Məhkəmə qərarları › İş №2-1(120)-175/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-175/2020

16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-175/2020 16.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Ağcabədi şəhəri, H.Hacıyev küçəsi, ev 169-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı «Ağcabədi şəhəri H.Məmmədquluzadə küçəsində yerləşən torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə adına dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Ağcabədi şəhəri H.Məmmədquluzadə küçəsində yerləşən torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə onun adına dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Ağcabədi bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi bələdiyyəsinin 27 oktyabr 2009-cu il tarixli qərarı ilə ayrılmış Ağcabədi şəhəri, H.Məmmədquluzadə küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestrindən çıxarışın əldə olunması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə rəsmi qaydada müraciət etsə də, sonuncu dəfə 18 iyun 2019-cu il tarixli **********75 saylı məktubla hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. Müraciətinə əsasən Ağcabədi bələdiyyəsinin 27 oktyabr 2009-cu il tarixli 14 saylı qərarı ilə ona Ağcabədi şəhərinin H.Məmmədquluzadə küçəsində fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeyd olunan sahəni əldə etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən sahənin ona məxsus olmasını özündə əks etdirən A № 240835 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bu sənəd X8 kitabında 30.12.2009-cu il tarixdə 109 nömrə ilə uçota alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 18 iyun 2019-cu il tarixli **********75 saylı məktubunda bildirilmişdir ki, torpaq sahəsinin üzərində ilkin olaraq Ağcabədi bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra alqı-satqı həyata keçirilə bilərdi. O, torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada əldə etsə, bütün lazımi sənədlər mövcud olsa da, ona çıxarış verilməsindən əsassız olaraq imtina edilmişdir. Nəticədə də mülkiyyətində olan əmlaka sərəncam vermək hüququndan məhrum olunmuşdur. İnzibati orqanın onun mülkiyyəti üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından qanunsuz olaraq imtina etməsi Konstitusiyada və digər qanunvericilik aktlarında göstərilən hüquqlarından istifadəni məhdudlaşdırılır. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və üçüncü şəxs Ağcabədi bələdiyyəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 18 iyun 2019-cu il tarixli məktubda göstərilmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı Ağcabədi bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi üzərində ilk növbədə Ağcabədi bələdiyyəsi mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırdıqdan sonra notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini satmalı idi. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərə dair Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Göstərilənləri nəzərə alaraq, bütün bələdiyyələr torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra əmlak üzərində sərəncam vermək hüququ əldə edə bilərlər. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda qeyd edilənlərə əsasən, sözügedən həyətyanı torpaq sahəsi bələdiyyə tərəfindən qanunamüvafiq qaydada ayrılmadığı üçün Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin «torpaq sahəsinin planı və ölçüsü» sənədinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Ağcabədi bələdiyyəsinin 27 oktyabr 2009-cu il tarixli 14 saylı qərarı ilə 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı tərtib edilmiş, X8 kitabında 30.12.2009-cu il tarixdə 109 nömrə ilə uçota alınmışdır. İş materialında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin 10 dekabr 2009-cu il tarixli 71 saylı «fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə satılmasına razılıq verilmiş 600 kv.m torpaq sahəsi haqqında» rəyin təsdiq olunmuş surətindən görünür ki, bələdiyyə tərəfindən İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi Ağcabədi bələdiyyəsinin mülkiyyətinə aid olduğu, İddiaçı Ağcabədi şəhərində daimi yaşadığı və beş ildən artıq yaşayış yeri üzrə qeydiyyatda olduğu nəzərə alınaraq «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə uyğun olaraq bələdiyyə tərəfindən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə son torpaq müsabiqəsinin qiymətindən aşağı olmamaq şərti ilə alqı-satqı qaydasında ona satıla bilər. İş materialında olan Ağcabədi RİH-nin Memarlıq və Tikinti İşləri şöbəsinin 18 dekabr 2009-cu il tarixli 147 saylı Ağcabədi bələdiyyəsi mülkiyyətindən həyətyanı məqsədi ilə ayrılması nəzərdə tutulan torpaq sahəsi barədə təqdim olunmuş sənədlərə rəyinin təsdiq olunmuş surətindən görünür ki, Ağcabədi bələdiyyəsinin perspektiv inkişaf fondu üçün ayrılmış torpaq sahəsindən Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli qanununa və Azərbaycan Respublikası Ağcabədi RİHB Aparatının Memarlıq və Tikinti İşləri şöbəsi haqqında əsasnaməsinin 3-cü bölməsinin 7.4, 7.6, 7.10 bəndlərinə əsasən Ağcabədi bələdiyyəsinin 14 saylı 27 oktyabr 2009-cu il tarixli qərarı ilə İddiaçı Ağcabədi şəhər 114 saylı Peşə məktəbinin arxa tərəfindən nəzərdə tutulan yeni yaşayış massivindən 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İş materialında olan Ağcabədi bələdiyyəsinin 27 oktyabr 2009-cu il tarixli 14 saylı iclas protokolundan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin perspektiv inkişaf fonduna aid olan topaq sahəsindən 600 kv.m torpaq sahəsi «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 16-cı maddəsinə və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 10-cu bəndinə uyğun olaraq bələdiyyə tərəfindən bilavasitə alqı-satqı qaydasında satılmasına razılıq verilməsi, DT və XK-nin Ağcabədi rayon şöbəsindən satılmasına razılıq verilmiş torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasına köməklik göstərilməsinin xahiş edilməsi qərara alınmışdır. İş materialında olan Ağcabədi bələdiyyəsinin 18 dekabr 2009-cu il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, Ağcabədi bələdiyyəsinin qərarı ilə Ağcabədi bələdiyyəsinin mülkiyyətinə aid olan və şəhərin perspektiv inkişaf fondu üçün nəzərdə tutulmuş torpaq sahəsindən Ağcabədi şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsinin satılmasına razılıq verilmişdir. Qərarın icrası ilə əlaqədar satılmasına razılıq verilmiş torpaq sahəsinə naturada baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin torpaq sahəsi Ağcabədi bələdiyyəsinin mülkiyyətinə aid olan və şəhərin perspektiv inkişaf fondu üçün nəzərdə tutulmuş torpaq sahəsindəndir. Satılmasına razılıq verilmiş torpağın ümumi sahəsi 600 kv.m olmaqla, şimaldan – B.E.F.-u torpaq sahəsi, cənubdan- Rüstəmova Zülfiyyənin həyətyanı torpaq sahəsi, şərqdən – İmanov Etibarın həyətyanı torpaq sahəsi və qərbdən gediş-gəliş yolu ilə həmsərhəddir. İş materialında olan Ağcabədi bələdiyyəsinin sədri A.İsmayılov tərəfindən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin müdiri A.Süleymanova ünvanlanmış 01 dekabr 2009-cu il tarixli 377 saylı məktubun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı razılıq verilmiş 600 kv.m torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasına göstəriş verilməsi xahiş edilmişdir. İş materialında olan qəbzin surətindən görünür ki, İddiaçı həyətyanı torpaq sahəsi üçün Ağcabədi bələdiyyəsinin “Kapitalbank” Ağcabədi filialındakı hesabına 850 manat köçürmüşdür. İş materialında olan Ağcabədi bələdiyyəsinin 06 mart 2020-ci il tarixli 247 saylı məktubundan görünür ki, Ağcabədi şəhəri, H.Məmmədquluzadə küçəsindəki sözügedən 0,06 ha həyətyanı torpaq sahəsi Ağcabədi şəhər sakini İddiaçı ayrılmış, faktiki olaraq onun istifadəsindədir. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Tərəflərin məhkəməyə təqdim etdikləri sübutlar əsasında müəyyən olunmuşdur ki, sözügedən 600 kv.m torpaq sahəsi iddiaçının qanunsuz istifadəsində olmuşdur. Ona görə də torpaq sahəsindən istifadəni qanuniləşdirmək üçün ərizə ilə Ağcabədi bələdiyyəsinə müraciət etmiş və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 10-cu bəndinə əsaslanaraq Ağcabədi rayonu Ağcabədi bələdiyyəsinin 27 oktyabr 2009-cu il tarixli 14 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bundan sonra iddiaçının, Ağcabədi rayon Ağcabədi bələdiyyəsinin nümayəndəsi F.Yusibovun və Ağcabədi rayon Torpaq şöbəsinin məsləhətçisi Ş.Abbasovun iştirakları ilə akt tərtib olunaraq həmin torpaq sahəsinin koordinatları müəyyən edilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsində 30 dekabr 2009-cu il tarixdə 109 nömrə ilə İddiaçı adına qeydiyyata alınaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən iddiaçının adına sözügedən torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. Cavabdeh inzibati orqanın mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina dəlili ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya satılarkən bələdiyyə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmamışdır. Cavabdeh torpaq sahəsinin iddiaçının istifadəsində olmasını və Ağcabədi bələdiyyəsinin 27 oktyabr 2009-cu il tarixli 14 saylı qərarında istinad edilən aşağıdakı normaları nəzərə almamışdır. Belə ki, 29.06.2001-ci il tarixli «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 10-cu bəndinə əsasən, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir Bələdiyyə qərarında sadalanan normaların tələblərindən göründüyü kimi, həmin qərarın qəbul edilməsində məqsəd qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpağının qanunvericilikdə nəzərdə tutulmuş qaydada onu istifadə edən iddiaçının mülkiyyətinə vermək olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15 yanvar 2010-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, mülki və torpaq qanunvericiliyin müddəalarına əsasən tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, Avropa presedent hüququnda “mülkiyyət” və ya “əmlak” anlayışları çox geniş çərçivədə şərh olunur. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə hüquqi həllini gözləyən konkret situasiya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi də daxildir. Belə ki,«X7 Ltd» şirkəti İrlandiyaya qarşı məhkəmə işində (bax A 222(1991)) Avropa İnsan Hüquqları Məhkəməsi qərara aldı ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun olaraq gözləmə 1-ci maddənin müdafiə etdiyi hüquq sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü ildə «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyinə görə, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıb-əsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini «Miray Fransaya qarşı» iş üzrə 23 sentyabr 2003-cü ildə qəbul etdiyi qərarda xüsusi ilə dəqiq izah elədi və hesab edir ki, “maddi rifaha çatmağın sadəcə gözlənməsi ilə onun Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından hüquqa uyğun gözlənməsi arasında fərq vardır”. Məhkəmənin xatırlanmasına görə, “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir”.(«Burdov Rusiya Federasiyasına qarşı» və «Yunanıstan neftayırma zavodu “Strən” və “X2rşı» işlər). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi X6rşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdə formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, "mülkiyyət" kimi qiymətləndirilə bilər. "Mülkiyyət" anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.(§124). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi eyni hüquqi mövqeyini Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında da göstərmişdir. İşin faktiki hallarından, qanunvericiliyin qeyd edilən müddəalarından və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək, məhkəmə hesab edir ki, iddiaçının 600 kv.m torpaq sahəsi üzərində gözləmə mülkiyyət hüququ vardır. Lakin həmin torpaq sahəsinin dövlət reyestrində qeydə alınması barədə zəruri şərt onlara mülkiyyət hüquqlarının tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin torpaq sahəsi barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında istifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarının tərkib hissəsidir. Göründüyü kimi, mülki və torpaq qanunvericiliyinin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir, lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə qərarı əsasında iddiaçıya satıldığından iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka digər hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yenə həmin Qanunun 10.1-ci maddəsində göstərilir ki, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsində göstərilir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Göründüyü kimi, bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsasdır və iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Cavabdeh inzibati orqan isə qanuni əsas olmadan həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Belə ki, cavabdehin həmin imtina dəlili torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün kifayət deyildir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı hazırkı vaxtadək etibarsız hesab olunmamış, hazırda qüvvədədir. Halbuki «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduğu halda cavabdeh hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının müraciəti ilə bağlı ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Göründüyü kimi, cavabdeh (inzibati orqan) yuxarda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin imtina qərarı kifayət qədər əsaslandırılmamış, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin imtinası iddiaçının hüququnun pozulmasına səbəb olduğundan iddia təmin edilməli, Ağcabədi bələdiyyəsinin 27.10.2009cu il tarixli 14 saylı qərarı ilə İddiaçı ayrılmış Ağcabədi şəhəri H.Məmmədquluzadə küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mülkiyyət hüququna dair çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Ağcabədi bələdiyyəsinin 27.10.2009-cu il tarixli 14 saylı qərarı ilə İddiaçı ayrılmış Ağcabədi şəhəri H.Məmmədquluzadə küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, mülkiyyət hüququna dair çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar