Məhkəmə qərarları › İş №2-1(120)-1744/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1744/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1744/2025 06.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 Saylı Şirvan Ərazi İdarəsinə qarşı “X1 vərəsəsinə verilmiş dövlət çıxarışının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 Saylı Şirvan Ərazi İdarəsinə qarşı “X1 vərəsəsinə verilmiş dövlət çıxarışının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı, 3-cü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçı, 3-cü şəxsin və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04 oktyabr 2010-cu il tarixli, N 41 saylı X6 ilə aralarında bağlanmış müqaviləyə əsasən 1.06 ha torpaq sahəsi istifadələrinə verilmişdir. X6 vəfat etmiş, onun vərəsələri qanunsuz olaraq inzibati orqana məlumat vermədən öz adlarına çıxarışlar almışdırlar. Lakin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin 13 saylı Ərazi İdarəsi məktubu ilə ona bildirilmişdir ki, çıxarışların ləğv edilməsi üçün məhkəməyə müariciət edin. Cavabdehin imtinası vərəsəlik hüquqlarının həyata keçirilməsinə mane olur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia İnzibati Prosessual Məcəllənin müddəalarına uyğun olaraq mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyət və ya digər hüquqlarına birbaşa müdaxilə edilməmişdir. Belə ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Həmçinin mülkiyyət hüququnun mövcudluğu heç bir sübutla öz təsdiqini tapmır və iddiaçı da qeyd olunan halla bağla məhkəməyə heç bir sənəd, sübut təqdim edə bilmir. Məhkəmə araşdırması zamanı iddiaçının qeyd etdiyi fakt öz təsdiqini tapmamışdır. Belə ki, X5 (iddia ərizənizdə Kitab olaraq qeyd olunub) vəfat etməmişdir. Şəxsin vəfat etmədiyi üçün onun barəsində vərəsəlik işi açılmamış, heç kimə qanun (vəsiyyətnamə) üzrə şəhadətnamə təqdim olunmamışdır. O cümlədən, X2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 Saylı Şirvan Ərazi İdarəsi tərəfindən heç bir çıxarış verilməmişdir. Torpaq sahəsi üzrə yalnız **********0 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış mövcuddur. Sözügedən çıxarış isə X4 adına rəsmiləşdiirlmişdir. İddiaçı iddia ərizəsinə yalnız əl yazısı ilə yazılan X3 ərizəsini əlavə etmişdir ki, həmin ərizədə qeyd edilmişdir ki, ərizəmlə yazıb sizdən xahiş edirəm ki, JN 179A nömrəli dövlət aktında olan 1.06 ha torpaq sahəsini Qaracalar kənd sakini Umudov Umudvara icarəyə verilməsini sənədləşdirəsiz, torpağın birdəfəlik satılmasını rəsmiləşdirəsiz. Məhkəmə qeyd edir ki, həmin ərizənin məzmunu aydın deyil, torpağın həm icarəyə verilməsi, həm birdəfəlik satılması qeyd edilmişdir, ərizənin həmin şəxs tərəfindən tərtib edildiyi məlum deyil. Belə ki, iddiaçının təqdim etdiyi müqavilə qanunauyğun tərtib olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Belə olan halda məhkəmə həmin kağızı mötəbər hesab etmir. Həmçinin 3-cü şəxsin övladları tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə İddiaçı onlara məxsus olan torpağı zəbt etdiyi, qanunsuz istifadə etdiyi, torpağı qaytarmadığı bildirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 05 dekabr 2024-cü il tarixli hüquqi yardım məktubu ünvanlanmış və mümkünlük şərtləri ilə bağlı qanunvericiliyin normaları ətraflı şəkildə izah olunmuşdur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar