Məhkəmə qərarları › İş №2-1(120)-1741/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1741/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1741/2022 28.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında düzəliş olunaraq, Dövlət aktı əsasında dövlət kadastrı və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın mümkünlük məsələsinə 28 iyun 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, JN-0077 KOD 90700108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında birgə mülkiyyətçi “X3” ilə AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsində “İddiaçı1’nın, JN-0077, KOD 90700108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında birgə mülkiyyətçi İddiaçı2 AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsində və AZ-İİ A-ll 652698 nömrəli Doğum haqqında şəhadətnaməsində “İddiaçı2” kimi qeyd olunduğundan müvafiq dəyişiklik edilməklə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Dövlət Kadastrı və Çıxarış verilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsi mübahisəli torpaq sahəsinin İmişli rayonu ərazisində yerləşdiyini, İmişli rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2022-ci il tarixli, 2-1(112)-1109/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli rayonu Aqrar-islahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli, 15 saylı qərarı ilə onların 3 nəfərdən ibarət ailələrinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ailə başçısı X1 adina 1,21 ha torpaq sahəsi verilməsi qərara alınmış və bu barədə JN-0077, KOD 90700108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Göstərilən torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən çıxarış almaq məqsədi ilə cavabdeh təşkilata müraciət etsələr də, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında texniki səhv olaraq birgə mülkiyyətçilər X2 adı “Mərziyyə”, İddiaçı2 ata adı isə “Təvəkkül” kimi getdiyinə görə müraciətləri təmin edilməmişdir. Hazırda həmin torpaq sahəsində əkdikləri və becərdikləri məhsula görə dövlət tərəfindən subsidiya almaq və torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əldə etmək üçün Dövlət Aktında hazırkı iş üzrə iddiaçılar X2 adı, İddiaçı2 ata adı fərqli olduğundan onlar mülkiyyət hüquqlarını təsdiq edən sənəd ala bilmirlər. Hesab edirlər ki, JN-0077 KOD 90700108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında İddiaçı1 adı “Mərziyyə”, İddiaçı2 ata adı isə “Təvəkkül” kimi getməsinə baxmayaraq, AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsində “İddiaçı1, AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsində və İddiaçı2 A-İİ 652698 nömrəli Doğum haqqında şəhadətnaməsində “Vilayət oğlu” kimi qeyd olunduğundan müvafiq dəyişiklik edilməklə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında onlara Dövlət Kadastrı və Çıxarış verilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı1 gəlmiş, digər İddiaçı2 isə gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirdi ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. İddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçıların iddia tələbinin birinci hissəsi (Dövlət Aktında müvafiq dəyişiklik edilməsi) cavabdeh olaraq inzibati orqana qarşı yönəlsə də tələb inzibati xarakterli deyil və hazırkı tələbə hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi kimi ümumi (rayon, şəhər) məhkəmədə baxılmalıdır. Belə ki, ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən olnunur ki, iddiaçıların məhkəməyə müraciət etməkdə olan hüquqi maraqları mülkiyyət sənədinin onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir və onların inzibati orqanla aralarında hər hansı mübahisə mövcud deyildir. İddiaçılar mülkiyyət sənədində adın və ata adının yanlış göstərilməsini iddia edirlər və bu səbəbdən də məhkəmə qaydasında sənədin onlara məxsus olmasının müəyyən edilməsi niyyətindədirlər. Hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizələr üzrə icraat isə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatında xüsusi icraat qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən aparılır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr Mülki Prosessual Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında iddialara məhkəmə xüsusi icraat qaydasında baxır. 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyn edilməsinə dair işlər hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə aiddir. Göründüyü kimi iddiaçıların tələbi mülki xarakterlidir və bu səbəbən də məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbinin birinci hissəsinə (Dövlət Aktında müvafiq dəyişiklik edilməsi) inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia bu hissədə mümkün sayılmamalıdır. Eyni zamanda iddia tələbinin ikinci hissəsindən (Dövlət Aktı əsasında Dövlət Kadastrı və Çıxarışın verilməsi) müəyyən olunur ki, iddiaçılar Dövlət Aktı əsasında Dövlət Kadastrı və Çıxarışın veriməsini arzu edirlər. Belə olan halda cavabdehə qarşı yönəlməli olan iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olacaqdır. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İş materialları araşdırılan zaman cavabdeh inzibati orqana müraciət etmələrini təsdiq edən sübut aşkar edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçıların iddia tələbinin birinci hissəsi (Dövlət Aktında müvafiq dəyişiklik edilməsi) uğurlu olacağı təqdirdə onlar, həmin Dövlət Aktı əsasında Dövlət Kadastrı və Çıxarışın veriməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etməlidir. Həmin orqan onların müraciətinin təmin edilməsindən imtina etdiyi və ya hərəkətsizlik etdiyi halda onlar, məhkəmə müdafiəsi hüququndan istifadə edə bilərlər. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmədiyindən iddia bu hissədə də mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında düzəliş olunaraq, Dövlət aktı əsasında dövlət kadastrı və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar