Məhkəmə qərarları › İş №2-1(120)-1741/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1741/2025

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1741/2025 03.03.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd olunan illəri, sosial sığorta stajı kimi müəyyən edərək pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 1958-ci ildə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olmuş, Ali təhsillidir, 1985-ci ildə X6 biritmiş, 06 dekabr 1976-cı ildən-26 aprel 1977-ci ilə qədər SMU 17 saylı “Muğan melorasiya və su təsərrüfatı”-ında 2-ci dərəcəli “fəhlə” işində işləmiş, 1977-ci ildən-1979-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində müddətli hərbi xidmətdə olmuş, 04 yanvar 1980-ci ildən-08 yanvar 1982-ci ilə qədər Saatlı rayon Univermağında “satıcı” işində işləmiş, 08 yanvar 1982-ci ildən-10 sentyabr 1982-ci ilə qədər 1 saylı mağazada “müdür” vəzifəsində işləmiş, 16 may 1984-cü ildən-11 dekabr 1987-ci ilə qədər Saatlı rayonu İstehlakçılar Birliyinə aid Univermaqda “satıcı” işində işləmiş, 11 dekabr 1987-ci ildən-01 oktyabr 1996-cı ilə qədər Saatlı İctimai İdarəsinin 24 nömrəli yeməkxanasında “bufet müdiri” vəzifəsində işləmiş, 07 oktyabr 1996-cı ildən-02 dekabr 2002-ci ilə qədər Saatlı İİMB-də “mühasib” vəzifəsində işləmiş, 20 fevral 2020-ci ildən-hal-hazıra qədər Saatlı rayon Əlisoltanlı Bələdiyyəsinin “sədri” vəzifəsində işləyir. İşlədiyi illər barədə müvafiq sənədləri Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına təqdim etmiş, əmək kitabçasında qeyd olunan illəri, sosial sığorta stajı kimi müəyyən edərək pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ƏƏSMN tabeliyində DSMF-nin müvafiq qurumlarına ərizə ilə müraciət etmiş, 13 dekabr 2023-cü il tarixdə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fialial tərəfindən göndərilmiş 3-17-1/2-C-240610/2023 saylı məktubda təqdim etdiyi əmək kitabçasının surətinə və hərbi biletimin surətinə əsasən, sığorta stajının ümumilikdə 19 il 05 ay 18 gün təşkil etdiyi bildirilmişdir. Yuxarıda qeyd etdiyi səbəblərdən ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fialial tərəfindən göndərilmiş 3-17-1/2-C-240610/2023 saylı məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. 07 oktyabr 1996-cı ildən-02 dekabr 2002-ci ilə qədər Saatlı İİMB-də “mühasib” vəzifəsində işlədiyini şahidlər də təsid edirlər. Əmək stajı ümumilikdə bu günə qədər 28 il 2 ay 6 gün təşkil edir. Qeyd edilənləri nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 17 il 6 ay 18 gün sığorta stajına uyğun olaraq 16253,87 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1087,15 manat olmaqla, ümumilikdə 17341,02 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə olan halda iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajı ilə bağlı olan tələb ödənməlidir. M.X7 təqdim etdiyi sənədlərin surətinə əsasən onun mübahisələndirilməyən sığorta stajı 19 il 5 ay 18 gün təşkil edir. Bu isə qanunvericiliklə tələb olunan 25 ildən azdır. İddiaçı mübahisələndirilməyən sığorta stajına xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək və 2020-2024-cü illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş 1 il 11 ay əmək fəaliyyəti dövrü daxildir. İddiaçının inzibati orqana təqdim etdiyi sənədlərin surətlərinə əsasən yalnız əmək kitabçasında qeyd edilmiş xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Saatlı İİMB müəssisəsindəki iş dövrü iş stajına daxil edilməmişdir. Qeyd edilən dövrə münasibətdə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nm 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında isdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməli, həmçinin işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilməlidir. İddiaçı əmək kitabçasının surətindən göründüyü kimi mübahisələndirilən dövrlərlə bağlı qeydlər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilməmiş, beləliklə də əmək kitabçasının doldurulma qaydası pozulmuşdur. İddiaçının inzibati orqana təqdim etdiyi Saatlı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-37.RA nömrəli məktubuna əsasən 1996-2002-ci illər üzrə Saatlı rayon İctimai iaşə idarəsinə aid sənədlər Saatlı rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Belə olan halda İddiaçı qeyd edilən müəssisədə əmək fəaliyyəti dövrü əməkhaqqı cədvəlləri və əmr kitabları ilə öz təsdiqini tapmalıdır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, Saatlı rayonu, Əlisoltanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1977-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan xx.xx.1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.2020-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan xx.xx.1985-ci il tarixli, 529434 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1979-cu ildə X10 X2 qəbul olmuş və 1985-ci ildə adı institutun Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi ixtisası üzrə tam kursunu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-261057/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixində pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü, ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən (2020-2024-cü illər üzrə) 1 il 11 ay əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla ümumilikdə 19 il 5 ay 18 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulmuşdur (səlahiyyətli şəxsin imzası olmadığından). Həmçinin iddiaçının təqdim etdiyi Saatlı rayon Dövlət Arxivinin xx.xx.2023-ci il tarixli 3-48-37/RA nömrəli məktubuna əsasən 1996-2002-ci illər üzrə Saatlı rayon İctimai İaşə idarəsinə aid sənədlər Saatlı rayon Dövlət Arxivinə təhvil verilməyib. Bu səbəblərdən də sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. MEİS-in "Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı müraciətinə dair iş üzrə qarşılıqlı yoxlama aktı tərtib olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 21-2-12/2-21574/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X12 Müəssisələri Birliyi xx.xx.1970ci il tarixdə 40 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2005-ci i! tarixdə isə vergi orqanında ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota alınmışdır. X12 Müəssisələri Birliyi tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2098-ci il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-151395/2025 nömrəli etiraza əlavəsində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək X12 Müəssisələri Birliyindəki əmək fəaliyyətinə dair Arxivdə qarşılıqlı yoxlamanın keçirilməsi zərurəti yaranmışdır. Fondun X3 Arxiv ilə birgə xx.xx.2025-ci il tarixində tərtib etdiyi akta əsasən X12 Müəssisələri Birliyinin 1996-cı il üzrə əmr kitabı Arxivdə saxlanılmadığından İddiaçı işə daxil olub-olmadığını araşdırmaq mümkün olmamışdır. Arxivdə saxlanılan 1997-1998-ci illər üzrə əmr kitablarında İddiaçı məzuniyyətə çıxma və məzuniyyətdən geri qayıtma barədə əmrləri aşkar olunmamışdır. 1996-1998-ci illər üzrə əməkhaqqı kitablarında İddiaçı adı aşkar edilməmişdir. 1998-ci ildən sonrakı dövrlər üzrə əmr və əməkhaqqı kitablarının Arxivdə saxlanılmaması səbəbindən 1999-2002-ci illər üzrə İddiaçı işdən azad edilməsini, həmçinin həmin dövr üzrə əməkhaqqı alıb-almadığını araşdırmaq mümkün olmamışdır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2-1 (120)-1741/2025 nömrəli inzibati iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür: - 1996-2002-ci illər üzrə Saatlı rayon İctimai iaşə idarəsinə aid sənədlər Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi; - xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması; - iddiaçının 25 il ümumi iş stajının toplamaması; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2022-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulması və xx.xx.2023-cü il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1979-cu il tarixli əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Saatlı İİMB müəssisəsində əmək fəaliyyətində olmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən (2020-2024-cü illər üzrə) 1 il 11 ay əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla ümumilikdə 19 il 5 ay 18 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olub-olmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Həmçinin Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Əsas hal həmin dövrdə müəssisənin işlək, aktiv müəssisə olmasıdır ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən müəssisənin qeyd edilən dövrdə fəaliyyətdə olan müəssisə olması şübhə doğurmamışdır. Məhkəmə hesab edir ki, müəssisənin səlahiyyətli şəxsləri tərəfindən əmək kitabçasının doldurulma qaydasının pozulması, əmrin bazar gününə tərtib edilməsi iddiaçının səhvi kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də müəssisədə işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-12/2-21574/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, X12 Müəssisələri Birliyi xx.xx.1970-ci il tarixdə 40 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2005-ci il tarixdə isə vergi orqanında ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota alınmışdır. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Belə ki, cavabdeh orqan iddiaçının əmək kitabçasında qeyd edilən 1996-2002-ci illər üzrə Saatlı rayon İctimai iaşə idarəsində işlədiyi dövrü mübahisəli hesab edir, əsas kimi doldurulma qaydası pozulmasını (səlahiyyətli şəxsin imzasnın olmamasını), 1996-2002-ci illər üzrə Saatlı rayon İctimai İaşə idarəsinə aid sənədlər Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsini, 1996-1998-ci il arxiv sənədlərində adının olmamasını əsas gətirir və ümumi staj kimi qəbul etmir. Saatlı rayon Dövlət Arxivinin məhkəməyə təqdim etdiyi arayışlar, həmçinin xx.xx.2026-cı il tarixli, 3-48-RA-16/2026 saylı məktubuna əsasən sənədlərin arxivə tam təhvil verilmədiyi, yalnız 1996-1998-ci il üzrə bir sıra sənədlərin verildiyi, digər dövrlər üzrə isə ümumiyyətlə heç bir sənədin verilmədiyi müəyyən edilir. Məhkəmə hesab edir ki, həmin hal iddiaçının səhvi və ya laqeyd davranışı nəticəsində olmamışdır. Müəssisənin hər hansı bir səlahiyyətli nümayəndəsinin laqeyd hərəkəti İddiaçı səhvi kimi qiymətləndirilməməlidir. Sənədlərdə natamamlıq olmasına baxmayaraq məhkəmə həmçinin həmin müəssisənin mübahisəli dövrdə mühasibi olmuş X5 məhkəməyə şahid qismində dəvət edilmiş və iclas zamanı veridiyi ifadədə bir yerdə işlədikləri müəyyən edilmişdir. Məhkəmə iddiaçıya məxsus əmək kitabçasının əslini cavabdeh orqanın nümayəndəsinin iştirakı ilə tədqiq edərək mübahisəli dövr üzrə qeydlərdə hər hansı bir qaralama olmadığını müəyyən etmişdir. Müəyyən edilir ki, mübahisəli dövr üzrə qeydlərdə səlahiyyətli şəxsin imzası olmasa da, qeydlər müəssisənin möhrü ilə təsdiqlənmişdir. Həmçinin müvafiq qeydlər əmək kitabçasının orta hissədinə, yəni hər iki tərəfində işlədiyi digər dövrl üzrə qeydlərin aparıldığını müəyyən edir. Qeyd edilən hal məhkəmə tərəfindən vurğulanaraq qeyd edilir ki, həmin qeydlər əmək kitabçasının son vərəqində olardısa hər hansısa bir şübhə doğurardı. Lakin, orta hissədə olması, sonradan digər səhifələrdə qeydlərin aparılması, qaralamamaların olmaması inzibati orqanın həmin hissədə imtinası üçün əsaslı hesab edilir və orqanın hərəkətləri tərəfin hüquqlarının pozulması halı kimi qiymətləndirilir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər hal ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd olunan iş stajı, orduda xidmət illəri cəmləndikdə, iddiaçının 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı tarixindən yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə hesab edir ki, iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən, yəni xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar