Məhkəmə qərarları › İş №2-1(120)-1735/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1735/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1735/2025 11.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı X11, X19, X12 və X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsevər qızının katibliyi, İddiaçının nümayəndəsi vəkil X7, üçüncü şəxslər X4, X13 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı X11, X19, X12 və X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək X4 və hal hazırda onun himayəsində olan xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2005-ci il təvəllüdlü X5, X13 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir və Daşınmaz Əmlakın Dövlət Reyestrində daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Həmin ünvanda ondan başqa keçmiş arvadı X11 və üç övladı-xx.xx.2003-cü il təvəllüdlü X19, xx.xx.2005-ci il təvəllüdlü X12, xx.xx.2007-ci il təvəllüdlü X14 qeydiyyatdadırlar. Astara Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə X11 ilə onun arasında bağlanmış nikah pozulmuşdur. Həmin müddət ərzində yetkinlik yaşına çatmayan X12 və X14 anası X4 himayəsində qalmışdır. 2023-cü ildə X6, X15 və X9 qarşı müvafiq kompensasiya verməsi yolu ilə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-741/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Astara Rayon Məhkəməsinin 2(018)-131/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh X6 qarşı 3000 manat məbləğində kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, mülkiyyətçi İddiaçıla cavabdeh Könül Məmmədova arasında mənzildə istifadə hüququ ilə bağlı hər hansı razılaşma olmamışdır. Əgər belə razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bundan sonra hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana rəsmi qaydada da müraciət etsə də, müraciəti təmin olunmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11, X19, X12 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxslər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh və üçüncü şəxslərin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, digər üçüncü şəxslər məhkəmə iclasına gəlmədiyindən, cavabdeh inzibati orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi vəkil X16 məhkəmə iclasında iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxslər X11, X19 ayrı-ayrılıqda izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin halları. İş materiallarında olan; Astara Rayon Məhkəməsinin 2(018)-527/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X11 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia qaldıraraq, cavabdeh ilə aralarında 09 fevral 2006-cı il tarixdə bağlanmış nikahın pozulması, azyaşlı uşaqları-21 may 2002-ci il təvəllüdlü X19, 13 sentyabr 2005-ci il təvəllüdlü X12 və 10 aprel 2007-ci il təvəllüdlü X8 yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşaq üçün 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-527/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı X11 ilə cavabdeh İddiaçı arasında 09 fevral 2006-cı il tarixdə Astara rayon Qeydiyyat şöbəsində bağlanmış və 06 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş 13 sentyabr 2005-ci il təvəllüdlü X12 və 10 aprel 2007-ci il təvəllüdlü X14 iddiaçı-X4 yanında saxlanılması cavabdeh İddiaçı hər ay hər uşaq üçün 110 manat olmaqla, ümumilikdə 220 manat sabit pul məbləğində aliment tutularaq 13 sentyabr 2005-ci il təvəllüdlü X12 və 10 aprel 2007-ci il təvəllüdlü X1 üçün iddiaçı X6 ödənilməsi qət edilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 3-21-3-43/2-3477/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X4 ünvan 1 ünvanına istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məktuba əlavə olunmuş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 110,1 kv.m olan mənzil xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydə alınmışdır. “Qanun üzrə Vərəsəlik Hüququ haqqında” xx.xx.2023-cü il tarixli Şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2014-cü ildə vəfat etmiş X2 vərəsəsi İddiaçı mirasdan tam hissədə pay almalıdır və vərəsəyə çatası pay miras əmlakı olan DƏDRX-in Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 adına qeyd edilmiş ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 110,1 kv.m olan mənzil xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydə alınmışdır. DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2- 36751/24 saylı sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1986-cı il təvəllüdlü X11 xx.xx.2002-ci il tarixdən, xx.xx.2005-ci il təvəllüdlü X12 xx.xx.2014-cü il tarixdən, xx.xx.2007-ci il təvəllüdlü X14 xx.xx.2014-cü il tarixdən hazıradək ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadırlar. Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 46 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X11 və hal-hazırda onun himayəsində olan X14, X12 və X3 şəhəri, Nizami küçəsi, ev 75 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla hazırda Bakı şəhərində yaşayırlar. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Cavabdeh 65/2-Ş-10632/11/24 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, göstərilən şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümükün deyildir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020- ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qərarın məzmunundan da göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Hazırkı mübahisə iddiaçının xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evində pasport qeydiyyatında olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlıdır. Mübahisə ilə bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 110,1 kv.m olan fərdi yaşayış evi 13 iyul 2023-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının mülkiyyət hüququ tanınmışdır. Üçüncü şəxslər isə onun keçmiş həyat yoldaşı və uşaqlarıdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-741/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamədən müəyyən olunur ki, İddiaçı cavabdeh X6, X15 və X9 qarşı müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin və yetkinlik yaşına çatmayan X8 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 110,1 kv.m olan fərdi yaşayış evindən 3000 (üç min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)131/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X6, X15 və X9 qarşı müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilmişdir (2-ci səhifə 4-cü abzas). Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-741/2024 saylı, xx.xx.2024-cü il tarixli Qətnaməsinin: 11-ci səhifəsinin 2-ci abzasında qeyd olunmuşdur ki, iddiaçı mülkiyyətçi İddiaçıla cavabdeh Könül Məmmədova arasında mənzilə istifadə hüququ ilə bağlı hər hansı razılaşma olmamışdır. Əgər belə razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. İstifadə hüququ olmadığı halda isə həmin hüquq kompensasiya edilə bilməz. 12-ci səhifəsinin 2-ci abzasında qeyd olunmuşdur ki, iddiaçının cavabdehlə birgə yaşadıqları dövrdə üç uşaqlarının xx.xx.2002-ci il təvəllüdlü X13, xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X8 mübahisəli mənzildə istifadə hüququnun itirilməsi ilə bağlı qeyd olunmalıdır ki, həmin uşaqlardan biri Şükürova Ellada azyaşlı olduğundan onun yaşayış yeri valideyinlərinin yaşayış yeri hesab olunur, mövcud qanunvericilikdə bu əsasla iddiaçının istifadə hüququnun tanınması yaxud itirilməsi üçün heç bir maddi hüquqi əsas yoxdur. Bununla belə qeyd olunmalıdır ki, qanunverici həm birgə nikahdan doğulmuş uşaqlara, həmdə nikahdan kənar doğulmuş uşaqlar üçün eyni hüquqları tanımışdır. Buna əsas səbəb uşaqların sosial təminatı və sosial müdafiəsi ilə bağlıdır. İşin araşdırılan hallarından görünür ki, tərəflərin birgə nikahdan doğulmuş üç uşağı iddiaçının yanında qalmışdır. İddiaçının uşaqların olmasına istinad edərək istifadə hüququ tələb etməsi qanunvericiliklə yolverilməzdir. Qətnamənin 13-cü səhifəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, iddiaçının tələbi yalnız keçmiş arvadı X10 qarşıdır və onun istifadə hüququna xitam verilməsini xahiş etdiyi üçün məhkəmə kollegiyası bu səbəbdən də xx.xx.2002-ci il təvəllüdlü X19 xx.xx.2005-ci il təvəllüdlü X12, xx.xx.2007-ci il təvəllüdlü X8 mübahisəli mənzildə istifadə hüququnun itirilməsi ilə bağlı araşdırma aparılmasına zərurət görmür. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-741/2024 saylı, xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Astara Rayon Məhkəməsinin 2(018)-131/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh X6 qarşı 3000 manat məbləğində kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-741/2024 saylı, xx.xx.2024-cü il tarixli Qətnaməsindən göründüyü kimi üçüncü şəxs X4 hazırda mübahisəli mənzilə istifadə hüququnun olmadığı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.Bundan əlavə işin müəyyən olunan hallarından biri də iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman yetkinklik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü qızı X8 anası X4 himayəsində yaşmasıdır. Üçüncü şəxs X4 mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun olmadığının müəyyən edilməsi idddiaçı ilə onun birgə nikahdan olan yetkinlik yaşına çatmış övladları X13 və X5 da mənzilə istifadə hüququnun mövcud olmadığı nəticəsinə gəlmək üçün yetərli əsas deyil. X18 Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-741/2024 saylı, xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə İddiaçı mülkiyyətində olan mübahisəli ünvanda qeydiyyatda olan X13 və X5 istifadə hüquqularına xitam verilməsi məsələsinə münasibət bildirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxs özlərinin yeni yaşayış yerləri üzrə və qeydiyyata alına bilərlər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq iddia qismən təmin edilməli X4 və X8 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. X4 (xx.xx.1986) və X8 (xx.xx.2007) ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar