktub göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının və o cümlədən İddiaçı fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeoekoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyişilməsinə səbəb olduğu göstərilmiş və bununla əlaqədar olaraq qum-çınqıl karxanaları üzrə torpaq ayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi tövsiyə edilmişdir. İddiaçı fəaliyyət göstərməsi üçün hüquqi icazə sənədləri olmadığına, dövlət və ictimai maraqlara ziyan vurduğuna görə qum-çınqıl çıxarılması məqsədi ilə İddiaçı torpaq sahəsinin icarəyə verilməsi barədə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı - inzibati akt “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının 08 aprel 2022-ci il tarixli, 92 saylı Sərəncamı verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Odur ki, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı İmişli Rayon İcra Hakimiyyəti başçısının 08 aprel 2022-ci il tarixli, 92 saylı Sərəncamının ləğv edilməsinə dair iddianı təmin etməməyinizi xahiş edir və aidiyyəti sənədləri məktuba əlavə edir və üzürlü səbəblərdən nümayəndəmizin məhkəmə prosesində iştirak edə bilməyəcəyini nəzərə alaraq həmin işə İmişli Rayon icra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxmağınızı Sizdən xahiş edirəm. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 09 mart 2006-cı il tarixli, 46 saylı Sərəncamı və 30 aprel 2021-ci il tarixli, 01 saylı icarə müqaviləsi ilə İddiaçı qum-çınqıl materiallarının çıxarılması üçün 5,0 ha torpaq sahəsi icarəyə verilmişdir. Sonradan İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 92 saylı sərəncamı ilə İddiaçı rayonun Göbəktala kəndi yaxınlığında Araz çayının yatağından qum-çınqıl materiallarının çıxarılması üçün 5.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 09 mart 2006-cı il tarixli, 46 saylı sərəncamı və 30 aprel 2021-ci il tarixli, 01 saylı icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Mübahisəli sərəncamın məzmunundan görünür ki, həmin sərəncamın qəbul edilməsinə əsas Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X2 İdarə Heyətinin qərarı ilə İddiaçı 30 yanvar 2019-cu il tarixdə verilmiş 01153 saylı dağ-mədən ayırması ləğv edilməsi və İmişli rayonu ərazisində fəaliyyət göstərən qumçınqıl karxanalarının, o cümlədən İddiaçı fəaliyyəti nəticəsində Araz çayının məcrasının hidrogeomorfoloji, ətraf ərazilərin hidrogeoekoloji şəraitinin neqativ yöndə dəyişilməsinə səbəbindən qum-çınqıl karxanaları üzrə torpaqayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tövsiyəsi olmuşdur. Hazırda iddiaçı İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli, 92 saylı sərəncamı ilə razılaşmayaq onun ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. İşdən görünür ki, сavabdehin mübahisəli sərənсamı qəbul edilən inzibati iсraat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetindən Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubu əsasında başlanılmış, qəbul olunması nəzərdə tutulan inzibati aktın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə müəyyən etdi ki, həmin məktub verilərkən həmin məktubun məzmununda qeyd edilənlərin həqiqətə uyğun olub-olmaması cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, həmin məktubda və daha sonra mübahisəli sərəncamda göstərilən dəlillərlə bağlı iddiaçının özü və ya nümayəndəsi çağrılaraq dinlənilməmiş, iddiaçıdan həmin dəlillərə dair sübutlar tələb edilməmiş, iddiaçının iştirakı ilə torpaq sahəsinə baxış keçirilməmiş və həmin məktub əsasında qəbul edilmiş inzibati akt vaxtında ona təqdim edilməmişdir. Məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmənin qənaətinə görə ümumiyyətlə iddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edib-etməsi (torpaq sahəsini təyinatı üzrə istifadə edibetməməsi) ayrıca məhkəmə mübahisəsinin (mülki məhkəmə icraatı qaydasında baxılmalı olan) predmeti olduğundan cavabdehin mübahisələndirilən sərəncamla iddiaçının torpaqdan istifadə hüququna xitam vermək səlahiyyəti olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Qeyd edilən normadan göründüyü kimi, torpaq sahəsi üzərində olan daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazirki işdə də torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir. Məhkəmə qeyd etməlidir ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinin mübahisələndirilən inzibati aktda istinad olunan digər normaları (torpaq sahəsindən təyinatı üzrə istifadə etməmə və s.) üzrə də iddiaçının torpaq sahəsi üzərində olan hüququna xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinin bilavasitə cavabdehdə olması, həmin Məcəlləsinin 73 və 75-ci maddələrindən, eləcə də ”Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanından görünmür. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin 2.14-cü bəndinə görə tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf “...müvafiq orqanlar və ya məhkəmə qaydasında iddia qaldırır. Mülki Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Beləliklə, sadalanan normalara əsasən, cavabdeh mübahisələndirilən inzibati aktda göstərilən əsaslar üzrə iddiaçının torpaq üzərində olan müvafiq hüququna xitam verilməsi üçün işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmadan (hüquqi nəticə əldə edilmədən) səlahiyyətlə bağlı qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırmasi zamanı bunun əksini sübut edə bilməmişdir. Belə olan halda isə mübahisələndirilən inzibati akt müvafiq səlahiyyətə malik olmayan inzibati orqan tərəfindən qəbul edilmiş sayılır ki, bu hal da özü-özülüyündə həmin inzibati aktın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. Digər tərəfdən, qeyd olunmalıdır ki, mübahisələndirilən sərəncam cavabdeh tərəfindən əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasında inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X3rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Beləlilkə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 92 nömrəli sərəncamı ləğv edilməlidir. İş üzrə prosessual xərc yoxdur. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 92 nömrəli sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar